222 SONET HAQQINDA

 

ƏDƏBİ HƏYAT

 

Azərbaycan poeziyasında lirik ədəbi növün janrlarını bir neçə bölgüdə qruplaşdırmaq olar. Təbii ki, ilk sırada xalq aşıq şeiri janrları gələcək-bayatılı, qoşmalı, gəraylılı, təcnisli bir aləm... Sonra gəlir klassik lirikamızla bağlı janrlar-bunların bir çoxu bütün Şərq ədəbiyyatında müştərək işlənib- qəsidə, qəzəl, rübai, müxəmməs, mürəbbe, müsəddəs, tərkibənd, tərcibənd, məsnəvi və s.

Əsrlər boyunca bu iki janr poeziyamızın inkişafında çox mühüm rol oynayıblar. Əsl istedadlar hansı şeir şəklinə müraciət etsələr belə, orada uğur qazanıblar və beləliklə, şeirimizdə parlaq incilər xəzinəsi yaranıb. XX əsrdə isə heca şeirimiz ön plana keçib və hecalı şeir şəkillərinə intensiv halda müraciət olunub; beşlik, altılıq, yeddilik, səkkizlik, doqquzluq, onluq, onbirlik, onikilik, onüçlük, ondördlük, onbeşlik və onaltılıq. Nəhayət, XX əsrin əvvəllərindən başlayaraq şeirimizdə Avropa mənşəli yeni janrlar da peyda olub-himn, marş, sonet və s.

Soneti Azərbaycan poeziyasında yeni janr forması hesab edənlər əsla yanılmırlar. Tədqiqatçılar onun 800 yaşı olduğunu qeyd edirlər. Mən görkəmli teatr tənqidçisi, Avropa ədəbiyyatı bilicisi mərhum Cəfər Cəfərovun, filologiya elmləri doktoru, professor Seyfulla Əsədullayevin və gənc tədqiqatçı, filologiya elmləri namizədi Hüseyn Həşimlinin sonet janrı barədə bəzi fikirlərinə müraciət etmək istəyirəm. Cəfər Cəfərov dahi ingilis dramaturqu Vilyam Şekspirə həsr etdiyi məqaləsində yazır: "Sonet - lirik şeir janrlarından biridir, Orta çağlarda meydana çıxmış, öz klassik şəklini isə XIII əsrdə İtaliyada almışdır. Klassik sonet iki katrenə və iki tersetə, yəni iki dörd misralıq bəndə ayrılan 14 misralıq şeirdir. Misralar müəyyən qayda əsasında qafiyələnir, lakin klassik italyan soneti başqa ölkələrə yayıldıqda bəzi dəyişikliklərə uğramışdır. Bəndlərin quruluşu başqa şəkil almışdır. İngiltərədə, xüsusən Şekspir yaradıcılığında sonet 4+4+4+2 qaydası üzrə bəndlərə ayrılmışdır. Sonet janrı ilə əlaqədar bir də "Sonet əklili" məfhumu mövcuddur. Bu əklili bir-birilə bağlı olan 15 sonetdən təşkil edilir ki, axırıncı sonet əvvəlki 14 sonetin birincə misralarından düzəlir"

Seyfulla Əsədullayev yazır: "Sonetin ilk nümunəsini İtaliyada, "Siciliya məktəbi"nin nümayəndəsi, şairn Sakono da Lentini yaratmışdır (1220-ci illərdə). Hər bir həqiqi sonet kiçik bir dram əsəri sayılır. Sonetin bu qanunlarına cavab verməyən hər hansı bir on dörd misralıq şeir sonet yox, sadəcə on dörd misralıq şeir kimi də qalır. Həm bənd formaları (4 misra və 3 misra), həm də qafiyə müstəqilliyi ilə bir-birindən fərqlənən katrenləri və tersetləri vahid və bütöv bir poetik janr kimi birləşdirən, formalaşdıran amil, həm də əsas amil sonetin məzmunudur. Soneti poetik formaların şahmatı da adlandırırlar. Ən kiçik poetik həcmdə və lirik məkanda sonet özündə ən yüksək poetik enerji cəmləşdirir... Azərbaycan sovet poeziyasında ilk dəfə bu janra müraciət edən Mikayıl Müşfiq olmuşdur".

Gənc tədqiqatçı Hüseyn Həşimlinin "Azərbaycan poeziyasında sonet və terset" monoqrafiyası (Bakı, "Elm", 2003) mövzunu daha geniş əhatə edir və ən əsası budur ki, müəllif sonetin janr özəlliklərini və dünya ədəbiyyatında inkişaf yolunu izlədikdən sonra Azərbaycan poeziyasında sonetin təşəkkül mərhələsini, kamilləşmə və kütləviləşmə dövrünü də tədqiq edir. Onun fikrincə, Azərbaycan ədəbi mühitinə sonet bir janr kimi XX əsrin əvvəllərində vəsiqə almışdır. O, bizim poeziyada ilk sonet müəllifləri kimi Səid Səlmasinin, Hüseyn Cavidin, Əlipaşa Səburun, Əmin Abidin adlarını çəkir. 1920-1950-ci illərdə isə A.Şaiq, S.Vurğun, M.Müşfiq, A.Yıldırım,, Ə.Cəmil və Ə.Kürçaylının az sayda sonetləri olmuşdur. Azərbaycanda sonet janrı 1960-cı illərdən etibarən hərtərəfli yüksəliş yollarına qədəm qoymuş, bu illərdən başlayaraq janrın kamilləşmə və kütləviləşmə mərhələsi başlamışdır. Azərbaycan sonetinin ən məhsuldar yaradıcısı Adil Babayev olmuşdur. Daha sonra Abbasağa, Şəkər Aslan, Abbas Abdulla, Sabir Mustafa, Elşad Səfərli, Vaqif Hüseynov, Vəli Qaraxan, Əli Nasir, İltifat Saleh, Əhməd Haqsevər, Mirhaşım Talışlı, Balayar Sadiq və b. şairlər bu yolu davam etdirmişlər. Hətta Şəkər Aslan ilk sonet çələngini yaratmışdır.

Əziz oxucu! Əsas mətləbə keçməmişdən öncə sizə sonet janrı barədə oxuduqlarımızdan, bildiklərimizdən bəzi məlumatlar verdik, elə güman edirik, sizə də faydalı olar.

Son illərdə bu janra müraciət edən müəlliflərdən biri də Miryusif Mirnəsiroğludur.

Miryusif Mirnəsiroğlu əyalətdə yaşayır, amma onu qətiyyən "əyalət şairi" hesab eləmək olmaz. O, ədəbi nəşrlərdə, xüsusilə "Kredo" qəzetində öz yazıları ilə tez-tez çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,üstəlik Azərbaycan Jurnalistlər və Azərbaycan Teatr Xadimləri İttifaqının da üzvüdür. Məlumat verim ki, onun rus dilində də şeirlər kitabı çıxıb və indi, rusca kitab nəşr elətdirmək hər şairə müyəssər olmur. Kitablarının sayını bilmirəm. Bildiyim odur ki, Miryusif Mirnəsiroğlu təbi qaynar, ilhamı çağlar şairdir, bədii yaradıcılıq onun xobbisi yox, iliyinə, qanına işləyən, onu rahat buraxmayan yaşamaq yanğısıdır. "Yazıramsa, deməli, yaşayıram".

Miryusif müəllimin sonetləri formaca Şekspir sonetləri tərzindədir. Yəni ingilis soneti. Amma bu sonetlərdə Azərbaycan mənəviyyatı, bir azərbaycanlının keçirdiyi hiss və duyğular əks olunmuşdur.

Müəllif mövzusuna görə sonetlərini üç bölgüdə yerləşdirib: Vətən sonetləri, Məhəbbət sonetləri, Fəlsəfi sonetlər. Bir də hər bir sonetin axırıncı iki misrasını ayrıda təqdim edib və bu da onun öz fikirlərini ümumiləşdirməsi üçün mənalı bir sonluq kimi nəzərə çarpır.

Vətənə həsr olunan sonetlər təkcə Azərbaycanın vəsfi ilə məhdudlaşmır. Bu sonetlərdə əsas obraz Azərbaycan olsa da, "Mən və Azərbaycan" xətti də diqqəti xüsusilə cəlb edir. Yəni şair bu yurdun, bu Vətənin bir övladı kimi xalqı, mənsub olduğu millətin qarşısında hesabat verir.

 

Yetmiş iki yaşlı bir əsgərəm mən,

Çəkirəm keşiyin Vətən mülkünün.

El məhəbbətindən, el sevincindən,

Şeiriyyət şərbətin içirəm hər gün.

 

Qələmim süngüylə əvəzlənibdir,

Hər kəlməm gülləyə dönübdür indi.

Əzəldən bu Vətən əzizlənibdir,

Qorxu hissi bizdən büsbütün gendi.

 

Şeirlərim ilə hörmüşəm qala,

Əsrlər keçsə də, dağılan deyil.

Bürcləri Günəşə çatır az qala,

Bu qala heç zaman alınan deyil.

 

Tikdiyim bu qala-Azərbaycanım,

O mənim şərəfim, şöhrətim, şanım.

 

Diqqət yetirsəniz, görəcəksiniz ki, bu sonetdə bircə artıq misra belə yoxdur, bütün misralar, sonra katenlər bir-birilə zəncir kimi bağlıdırlar və bu mənada Miryusifin hər bir soneti balaca bir binanı xatırladır. Həm də üç katrendən sonra tamamlayıcı funksiyasını yerinə yetirən sonuncu iki misra isə həmin özülü çox möhkəm qoruyan iki sütun kimi diqqəti cəlb edir. Axırıncı, tamamlayıcı misralardan nümunə gətirmək istəyirəm:

 

Sən mənim qüdrətim,

namusum, canım,

Məhəbbət mənbəyim-

Azərbaycanım.

 

***

Müqəddəs Quranda belə ayə var:

-Vətəni sevməyən imansız olar!

 

***

Çürüyüb torpağa dönsə də tənim,

Vətən məhəbbətim azalmaz mənim.

 

***

Sənsiz çiçək kimi sollam, ey Vətən,

Öləndə torpağın ollam, ey Vətən.

 

İkinci mövzu məhəbbətin tərənnümüdür. Deyim ki, insan bütün ömrü boyu sevir. Bu sevgi gənclik hisslərindənmi gəlir, unuda bilmədiyin bir eşqin xatirələrimi səni yandırır, ya bəlkə yenidən vurulmusan? Bu suallara heç bir cavab vermək istəmirəm, çünki bu cavabları Miryusifin sonetlərində tapa bilərsiniz. Onun sonetlərində tərənnüm olunan məhəbbət safdır, təmizdir, heç bir təmanna, şəxsi istəklə bağlı deyil.

Dünya ədəbiyyatında eşqin ən böyük dastanını Füzuli öz "Divan"ında və "Leyli və Məcnun" poemasında qələmə alıb. "Yarəb, bəlayi eşq ilə qıl aşina məni, Bir dəm bəlayi eşqdən etmə cüda məni"-deyən Füzuli üçün eşq nəyi isə almaq, nəyəsə nail olmaq deyildi, nəyisə vermək, fəda olmaq, min dəfə ölüb-dirilmək idi. Füzuli deyirdi: "İldə bir qurban kəsərlər xəlqi-alam iyd üçün, Dəmbədəm, saatbəsaat mən sənin qurbanınam". Bizim ən gözəl sevgi şeirlərimizdə Füzulidən, onun sevgi dəryasından bir zərrə vardır. O cümlədən, Miryusif Mirnəsiroğlunun sonetlərində də. ..

 

Sevgimin nə həddi, nə hüdudu var,

Yenə də sevirəm əvvəlki kimi.

Sevgimlə tapmışam əzəmət, vüqar,

Mənə eşqim olmuş könül həmdəmi.

 

Ömrün sonunadək sevəcəm belə,

Bu müdrik çağımda dolsam da yaşa.

Eşqim, məhəbbətim düşsə də dilə,

Həyatı sevgiylə vuracam başa.

Ay keçir, il keçir, fəsil dəyişir,

Yer üzü sevənlə boşalır, dolur.

İnsan təzələşir, nəsil dəyişir,

Təzə sevdalara düşənlər olur.

Nə qədər həyat var-məhəbbət vardır,

Sevgi xariqələr yaradacıqdır.

 

Amma təbii ki, Miryusifin təsvir etdiyi sevgi dünyası XXI əsrin -bu günümüzün sevənlərinin dünyasıdır. O ali hiss, o ilahi duyğu qətiyyən öz saflığını itirməyib, amma zaman dəyişib, görürsən ki, sevgiyə də qəlbinin yox, cibinin, imarətinin gözüylə baxanlar olur və Miryusifin məhəbbət sonetlərindəki o saflığın fonunda nə qədər prozaik görünürlər.

Sonet janrı əzəldən öz fəlsəfi məzmunu ilə də diqqəti cəlb edibdir və ən bariz nümunə kimi burada Şekspir sonetlərini xatırlamaq kifayətdir. Fəlsəfi sonet deyəndə, hər hansı bir sonetdə nəsə bir fəlsəfi fikir söyləmək, fəlsəfə elminin müddəalarını mənzum şəkildə təqdim eləmək nəzərdə tutulmur. Ən böyük fəlsəfi fikirlər çox zaman elə poeziyadan gəlir.Həyatın olum-ölüm, xeyir-şər, varlıq-yoxluq, məhəbbət-nifrət, müharibə-sülh qarşıdırmaları elə həyat fəlsəfəsi deyilmi? Miryusifin fəlsəfi sonetlərində də yaşadığımız bu dünyanın əksliklərini, ziddiyyət və təzadlarını görürük.Bu sonetlərdə İNSAN baş qəhrəmandır. Həyatı duyan, onun gözəlliklərindən zövq alan, yaradan bir insan. Bu insan pisliklərə, acılıqlara, şərə qarşı dözümsüzdür. Bu insanın qəlbi işıqla, nurla doludur.

 

İnsan var ölümüylə

ölümsüzlük qazanır,

Əbədi heykəl qurur hər

qəlbdə, hər ürəkdə.

Adam var daş parçası,

nə düşünür, nə yanır,

Belələri "diriykən ölülər"

deyilməkdə.

 

İnsan tanıyıram mən qonşu

su düşsə dara,

Rahatlıq tapa bilməz,

gələ bilməz yuxusu.

Adam tanıyıram ki, min yol

düşsə də tora,

Yenə haqqa yox deyər,

Allahdan yox qorxusu.

 

İnsan görmüşəm hər an

çəkir elin dərdini,

Səssiz şamtək yansa da,

bir dəfə uf söyləməz.

Adam görmüşəm daim

qoruyub öz fərdini,

Əlində çarə varkən

dərdə dərman eyləməz.

 

İnsan, adam...bu

fərqi görürük hər birimiz,

Gəlin, insanlıq üçün

yaşayaq, ömr edək biz.

 

...Mən sonda oxuculara üz tutub deyirəm. Miryusif Mirnəsiroğlunun 222 sonetini oxuyun, bunlar müasir poeziyamızda sonetə olan münasibətin yeni təzahürüdür. Bunlar həyatı yeni bədii boyalarla əks etdirən bir şairin axtarışlarıdır.

 

 

VAQİF YUSİFLİ

 

Ədalət.- 2010.- 30 oktyabr.- S. 19.