QEYRİ-ADİ ADAM...
O, İNSANLARA GƏLƏCƏKDƏN XƏBƏR
VERİRDİ
(əvvəli 19 oktyabr sayımızda)
İKİ DAHİNİ HEYRƏTLƏNDİRƏN
YENİYETMƏ
...Volf Messinq Ziqmund Freydin düşündüklərini
"oxudu". O, Eynşteynə
yaxınlaşaraq maqqaşla
onun iri bığlarından üç
tük dartıb qopardı. Bu onların
gözləri önündə
baş verən möcüzəli bir görüntü idi.
Hər şey düzgün baş vermişdi... Amma nə üçünsə
Volf Messinqlə Freyd bir daha
görüşmədilər. Maraqlıdır, Messinq kimi qabiliyyət sahibləri filosof, böyük psixoanalitik Ziqmund Freydin nadir "obyektləri"ndən olsa
da o, Volfla yenidən qarşılaşmaq
üçün heç
bir cəhd etmədi. Və təəssüf ki, qeyri-adi telepatın
Ziqmund Freydlə görüşünün izləri
böyük venalı
psixoanalitikin elmi işlərində də,
digər təhqiqatlarında
da hiss olunmadı.
Görünür dahi
alim bu qeyri-adi təzahürü
heç cür izah edə bilmədiyi
üçün onun qarşısında geri çəkilib, bəhs etməyə girişməyib.
Amma qeyd etmək lazımdı ki, onların məlum görüşü zamanı
Volf Messinq məhz Freydin təsiri və məsləhəti ilə
sirklə vidalaşdı,
daha ucuz tryuklarla çıxış
etməyə son qoydu.
Bundan sonra Volf yalnız
"psixoloji təcrübə"lərlə
məşğul oldu ki, bu sahədə
bütün rəqiblərini
kölgədə buraxdı.
Bir neçə il
keçdi. Bu illər ərzində Messinq daha da məşhurlaşdı.
Özü də təkcə Avropada yox. Onun uzunmüddətli
turnelərinin ünvanları hər tərəfə
uzanırdı: Yaponiyaya, Braziliyaya, Argentinaya... səfərlərində
də tamaşıçılar bu gəncin
bacarığına heyran qalmışdılar. Bu qeyri-adi adama
çoxları heç insan kimi də baxmırdılar.
Buradakı çoxsaylı tamaşalardan sonra o, yenidən
Avropaya - Polşaya qayıtdı və burada Volfu qəfildən
əsgərliyə çağırdılar. Əsgərlik tələblərini
çox bacarıqsız yerinə yetirdiyi üçün
sıravi Messinqi mətbəxə göndərdilər. Əslində
onun olduğu hərbi hissədə də hər kəs
böyük telepatın heyrətamiz bacarığından
danışırdı. Bir müddət keçdikdən sonra
onu burada da çox saxlamadılar, tezliklə marşal
Pilsudskinin yanına göndərdilər. Çünki
marşal da haqqında çox qəribə şeylər
danışılan əsgəri yanında görmək istəmişdi.
Bu görüş barəsində deyirlər ki, Volfun
bacarığına heyran qalan Pilsudski bir neçə problemli
məsələni də onunla məsləhətləşərək
çözmüşdü.
O, əsgərlikdən
sonra da fəaliyyətini davam etdirdi. Hindistana getdi. Volf hətta
orada hindlilərin lideri Maxatma Qandi ilə
görüşdü, yoqlarla yaxından maraqlandı,
onların yanında qalaraq bir çox şeyləri öyrəndi.
Şöhrəti hər tərəfə yayılan Messinq bəzi
səs-küylü kriminal hadisələrin
açılmasında da iştirak edirdi. Bir dəfə qraf
Çartorıyskinin evindən böyük qiymətə malik
brilliant sancaq yoxa çıxır. Qiymətli bəzək əşyasının
heç yerdə tapılmadığını görən
qraf Messinqi yanına dəvət edir. Volf brilliant
sancağı asanlıqla qulluqçuların birinin
azyaşlı oğlundan tapır. Bu
yaxşılığın qarşılığı olaraq
qraf Messinqi layiqincə mükafatlandırmaq istəsə də
o, bundan imtina edir, əvəzində ondan xahiş edir ki,
buradakı yəhudi əhalisinin hüquqlarını məhdudlaşdıran
qanunun aradan qaldırılmasına
köməklik göstərsin. Və sözünün
üstündə duran qraf Messinqin arzusunu yerinə yetirir.
DÜŞMƏNLƏRİ
Volf Messinqin şöhrəti
olduğu kimi artıq gizli və açıq düşmənləri
də yaranmışdı. Bunlardan biri o vaxt Berlində
şöhrətin içərisində
"üzən" Erik Yan
Qanussen idi. Maraqlıdır, o da Volf kimi
yəhudi idi. Messinq onun istedadını təsdiqləsə də
Qanussenin hakimiyyətə
gəlmiş faşistlərin,
şəxsən fürerin
qulluğunda durduğuna
görə bu adamı xoşlamırdı.
Qanussensə ən böyük
rəqibi kimi gördüyü Messinqə
düşmən gözü
ilə baxırdı.
Elə bu üzdən idi ki, imkan
düşəndə o, yüksək
çinli almanlara, hətta Hitlerin özünə də Messinqin təhlükəli
biri olduğuna inandırmağa çalışırdı.
Əldə olan məlumatlara
görə, Erik Yan öz gizli məqsədləri
naminə Messinqi fürerlə görüşdürməyi
bacarmışdı. Hitler başladığı müharibə
ilə bağlı Volf Messinqə sual da vermişdi...
Müharibənin elə
ilk çağlarında Polşa zəbt edildi, Messinqin
doğulduğu Qura-Kalvariya da alman faşistlərinin əlinə
keçdi və yəhudilərin faciəli günləri
başladı. Buradakı bütün yəhudilər kimi
Messinqlərin də hamısı həbs edilərək
ölüm düşərgələrinə göndərildilər,
Volfun bütün ailə üzvləri də Maydanekə
göndərilərək qaz kameralarında məhv edildilər. Yalnız həmin vaxt
Varşavada olan gənc Messinq pərəstişkarlarından
birinin ət dükanının zirzəmisində gizlənərək
xilas ola bildi. Amma bu da uzun çəkmədi. Belə ki, gizləndiyi
yerdən təsadüfən çıxan Volfu faşistlər
yaxaladılar. Çünki fürerə iki il əvvəl
görüşərkən - şərqə hücum edəcəyi
təqdirdə məğlubiyyətə
uğrayacağını söyləyən bu məşhur
öncəgörəni Hitlerin əmri ilə hər yerdə
arayırdılar. Astroloqun öldürülməsi əmri
verilmişdi. Hətta onun başına qiymət də
qoyulmuşdu.
Messinqin
yaxalanmasının ölümlə nəticələnəcəyinə
heç şübhə yox idi. Bu zaman çox maraqlı hadisələr
baş verir. Həbs edilərək təcridxanaya gətirilən
Volfu kameraların birinə salaraq qapını
bağlayırlar və keşikçilərə - diqqətli
olun - əmri verilir. Təcridxanada bir qədər sakitlik
yaranandan sonra Messinq bacarığını işə
salır. O, hipnozun gücü ilə keşikçilərə
qapını açdıraraq onların hamısını
kameraya gətirir, sonra isə qapını keşikçilərin
üzünə bağlayaraq çıxıb gedir.
Və bundan sonra onun
Avropada qalması böyük risq idi. Bu üzdən də yaxın tanışlarının köməyi
ilə - 1939-cu ilin noyabrında balıqçı
qayığında Buq
çayını keçərək
Sovet İttifaqına pənah gətirdi. Deyilənə görə, o zaman
Volfun arvadı, uşağı olsa da onları özüylə aparmağı
bacarmayıb. Amma onu sovet ölkəsində də gülərüzlə
qarşılamadılar. Cəbhə xəttini keçən kimi sovet əsgərləri
tərəfindən yaxalanaraq
hərbi hissə rəhbərliyinə təhvil
verildi. Orada da bütün
təkidlərinə, çabalarına
baxmayaraq onu dversant, yaxud cəsus kimi qəbul etdilər. Messinqin həyatı yenə də tükdən asılı idi. Və burada da köməyə
fenomen bacarığını
"çağırdı". Söz qopartmaq üçün onu xüsusi təhqiqata göndərməyə hazırlaşan
komandirə qəfildən
təxminən belə
dedi: "Qızınızı
mütləq Moskvaya aparıb həkimə göstərin". Daim xəstə
övladı haqqında
düşünən komandirə
qızının adını
da deməklə Messinq onu heyrət
içərisində qoydu
və Volfun telepat, öncəgörən
olduğuna inandırdı.
Çox keçmədi
ki, bu qeyri-adi
adam haqqında
Moskva da öyrəndi.
QIRMIZI İMPERİYANIN PAYTAXTI
Deyilənlərə
görə, məsələdən Beriya xəbər tutandan
sonra Volf Messinqi onun yanına gətiriblər. Həyatda hər
şeyə, hətta öz doğmalarına belə
şübhə ilə baxan Beriya telepatın dediyi heç bir
sözə əvvəlcə inanmadı. O, Messinqin cəsus
olduğuna əmin idi. Bu da o demək idi ki, Volf Messinqlə
ölüm arasında məsafə yoxdur. Əhvalının
yaxşı vaxtına düşdüyü üçün
Beriya sadəcə maraq naminə Messinqə çox mürəkkəb
bir tapşırıq verir: o, ən yüksək səviyyədə
mühafizə olunan binadan - Beriyanın kabinetindən
buraxılış vərəqi olmadan çıxmalı, hər
mərtəbəsində gücləndirilmiş gözətçilər
yerləşdirilən dəhlizlərdən keçərək
həyətə düşməli, yenidən eyni qaydada geri
qayıtmalıydı. Böyük həyəcan keçirən
Messinq hiss etdi ki, bu onun ölüm-qalım imtahanıdır.
Bunu elə qarşısındakı Beriyanın hiyləgər,
amansız baxışları da deyirdi. O özünü
toparlayıb bütün gücünü səfərbər
etdi. Messinq qapıdan çıxdı (kənardan ona nəzarət
edilirdi) və tapşırığı dəqiq yerinə
yetirdi. Mərtəbələrdə, qapılarda bütün
gözətçilər, mühafizəçilər onun
uzatdığı adi kağız parçasına
buraxılış vərəqi kimi baxıb heç bir yerdə
saxlamadılar. Həqiqətən də nə baş verdiyini
anlaya bilməyən Beriya Messinqin ölüm fərmanı
üçün tələsmədi. Ondan müharibənin gərginliyini
yaşayan əhali üçün istifadə etməyə qərar
verdilər və Belorusiyaya göndərdilər. Şübhəsiz
nəzarət altında saxlamaqla.
STALİNLƏ GÖRÜŞ
Bu haqda artıq Rəhbərə
xəbər verilmişdi. Bu görüş haqqında belə
yazırlar. Volf Messinq böyük kabinetdə ortaboylu, ləng
hərəkətli, qalın bığlı, əsgəri
formada olan adama yaxınlaşıb - salam, yoldaş Stalin -
deyir. İosif Vissarionoviç, - salam - cavab verir. Messinq:
- Mən sizi əllərimdə
aparmışam, - söyləyir.
- Necə yəni əllərimdə
aparmışam? - deyə Rəhbər təəccüblənir.
- Bir may nümayişində.
Portretinizi...
- Ay səni, hiyləgər
- deyə Stalin onun sözlərindən xoşlanır. Amma
bununla belə Stalin də onu yoxlamağa qərar verir.
Özü də bu dəfə lap çətin
tapşırıqla. Rəhbər heç bir yazısı
olmayan ağ vərəqi Volfa verərək bu kağızla mərkəzi
əmanət bankından yüz min rubl almağı
tapşırır. Bu inanılmaz tapşırığı
yüksək səviyyədə yerinə yetirən Messinq
(pulu verən kassir qadın sonradan infarkt keçirib) Stalini də
heyrətləndirir. Messinq qabaqcadan müharibənin
SSRİ-nin qələbəsi ilə 1945-ci il 09 mayda
qurtaracağını da Stalinə deyib. Müharibədən
sonra Stalin Messinqlə görüşdə bunu şəxsən
özü də xatırlayıb.
Ümumiyyətlə, bu
hadisə çoxsaylı əfsanələrin yaranmasına səbəb
oldu. Onun haqqında qəribə şeylər dolaşmağa
başladı. Hətta deyirlər ki, Stalin ona şəxsi məsləhətçi
kimi yanında işləməyi təklif edib. Doğru
olanı budur ki, Messinq Rəhbərlə cəmi bir neçə
dəfə görüşüb.
Messinq qastrolların
birində - Novosibirskdə qarşılaşıb
tanış olduğu Aida adlı bir qadınla evləndi.
Bundan sonra Aida Mixayılovna onun üçün - həm həyat
yoldaşı, həm assisent, həm dost, həm də katibə
oldu, heç vaxt telepatdan ayrılmadı. Müharibənin
bitməsindən sonra onların güzəranı heç də
yaxşılaşmadı. Messinqgilin özlərinə aid
yaşamağa yerləri də yox idi. Yalnız Rəhbərin
göstərişindən sonra onlara Moskvada Novopeseçni
küçəsində birotaqlı mənzil verdilər. Və
ömründə ilk dəfə olaraq hər yeri dolaşaraq əldən
salan, özü də əldən düşən bu
adamın öz ocağı oldu.
Messinq gündəlik rejimə dəmir intizamla riayət edirdi. Hər gün
saat səkkizdə yuxudan qalxırdı, idman edirdi, sonra
səhər yeməyi
yeyirdi. Volf mütaliə etməyi
çox sevirdi. Seanslara çıxmamışdan qabaq
yarım saat yatırdı. Özü bunu
belə izah edirdi ki, yuxu
onun enerjisini bərpa edir. Messinq xaraktercə qılıqlı adam olub, xəsis olmayıb. Ürkək olan Volf maşınlardan,
ildırım çaxmasından,
uniformalı adamlardan qorxardı. Əksər hallarda arvadının
dediklərinə əməl
edərdi. Onun qeyri-orijinal
zahiri görnüşə
malik olması da səhnədə uğur qazanmasına həmişə yardım
göstərib. Bundan başqa,
Messinq uzun illər Sovet İttifaqında yaşamasına
baxmayaraq rus dilində yaxşı danışmağı və
qavramağı bacarmayıb.
Onun köməyinə ehtiyac duyanlara yardım göstərməyi özünə
borc bilib. Qəribədir ki, Volf heç vaxt xəstələnməyib. Özü bəzi xəstələri
hipnozun köməyi ilə müalicə etməyi bacarsa da arvadı xəstələnəndə ona
heç cür yardım göstərə
bilməyib.
Arvadı 1960-cı ildə vəfat etdikdən sonra Volf Messinq sözün
əsl mənasında
güclü sarsıntı
keçirdi. Düz yarım il
səhnəyə çıxmadı.
İşinə qayıdandan sonra
isə onu əvvəlki şövqdə
görmədilər. Amma demək
olar ki, işini axsatmadı.
O, saysız-hesabsız qastrollarda
oldu, sovet ölkəsinin demək olar ki, əksər
yerlərinə getdi. Amma hər yerdə də xüsusi xidmət orqanlarının
"kalpak"ı altında
olduğunu bildi.
Bəlkə də buna görə idi ki, Volf Messinqin
əlyazmalarından, sənədlərindən
heç biri sonradan üzə çıxmadı. Halbuki, onun
müəyyən yazılarının
olduğu bəlli idi. Hətta yaxın dostlarına
bir neçə dəfə işarə də vurmuşdu ki, o, "çox vacib KİMSƏNİN"sə
tapşırıqlarını yerinə yetirir. Təəssüf, bu haqda da heç kimə
heç nə məlum deyil. Bəlkə də onlar "KQB" arxivlərindədir. Çünki deyilənə görə,
ölümündən sonra
evinə gələn dostları Messinqin əlyazmalarının heç
birini tapmadılar.
Ömrünün son illərində bu kimsəsiz telepat xəstələndi və
daha çıxış
etmədi. Qorxurdu ki, hansısa
ağır fikirləri
"oxumaq" üçün
sərf etdiyi gərginlik onun beynini sıradan çıxarar. Lakin təhlükə
onu başqa yerdən haqladı. Vaxtıyla əzdiyi ayağının
damarları sıradan
çıxdı. Maraqlıdır,
həkimlər bunu cərrahi müdaxilə ilə aradan qaldıra biləcəklərini
desələr də xəstəxanaya gedərkən
evinin divarındakı
şəklinə baxan
Messinq ayaq saxladı və dedi: "Artıq bitdi, Volf, sən
bir daha bura qayıtmayacaqsan". Elə belə də oldu. Əməliyyat uğurla keçsə
də qəfildən onun böyrəkləri sıradan çıxdı,
həkimlər buna əlac tapmağa macal tapmamış ciyərlərində kəskin
ağırlaşma başladı.
1974-cü il noyabrın 8-də bu fenomen qabiliyyətə malik insan - Volf
Messinq vətənindən
uzaqlarda Moskvada vəfat etdi.
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 26 oktyabr.- S. 5.