MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI VƏ PROKURORLUQ ORQANLARININ YENİLƏŞƏN SİMASI

 

Dünyada ilk dəfə 1302-ci ildə Fransada kral IV Filipp tərəfindən kral fərmanlarının icrasına, 1722-ci ildə isə Rusiyada I Pyotr tərəfindən çar fərmanlarının icrasına nəzarət orqanı kimi yaranmış, adı latın dilində "prokurore", yəni "qayğı göstərən" mənasını verən sözdən götürülmüş prokurorluq orqanı tədricən digər dövlətlərdə yaranmış tezliklə dövlət strukturunda nüfuzlu bir orqana çevrilərək dövlət idarəçilik mexanizmində mühüm yer tutmuşdur.

Prokurorluq orqanının funksiyaları cəmiyyətin inkişaf mərhələlərinə uyğun olaraq formalaşan ictimai münasibətlərdən asılı olaraq zaman-zaman dəyişmiş və zamanından asılı olaraq dövlət hansı ictimai quruluşda mövcud olmuşdusa, prokurorluq orqanı da həmin ictimai-siyasi quruluşa uyğun olaraq dövlət idarəçiliyində öz funksiyasını yerinə yetirmişdir. Lakin bir şey danılmaz həqiqətdir ki, bütün dövrlərdə prokurorluq orqanı dövlətçiliyə həmişə sadiq olmuş və öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir.

İkinci dəfə müstəqillik əldə edən Azərbaycan azad, demokratik, ümumbəşəri dəyərlərə söykənən vətəndaş cəmiyyətinin müstəqil hüquqi dövlətini yaratmaq istiqamətində inkişaf etmiş sivil dövlətlərin təcrübəsindən bəhrələnməklə çətin və şərəfli bir yolla irəliləməyə başladı. Gənc müstəqil dövlətin sürətli inkişafını, xalqın rifah səviyyəsinin yaxşılaşdırılmasını, öz potensial imkanına görə regionda aparıcı qüvvəyə çevrilməsini, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün yeni, müasir məzmunlu, köklü və ardıcıl islahatlar aparmasına zərurət yaranmışdı.

Keçmiş SSRİ dövründə qəbul edilmiş "Prokurorluq haqqında" Qanun artıq zamanın tələbinə cavab vermədiyindən müstəqil Azərbaycan dövlətinin formalaşan milli prokurorluq orqanlarının fəaliyyətini tənzimləyə bilməzdi. Ona görə 7 dekabr 1999-cu ildə "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Əsaslı məhkəmə hüquq islahatları keçirilməsi yolu ilə prokurorluq orqanlarının keyfiyyətcə yeniləşməsinə, müasirləşməsinə müstəsna əhəmiyyət verən Ulu Öndər 20 aprel 2000-ci ildə prokurorluq orqanlarının rəhbər işçiləri ilə tarixi görüş keçirmişdir. Bu görüş zamanı verilmiş tövsiyyələr əsasında prokurorluq orqanlarında əsaslı islahatlar struktur dəyişiklikləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu təsdiq edilmişdir.

2000-ci ilin sentyabr ayından başlayaraq yeni məhkəmə sistemi fəaliyyətə başladı. Əvvəlki məhkəmə sistemindən fərqli olaraq üç mərhələli - birinci instansiya, apellyasiya ali məhkəmələrdən ibarət yeni məhkəmə sistemi təsis olundu. Yeni qəbul edilmiş Cinayət Prosessual Məcəlləyə əsasən artıq məhkəmələrdə ittihamın müdafiə olunmasını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror deyil, yalnız dövlət ittihamı funksiyasını həyata keçirən prokurorlar həyata keçirməyə başladılar. İttihamı irəli sürən şəxsin məhkəmələrdə həmin ittihamı müdafiə etməsinə yol verilməməsini nəzərdə tutan qanunvericilik orqanı bununla da ilk növbədə ittihamın müdafiəsinin obyektivliyinə təminat vermiş oldu.

Məhkəmə hüquq islahatlarının həyata keçirilməsi zamanı prokurorluq orqanlarında keçirilən islahatın uğurlu olması üçün kadrların düzgün seçilməsinə, onların yerləşdirilməsinə önəm verən Ulu Öndər deyirdi: "Hüquq mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən əməkdaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar".

İslahat zamanı əsas məqsədlərdən biri də Azərbaycan Respublikası prokurorluq orqanlarının demokratik əsaslarla yeniləşməsinin təmin olunması üçün yüksək səviyyəli peşəkar kadrların seçilməsi, onların hazırlanması, bacarıqlı gənc kadrların işə qəbul edilməsi, bu zaman şəffaf meyarların əsas tutulmasından, ədalətlilik prinsipinin rəhbər tutulmasından ibarət idi. Qarşıya qoyulan məqsədə nail olunması üçün ilk növbədə bu məqsədlərin həyata keçirilmə mexanizmi müəyyən olunmalı idi. Ona görə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında əsasnamə" prezident Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq olunmuşdur.

Prokurorluğun tarixində ilk dəfə 2002-ci ildə qulluğa qəbul aşkarlıq və şəffaf prosedur qaydada müsabiqə əsasında həyata keçirilmişdir. Həmin vaxtdan etibarən 2010-cu ilədək Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 5 (2002, 2004, 2006, 2007, 2009-cu illər), Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə 4 (2003, 2005, 2007, 2009-cu illər) dəfə prokurorluğa işə qəbul müsabiqə yolu ilə həyata keçirilmişdir.

Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi inkişafı onun xarici əlaqələrinin genişlənməsinə də öz təsirini göstərmişdir. Beynəlxalq əlaqələrin genişlənməsi, ölkəmizin dünya birliyinə inteqrasiya olunması, cinayətkarlığın yeni formasına qarşı mübarizədə dünya dövlətlərinin səyinin birləşdirilməsi, bu sahədə prokurorluq orqanlarının digər dövlətlərinin müvafiq qurumları ilə sıx əməkdaşlıq etməsini zəruri etmişdir.

Keyfiyyətcə yeni milli prokurorluq orqanlarının formalaşmasını dəyərləndirən möhtərəm Prezidentimiz İlham Əliyev göstərmişdir: "Zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq, ölkəmizdə prokurorluq orqanlarının statusunda, səlahiyyətlərində və fəaliyyətində köklü dəyişikliklər baş vermiş, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir".

Ümumbəşəri qlobal problem olan korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin önəm verdiyi məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə sərəncamına əsasən Azərbaycan Respublikası Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi təsis edilmiş, 3 sentyabr 2004-cü il tarixli sərəncamı ilə 2004-2006-cı illər üçün "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

Prokurorluq orqanlarında gedən yeniləşməni dövlət səviyyəsində dəstəkləyən cənab Prezident bu prosesi qiymətləndirərək demişdir: "Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir".

Göründüyü kimi, Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi inkişafı, onun dünyanın sivil dövlətlərinə inteqrasiyası dövlət idarəetmə orqanlarının, o cümlədən dövlət idarəetmə mexanizmində mühüm yer tutan prokurorluq orqanlarının dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşmişdir. Prokurorluq orqanları, müasir daim yeniləşən simasını almışdır. Bu isə özünü həm prokurorluğun fəaliyyətində, həm cavanlaşan yeniləşən kadrların işə qəbul olunmasında, onun şəffaf prosedur qaydalarının müəyyən edilməsində, həm müasir elmi-texniki nailiyyətlərin nəticəsinin öz uğurlu fəaliyyətində tətbiq olunmasında, həm müasir standartlara uyğun inzibati binaların tikilməsində, təmir olunmasında, həm maddi-texniki təchizat bazasının yaradılmasında öz parlaq əksini tapmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin təbirincə desək: "Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir".

  

  

Munis ABUZƏRLİ

 

Ədalət.- 2010.- 29 oktyabr.- S. 6.