Günaydın, etibarlı adam

 

Yusif Günaydın: "İctimai Televiziyada mənə inanır və etibar edirlər"

 

Telekanallarımızın sayı artdıqca peşəkarların sayı azalır. Tamaşaçıya təqdim edilən verilişlərin əksəriyyətinin peşəkar əlindən çıxmadığı o dəqiqə hiss olunur. Yəqin elə ona görə də televiziyalarımız tez-tez tənqid obyektinə çevrilir.

Orta məktəb illərindən yolunu televiziya studiyasından salan, efirin məsuliyyətini elə o vaxtdan dərk edən Yusif Günaydın tamaşaçıya nəyin və necə göstərilməsinin yolunu bilir. Efirə çıxdığı ilk gündən Yusif Günaydınla əməkdaşlıq etməsini İctimai Televiziyanın qazancı saymaq olar. Onun hazırladığı "Aktyor evi", "Həmsöhbət", "Teatr haqqında üç monoloq" tamaşaçıların marağına səbəb olub. "Qərib axşamlar" ən baxımlı proqramlardandı.

Yusif bəylə müsahibədən əvvəl İctimai Televiziyanın həyətini doyunca gəzdik. Görülən işlərlə müsahibimizin köməyi ilə tanış olduq.

 

- Yusif bəy, belə görünür ki, özünüzü İctimai Televiziyada çox rahat hiss edirsiz...

- Düz müşahidə etmisiz, özümü bu kanalda rahat hiss edirəm. İlk gündən burda çalışıram. Sevinirəm ki, İctimai Televiziyanın efirə gedən ilk verilişi mənim hazırladığım proqram olub. 2005-ci il avqustun 29-da yayıma başlayan kanalımız efiri "Aktyor evi" adlı layihəm əsasında hazırladığım verilişlə açdı. O vaxtdan bu kollektivdəyəm. Bu günə kimi birlikdə xeyli maraqlı proqramlar təqdim etmişik. Verilişlərim hər həftə müzakirə olunarkən istər rəhbərlik, istərsə də iş yoldaşlarım tərəfindən yüksək qiymətləndirilir. Burda mənə inanır və etibar edirlər. İnam və etibar olan yerdə, zəhmətinə obyektiv dəyər verilən kollektivə çalışmaq yaradıcı insan üçün həmişə xoşdu. Burda rəhbərlik də, sıravi əməkdaşlar da həm yaşıma, həm də təcrübəmə hörmətlə yanaşırlar. Baş direktor İsmayıl Ömərov məni həmişə gənclərə nümunə göstərir. 2007-ci ildə İsmayıl Ömərovun tapşırığı ilə radioda işləməli oldum. Bir il ərzində radioda həftədə üç dəfə üç saat canlı yayımlanan "Günün sonu" proqramının aparıcısı kimi çalışdım.

- Bu məcburi göndəriş idi, yoxsa...

- Belə bir zərurət yaranmışdı. Baş direktorumuz bəzi radio verilişlərinin reytinqinin aşağı düşdüyünü hiss edən kimi mən də daxil olmaqla televiziyanın bir neçə populyar aparıcısını radioya göndərdi. Düzdü, onların əksəriyyəti televiziyaya tez qayıtdı. Mən isə düz bir il çalışmalı oldum. Novruz bayramını, Yeni ili radioda iş başında qarşıladım. Bir il ərzində dinləyicilərdən saysız-hesabsız məktub aldım. Heç televiziyada çalışanda o qədər məktub almırdım... Onların çoxunu hələ də saxlayıram.

- Uzun illərin təcrübəsi həm televiziyada, həm də radioda uğur qazanmağınıza kömək edir?

- Təbii ki, təcrübənin mühüm rolu var. Mən televiziyaya ilk dəfə gələndə 8-9 yaşım var idi. 190 saylı məktəbdə oxuyurdum. Bizim məktəb sosialist təhsil sisteminin vitrininə oxşayırdı. Gələn qonaqların əksəriyyətinə məktəbimizi göstərirdilər. Necə deyərlər, qonaq-qaramız çox olurdu. O cümlədən, televiziya işçilərinin yolu tez-tez bizim məktəbdə düşürdü. Bir dəfə məktəbimizdə hazırlanan tədbirdə çıxışımı görüb bəyəndilər və məni televiziyanın uşaq verilişləri redaksiyasına dəvət etdilər. Rəhmətlik Tofiq Mütəllibov, Firudin Ağayev kimi qayğıkeş redaktorların, Fikrət Qaradağlı, Səyyar Ağayev kimi rejissorların əhatəsinə düşdüm. O zaman uşaqlar üçün populyar sayılan "Tonqal", "Məktəb həyatı" verilişlərində dəfələrlə çəkildim. 10 yaşım olanda həmin verilişlərə aparıcılıq etdim. Yaşım artdıqca başqa verilişlərə dəvət alırdım. Kameranın, canlı efirinolduğunu elə vaxtdan anlamağa başladım. Televiziya gələcək həyat yolumu, ixtisas seçimimi müəyyənləşdirdi. İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olundum. Tələbə olarkən yenidən televiziyaya qayıtdım. Bu dəfə stajor kimi təcrübə keçdim. Vasif BabayevRamiz Həsənoğlu kimi tanınmış rejissorlardan çox şeylər öyrəndim. İnstitutumuzun tarixində ilk dəfə olaraq məni və kurs yoldaşlarımdan birini Moskvadan gələn sifariş əsasında Qərbi Sibirə göndərdilər. 5 il oradakı televiziya kanalında çalışdım. Ssenarilərim əsasında televiziya filmləri çəkildi. Azərbaycana qayıdandan sonra AZ.TV-də ştata qəbul olunmasam da artıq mənə doğma olan kollektivlə sıx əməkdaşlıq edirdim. "Dalğa", "Həftə", "Yaddaş" kimi o zamanın çox populyar proqramlarının hazırlanmasında mənim də əməyim keçdi. İctimai Televiziya yarananda müsabiqə elan olundu. Mən də layihələrimi təqdim etdim və qəbul olundum. Həmin layihələrin əksəriyyətini İctimai Televiziyanın əməksevər, işinə yaradıcı yanaşan əməkdaşlarının yaxından köməyi ilə həyata keçirdim.

- Uğurlu layihələrdən söz düşmüşkən, "Qərib axşamlar" gecə saatlarında efirə çıxmasına baxmayaraq xeyli tamaşaçı toplaya bilib. Gecə o vaxtı qonaqları canlı yayıma dəvət etməkdə çətinlik çəkmirsiz?

- Öncə onu deyim ki, "Qərib axşamlar"ın ideya müəllifi Baş direktorumuz İsmayıl Ömərovdu. Televiziyada əsas ideyanın, konsepsiyanın mükəmməlliyidi. Verilişi bu gün bir aparıcı, sabah tamam başqa bir aparıcı təqdim edə bilər. "Qərib axşamlar" çox gözəl ideyaya quluq edir. Azərbaycan televiziya məkanında yeganə verilişdi ki, gecə 12-dən sonra efirdə olur. Amerikada, Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız "Qərib axşamlar"ı maraqla izləyirlər. Canlı telefon bağlantılarında onların səsini eşitmək, verilişlə bağlı arzu, istəklərini dinləmək xoş hisslər yaradır. Qonaqların canlı yayıma dəvət olunmasına gəlincə, heç bir problemlə üzləşmirəm. Hamı təklifimizi həvəslə qəbul edir. Kim reytinqli verilişə dəvət almaq istəməz ki...

- Reytinq sizin üçün nə deməkdi?

- Müasir televiziyanın uğurları reytinqlə ölçülür. Verilişin yüksək reytinq qazanması sübut edir ki, tamaşaçı həmin verilişə baxır.

- Amma bəzən səviyyəsiz, şit verilişlərin aparıcıları da yüksək reytinq qazandıqlarını az qala tamaşaçıların gözünə soxurlar...

- Burda tamaşaçının zövq məsələsi də var. Bəzən tamaşaçı şit verilişlərə də baxmağı xoşlayır. Şou-biznes dünyasında baş verən dedi-qodulara baxmaq istəyənlər də var. Amma onlar "obıvatel" tamaşaçılardı. "Qərib axşamlar" təkcə İctimai Televiziyada deyil, Azərbaycan televiziya məkanında ən reytinqli verilişlərindən biridi. Belə bir ciddi verilişin yüksək reytinq toplaması mənə qürur verir. Sevinirəm ki, mənim də bu işdə əməyim var. Yeri gəlmişkən, onu da deyim ki, "Qərib axşamlar"ın ərsəyə gəlməsi üçün 20 nəfərdən ibarət qrup çalışır. Aparıcı kimi mən aysberqin görünən tərəfiyəm.

- İndi telekanallar cəmiyyətin qınaq obyektinə çevrilib. Peşəkar kimi bu tənqidlərlə bölüşürsüz?

- Televiziya işçisi və tamaşaçı kimi bəzi tənqidlərlə razıyam. Aparıcılar dilimizi bilmir, kobud şəkildə təhrif edirlər. Reklamların dili başqa bir problemdi. Dilimizi bayağılaşdırmaqla genefondumuza təsir edirlər. Bəzi verilişlərin səviyyəsi təbii ki, insanları razı salmır. Axı efirin əksər hissəsini dolma bükməklə, yemək bişirmək, qab-qacaq yumaqla doldurmaq olmaz. Düzdü, Türkiyə telekanallarında da belə verilişlər var. Amma onlarda vətənpərvərlik duyğularını təbliğ edən proqramlar da çoxdu. Onlardan bəziləri bu mövzunu lap istismar edir. "Qərib axşamlar" isə mövzuya ciddi yanaşdı, müqəddəs duyğuları ucuzlaşdırmadı. Verilişin uğur qazanmasının sirri həm də bundadı. İsmayıl müəllim bizim teleməkanda bu mövzu ilə bağlı boşluğun olduğunu hiss etdi. İrandakı 30 milyon azərbaycanlını, 9 milyon öz vətəndaşlarımızı çıxsaq, bu gün dünyanın 80-nə yaxın ölkəsində 11 milyon soydaşımız yaşayır. Onların arasında "Qərib axşamlar"ın çoxlu tamaşaçısı var.

- İctimai televiziyada hansı yeni layihələrinizi görə biləcəyik?

- Bura gələndə 30-dan çox layihə təqdim etmişdim. Onların bəzilərini həyata keçirə bildim, bəzilərini isə müəyyən səbəblərdən reallaşdırmaq mümkün olmadı. Yeni bir neçə layihəm var. Hələlik detallarını açıqlamaq istəmirəm.

 

 

Etibar Cəbrayıloğlu

 

Ədalət.- 2010.- 30 oktyabr.- S. 18.