Mərakeşdə Azərbaycan Mədəniyyəti
günləri keçirilir
Dünən
Mərakeşin paytaxtı Rabatda Azərbaycan
Mədəniyyəti günlərinin rəsmi
açılış mərasimi keçirilib.
Mərakeşdə səfərdə olan əməkdaşının
məlumatına görə, açılış mərasimi
Rabatın mərkəzi mədəniyyət sarayında baş tutub. Mədəniyyət
sarayının foyesində Azərbaycan rəssamı Fərid
Xayrullinin ölkəmizin təbiətini, tarixi yerlərini, mədəniyyət abidələrini
əks etdirən fotolardan ibarət sərgisi
təşkil olunub.
Mərasimə gələnlər
sərgini maraqla qarşılayıblar. Tədbirdə Mərakeş
parlamentinin sədri, baş nazirin müavini, Azərbaycanın
Rabatdakı səfiri və səfirliyinin əməkdaşları,
Mərakeşin mədəniyyət xadimləri, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Mərakeş və Azərbaycanın
mədəniyyət nazirlərinin müavinləri Məhəmməd
Kavadir və Ədalət Vəliyev mərasımdə
açılış nitqi ilə çıxış edib,
bu cür tədbirlərin iki ölkə arasında münasibətlərin
inkişafında mühüm rol oynadığını
vurğulayıblar.
Daha sonra bədii hissə
başlayıb. Tədbirə gələnlər dirijor
Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət
Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının rəqs
qrupunun ifasında maraqlı konsert proqramı izləyiblər.
Solistlərdən xanəndələr Qoçaq Əsgərov,
Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə
Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim
Abbasovun ifası alqışlarla qarşılanıb.
Qeyd edək ki, mədəniyyət
günləri oktyabrın 30-dək davam edəcək. Azərbaycan
sənətçiləri Kasablanka, Fəs, Meknes şəhərlərində
də konsert verəcəklər.
Ədalət.- 2010.- 29 oktyabr.- S. 8.