Yer Kürəsinin İncə Zirehi

 

Planetin 3 mm-lik ozon qatı təhlükədədir

 

Artıq ozon qatı deşilmək üzrədir günəş səthindəki proseslər daha fəal formada cərəyan edir. Rusiya alimləri apardıqları müşahidələrə əsasən belə qənaətə gəliblər. Xatırladaq ki, hələ iki il əvvəl Avropa Kosmik Agentliyi yaydığı hesabatında vurğulamışdı ki, Antraktidanın üzərindəki ozon qatı rekord həddə zədələnib son 10 ildə atmosferdəki ozon təbəqəsi təxminən 0,3 faiz dağılıb.

Bəs bütün elmi mərkəzlərin xüsusi diqqət mərkəzində olan ozon qatı nədir, necə yaranır, bəşəriyyət üçün hansı əhəmiyyəti var?

İnsanları dəri xərçəngi və göz xəstəliklərindən qoruyan təbəqə-Ozon tərkibində 3 oksigen atomu olan molekulyar qazdır. Atmosferdə 100 km-ə qədər hündürlükdə çox kiçik miqdarda qeyri-müntəzəm şəkildə toplanıb. Əsas miqdarı atmosferin stratosfer qatındadır (təxminən 90%-ə qədər). Atmosferin aşağı qatı olan troposferdə 10%-ə qədər ozon var.

Daha yüksək təbəqə adlanan mezosferdə ozonun miqdarı çox kiçikdir. Hətta ən çox toplandığı strastosfer qatında ozon ümumi molekulların on milyonda bir hissəsini təşkil edir. Buna baxmayaraq stratosfer ozonu Yer üzərində həyat üçün müstəsna rol oynayır.

Digər tərəfdən, ozon Yer üzərində temperatur rejiminin formalaşmasında da mühüm rol oynayır. Ancaq ozon molekulları 9,6 mkm uzunluqlu Yer səthindən səpələnən infraqırmızı şüaları uda bilir. Beləliklə, bu şüaların törədə biləcəyi dəri xərçəngi və göz xəstəliklərinin qarşısını alır. Ozon molekulları Yer üzərində canlıları öldürücü ultrabənövşəyi şüalardan qorumaqla və temperatur rejimini saxlamaqla ümumi ekoloji tarazlıqda mühüm rol oynayır.

Atmosferdə ozonun yaranmasında Günəş şüaları mühüm və əsas rol oynayır. Havada olan oksigen molekulları dalğa uzunluğu 200 mm-dən kiçik şüaların təsiri ilə oksigen atomlarına parçalanır. Yaranmış oksigen atomları oksigen molekulları ilə reaksiyaya girərək ozon molekulunu əmələ gətirir. Yaranmış ozon yenidən daha yumşaq günəş şüalarını udaraq oksigen molekuluna və atomuna çevrilir. Beləliklə, atmosferdə və əsasən onun stratosfer qatında müəyyən miqdarda ozon toplanmış olur.

 

Ozonun zəncirvari məhvi

 

Əgər bu toplanmış ozonun hamısı Yer səthində düzülsə, qalınlığı təxminən 3 mm-ə bərabər olan ozon qatı yaranmış olardı. Aydın olur ki, Yer üzərində həyatın müqəddaratını qalınlığı cəmi 3 mm-ə bərabər ozon qalxanı müəyyən edir.

1985-ci ildə ingilis alimi Farman Nature "Təbiət" adlı jurnalda ozon qatının ölçülməsi haqqında öz nəticələrini dərc etdirib. O, göstərib ki, 1956-cı ildən başlayaraq Antarktida üzərində yaz aylarında ozonun miqdarı 1985-ci ilə kimi təxminən iki dəfə azalıb. Bu nəticələr peyklər vasitəsilə aparılan ölçmələrlə təsdiqlənib. Alınmış nəticələr bütün dünya ictimaiyyətini ciddi narahat etməyə başlayıb.

Lakin alimlər hələ 1971-ci ildə ozon qatının azala biləcəyi haqda tədqiqat işləri aparıblar. Amerikalı alim Conson və alman alimi Krutsen göstərib ki, rekativ təyyarələrdən çıxan azot oksidləri ozonla katalitik reaksiyaya girib onu məhv edirlər. Sonrakı tədqiqat işləri göstərib ki, nəinki azot oksidləri, hətta karbohidrogenlər və xüsusilə də freon adlanan xlorlu karbohidrogenlər ozon olan mühitə düşdükdə günəş şüalarının təsiri ilə ozonun zəncirvari məhvi baş verir.

Beləliklə, ozon qatının azalmasına səbəb stratosferə düşən və texniki fəaliyyətin nəticəsi olan kimyəvi birləşmələrdir. Stratosfer qatında aparılan ölçmələr bu fikri təsdiq edib.

Bəzi alimlər ozonun azalmasını meteoroloji dəyişmələrlə də izah edirlər. Lakin meteoroloji təsir nəzəriyyəsi ozon qatının niyə məhz axırıncı 20 ildə azaldığını izah edə bilmir. Bəzi tədqiqatçılar bu hadisəni Günəşin aktivliyi ilə bağlayırlar. Lakin bu nəzəriyyə də sistematik ölçmələr aparılmasını tələb edir. Beləliklə, ozon qatının azalması faktı realdır və bu azalma son 20 ildə təxminən 2% təşkil etmişdir. Səbəb atmosferə antropogen tullantıların miqdarının artmasıdır.

Ona görə də, hazırda beynəlxalq miqyasda azot oksidlərinin, xlorlu karbohidrogenlərin atmosferə buraxılmasını azaltmaq üçün tədbirlər görülür, sazişlər bağlanır. Lakin Yer üzərində həyat davam edir və ozon qatını normal vəziyyətə çatdırmayana qədər bütün canlılar bu problemlə bağlı mənfi fiziki təsirlərə məruz qalacaqlar. Belə şəraitdə ozon qatının vəziyyəti ilə əlaqədar məlumatlar almaq, xüsusilə qeyri-məqbul günlərdə davranış qaydalarına əməl etmək vacibdir.

Ən əvvəl ozonun atmosferdə miqdarı bir sıra faktorlardan - ilin fəsillərindən, coğrafi en dairəsindən və hündürlükdən asılı olaraq dəyişir. Ozonun miqdarı qışın axırı və yazın əvvəlində artır, payızda isə azalır. Bu maksimumlar tropik zonada nisbətən aşağı məsafədə baş verir. Digər tərəfdən, ozonun ümumi miqdarının dəyişməsində təxminən iki illik dövr müəyyən olunub. Belə dövrün mövcudluğu nəticəsində 70-80-ci illərdə müşayiət olunan azalma sürəti sonralar müşahidə olunmayıb. Hətta bu azalma sürəti qaldığı halda ozonun ümumi miqdarının üçdə bir hissəsinin azalması üçün təxminən 200 il vaxt lazımdır.

 

Bəzi alimlər nikbindir

 

 

Onu da qeyd edək ki, ozon qatının deşilməsi barədə söylənilən fikirlər yalnız mülahizələrdir və onun nə vaxt deşiləcəyini müəyyənləşdirmək uzun bir prosesdir. Ozon qatının yaxın zamanlarda deşiləcəyi ilə bağlı rus alimlərinin proqnozları da dünya alimləri tərəfindən birmənalı qarşılanmır. Çünki onu dəqiq müəyyən etmək üçün güclü laboratoriyalar lazımdır. Belə sistematik laboratoriyalar yalnız bir neçə inkişaf etmiş ölkələrdə var. Amma onların da elmi hazırlıqları bunu araşdırmağa imkan vermir. Bir çox alimlər isə deyirlər ki, ozon qatı müəyyən müddətdən sonra bərpa olunur və təhlükə tədricən azalır.

Havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur. Yay fəslinə qədər orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır. Belə meteoroloji şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktida qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur.

Ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmos Akademiyası (NASA), Ümumdünya Meteorologiya Təşkilatı kimi mötəbər təşkilatlar, həmçinin Kanada, Böyük Britaniya, Yeni Zelandiya və s. kimi ölkələrin çoxsaylı təşkilatları müntəzəm olaraq məşğul olurlar. Ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezinin dağılmasına, flora və faunanın məhvinə, yuxarıda da vurğuladığımız kimi insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətiribçıxarır.

Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur, digər tərəfdən, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,6 dərəcəyə qədər artması qlobal istiləşmə problemi yaradır. Yer kürəsinə düşən ultrabənövşəyi şüalanmanın artması nəticəsində buzlaqların ərimə tempi də artır. Nəticədə son yüz ildə okean sularının səviyyəsi 10-15 sm yüksəlib.

 

İnsanlar çıxış yolları arayırlar

 

1982-ci ilin yanvarında BMT-nin Ətraf Mühit Proqramı Ozon Qatının Qorunması Haqqında Qlobal Konvensiyanın layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini çağırıb. 3 illik aktiv danışıqlardan sonra Konvensiya 1985-ci ilin martında Vyana şəhərində qəbul edilib. Konvensiyanın 21-ci maddəsinə görə, ölkələr insan sağlamlığını ətraf mühitin ozon qatının dağılması ilə əlaqədar təsirlərdən qorumağa dair öhdəliklər götürüblər.

Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub. 1987-ci ilin sentyabr ayında Monreal şəhərində qəbul edilmiş ozon qatını dağıdan maddələr haqqında tarixi protokola ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin mərhələlər üzrə azaldılmasının kompleks qrafiki, eləcə də həmin maddələrin istehsal, ixrac və idxalının tənzimlənmə tədbirləri daxildir.

Monreal Protokolu tərəfləri tədbirlərinn gücləndirilməsi və ona yeni maddələrin daxil edilməsi barədə qərar qəbul edərək, müvafiq əlavələr və düzəlişlər (London, 1990, Kopenhagen, 1992 və Monreal, 1997) təsdiq edilib. Protokolun məqsədlərinə nail olunması mühüm dərəcədə bütün dünya ölkələrinin sıx əməkdaşlığından asılıdır.

1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü" elan edib. Ancaq bu problem haqqında tək 16 sentyabrda yox, zaman-zaman danışmaq, çıxış yolları aramaq gərəkdir. Azərbaycan ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır.

Keçid dövrünün maliyyə çətinliklərinə baxmayaraq ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan müstəqil bir dövlət kimi dünyanın aparıcı dövlətləri sırasına qoşularaq, ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında qanun qəbul edib.

Ratifikasiyadan sonra BMT-nin Ətraf Mühit və İnkişaf Proqramlarının himayəsi ilə "Çinar" soyuducuları, Sumqayıt kompressorlar zavodları və yanğınsöndürmə idarələrində istifadə olunan ODM-in istifadədən çıxarılması, sənayenin müxtəlif sahələri və məişətdə istifadə olunan və ODM olan soyuducu agentlərin bərpa və yenidən istifadəsi, təlimatçı və texniklərin öyrədilməsi, Monreal Protokolunun yerinə yetirilməsi üçün təşkilati strukturların möhkəmləndirilməsi üzrə layihələr həyata keçirilib. Azərbaycan hökuməti ozon qatının dağılmasına qarşı mübarizə strategiyası hazırlayıb və görülən işlər qəbul olunmuş strategiya əsasında həyatakeçirilir.

 

 

Əntiqə RƏŞİDQIZI

 

Ədalət.- 2010.- 27 oktyabr.- S. 7.