ŞƏMSİ VƏFADARIN QƏM
DƏFTƏRİ
Şəmsi
Vəfadarın "Məni çoxdan
öldürüblər..." şeirlər-poemalar kitabı
ilə tanışlıqdan öncə..deyim ki,
onu bir şair
kimi tanımırdım. Sadəcə
üz-gözündən təbəssüm əksik olmayan, çox
istiqanlı və dostcanlı, özünün
və sözünün yerini
bilən bir jurnalist, naşir kimi
xatırlayırdım. Amma kitabını
oxudum və onu bir şair kimi
də tanıdım.
Bəlkə də onun
şeirləri barədə heç bu yazını da
yazmayacaqdım. Çünki bu kitabda qələminə,sözünə
hörmət bəslədiyim istedadlı şair Ənvər Əhmədin,digər
söz adamlarından Ramiz Məmmədzadənin, Oqtay
Altunbayın, Sərvaz Hüseynoğlunun Şəmsinin
şeirləri barədə maraqlı fikirləri ilə
qarşılaşdım. Ənvər Əhməd Şəmsinin
"dərdi boy atan şair" adlandırır, onun şeirlərində
poetik müşahidə qabiliyyətini yüksək qiymətləndirir,
ayrı-ayrı şeirləri üzərində xüsusi
dayanır. Bu müəlliflərin yazılarına heç
bir iradım yoxdur, amma qeyd edim ki, o yazılarda Şəmsi Vəfadarın
şair səciyyəsini görə bilmədim.
Şəmsi Vəfadar qəmdən
yazmağı çox sevir.. Amma qəm deyəndə pessimizmə
aparıb çıxaran, insanı düşünməyə
deyil, ağlamağa-sıtqamağa çağıran qəm
düşünmürük. Bu qəm həyatın,
ömrün-günün, taleyin ağrılarından
doğulub. Elə bir qəm ki, onu öz içindən qovmaq
istəmirsən, onunla məhrəm olursan. Və bu qəmin
içində işıq var, yaşamaq yanğısı var.
Bir sözlə, Şəmsi Vəfadar dərdin
poeziyasını poeziyanın dərdinə çevirməyi
bacarır.Yəni onun şeirlərindəki qəm, kədər
motivləri təkcə şəxsi yaşantılar kimi
qalmır, həm də bizim içimizdən keçir.
Mən söhbətə
Şəmsinin "Aqil dünyası" poemasından
başlamaq istəyirəm. Şair Ramiz Məmmədzadə bu
poemanı "Kədərin simfoniyası"
adlandıürıb. Poema Azərbaycanın ilk Milli Qəhrəmanı
Aqil Quliyevin xatirəsinə həsr olunub.Həcmcə
böyük olan bu poema quruluşuna görə də
seçilir. Belə ki, poemada epik, lirik və dramatik lövhələr
bir-birini əvəz edir. Buna görə də "Aqil
dünyası"nı epik-lirik-dramatik poema adlandırmaq olar.
Ancaq lirik xətt daha aparıcıdır. Xüsusilə qəhrəmanın
anasının foto-şəkillər önündə
düşüncələri çox təsirlimdir, hardasa
böyük şairimiz Əli Kərimin "Heykəl və
heykəlin qardaşı" poemasındakı ananın
düşüncələrini xatırladır.
Qapısını döyən
Jurnalistlərə
Oğul əvəzinə
Şəkil göstərir.
Oğlunun boynuna
Dolanmaq üçün
Əlləri həmişə
Şəkil istədi.
Ana, şəkilləri
Sığallar belə.
Şəklin sükutuna
Uyuya bilmir.
Balası böyüdü
Yeridi hələ,
Di gəl ki,şəkillər
Böyüyə bilmir.
Burada qeyd etməyə dəyər
ki, poemada Ana obrazı çox mükəmməl rəsm
olunub. "Rəsm olunub" ifadəsini əbəs yerə
işlətmədim. Şəmsi Aqilin anasının daxili
iztirablarını, oğul itkisiylə bağlı
keçirdiyi ağrıları elə bil, öz ürəyindən
keçirib. Ananın qəmli düşüncələri bir
də ona görə təsirlidi ki, Şəmsi bunları
obrazlı şəkildə ifadə edə bilib. Deyir ki: Hər
gün Xocalıya İfrat ananın uzun qolları uzanıb gedər.
İgid oğulların uca boyları,- Ana qollarının həsrətindədir".
Deyir ki: "Bir şəhid məzarı Nur topasıdır,
Üstündə minlərin duası yatır. Qolları səngimir
İfrat ananın, Məzarda ən şirin laylası
yatır". Belə misalları yenə gətirmək olar.
Ümumiyyətlə, ayrı-ayrı detalları ümumiləşdirib
onları vahid, bütöv obrazın bir xüsusiyyətinə
çevirmək məharət tələb edir və Şəmsi
bunu bacarır. Məsələn, Xocalının ağır
günlərinin təsvirini müəllif belə ümumiləşdirir:
Fikirlər ildırım tək
Ötüb keçir ürəkdən.
Burda kömək istəyir
Adamlar gül-çiçəkdən.
Şəmsi Vəfadarın
poemasında obrazın daha görümlü canlanmasına xidmət
edən yardımçı obrazlar da var, ilk baxışda
bunlar rəmzi-metaforik mahiyyət daşıyır. Amma bu
obrazlar həyatın, gerçəkliyin, baş verən
ictimai-siyasi hadisələrin mahiyyətinə varmağa
kömək edir. Məsələn, poemada Aqilin yaralı
ayaqlarının təsvirində təkcə bir bədən
üzvünün şikəst halı deyil, həm də
yaralanmış Xocalının, başı bəlalar çəkən
Vətənin və onun vətənpərvər oğlu Aqilin
ağrıları göz önünə gəlir. "Güllə
dəyən kimi Ayaqlarıma, Sanki yollarımı Güllələdilər".
Daha sonra:
Düşdü ayağımdan
Yollarım mənim.
Ana, yollarımı
Göndərin mənə.
Vətənin boynuna
Sarılmaq üçün,
Ana, qollarımı
Göndərin mənə.
Poemanın sonu nikbin
notlarla bitir və elə bilirəm, belə də
olmalıydı. Çünki hər bir qəmin, kədərin
sonu olmur, həyat, mübarizə davam edir.
Öncə qeyd olundu ki,
Şəmsi Vəfadar qəmdən, kədərdən
çox yazır. Ancaq biz bunu ona irad tutmuruq, çünki bu
"dərdli", "qəmli" şeirlərin hər
biri yaşınılan hisslərin ifadəsi kimi diqqəti cəlb
edir, digər tərəfdən, bunları-bu hiss və
duyğuları poetikləşdirə bilir.Məsələ nə
yazmaqda yox, necə yazmaqdadır. Bu mənada Şəmsi Vəfadarın
şeirlərində Dərd adlı bir obraz var və bu obraz hər
şeirdə öz konkret "missiyasını" yerinə
yetirir. Məsələn, "Qarımış türmə
divarları" şeirində həmin "missiya"
azadlığa təşnə insanların əzablarını,
ağrı və sarsıntılarını ifadə edir. DİVAR
obrazı yaranır-antiazadlıq rəmzi kimi.
Türmənin qarımış divarlarından,
Günəş boylansa da, içəri keçmir.
Yarpaqlar ağrıdan olub sapsarı,
Mənim bu dünyadan gözüm
su içmir.
Türmənin qarımış divarlarından,
Vüsal boylansa da, içəri keçmir.
Şair hər hansı
bir predmetə məna gözü ilə baxmalı, o predmeti
canlandırarkən məlum olan cizgilərdə belə naməlumluğu
kəşf etməlidir. Tutaq ki, adi bir kül qabı . Ona
yalnız külqabı kimi baxanda bəlkə də heç nə
görməzsən. Amma tutaq ki, ora tökülən papirosun
külləri səndə nə qədər xatirələr
oyada bilər. Yaxud, külqabıya gülqabı kimi baxanda o əşya
haqqında təsəvvürlərin dəyişə bilər.
Külqabı gül qabı olsaydı: "Sevgililərin
verdikləri gülləri, çiçəkləri Sənin
içinə qoyardılar, sevgililərin ətrini səndən
duyardılar". Amma heyif ki,külqabılar gülqabı
olmur. Necə ki, ləçəkləri solan çiçək
bir də könül oxşamır.Necə ki, sevgilisiz,
yarsız ötən günləri bir də geri qaytarmaq olmur.
Gözlərimin yaşıdı,
Dərdlərimin başıdı.
Həyatımın qışıdı,
Sənsiz ötən günlərim.
Hicranın naxışıdı,
Alnımın qırışıdı.
Kiminsə qarğışıdı,
Sənsiz ötən günlərim.
Bu gün sevgi şeirləri
çox yazılır və xanəndələrin, müğənnilərin
repertuarında da sevgi mahnıları birincidir. Amma əksərən
bu mahnıların mətni bəsit, hətta bayağı
şeirlər üzərində qurulur. Şəmsi Vəfadarın
bir sıra sevgi şeirləri var ki, onlar heç bir düzəliş
olmadan birbaşa o mahnıların mətninə çevrilə
bilər. "Bu sevdanı kaş unuda biləydim", "Demə
səni unutmuşam", "Gözün məni axtaracaq"
və s.
Əlbəttə, Şəmsi
Vəfadarın öz imkanları səviyyəsindən
aşağıda duran və kəskin şəkildə desəm,
heç bu kitaba yaraşmayan şeirləri də var. Bu
şeirlərdə Şəmsi poeziya üçün ən
vacib məqamları unudur. Sözçülük həmin
şeirlərin "bəzəyidir". Amma yaxşı ki,
belə şeirlər çox deyil.
Və bir də arzum
budur ki, Şəmsi Vəfadar heç vaxt poetik
axtarışlardan çəkinməsin. Təkcə Dərd,
Kədər, Qəm motivləri ilə məhdudlaşmasın,
bu dünyanın işığından, sevincindən də
çox yazsın, nostalji hisslərdən qurtulsun. Və
inanıram ki, belə də olacaq!
VAQİF YUSİFLİ
Ədalət.- 2010.- 29 oktyabr.- S. 4.