İradə Tuncayın
""Sarı odalar""ı
Mənə ən çox ləzzət eləyən cümlə bilirsiniz hansı oldu: "Belə ağlayarsan ha dalımca, gəncliyimdə məni çox ağlatmısan..." ("İstanbulu dinliyorum gözləri qapalı") Bu misraların kimə ünvanlandığını demək artıqdır. Bilməyənlər üçün deyim: İradə xanımın əbədi qəhrəmanı Aqil Abbas.
Misal çəkdiyim misra İradə Tuncayın səmimi, sözü üzə qırmızı deyən bir yazar olduğunu göstərir.
Yeri gəlmişkən deyim ki, İradə xanımın İstanbul reportajları onun xarakterini bir insan kimi açır: bir qədər xarizmatik, bir az da melonxolik və sentimental. İradə Tuncayın ovqatı kordioqram cədvəlinə oxşayır, bu üzdən yazıları da rəngarəngdir. Əsəbindən çığırıb-bağıran adamlar da var, oturub ağlayanlar da. Hər ikisi "Sarı odalar"a yaraşır. Kitabdakı yazılarda hayqırtı da var, pıçıltıyla söylənmiş ürək ağrıları da.
İradə xanım istəyəndə sərt olur, istəyəndə yumşaq. "Ədalət və mərhəmət" yazısını oxusanız, dediklərimə əyani şahidlik edə bilərsiniz.
Yazar dostum Aqil Abbasın həyat yoldaşının yazılarında həmişə bir sərbəstlik var. Bu yerdə bir haşiyə çıxım. "Sarı odalar"ın təqdimatında Rəşad Məcid dedi: "İradə Tuncay dostlarına mesaj göndərib soruşmuşdu ki, "mən kiməm?", mən də cavab vermişdim ki, "Aqil Abbasın arvadı"". Məndən, yəni Elçindən olsaydı, "Aqil Abbasın xanımı" deyərdim. Rəşaddı da. Həmin təqdimatda bəndəniz isə belə dedi: "İndi Aqil Abbas kimdir?" sualını versələr, yəqin ki, Rəşad Məcid "İradə Tuncayın əri" cavabını verəcək. Çünki İradə xanım son publisistik yazıları ilə Aqil Abbası üstələyib. Əlbəttə, bütün bunlarda bir balaca zarafat elementləri var. Həqiqi olan isə budur ki, cazibədar və heç zaman qocalmayacaq İradə xanım İblislə cəngi-cidadadır. Yer üzündə baş verən hadisələrin hamısının günahını Tanrı dərgahından qovulmuş bu mələkdə və onun sazişə girdiyi, yolunu azmış insan oğlunda görür. Əlahəzrət tamah və unutqanlıq çoxlarını yoldan çıxarır. Bu yerdə, lütfən, "Dorian Qreyin portreti "Usta Master və Marqarita" əsərini oxuyun və "keçmişinizi unutmayın" tövsiyəsini yadınıza salın.
İradə xanım ömrünü uşaqlarına və şıltaq olduğu qədər də istedadlı Aqil Abbasa həsr eləməsəydi, daha çox
şeylər yazardı. Ümumi
fikir: "Qadın hər şeydən öncə
anadır..." İkibaşlı fikir: "Qadın həm də
yaradandır..." Yəni həm insan yaradır, həm də
obrazlar. Aqil qardaşım da sağ olsun ki, göz
önündəki bu həqiqəti etiraf edir, hətta dilinə
də gətirir. İradə xanım da sağ olsun ki, onun
dediklərini cavabsız qoymur. "Sən necə, mən də
elə. Çünki bir-birimizə oxşayırıq".
Son sözləri İradə Tuncayın "Vomən iz
lav" yazısının motivi də hesab eləmək olar.
Necə deyərlər, səmimi etiraf ailənin
dağılmaz təməlidir.
Ailə, ər,
uşaq qayğılarına baxmayaraq, İradə Tuncay öz
ruhunu itirməyib və bunu son illərdə yazdığı
publisistik məqalələrilə sübut edib. Eh, hələ nələr
oxuyacağıq!
Qoy, məndən
inciməsinlər, bəziləri məqalə yazır,
adını publisistika qoyur, amma İradə xanımın
maraqlı, rəngarəng bədii publisistikası çox
şeyə aydınlıq gətirir. O, yazılarını məişət
obrazları və ictimai, siyasi, sosial faktlar üzərində
qurmağı, ona bədii don biçməyi bacarır. Yazar xanım yaxşı bilir ki, publisistika sadəcə
faktların şərhi (konstatasiyası) və müəllif
müdaxiləsindən ibarət deyil. O, faktları ədəbi
müstəvidə əridə bilir. "Jurnalistika
(oxu. publisistika) faktlı ədəbiyyat,
ədəbiyyat faktsız jurnalistikadır" deyimi onun qələmində
öz təsdiqini tapır.
İradə Tuncayın keçmiş cəbhəçi Mehdi Məmmədovla bağlı yazısı çox kövrəkdir. Mehdini mən də tanıyırdım, "Gənclik" metrosunun həndəvərindəki kafedə xeyli söhbət eləmiş, hətta çörək də kəsmişdik, amma gözdən əlil insanın iç dünyasını duyan, düşüncələrini göydə tutan İradə xanım oldu. O, Mehdinin elə bir portretini yaradıb ki, bu bəxtsiz adamın taleyinə acımaya, bəzi məqamlarda isə kövrəlməyə bilmirsən.
Hər kəsin
haqqı zamanında özünə verilməlidir. Təəssüf
ki, çox zaman belə olmur. Hadisə məntiqi
sonluqla nəticələnmir. Hər
şeyin zamana ehtiyacı var. Burası düz, amma adamlar kimi,
zaman da köhnələ və unudula bilir.
Böyük
şairimiz Məmməd Arazla bağlı xatirələri
unudulmazdır.
O, Məmməd Araza təkcə ata kimi yox, həm də
yaradıcı insan kimi yanaşmağı bacarır. Belə demək mümkünsə, yaradıcı
insan obrazı ata obrazını üstələyir. Ürək ağrıları qələmin məharətilə
pərdələnir və yalnız konturları
görünür.
"Sarı
odalar", "Mən və sən" yazısı acı həqiqətlə
dolu olduğundan adamda pessimist əhval yaradır. Bu yazı,
sanki, eyni adama həsr olunub, sadəcə ünvan və
obeyktin adı fərqlidir.
Düzdür,
həyat keçir və bu həyatda biz çox
ağrı-acı görürük. Çünki bu həyatdır
və həyat belə olmalıdır. Bu
sözlər mənim İradə Tuncaya təsəllim deyil,
sadəcə demək istəyirəm ki, bu xanım duyğusal
insanların hisslərini yerindən oynada, keçmiş xatirələrini
dirçəldə bilir. "Sarı
odalar"ın sahibəsi impressianizmin çağdaş
davamçısı kimi görünür. Bu
günü keçmişdə, keçmişi bu gündə
axtarır...
O, hər yazısında
İradə Tuncaydır: səmimi, obyektiv, ürəyi
yanımlı. Özü etiraf edir ki, dili
acıdır, sərtdir. Məncə
bütün bunlar özünə və ətrafa tələbdən
irəli gəlir, amma yazılarında çox mehriban və
ürəyiyumşaq bir xarakter ortaya qoyur. Bayaq dedim ki,
İradə xanımın yazıları kordioqram cədvəli
kimidir, heç zaman düz xətt üzrə,
tapdanmış yollarla inkişaf eləmir. Buna
görə də onun xarakterini tutmaq və dəqiq müəyyən
eləmək çətindir. Elə o
üzdən də maraqlıdır. Rəncarənglik
və ovqat dəyişməsi insanın həyatsevərliyinə
işarədir.
İradə
Tuncayın məlumatlılığı,
dünyagörüşü adamı satın alır, heyrətləndirir. Onun
publisistikasının oxunaqlığının səbəblərindən
biri də budur. Oxucular özləri də
bilmədən mənən zənginləşirlər.
Çe Gevara
ilə Polad Ələmdarın müqayisəsi-acı həqiqətdir
("Yoldaş Çe). Biz ideallarımızı itirmişik,
cılızlaşmışıq. Hərdən kim olduğumuzu, hansı arzu və xəyallarla
yaşdığımızı götür-qoy eləməyə
dəyər. Vaxtında ölmək hər adama
nəsib olmur. Həyatı qəhrəmanlıqlarla
dolu, bütöv bir nəslə örnək olmuş insan
sonradan dəyişəcəksə, bəlkə vaxtında
getsə yaxşıdır. Belə olanda
adı da, özü də urvatlı olur. Bu məqamda
"Dəyişmə-dəyişmə" yazısı da kara gələ bilər. Eyni sözün
müxtəlif vurğuları ola bilir.
İradə
xanım inqilabçıdır. Dəyərlərin
itirilməsinə, vicdanın ölməsinə, arzuların
kömülməsinə yardımçı olan mühitə
qarşı üsyan eləyir.
"Mən bir
zaman bütün dünyanı sevməyə hazır
idim...Sonra içimdəki sevgini elə öldürdülər
ki, yeri boş qaldı. Yox, nifrətlə dolmadı, elə boş
qaldı..." ("Ölən istəklərimiz")Yaxşı sitatdır, sonrasını
özünüz oxuyun.
Bu məqaləmdə
Aqil Abbasdan çox danışdım. Bu da təsadüfi
deyil. Mənə elə gəlir ki, İradə Tuncay
yazıçı dostumuzun indi demədiklərini deyir, daha
doğrusu, üsyankarlığının və
qiyamçılığının "xodunu"
almış Aqil Abbası zərbə altından
çıxarmağa çalışır. Hə,
yadıma düşdü, bəzən İradə xanım
Aqil Abbasın da əvəzinə yazır. Onun yazısından bir Aqil Abbas boylanır. Onlar bir yerdə, qoşa addımlayırlar.
"Ə, sənnən
döyüləm" yazısında bizim yaxından
tanıdığımız, başqalarının isə
ümumən tanımadığı bir insanın dəqiq-dürüst
obrazını yaradır. Söhbətin kimdən
getdiyini deməyəcəm, çünki onun adını
çox çəkmişəm. Bu
yazıda həqiqət - yumor - ironiya triosu həmahəngdir.
Hər kəsin evində bir söyüş
söyəni olmalıdır, ya yox? "Bu məmləkətdə
abırlı adamlara yer yoxdur görə-görə gəlirəm..."
Elə biz də, İradə xanım.
Yadımdadır,
məqalə mənə necə ləzzət eləmişdisə,
oxuyan kimi İradə xanıma zəng vurub təbrik elədim. Qarabağlıyam, axı!
"Sarı
odalar" müəllifinin İstanbul haqqında bilgiləri mənə
doğmaydı. Çünki mən də bu şəhəri sevirəm
və onun küçələrini, tarixi abidələrini,
sultan saraylarını, məscidlərini çox gəzmişəm:
Aya Sofya məbədi, Mehmet Sultan camesi, Dolmabaxçasaray...Bir
müəllifin romanında deyildiyi kimi: üstündə minlərin,
milyonların qanı axıdılmış, sonucda əbədi
türkləşən minarəli şəhər.
İradə
xanım bizim ümumi tariximizi,
yaşantılarımızı yazır. Sovet
bayramlarının panoramını cızır. Nəyin yaxşı, ya pis olduğunu demir, sadəcə
göstərir.
Biz SSRİ-ni
unuda bilmərik, çünki o bizim böyük vətənimiz
idi. Biz işıqlı gələcəyə olan
ümidlərimizi, inamla dolu baxışlarımızı,
gündən-günə çiçəklənən
arzularımızı unuda, uşaqlığımıza və
gəncldiyimizə, onun ideallarına xəyanət edə bilmərik.
Keçmişimizin üstündən xətt
çəkməyə ürəyimiz gəlməz. O,
bizim bir parçamızdır. Bu məsələdə
İradə xanımın yazdıqları ilə mənim
düşüncələrim arasında bir paralellik var.
Yeri gəlmişkən, bir
neçə il öncə Litvadaydım.
Vilnüs ətrafında böyük bir park var. Rəsmi
adı "Qrutas-park", şərti adı "Sovetlər
ölkəsi"dir. Ucu-bucağı görünməyən
"ölkədə" baş küçə Leninin
adını daşıyır. Litva ərazisindəki
köhnə sovet abidələrinin hamısı burada
toplanıb. Kitabxanası və muzeyi var.
Bax, həmin muzeydə mən pioner qalstukunu, oktyabryat ulduzunu, əski
sovet pullarını görəndə kövrəldim. Sovetlərin himni və bizim çox eşitdiyimiz
"Moskva" mahnısı keçimşə olan xiffətimi
daha da artırdı.
Demək istəyirəm
ki, İradə Tuncayı oxuyanda özümə doğma olan
çox nəsnələri tapdım. Biz hələ
çox şeyləri bilmirik. Elə bilməsək
yaxşıdır. Çünki hər il
getdikcə bizdən nəsə qoparır: bir az gəncliyimizdən,
bir az ümidlərimizdən, bir az da inanclarımızdan.
("Sarı odalar")
Müdrik bir ifadə
yadıma düşdü: "Onu özünü
doğrultmayan ümidləri qocaltmışdı..."
İradə
xanım "kişilər qocalanda kövrək olur, cocuğa
dönür" deyir, amma özünün də kövrəldiyinin
və cocuqlaşdığının fərqində deyil, deyəsən.
Mənim də
bəxtim gətirib ki, İradə Tuncay "Don Juan"
romanıma bir həmkar yazısı həsr eləyib.
Anketsayağı
desək, yaxşı yoldaşdır, qələmdaşlarına
sayğı ilə yanaşır. Elçinsayağı
yanaşsaq, Əbülfət Mədətoğlunun, Ceyhun
Musaoğlunun, kompüterçi qızların ovqatına bir
suallıq su çiləyir.
Əlləriniz var olsun,
İradə Tuncay - Toğrulun, Tuncayın anası, Tansunun nənəsi...Baho,
son söz artıq oldu, deyəsən! "Sarı
odalar"ın təqdimatında kimsə gözəl dedi: Sən
nənə yox, böyük annəsən!
Sonda bir not: "Təhsil"
nəşriyyatının çap etdiyi "Sarı
odalar" kitabı çox səliqəli və nəfisdir. Oxuduğum yazıların içərisində
yalnız bir hərf səhvi tapdım. Bu
isə İradə xanımın özünə və
yazısına tələbkarlığından irəli gəlir,
yəqin.
Daha bir not: Mən İradə
Tuncaydan yazdım, amma səsi Aqil Abbasa verirəm.
Qarşıda seçkilərdir, axı!
Elçin Hüseynbəyli
Ədalət.- 2010.- 28 oktyabr.- S. 6.