Alimlərin I illik
Simpoziumu başladı
Dünən
Bakıda Beynəlxalq münasibətlər üzrə alimlərin
birinci illik simpoziumu işə başlayıb. APA-nın xəbərinə görə, simpozium Gənclər və İdman,
Rabitə və İnformasiya
Texnologiyaları nazirlikləri, Azərbaycan Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi,
Azərbaycan Dillər, Qafqaz və Xəzər
universitetləri, Londonun Münaqişələr
və Dövlət Quruculuğu üzrə
Məlumat Şəbəkəsi, Almaniya
Texniki Əməkdaşlıq Cəmiyyəti
və "İRƏLİ" İctimai
Birliyinin təşkilatçılığı
ilə baş tutub.
Tədbiri açan
AŞPA-nın keçmiş prezidenti Peter Şider
çıxışında bildirib ki, tədbir
üçün çox düzgün mövzu seçilib:
"Bu ümumi maraqlara cavab verən vacib bir mövzudur. Cənubi
Qafqaz Avropa, Asiya və bütün dünya üçün
enerji, tranzit və təhlükəsizlik baxımından vacib
bir regiondur. Dağlıq Qarabağ probleminin tam həll
olunmamasına baxmayaraq, Azərbaycan yüksək sosial və
iqtisadi inkişafa nail olub".
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov
çıxışında Azərbaycanın müstəqillik
əldə edəndən sonra əldə etdiyi uğurlardan
danışıb. Nazir, enerji layihələrinin,
Bakı-Tiflis- Ceyhan neft kəmərinin vacibliyini
vurğulayıb.
E.Məmmədyarov deyib
ki, enerji sazişləri imzalandıqdan sonra Azərbaycana
böyük investisiyalar cəlb olunub, bu, ölkə
üçün çox böyük imkanlar yaradıb,
yaxın illərdə Azərbaycan çox yüksək səviyyədə
inkişaf edib: "Bu enerji vəsaitlərinin hesabına
ümumi daxili məhsulun həcmi 3-4 dəfə atıb. Belə
bir inkişaf qeyri-neft sektorunun inkişafına da imkan
yaradır". Nazir, 2012-ci də Bakı-Tifllis-Qars dəmir
yolu layihəsinin tikintisinin başa çatacağını
da qeyd edib: "Bu çox faydalı layihədir və bu yol
Avropa ilə Asiyanı birləşdirəcək".
Qeyd edək ki, simpoziumun
əsas məqsədi regional əməkdaşlığı
və şəbəkələşməni artırmaq, Azərbaycanda
və regionda yetişməkdə olan və regional siyasətə,
iqtisadiyyata və beynəlxalq münasibətlər sahəsinə
marağı olan alimlərin şəbəkəsini daha da
inkişaf etdirməkdir. Tədbirdə 150-dən çox
xarici və yerli iştirakçı təmsil olunacaq. Hər
il keçirilməsi planlaşdırılan simpozium gələcəkdə
həm operativ, həm akademik əməkdaşlıq
üçün platforma rolunu oynayacaq. Simpoziumda iştirak edəcək
alimlərin "Regional kontekstdə qlobal problemlər",
"Regional təhlükəsizliyə aid problemlər -
konfliktlər və konflikt sonrası inkişaf", "Cənubi
Qafqazda artmaqda olan iqtisadi tendensiyalar - regionda informasiya
texnologiyalarının və enerji siyasətinin
inkişafı", "Cənubi Qafqazda din və kimlik",
"Cənubi Qafqazda xarici siyasət: strategiyalar və
seçimlər" mövzularında araşdırma məqalələri
kitab şəklində çap ediləcək və
dünyanın bütün elm və beyin mərkəzlərinə
göndəriləcək. Konfransın təşkilatçıları
tərəfindən yaradılan "online" forumda simpozium
iştirakçıları müzakirələri davam etdirə
biləcəklər. Prezident Administrasiyasının siyasi təhlil
və informasiya təminatı şöbəsinin müdiri
Elnur Aslanov jurnalistlərə açıqlamasında deyib ki,
simpoziumun sonunda Bakı bəyannaməsinin qəbul
olunacağı gözlənilir.
Ədalət.- 2010.- 23 oktyabr.- S. 21.