Bakıda elmi-praktik konfrans keçirilir
Dünən Bakıda Azərbaycan İqtisadi
İnkişaf Nazirliyinin
təşkilatçılığı ilə "Azərbaycan regionlarının investisiya
potensialı: nailiyyətlər
və perspektivlər"
mövzusunda elmi-praktik
konfrans keçirilib.
"APA-Economics"in
məlumatına görə, tədbirdə
çıxış edən iqtisadi inkişaf nazirinin
müavini Niyazi Səfərov qeyd edib ki, son illər
ərzində Azərbaycanda regionların inkişafı
ilə bağlı bir sıra işlər görülür,
bilavasitə regionların inkişafına dair dövlət
proqramları icra olunur: "Davamlı inkişafın təmin
edilməsi, rəqabət qabiliyyətinin yaradılması,
ixrac yönümlü iqtisadiyyatın regionlarda təmin olunması
prioritet istiqamətlərdəndir".
Regionlarda davamlı
inkişafa dair aparılan işlərdən danışan
N.Səfərov onu da bildirib ki, hazırda sahibkarlıq
subyektlərinin investisiya layihələri dövlət
tərəfindən dəstəklənir və lazımi
yardım göstərilir: "Bir sıra mənbələr
tərəfindən maliyyələşdirilən bu
layihələr həmçinin dövlət
büdcəsindən maliyyələşir".
Tədbirdə
çıxış edən Azərbaycan Milli Elmlər
Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov
ölkə regionlarında texnoparkların
yaradılmasının əhəmiyyəti və
vacibliyindən danışıb.
Öz
növbəsində rabitə və informasiya texnologiyaları
nazirinin müavini İltimas Məmmədov hazırda
ölkə regionlarında optik xətlə təchiz
olduğunu bildirib və qeyd edib ki, bu il ərzində
Azərbaycan bölgələrində 200 km optik kabel
çəkilib, ölkənin ucqar kəndləri ilə rayon
və şəhər mərkəzləri arasında
əlaqə yaradılıb: "Eyni zamanda uzun illər blokada
şəraitində olan Naxçıvan Muxtar Respublikasında
İran vasitəsilə, həmçinin
Gürcüstan-Türkiyə ərazisi ilə rabitə
xidmətləri təmin olunub".
"Azərpoçt"
MMC-nin ölkə rayonlarında fəaliyyətindən
danışan İ.Məmmədov onu da qeyd edib ki, artıq
müəssisə regionlarda da bank-maliyyə xidmətləri
göstərir.
Tədbirdə
çıxış edən kənd təsərrüfatı
nazirinin müavini Bəhram Əliyev Azərbaycanın iqtisadi
inkişafından danışıb və qeyd edib ki, bu ilin ilk
doqquz ayı ərzində ölkədə istehsal olunan
ÜDM 4,1% artıb: "Hazırda ölkənin valyuta
ehtiyatları 28 mlrd. ABŞ dolları
təşkil edir. Azərbaycan iqtisadiyyatına
indiyədək yatırılan
investisiyanın həcmi
60 mlrd. dollar təşkil edir ki, bunun da
50%-dən çoxu xarici investisiyalardır".
Nazir müavini onu da
bildirib ki, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində
Azərbaycanda 56 min yeni daimi iş yeri açılıb,
2003-cü ildən indiyədək isə yeni
açılmış iş yerlərinin sayı 900 min
təşkil edir.
Sahibkarlığa
Kömək Milli Fondunun fəaliyyətindən danışan
B.Əliyev həmçinin qeyd edib ki, cari ilin
əvvəlindən Fond tərəfindən 1 016 sahibkarlıq
subyektinə 81 mln. manat məbləğində
güzəştli kreditlər verilib.
Tədbirdə
çıxış edən sənaye və energetika nazirinin
müavini Natiq Abbasov hazırda regionların investisiya
potensialının artdığını,
sahibkarlığın inkişafına kompleks dövlət
dəstəyi tədbirlərinin həyata keçirildiyini,
dövlət proqramlarının uğurla icra olunduğunu,
regionlarda infrastruktur, sosial-mədəni, istehsal və emal
obyektlərinin yaradıldığını, regionların
inkişafında sahibkarlığın rolunun
artığını bildirib.
Ədalət.- 2010.- 23 oktyabr.- S. 22.