"DÜNYADA OKSİGEN
ÇATIŞMAZLIĞI TƏHLÜKƏSİ GÖZLƏNİLİR"
Ekspert qlobal sel-daşqın fəlakətlərinin
gerçək səbəblərindən danışır
Qeyri-sabit hava şəraiti,
daşqınlar tək Azərbaycanda deyil, dünyanın bir
sıra ölkələrində də problemlər
yaratmaqdadır. Avropada aramsız yağan leysan
yağışları da təbii fəlakətlərə səbəb
olub. Daşqınlar nəticəsində həlak olan və
itkin düşənlərin sayı isə artmaqdadır. Həmçinin
Afrika ölkələrində analoji hadisələr
yaşanmaqdadır.
Bəzi mütəxəssislər
baş verənləri yağıntının
miqdarının artması, əvvəlki illərlə
müqayisədə dağlarda qar örtüyünün
çoxluğu və buzlaqların əriyib çaylara
qarışması, nəticədə sululuğun artması
ilə izah edirlər. Kimyaçı mühəndis Rəsman
Hacıyev isə ekoloji təbii fəlakətlərin
artmasını XX əsrin əvvəllərində daxili yanma
mühərriklərinin ixtira edilməsi və yanacağa olan
ehtiyacın artması ilə bağlayır. Onun fikrincə, bu
ixtira bir sıra problemləri həll etməklə
yanaşı, qlobal problemlərin yaranmasına da gətirib.
Mütəxəssis bir çox elmi əsaslara istinadən
bildirir: "XX əsrin 60-70-ci illərindən başlayaraq
yanacağa tələbat artıb və bu səbəbdən
digər proseslərin getməsi nəticəsində atmosferə
atılan tullantılar külli miqdarda çoxalıb. Hələ
alimlər bunu əvvəlcədən
proqnozlaşdırmışdılar ki, yanacağın
yandırılması nəticəsində atmosferə
atılan tullantılar (C02, CO qazları) parnik effektinin
yaranmasına və yer səthində temperaturun 2-3 dərəcə
yüksəlməsinə səbəb olacaq. Hazırda bu elmi
proqnozun doğruluğuna heç kim şübhə edə
bilməz. Yanacağın yandırılması zamanı insan
həyatı üçün zəruri əhəmiyyət kəsb
edən oksigenin külli miqdarda istifadə olunması atmosferdə
oksigenin çatışmazlığına gətirib
çıxarır. Bu elmi proqnozun sindromları artıq hiss
olunmaqdadır. Elmi hesablamalara görə, yanacağın
yandırılması nəticəsində 1860-cı ilə
kimi 1,3 milyard ton, 1960-cı ilə kimi 12 milyard ton, 2000-ci ilə
kimi 57 milyard ton, 2050-ci ilə kimi 230 milyard ton oksigen sərf
olunacaq". Mütəxəssis alimlərin hesablamalarına
istinadən yanacağın yandırılması nəticəsində
atmosferə atılan digər tullantıların (N02, N0
qazları) ozon qatını dağıtması proqnozundan da
danışdı: "Ozon qatının tam
dağılması isə yer səthində canlı orqanizmin
məhvi demək olardı".
R.Hacıyevin fikrincə,
yanacağa olan böyük tələbat və onun
günü-gündən artması sonda yanacaq
böhranının baş verməsilə nəticələnəcək:
"Dünyada 1 sutkada 70 milyon barrel neft işlədilir. Elmi
proqnozlara görə, neftlə bağlı qlobal böhran
halı 2030-2040-cı illərdə gözlənilir.
Yanacağın yandırılması nəticəsində
atmosferə atılan tullantılar iqlim şəraitinin
süni surətdə dəyişməsinə səbəb
olacaq. Nəticədə bir regionda görünməmiş dərəcədə
yağıntıların, kəskin temperatur dəyişikliyinin,
tufan, qasırğa kimi təbii anomaliyaların baş verməsi
özünü açıq şəkildə göstərəcək".
Ekspert yanacağın yanmasının Yer səthində iqlim şəraitinə süni surətdə təsir edərək hətta Şimal buzlu okeanında buzların əriməsinə təsir edəcəyini düşünür: "Deyilənlərdən bir çoxu (parnik effektinin, oksigen çatışmazlığının hiss olunması, ozon qatının deşilməsi, kəskin temperatur dəyişikliyinin baş verməsi, bir regionda görünməmiş dərəcədə yağıntılar, tufan, qasırğa kımi təbii anomaliyalar) artıq günümüzün reallıqlarıdır. Bu hadisələr dünən faciə xarakterli idisə, bu gün artıq böyüyərək fəlakət xarakteri alıb".
Baş verən və bundan sonra gözlənilən qlobal problemlərin yaranma səbəblərini R.Hacıyev daxili yanma mühərriki əsasında yaradılmış nəqliyyat vasitələrinin kütləvi istismarında görür: "Bəşər qarşısında iki yol dayanır: biri məhvə, biri xilasa gedən yol. Birinci yol-bəşər övladı daxili yanma mühərrikilə işləyən nəqliyyat vasitələrinin kütləvi istehsalını dayandırmır. Əksinə, yüksələn templə onu inkişaf etdirir. Beləliklə, qlobal problemləri həll etmək əvəzinə, onu daha da qloballaşdırırıq. Bu inkişafla bəşəriyyət 2015-ci ildən sonra faciə erasından fəlakət erasına keçir. Bundan sonra insanların planetdə gedən bir sıra proseslər üzərində nəzarəti tam itmiş olur. Bu, məhvə aparan yoldur. İkinci yol isə daxili yanma mühərriki ilə işləyən nəqliyyat vasitələrini tədricən məhdudlaşdırmaqdır. Onun əvəzində ekoloji cəhətdən təmiz və zərərsiz veloelektromobil nəqliyyat vasitələrinin yaradılmasına və kütləvi istehsalına başlamaqdır".
Vüsal
Ədalət.- 2010.- 28 oktyabr.- S. 7.