MƏN BİR YOLAM     

 

Buyoldu belə?

Bəlkə məni yol doğmusan, ay anam.

Yola gec qalsam,

Gözlərin yol çəkməsin, ay anam.

 

Gözlərinin çəkdiyi yolam,

Ürəyimdən min yol keçir.

Hamının getdiyi yolu getsəm

Ürəyim bir yol getdi, ay anam.

 

Bir yol gedirəm,

Getdiyim yolam.

Çoxları yolu gedir,

Mən yol gedirəm, ay anam.

 

Üzü yola gedirəm,

Üzünə sarı.

Qorxuram üz-üzə gələm,

(Yol üzünü çevirə,)

Üzünü görməyəm, ay anam.

 

Mən bir yolam,

Ürəyin necə gəldi, ay anam,

Bilə-bilə öləcəm

Məni bir yol doğdun, ay anam.

 

 

Torpağı qaldırım göyə

 

Ayağımın altını qazanlar

Qəbrimi qazsalar,

Qorxuram

Üstümə çəkməyə

Qəbrimin torpağı çatmaya.

 

Anam, ölsəm,

Gözləmə dalınca gedənləri,

Gözlərinin ağıyla kəfənlə məni.

Görsən üşüyürəm,

qaçıb torpaq üstümdən,

Əllərin titrəyə - titrəyə

Ayağının altından qaçan torpağı

Çək üstümə.

 

Dostlarım,

dəfn edəndə məni,

İmkan verməyin düşmənə

beli götürə əlinə.

Yoxsa düşmən,

belin arxasıyla

Torpağın kürəyindən vuracaq,

Torpaq qurbanını tez udsun deyə.

 

Tanrım,

Hər ölən insane

torpağı biraz

qaldırır göyə.

Ölümün vaxtı

deyilsə hələ,

İmkan vermə namərdlərə.

Yıxanda məni elə yıx ki, yerə,

Torpağı qaldırım göyə.

 

 

Ayna

 

Ayna içində yaşar insan,

biri ondan sonra aynaya baxana qədər.

Ölsəm, inanma gözlərinə,

xəbərsiz yaşaram ğözlərində,

Son dəfə mən baxdığım aynada

Sən gözlərinə baxana qədər.

 

 

Yaşamadığım gün

 

Hər gün nifrət edə-edə,

Hər gün sevə-sevə,

Yaşayırıq ömrümüzdən kəsə-kəsə.

Hər kəs bir xatirə saxlayır ömür payından.

Mənsə öləcəyim günü bilsəm,

Yaşamaram o günü, kəsərəm ömrümdən,

Xatirə saxlayaram yaşamadığım günü.

 

Yatanları səsiylə oyadan səsin içində yatan adam: Alim Qasımov

 

 

"O SƏS"

 

Hamı səssizlikdə yatır,

Mən səsin içində.

Hamını səs oyadır,

Məni səssizlik.

Hamı səssiz yatanda,

"O SƏS" qoymur məni yatmağa.

Hamı susanda

"O SƏS" qoymur məni susmağa.

Bayılıram hər dəfə

" O SƏS"i eşidəndə.

Əzrayılın barmağı nəbzimdə.

Səs eşidilmir "SƏS"in içində.

Tanrının əmri deyildi belə.

Əzrayıl çaşqınlıq içində,

Barmağın çəkir nəbzimdən

Sakitcə.

Tanrının "SƏS"i

döyünür ürəyində,

Ölməyib

Yatıb

"O SƏS"in içində.

Zəlzələ

 

Günahlar çoxalır

Qalxır göyə

Yığılır bir tərəfə.

Göyün bir tərəfi əyilir

Dəyir yerə.

Yerin ürəyi

Başlayır əsməyə

Zəlzələ!

Tanrı göyü silkələyir,

Günahları tökür yerə.

Günahların altındakı insanları

Günahlardan təmizləyir

Zəlzələ.

 

 

Yuxularımdan utanıram

 

Yuxu görürəm,

Aldanıram,

Şeytanlaşıram.

Yuxuda gördüyüm qadınları

Həyatda görəndə,

Utanıram.

"Lənət şeytana" deyirəm,

Yaxşı ki, yuxu görürəm,

Yuxularımdan xəbərsizdirlər,

Sevinirəm.

 

Öz ölümünə inanmayanı,

Birçə gün olsun

Üzü qibləyə dayanmayanı,

Can üstündə

Üzünü çevirəcəklər qibləyə

Ölmək istəməyən insane

Tez can versin deyə.

 

Ölünü yuyanda

Çevirirlər sola-sağa,

Suyla şəkini çəkirlər torpağa.

Heç kim istəmir ölünü qaldıra ayağa

Tez tapşırırlar qara torpağa.

Taleyim.

 

Taleyim boyumdan uca,

Taleyimi yaşamadım boyumca.

Taleyimdir deyə,

Hər vurulan zərbəyə,

Sinəmi verdim önə.

Sinəmdə yer yox daha

Elə hey vururlar,

Kürəyimin acığını sinəmdən çıxırlar.

 

 

SEVGİ ŞEİRLƏRİ

 

İlk sevginin acığına

Hər dəfə sevəndə

Tövbə edirəm,

Daha bir gözəl ağlımı alana qədər.

 

İlk sevginin acığına

Ürəyimdən keçən gözəllərin

Reklamı gedir gözlərimdə.

Nəfsim reklamı dəyişdikcə,

Neçə-neçə gözəl düşür gözlərimdən.

 

İlk sevginin acığına

Ürəyim dolub,

Yer yox daha

Gözlərim ürəyimi sıxır qabağa

BİR yer VAR hələ

GÖRMƏDİYİM GÖZƏLƏ.

Gözlərimi açdığım qədər,

Ürəyimi aça bilsəydim sənə

Səndən gözlərini istəyərdim,

Bircə günlüyə.

(Bircə gün)

Sənin gözlərinlə

Baxmaq istəyərdim gözlərimə.

Görmək istəyərdim

Bu günə qədər necə baxmısan gözlərimə.

 

Hər gözəl görəndə

Gözlərimin altını

Ürəyim çəkir.

Səni görəndə

Düşdü ürəyim.

Səndən gözlərimi çəkdim

Ürəyimin altına.

Desəm gözlərim üstə yer var sənə,

İnanma (mənə),

Ürəyimim altından baxıram sənə.

Səni sevənnən

 

Səni sevənnən ürəyim sıxır yerini,

Qorxuram gedəsən,

ürəyim boşala,

sonrakı sevgilər ürəyimə boş ola.

Səni sevənnən ürəyim yerində deyil,

Elə hey sənin ürəyinin yerini döyür.

Ürəyim bərkidi döyünə-döyünə,

Qayıtdı yerinə deyinə-deyinə.

Heç demə sənin ürəyin yerində deyil.

Sən gedəni

 

Sən gedəni düşdü ürəyim,

çəkəni yoxdur.

Ürəyim ürəksiz döyünür sənsiz.

Hər gün neçə yol keçirsən ürəyimdən,

elə bil heç nədən xəbərin yoxdur.

Sən gedəli ürəyim ayaq üstədir,

oturmur yerinə.

İnanmırsan, bax ürəyinə,

Gör mənim ürəyim hardadı?

Qayıt gəl, ürəyimi çək yerinə.

Gülüm

 

Yenə gəlib məndən öncə

dənizin üstünə,

Ağlamısan.

Guya sən öləndən sonra unudulubsan.

Dənizin gözləri dolub,

dalğaları qaldırıb üstümə,

dalğaların səsi ilə gözlərimi oyur.

Axı, necə gəlim sən olan yerə?

Sənə sözüm var, gəlmişəm deyəm.

Sən öləndən mən öldüm,

GÜLÜM!

Sənnən sonra yaşadığım

sənin yarımçıq qalmış ömrün,

o da çox uzun.

Məni gözləmə,

GÜLÜM

 

 

Rza Rzayev

 

Ədalət.- 2010.- 29 oktyabr.- S. 7.