"Doğru söz deyən,
qələmi-sədiq" tənqidçi
"O, qələm və o barmaqlar qırılsın
ki, bir qəlbin və bir könlün qırılmasına
səbəb olmuşdur. Və o yazı və oxu bilmək yox
olsun ki, xalqın narahatlığına səbəb
olacaq".
(Seyid Hüseyn)
Seyid Hüseyn obyektiv
olmayan şəxsi düşmənçilik və
kinkudurətli tənqidin əleyhinə olmuşdur.
XX əsrin
əvvəllərində ədəbiyyatın ayrılmaz bir
sahəsi olan ədəbi tənqid də Azərbaycanın
ictimaisiyasi və ədəbi həyatında baş verən
hadisələrdən, fikri ixtilaf və
mübarizələrdən kənarda deyildi.
Demokratik və
inqilabi-demokratik tənqid yeni əsrin ən qüvvətli,
ən kütləvi tənqidi cərəyanı idi. Milli
ədəbiyyatın qabaqcıl demokratik ideya və
ənənələrini müdafiə edən ədəbi
hadisələrin qiymətləndirilməsində geniş xalq
kütlələrinin mənafeyini, ehtiyac və
tələblərini hər şeydən üstün tutan
Firidun bəy Köçərli, Seyid Hüseyn,
Kazımoğlu, Abdulla Sur, Hacı İbrahim Qasımov kimi
nümayəndələri var idi.
Milli ədəbi
tənqidin əsas yaradıcılarından biri olan Seyid
Hüseyn (1887-1938) yarım əsrlik ömür yolunun
çox hissəsini Azərbaycan ədəbiyyatı və
ədəbi tənqidinin tərəqqisinə həsr
etmişdir.
Seyid Hüseyn müasir
nəsrin ilk nümunələrini yaradan, kiçik
hekayələr ustası, görkəmli mətbuat və
mədəniyyət xadimi kimi tanınmışdır.
İlk işinə
"Kaspi" qəzeti redaksiyasında başlamış,
burada dövrün tanınmış yazıçısı,
şair və təsisçilərlə olan
tanışlıq onun gələcək fəaliyyətinin
istiqamətini müəyyənləşdirmişdir.
XX əsrin
əvvəllərində mətbuat aləminə daxil olan
tənqidçi qəzet və jurnalların bir çoxu
ilə əməkdaşlıq etmiş, "İqbal",
"Qurtuluş" və s. mətbu orqanların baş
redaktoru vəzifəsində
çalışmışdır.
XX əsrin 10cu
illərində müasir ədəbi prosesi diqqətlə
izləyən, çap olunan əsərlər barədə
vaxtında və müntəzəm surətdə rəy
söyləyən Seyid Hüseyn dövrün ən fəal
tənqidçisi kimi tanınmışdır.
Seyid Hüseynin bu
sahədəki bacarığına görə
müasirlərindən olan şair Məhəmməd Hadi onu
"doğru söz deyən qələmisadiq"
tənqidçi adlandırmışdır.
Cəfər Cabbarlı
isə ondan "yalnız Azərbaycanda deyil, bəlkə
bütün Zaqafqaziya türkləri arasında müqtədir
tənqidçi adı daşımağa ləyaqət
qazanmış münəqqib" kimi bəhs etmişdir.
XX əsrin
əvvəllərində yaradıcılığa
başlayan, azçox tanınmış, elə bir
yazıçı və şairin adını
çəkmək çətindir ki, tənqidçi Seyid
Hüseynin qələmindən kənarda qalmış olsun. C.Məmmədquluzadə,
N.Vəzirov, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov,
F.Köçərli, M.S.Ordubadi, S.M.Qənizadə,
Y.V.Çəmənzəminli, A.Divanbəyoğlu, M.Hadi,
A.Səhhət, C.Cabbarlı, A.Şaiq və başqa
ədiblərin yaradıcılıqları, realist demokratik
ədəbi tənqidin aparıcı
nümayəndələrindən biri kimi Seyid Hüseynin
diqqətini daha çox cəlb etmişdir.
Bu
sənətkarlarının əsərlərinin hər
birinə Seyid Hüseyn məqalələr yazıb çap
etdirmiş, hər bir əsəri layiqincə
qiymətləndirməklə yanaşı, əsərlərdə
nəzərə çarpan ideyasənətkarlıq
qüsurlarını da obyektiv mövqedən prinsipal tənqid
atəşinə tutmuşdur.
Demək olar ki,
ədəbi fəaliyyətə təzəcə başlayan
Əli Səbri Qasımovun "Solğun
çiçəklər",
"Şəbi-hicran"(1913), Rza Zakinin "Nakam
qız"(1911), "Fadayieşq"(1912), Səkinə
xanım Axundovanın "Zülmün
səmərəsi"(1917), Ələkbər
Naxçıvanlının "Qəlbimin
soltanı"(1912), Əhmədbəy Qəmərlinskinin
"Bəhlulidanəndə"(1913) və s. gənc
qələm sahiblərinin ilk əsərləri də Seyid
Hüseynin tənqid qələmindən kənarda qalmamışdır.
XX əsrin 10-cu
illərində Seyid Hüseynin yaradıcılıq
fəaliyyəti təkcə tənqidciliklə tamamlanmır. O,
bu dövrdə bir sıra hekayələr,
"Dərədəntəpədən" ümumi
başlıqı altında silsilə felyetonlar, elmə,
maarifə, gənclərin təlimtərbiyə
məsələlərinə dair məqalələr də
qələmə almışdır.
Ancaq bu dövrdə onu
daha da məşhurlaşdıran ədəbi tənqid
sahəsindəki fəaliyyəti olmuşdur.
XX əsrin 20-ci
illərindən sonra da S.Hüseyn tənqidçilik
fəaliyyətini davam etdirir. O, istər klassik, istərsə
də müasiri olduğu yazıçıların
yaradıcılığına həsr olunmuş,
ədəbitənqidi məqalələri ilə, müasir
tənqid ilə ədəbiyyatşünaslığın
təməl daşını qoyanlardan biri olmuşdur.
Bu illərdə Seyid
Hüseyn hər bir şair və yazıçının
yaradıcılığına dair məqalələr dərc
etdirir, ədəbiyyatın qarşısında duran yeni
vəzifələr üçün diqqətəlayiq
fikirlər söyləyirdi.
Ömrünün son
illərində birbirinin ardınca nəşr etdirdiyi "Yeni
həyat yollarında" (1928), "İki həyat
arasında" (1930), "Şirinnaz" (1937) kitablarında
toplanmış əsərlərlə kiçik
hekayələr ustası kimi tanınır.
Seyid Hüseyn həm
də müasir Azərbaycan nəşrinin ilk
nümunələrini yaradan sənətkarlar sırasında
özünə layiqli mövqe qazanır.
Professor Kamal
Talıbzadə Seyid Hüseynin ədəbi
görüşlərinin əsas estetik prinsiplərini
müəyyənləşdirərkən, haqlı olaraq onun
sənətin həyatla əlaqəsi və münasibəti
məsələsini ön plana çəkir.
Alimin fikrincə:
"...bunsuz tənqidçinin ayrıayrı ədəbi
hadisələrə, yazıçı və
əsərlərə münasibətini aydın
təssəvvür etmək çətindir".
Seyid Hüseyn realist
sənətkarları daima həyat həqiqətlərini
əks etdirməyə, canlı müşahidələrə
əsaslanmağa, gördüklərini yazmağa səsləyirdi.
Seyid Hüseynin
fikrincə, "sənət həyatı təsvir edə
bilmək qabiliyyətidir". Bu, tənqidçinini əsas
prinsipi idi.
Seyid Hüseyn
istənilən şair və yazıçının
əsərlərinin müzakirələrində, bir
tənqidçı kimi qiymət və fikrini bildirəndə
də məhz sənətin həyat həqiqətinə
münasibətində də bu prinsipə
əsaslanırdı.
Seyid Hüseyn
C.Məmmədquluzadənin "Ölülər"
komediyasının ilk tamaşası ətrafında gedən
mübahisə və müzakirələrdə iştirak
etmiş, əsər üçün öz layiqli qiymətini
verərək əvvəlcə Ölülər haqqında
təəssürat", sonra isə
"Ölülər" və onun tənqidləri
haqqında bir mütaliə" adlı məqalələrini
dərc etdirərək "Ölülər"
ədəbiyyatımızda "inqlab törədə
biləcək məziyyətdə" olan bir əsər kimi
dəyərləndirmişdir.
Seyid Hüseyn bu
əsərin ideya məzmununa və
sənətkarlığına yüksək qiymət verir
və fransız yazıçısı V.Hüqonun
"Səfillər"i və rus dramaturqu N.Y.Qoqolun
"Müfəttiş"i ilə müqaisə
edərək yazırdı: "Bilirəm bir çoxları
Mirzə Cəlilin "Ölülər"ini Qoqolun
"Revizor"u ilə müqayisə edəcəklər. Mən
isə bundan irəli getmək istəyirəm. Zira
"Revizor"da kefli İskəndər kimi bir qüvvə
yoxdur ki, "elm oxuyun, alim olun deyib", "adam olun"
deməyənlərə, doqquz yaşında ərə
gedən qızlara, qardaşının, ata və
anasının dirilməsindən ötrü
fikirləşməyə gedənlərə, dirildikdən
sonra evlərinə, yurdlarına qayıtmaq istərkən
qapısı üzünə açılmayan
ölülərə gülsün, doqquz yaşında
nazlılarını seyx nəsrullahlara məcburən arvad
etmək istəyən atalarının üzünə
tüpürməklə ağlasın və ağlatsın. Mən deyirəm ki, bir əsr bundan əvvəl
Fransa əhvaliictimaiyyəsində "Səfillər"nə
isə V.Hüqonun ac və səfil arvad uşaqları və
küçələrdə yaşayan sahibsiz "gülxan
bəyləri" bəşər cəmiyyətinə və
fransız əfkarına necə təsir
bağışlamışsa, bizdə də "Ölülər"
odur və həmin təsiri bağışlayacaq,
səhnəmizdə rusların "Revizor"u qədər
ölməz mövqe tutacaqdır."
Seyid Hüseyn
əsərin qiymətini düzgün anlayıb verə
bilməyənlərə cavab olaraq yazırdı:
"Ölülər" faciəsinin ruhu Şeyx
Nəsrullahın hiylələrində deyil, onun hiyləsi
qurbanı olan doqquz yaşlı nazlılarının
ailədəki və həyatıictimaiyyətimizdəki
mövqelərindəndir".
Seyid Hüseynin
tənqidçi qələminin yüksək qiymətini Sabir,
Çəmənzəminli, Haqverdiyev, Nərimanov,
Qənizadə, Səbri, Ordubadi
yaradıcılığına münasibətdə də
aydın görmək olar.
Seyid Hüseynin
Abdullahbəy Divanbəyoğlunun "Can yanğısı"
əsərinə verdiyi düzgün qiymət: "Bu gün
bizim arvadlarımızın halı həman zəncilərin
əsarət halları kimidir. Bu
məsələyə münasibət birinci olaraq
möhtərəm A.Divanbəyi tərəfindən
qələmə alınıb, İsabəy Aşurbəy
tərəfindən nəşr edilən "Can
yanğısı" arvadlarımızın hallarında bir
nümunə göstərmişdir. "Can
yanğısı" Qafqaz köçəri
məişətini təsvir edən hekayədir. Bu hekayə
Ruqiyyə adlı bir qafqazlı arvad qədər
çəkdiyi zəhmət və müsibəti
göstərir".
Bu o dövr
üçün adi hal idi. Hər bir qadın bu
zülmləri görərək yaşayır,
səslərini belə çıxara bilmədilər,
çünki buna haqları yox idi. Lakin
belə əsərlərin meydana gəlməsi ilə
qadınlarımız, Cəfər Cabbarlının
"Sevil"i kimi bu əsarətə qarşı haqq
səslərini qaldırmağa gücləri yetərdi.
Seyid Hüseyn "Can yanğısı" əsərinin
"bir taqım səhvlərə təsadüf edildiyini"
yazır. Tənqidçi əsərin dili,
yazılış qaydasını səhv olduğunu, bunun da
Qafqaz şivəsindən irəli gəldiyini
açıqlayır.
Yaradıcılığa
verilən düzgün qiymət, hər bir şair və
yazıçının xalq arasındıkı mövqeyini təyin
edir. Seyid
Hüseyn də bir tənqidçi kimi
çalışmışdır. O, hər bir əsəri
düzgün və layiqincə qiymətini versin ki, yazılan
düzgün olmayan söz müəllif üçün
zərərli olsun.
Seyid Hüseyn hər
zaman tənqidə və tənqidçiyə ehtiyac
olduğunu deyir: "Tənqidə bu qədər
əşədd ehtiyacımız olduğu halda
təəssüflər olsun ki, bu vaxtadək bu xüsusda
bizdə əhəmiyyət verilməmişdir. Budur ki, nə
müəlliflərimiz hansı yol ilə yazacaqlarını
bilirlər, nə də şairlərimiz nə kimi
əsərlərin camaata mənfəət
verəcəyəni tanıyırlar. Bizdə
tənqidçi yoxluğundandır ki, təb və
nəşr edilən kitablarımızın içində,
bir çox əxlaqpozan və heç bir məziyyəti
olmayan kitabçalar təsadüf edilir. Yenə
tənqidçi yoxluğundandır ki, "Osmanlı
hökümətinini qüdrətli gündəri" kimi
kitablarda türklərin tarixi gülünc surətdə
meydana qoyulub. "Aşçı başının
əli altında xidmət edən oğlanlar
küçəyə çıxdıqda onun bunun
sataşmasından qorxub arvad kimi üzlərini örtərdilər:
və yaxud "Soltanın sarayında xidmət edən xristian
uşaqlarının əndamı tər kimi gözəl
olması şərt idi", və s. kimi
fəqərələr insanın ruhunu zəhərləmədədir.
Halbuki, bunların qabağına səd
çəkib ədəbsizlərə ədəb
öyrətməlidirlər". Doğrudan da
tənqidçinin dediyi kimi: "...bu gün hər kəs
istədiyini yazıb nəşr etdirsə neçə bir
nəticə verəcəyini hər kəs
düşünə bilər, zənn edirəm".
Ədəbiyyat
tarixində istedadlı bir ədəbiyyatşünas,
tənqidçi və publisist kimi tanınan Seyid Hüseyn
Azərbaycanın ədəbiyyatı, teatrı, dili və
mətbuatının inkişafında mühüm
xidmətləri olmuşdur. Mətbuat
səhifələrində dərc olunan "Ədəbiyyata
bir nəzər", "Sabir və N.Vəzirov
haqqında", "Mətbuatımıza bir
nəzər", "Molla Nəsrəddin" haqqında
xatirələrim", A.Divanbəyoğlunun "Can
yanğısı", M.C.Ordubadinin "Bədbəxt
milyonçu yaxud Rzaqulu xan Firəngiməab",
Ə.Haqverdiyevin "Şeyx Şaban",
F.Köçərlinin "Balalara hədiyyə",
C.Cabbarlının "Ədirnə fəthi"
əsərləri haqqında yazdığı tənqidi
məqalələr ədəbiyyatşünaslığın
inkişafında mühüm yer tutmuşdur.
Seyid Hüseyn Azərbaycan
ədəbiyyatında roman janrının olmamasından,
həyat hadisələrinin geniş planda əks etdirən epik
əsərlərin azlığından
şikayətlənirdi.
Tənqidçinin
fikrinə görə, romanın "Təhribiəxlaqda"
rolu böyükdür. Hər bir insanın öz
nöqsanlarını görməsi üçün roman
əlverişli vasitədir. Romanda həyat
hadisələri geniş şəkildə, canlı və
bədii lövhələrlə təsvir olunur.
Azərbaycan
ədəbiyyatının keşiyində sərvaxt dayanan,
öz xalqının ədəbibədii fikrinin hər
cəhətdən inkişafına çalışan Seyid
Hüseynin tənqidçilik fəaliyyəti geniş və
əhatəlidir. Onun ədəbiyyatımızın
inkişafı üçün söylədiyi qiymətli
fikirlər bu gün də qiymətlini itirməmiş və
öz qüvvəsini, aktuallığını
saxlamaqdadır.
Göyərçin MUSTAFAYEVA
Ədalət.- 2010.- 30 oktyabr.- S. 16.