OCAĞIN ODU

 

Bu ocağın işığına milyonlar şərik

 

Qoşa çilçıraqlı salonu dövrələyən böyük dəyirmi masanın arxasında oturanlar bir-bir ayağa qalxıb çıxış edir, təqdimatı keçirilən yeni kitab haqqında fikirlərini söyləyirdilər. Baş tərəfdə, aparıcının yanında əyləşən müəllif, orta yaşlı xanım onlara diqqət kəsilir, arabir qeydlərini edirdi. Salonda dost məclisinə xas olan xoş ovqat, yüksək əhval-ruhiyyə vardı, müəllifin ünvanına ürəkaçan sözlər deyilirdi...

Fikir iti olur. Ani olaraq vaxtilə rayonda qonağım olmuş Şairin sözü yadıma düşdü. Adətim üzrə səhər tezdən oyananda Məmməd müəllimi bağçada gəzişən görmüşdüm. Narahat olub səhhətini, erkən durmasının səbəbini soruşdum.

- Adətim belədir, - demişdi, - gec yatsam da tezdən oyanıram. Yerim rahatdı. Ancaq balacama görə narahatam.

Sualımı gözlərimdən oxuyub izah eləmişdi:

- Öyrəncəlidir, mənsiz gözünə yuxu getməz.

O vaxt təzəcə ailə qurmuşdum. Hələ ata deyildim. Qonağımın sözü mənə çatmamışdı, qəribə gəlmişdi. İstər-istəməz öz-özümə sual vermişdim: "Bəs anası?"

Mənə çox təsir bağışlayan həmin söhbəti neçə illər sonra, Şair həyat yoldaşı ilə rayona gələndə xatırlayıb Cülxanım anaya danışmışdım. Qadın qayğılı halda demişdi: "Hə, atası bir yerə gedəndə, İradə qızımız darıxırdı, ovundura bilmirdim onu".

Sonralar Bakıya gəlib "Mədəni-maarif" jurnalının baş redaktoru işləyəndə bütün bu olub keçənlər barədə Məmməd müəllimlə söhbətimiz olurdu. Redaksiyalarımız "Azərbaycan" nəşriyyatının ikinci mərtəbəsində qonşu otaqlarda yerləşirdi. Məmməd Arazın baş redaktoru olduğu "Azərbaycan təbiəti" jurnalı redaksiya heyətinin üzvü idim. Onunla tez-tez görüşür, hal-əhval tuturdum. Böyük qızı İradə xanımın istedadlı jurnalist kimi uğurları atanı sevindirirdi...

İradə Tuncay "Ədalət"in baş redaktoru kimi işə başlayandan sonra qəzetdə müntəzəm dərc olunan publisist yazıları xüsusilə oxucuların diqqətini cəlb etdi və əks-səda doğurdu.

İ.Tuncay publisistikası oxucunu özünə cəlb edir, onu düşündürür, bir vətəndaş kimi səfərbər edir. Məmməd Araz ocağından od alan bu publisistika İradə xanımın qələmində özünəməxsus üslubu, dəst-xətti, mübarizliyi ilə diqqət çəkir. O, Azərbaycan jurnalistikasında, mediyasında, eləcə də təqdimat mərasimində çox haqlı olaraq vurğulandığı kimi bədii ədəbiyyatımızda yenilikdir, bənzərsizdir.

Jurnalistin sözü fakta söykənməlidir. Stendal vaxtilə çox obrazlı deyib: "Hamı cənab fakt qarşısında şlyapasını çıxarır". Çox təəssüf ki, indi məlum faktları da inkar edənlər olur. Ancaq elə fakt da var ki, onu etiraf etməmək mümkün deyil. Bu, oxucu qıtlığı, qəzet-jurnalların, kitabların tirajının azalmasıdır. Belə bir vaxtda problemlərimizi ürək ağrısı ilə özünəməxsus üslubda qələmə alan İradə Tuncayın publisistik yazıları maraqla oxunub əks-səda doğurur, onun baş redaktoru olduğu qəzetin tirajı və oxucuları getdikcə artır.

Bəs bunun "sirri" nədədir?! Axı, indi hər müəllifi, hər yazını oxumurlar.

"Ədalət", "525-ci qəzet", "Ayna", "Zerkalo" və "AiF - Arqumentı i faktı" kimi nəfis tərtibatlı, dolğun məzmunlu, günün "nəbzi döyünən" qəzetlər maraqla oxunur. "Ədalət" getdikcə daha çox diqqəti cəlb edir, oxunaqlı yazıları artır. Bu da qəzetin yaradıcı kollektivinə rəhbərlik edən baş redaktorun danılmaz xidməti sayəsindədir. O, heç kimin yazı üslubuna, dəst-xəttinə xələl gətirmədən redaktə etməklə, hələ püxtələşməmiş cavan yazarlara yerindəcə dəyərli məsləhətlərini verməklə kifayətlənmir, eyni zamanda əyani yaradıcılıq nümunəsi kimi qəzetin şənbə nömrələrində publisistik məqalələri ilə çıxış edir.

"Sarı Odalar" kitabında toplanan həmin yazıları "Ədalət"in və "525-ci qəzet"in son illərdə çıxan nömrələrində oxumuşdum. Odur ki, nəfis şəkildə nəşr edilən bu kitabı sadəcə vərəqləyib nəzərdən keçirmək istəsəm də, bacarmadım. Vaxtilə oxuduqlarım mənə yeni gəldi, beləliklə İradə Tuncay qələminin, sözünün sehrinə düşdüm, bənzərsiz publisistikasının dərin qatlarına endim: müəllifin cəsarəti, sözünün tutumu, gerçəkliyin bütün çalarları, ağrısı, yanğısı və bu uzun yolun, tunelin axırında közərən, getdikcə şölələnən Ümidin doğurduğu İnam - Tuncay publisistikasının məğzi, mahiyyəti budur. Coğrafiyası, məkanı və zamanı olduqca əhatəli, mövzuları rəngarəngdir. Ünvanı isə birdir: oxucu!

Nədən yazır yazsın oxucunu düşünməyə, ayıq-sayıq olmağa, olmuşlardan ibrət götürməyə, olacaqları duymağa, önləməyə, "imzalar içində imzamızı" (M.Hadi) qorumağa, millətlər, müstəqillər nizamında "dəstədən geri qalmamağa" (S.Vurğun) səsləyir.

 

***

 

Fikrimcə İ.Tuncay publisistikasının ən önəmli məziyyəti səmimiyyətdir. O, elə bil oxucusu ilə üz-üzə, ürək-ürəyə söhbət edir, fikirlərini bölüşür. Problemlərimizi ürək yanğısı ilə qələmə alan müəllifin hər bir yazısının maraqla oxunub əks-səda doğurmasının səbəbini bunda görürəm. Əgər kimliyindən və nəçiliyindən asılı olmayaraq insanlar müəllifə öz sayğılarını, eləcə də ağrı-acılarını bildirirlərsə, bu, qələm sahibi üçün əvəzsiz mükafatdır.

"Sarı Odalar" kitabına "Ön söz"ün müəllifi tanınmış jurnalist Məzahir Əhmədoğlu yazır: "Sevinci bölüşmək asandır, əzabların birgə yaşanması da buna bərabər təsəllidir. Bir dəfə polkovnik rütbəli ziyalı bir hərbçi mənə zəng edərək "Yoldaş Çe" yazısına görə İradə Tuncaya təşəkkürünü çatdırmağı xahiş etmişdi. Və bildirmişdi ki, Çe Gevara haqqında bütöv bir kitab oxumaqdansa, həmin məqaləni oxumaq daha faydalıdır".

"Ağlımdan ürəyimə keçən yolları açmaq istəyirəm", - deyən İradə xanımın insanı duyğulandırıb silkələyən həmin yazısını əvvəl "Ədalət"də, sonra kitabında oxuyandan sonra onun gəldiyi nəticə ilə mənim də fikrim üst-üstə düşüb: "Əsl insanların həyatı ölümündən sonra başlayır". Və istər-istəməz Milli Qəhrəmanımız Mübariz İbrahimovun döyüş ərəfəsi ata-anasına yazdığı məktubdakı sözlər ürəyimi göynədir: "Mənim üçün ağlamayın". Çe Gevaranın ailəsinə yazdığı məktub: "Əgər siz bu məktubu oxuyursunuzsa, deməli, mən sizin aranızda yoxam".

Qəhrəmanlıq sərhəd tanımır. Okeanın o tayında doğulan Çenin ölümündən 40 il keçsə də şöhrəti dünyanı gəzir. Bizim uşaqlar, yeniyetmələr də üzərində onun şəkli olan köynəyi fəxrlə geyirlər. Bu, yaxşı haldır. Daha yaxşı olar ki, Milli qəhrəmanımızdan nümunə götürməyi övladlarımıza, cavanlara öyrədək! Bu çox vacib məsələ dövlət səviyyəsində, ölkə miqyasında sistemli, davamlı şəkildə öz həllini tapmalıdır. Həmin fikir "Sarı Odalar" kitabındakı yazıların çoxunda müəllif tərəfindən ustalıqla çözülür, İ.Tuncay publisistikasının qayəsini təşkil edir.

Belə bir tarixi fakta diqqət edək: "Əsir düşən Çeni güllələyir, meyiti görk üçün bir neçə gün açıqda saxlayırlar. Sonra Valye-Qrande qəsəbəsinin kənarında basdırıb üstünə asfalt tökürlər... Lap sonra Fidel Kastro Kubanın ən populyar inqilabçısının cənazəsinin qalıqlarını Boliviyadan Havanaya gətirir, qəhrəmana möhtəşəm abidə ucaldılır".

Azərbaycanın igid oğlu Mübariz İbrahimovun şücaətindən dəhşətə gələn düşmən neçə vaxtdır onun meyitini vermir. İlk vaxtlar bunu inkar etmişdilər, sonra internetdə göstərdilər. Və bunu görən qərb jurnalistinin sözləri dünyaya yayıldı: "Ermənilər ondan elə qorxublar ki, meyitinin də əl-qolunu bağlayıblar".

Şərhə ehtiyac yoxdur. Hər şey dünyanın gözü qarşısında baş verir: düşmənin qorxaqlığı, alçaq xisləti, riyakarlığı və bunlara rəğmən Azərbaycan oğullarının rəşadəti, cəsarəti, qətiyyəti! Bu yenilmiəzlik, əzmkarlıq, hünər sayəsində Xalq öz istəyinə mütləq nail olacaq. Oxucu bu istəyi müəllifin dilindən eşidir: "Mən istəyirəm al-əlvan Vətən bağında Xarı bülbülü dərim. Mən istəyirəm Dəlidağda qartalların səmada süzməsini görüm. Mən istəyirəm Vətənin hər guşəsini bağrıma basım. Mən istəyirəm övladlarımıza göstərə bilmədiyimiz böyük Vətəni heç olmasa nəvələrimizə göstərim. Mən torpağı bölünməyə öyrəncəli olmaq istəmirəm!"

 

***

 

Beş bölmədən (Tarix, Ovqat, Səyahət, Gündəm, Portret), 91 yazıdan ibarət olan "Sarı Odalar"ın baş qəhrəmanı müəllifin özüdür. Ayrıca xatirə, tərcümeyi-hal yazmasa da, onun obrazı az qala bütün çalarları ilə kitabında görünür. Özünü "adamayovuşmaz, dinməz-söyləməz, acıdil, qapalı" kimi xarakterizə etsə də, bu, oxucunu inandırmır. İstər-istəməz sual verir: kim, harada, nə üçün? Cavab da özünü gözlətmir. "Dost əlinin istisi" yazısını oxuyanda hər şey aydın olur. Müəllif yazır: "Deyirlər, insan yeməksiz qırx gün, susuz dörd gün, havasız dörd dəqiqə, ümidsiz dörd saniyə yaşaya bilər. Var olsun ümidli günlərin işığı olan insanlar".

İradə xanım özünün yazdığı kimi "işığı olan insanları" sevir. Belə bir insan, ondan yaşca böyük tələbə rəfiqəsi, jurnalist Suğra Rəhimova haqqında olduqca səmimi, ürək açıqlığı ilə yazır: " Öz dərin savadını, biliyini, bacarığını sevdiklərinə xərcləyib. Suğra bizim qadınlarda az-az rast gəlinən bir keyfiyyətə malikdir - eruditdi, böyük mütaliəsi var, milli köklərə də, bəşəri dəyərlərə də çox bağlıdır... Telefonla söhbətimizə qulaq asan varsa, bizim danışdıqlarımız çox qəribə görünəcək: fəlsəfədən, tarixdən, ədəbiyyatdan".

Rəfiqəsi haqqında yazdıqları tamamilə onun özünə də xas olan keyfiyyətlərdir. "Sarı Odalar"ı oxuduqca gözümüzün qarşısında zəngin mütaliəli, məlumatlı, bilikli, dünyagörüşlü Söz sahibinin obrazı canlanır. O, nədən yazır yazsın qibtəediləcək yaddaşı sayəsində vaxtilə oxuyub mənimsədiklərindən yararlanır, yerli-yerində nümunələr, misallar gətirir, bugünümüz üçün ibrətamizini ortaya qoyur, uyğun nəticə çıxarmağı oxucusunun öz öhdəsinə buraxır. Kitabın "Tarix" bölməsindəki yazılar buna misal ola bilər. Elə başqa bölmələrdəki bir çox yazılarında da müəllif necə deyərlər, məqamı gələndə tarixi paralellər aparır, ibrətamiz nəticə çıxarmağı oxucuya həvalə edir. Kitabın "Ovqat" bölməsindəki "Dorian Qreyin portreti" yazısında olduğu kimi.

... Cəmi 46 il ömür sürən ingilis yazıçısı Oskar Uayldın əsərləri yüz ildən çoxdur ki, yaşamaqdadır. Və həm də sənətkarın şəxsiyyəti, bioqrafiyası indi də birmənalı qiymətləndirilmir. Hətta ailəsi onun familyasından imtina edib. Və bu gün yaşamaqda olan nəvə-nəticəsi də onun adından uzaq durmaqdadı. Qəribə taleyi var bu yazıçının. Yeganə romanının qəhrəmanına bənzəyir.

...Romanın süjeti öz dövrü üçün ənənəvidir: İblislə sazişə girən, ruhunu satan və bununla da öz istəklərinə çatdığını zənn edən qəhrəmanın həyat hekayəsidir. Roman çap ediləndən sonra qalmaqala səbəb olmuşdu. Tənqid bu əsəri əxlaqsız əsər kimi qiymətləndirmiş, bəziləri yazıçını cəzalandırmağı, kitablarını yandırmağı da tələb etmişdi. Yazıçı ictimai əxlaqı təhqir etməkdə ittiham olunurdu. Amma əslində Dorian Qreyin portreti öz zəmanəsinin - Viktorian cəmiyyətinin portreti idi. Məsum, saf gənc - hamını sevməyə hazır olan gənc elə həmin cəmiyyətin yalançı dəyərləri ilə qorxunc, mənfur varlığa çevrilir.

"Dorian Qreyin portreti" unikal ədəbi nümunə, fəlsəfi romandır. Əsərdə bəşəriyyətin özünə verdiyi əbədi suallar var - həyatın mənası, əməllərə görə məsuliyyət, gözəlliyin cazibəsi, sevgi və həm də günahların dağıdıcı hakimiyyəti. Şöhrətinin zirvəsində məhbəsə düşən yazıçının çox illər sonra, lap bizim günlərdə Londondakı evinin divarına şəkli olan barelyef vurdular, adını yazmadılar. Ancaq bu söz yazıldı: ZƏKA".

Oxucunu dərindən-dərinə düşündürən, təsirləndirən məqaləsinin axırında İradə Tuncay yazır: "Sənət və gerçəklik. Sənət və əxlaq - əbədiyaşar mövzu. Həyat adlı material... Və biz - bu qalereyanın portretləri: kimi gənc, gözəl, kimi eybəcər. Bizə elə gəlir ki, keçmiş arxada qalır. Qalmır, vallah. Hər zaman bizimlə yanaşı addımlayır keçmişimiz. Vaxtilə elədiyimiz günahların cavabını verməli oluruq. Lap övladlarımızın taleyində. Hamımız "Dorian Qrey" sindromundan əziyyət çəkirik".

 

* * *

 

Portretlər qalereyası. "Sarı Odalar"da müəllif bir-birindən fərqli insanların, şəxsiyyətlərin bitkin obrazlarını sərgiləyir, mübaliğəsiz deyə bilərəm ki, bir növ portretlər qalereyası yaradır. Mən burada "rəssam kimi" ifadəsi yerinə düşsə də, bilərəkdən işlətmirəm. Səbəbi aydındır: Qələm sahibinin yeganə silahı sözdür, ustad Vurğunun təbirincə desək, "rəngsiz, boyaqsız, əmmasız olan söz". İradə xanım isə sözə özü demişkən elə bil "zərrəbinlə" baxır, pafoslu, "qanadlı" ifadələr onun qələminə yaddır. Hər bir sözü yerli-yerində, sərrast işlətməyi bacarır. Bu, onun yaradıcılığında, dəst-xəttində, üslubunda özəl məqamdır. Kimin "şəklini çəkir", portretini yaradır, fərqi yoxdur, sözə rəng qatmır. "Açıq sözü, doğru sözü qorumaq əsl qələmin hünər işidir. Qələm sahibinin vicdan işidir" - deyir. Və həmişə buna əməl edir.

"Sarı Odalar"da XX əsrin böyük şəxsiyyətlərinin (Atatürk, Heydər Əliyev, İndira Qandi, Con Kennedi, Üzeyir Hacıbəyov, Nazim Hikmət, Elçibəy...) portretlər qalereyası yaradılıb.

Hər bir portreti səciyyələndirən, xarakterizə edən ştrixlər, cizgilər diqqəti cəlb edir.

"Sadə, orta hallı bir ailənin övladı olub əyalət şəhərciyindən böyük Kremlə, siyasi olimpə yüksələn bir yol keçmişdi. Əslində, O, bir az da sovet hakimiyyətinin övladı idi. Çünki o dövrdə fəhlə oğlunun vəzifə pilləlri ilə qalxması mümkün sayılırdı. Sadəcə, Zəka, bacarıq və qabiliyyət olmaq şərti ilə. Əsas məsələ də bu idi: ZƏKA. Onu hamıdan fərqləndirən... Zamanın gedişini dəyişməyi, hadisələri idarə etməyi, yönəltməyi yalnız və yalnız O bacarırdı... Birinci olmaq hər oğulun hünəri deyil. Biz bunu yaxın tariximizdə yaşadıq. Balaca bir ailəni doğru-düzgün idarə etmək çətin olur. O ki ola Azərbaycan kimi qarışıq, mürəkkəb və təzadlı məmləkəti idarə eləmək".

"Seçilmiş" portret oçerkini oxusanız XX əsrin parlaq simalarından olan böyük şəxsiyyəti səciyyələndirən sadə, sanki zərrəbinlə arınıb, tapılan sözləri, ifadələri və ... müəllifin gəldiyi nəticəni heç bir kitabda, məqalədə tapa bilməzsiniz. Sübut üçün sözü yenə müəllifə verək: "Hökmdarların ən böyük ehtiyacı Səmimiyyət və Sevgidir, çünki yaltaqlar xorunun içində həqiqi sözü seçib ayırmaq da müşkül məsələdir. Mən bilmirəm O, gündəlik yazırdımı... Əgər yazıbsa, oxumaq istərdim. Bizdən qat-qat ağıllı olan, neçə baş yuxarıda duran, uzun və keşməkeşli yol keçmiş bu ağsaqqalın adi insan qayğılarını, ağrılarını öyrənmək istərdim... Və hər zaman düşündüyüm bir sual da var - niyə bir xalqın, bir millətin, hətta bir ailənin içində də bir fərd digərlərindən tamamilə fərqlənir, seçilir? Və seçilmiş olmaq asandırmı? Və bu fərqləndirmənin bədəli nədir?"

"Ata olmaq haqqı" portret oçerkini İradə xanım Atatürkə sonsuz sayğı ilə qələmə alıb. Hər zaman bütün döyüşlərdə əsgərlərin önündə vuruşan komandan həlledici Çanaqqala savaşında tarixi zəfər qaxanmış, ordusu tərxis, paytaxtı işğal olmuş bir ölkəni ayağa qaldıraraq Türkiyə Respublikasını yaratmışdır.

"Mən liderləri bütləşdirməyin, ilahiləşdirməyin əleyhinəyəm. Onlar da bizim kimi insandırlar... Onların da sevdikləri, sevmədikləri olur. Zəifliyi, qüdrəti olur", - deyən müəllif Mustafa Kamal Atatürkün yalnız lider deyil, eyni zamanda Vətənə Oğul, Millətə Ata olmaq haqqını xüsusi vurğulayır. Bu haqqı öz qəhrəman övladına qədirbilən xalqı verib, Türk dünyası dəstəkləyib.

 

 

* * *

 

İnsanın daxili aləminə nüfuz etmək, iç dünyasını üzə çıxarmaq, hansı istedadın, biliyin, hünərin, əməlin sahibi olur olsun - qələmə aldığı obrazın insan keyfiyyətlərinə, şəxsiyyətin bütövlüyünə önəm vermək İradə Tuncay publisistikasının məhək daşıdır. Doğru sözü, olanı, həqiqəti sərrast demək, hədəfə tuşlamaq onun kəsərli qələminə xas olan keyfiyyətdir. Bu baxımdan Ramiz Rövşənə xitabən "Canavar vaxtı" yazısı çox səciyyəvidir.

"Bir-birimizin ağzından tikə qapırıq. Qarnımız doysa da, gözümüz doymur. Biz hansı vaxt ölçüsü ilə yaşayırıq? Canavar vaxtıyla, yoxsa adam vaxtıyla? Bizim içimizdə canavarlar kimdi, adamlar kim? Bu cavabsız suallar məmləkətində şairlər niyə doğulur?"

Özünün etiraf etdiyi kimi "ən çətin sualları" şairə verən müəllif deyir ki, Ramiz Rövşənlə şəxsi tanışlığı yoxdur. Və yazır: "Bilirəm ki, Ramiz qadınlara yuxarıdan baxır, onları ciddiyə almır. Əgər ona rahatlıq gətirəcəksə, elə fikirləşsin ki, bu yazını da kişi yazıb. Ancaq kişilər də bir olmur, atam balası -qorxağı var, igidi var. Siz o qara paltarlı gözəl qadınlardan ümidinizi üzməyin. Bu millətin sabaha gedən yoluna tökülən daşları həmin qadınların inadı, səbri, cəsarəti və göz yaşları təmizləyəcək".

Sözünüz doğru-düz, kəsərlidir, İradə Tuncay! Lap adamın yeddi qatından keçir. Haqq sözə nə demək olar? Həqiqət ikiüzlü olmur, bir üzü olur həqiqətin: sərt, açıq!

Siz həmişə belə yazırsınız: rəngsiz, boyaqsız, haqq olan Sözü! 48 yaşında Hindistan kimi böyük bir ölkədə mütləq hakimiyyəti əlində cəmləşdirən zərif xanım İndira Qandi onu əhatə edən güclü cinsin nümayəndələrinə öz iradəsini göstərə bildiyini yazanda ("Ay ölkəsi", səh. 307-311) bir haşiyə çıxıb qeyd edirsiniz: "Mən kişilərin güclü adlandırılmasının əleyhinəyəm. Olsa-olsa fiziki göstəriciləri üstün sayıla bilər. Ruh və iradə baxımından isə qadınlar daha güclüdür". Və Siz həmin çox maraqlı və təsirli portret oçekinizin axırında yazırsınız: " Söz hər şeyin başlanğıcıdır. Qadın kimi..."

Ancaq atanız da oğul istəyirmiş. O vaxt Moskvada təhsil alan Məmməd Araz evinə göndərdiyi məktublarda oğlu olacağını yazırmış, ad da fikirləşibmiş. Və... Siz dünyaya göz açmısız. Sonralar bu məsələni biləndə bir müddət, yeniyetmə yaşlarında özünüzü narahat hiss etmiş, sıxıntı keçirmisiniz. Bütün bunları özünüz yazmısınız. Və nəhayət, həyatın keşməkeşlərindən, sınaqlarından çıxıb özünüzə əmin olandan sonra: "Hər atanın İradə kimi oğlu ola bilməz", - demisiz. Nə bilmək olar, bəlkə də sizdən uzaq düşəndə gözlərinə yuxu getməyən ataya da nəsə əyan imiş. Axı, o da bunu etiraf edib, İradəsi ilə həmişə qürur duyub.

Və nəhayət, qız nəvənizə xitabən "Mən və Sən (Xoş gəldin, balaca!)" yazınızda etirafınız: "Qız uşaqları atalarına qəribə, izaholunmaz bir cazibə ilə bağlı olurlar. Bir kitabda oxumuşdum - qızlar dünyaya gələndə hərəsinin öz missiyası olur. Biri ömrü boyu Ana olur, bir ancaq Qadın, biri də Övlad. Mən böyük anlamda ancaq Övlad ola bildim".

Həmkarı Aqil Abbasın həyat yoldaşı, iki oğul anası, cavan nənə, böyük oğlu Tuncayın adını təxəllüs götürən İradə xanım özünün dediyi kimi böyük anlamda Övladdır. Məmməd Araz qələmini və sözünü yaşadan övlad. Azərbaycan poeziyasında Məmməd Araz sözünü jurnalistikamızda, mətbuatımızda və ədəbiyyatımızda bənzərsiz publisist kimi deyən Övlad.

"Açıq sözü, doğru sözü qorumaq əsl hünər işidir. Qələm sahibinin vicdan işidir", - deyən, düz sözə, doğru sözə, haqq sözə qələm çalan Övlad!

 

 

Əlövsət Bəşirli

 

Ədalət.- 2010.- 30 oktyabr.- S. 20-21.