Tədqiqatlar bəhrəsini verdi

 

Eneolit dövrünə və ilkin dəmir dövrünə aid yaşayış məntəqələrinin qalıqları üzə çıxarıldı

 

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azərbaycanın dövlətçilik tarixi - bilmədiklərimiz" layihəsi çərçivəsində hazırlanan reportaj. Azərbaycanın tarixində özünəməxsus yeri olan Füzuli rayonu dünyanın ən qədim yaşayış məskənlərindəndir.

Quruçay-Köndələnçay vadisində Azıx mağarasından Araz çayınadək böyük bir ovalıq ərazidə 50 ildən artıqdır, aparılan tədqiqatlar yeni-yeni mədəniyyət nümunələrini üzə çıxarır. Təəssüflər olsun ki, ermənilər tərəfindən rayonun ərazisinin böyük hissəsinin işğalı ilə min illərin bizlərə ötürdüyü bu tarixi mədəniyyət abidələrinin böyük əksəriyyətinin sonrakı taleyi də naməlum qalıb.

 

Yol uzanır Arazboyu

 

Füzuli rayonu işğal olunmuş rayonlar arasında əhalisinin sayına görə, Ağdamdan sonra ikinci yerdə dayanır. Rayonun sahəsi 1386 kvadrat kilometr, əhalisi isə 110 min nəfərdir. Əhalinin bir hissəsi yaşayış məntəqələri işğal edildiyindən müvəqqəti olaraq Bakıda və respublikanın digər rayonlarında məskunlaşıb. Rayonun inzibati mərkəzi sayılan və hazırda işğal altında olan Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulub və ilk adı Qarabulaq olub. Daha sonra Qaryagin adlanıb. Rayon 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin, 1959-cu ilin aprelində isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılıb.

Hazırda Füzuli rayonunun 22 yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu yaşayış məntəqələri, əsasən Araz boyunda - İranla sərhəddə yerləşir, bu yaşayış məntəqələrində ümumilikdə 55 min nəfərdən artıq əhali yaşayır. Dünyanın ən qədim insan məskənləri olan Azıx və Tağlar mağaraları bu rayonun ərazisində yerləşir. Azıx və Tağlar mağaralarında aparılmış arxeoloji qazıntılar zamanı məlum olub ki, bu məskənlərdə ilk insanlar təxminən 1 mln. 500 min il əvvəl məskunlaşıblar. 1968-ci ildə Azıx mağarasından 400 min il əvvəl yaşamış Azıx adamının (Azıxantrop) alt çənə sümüyü tapılıb. Rayon ərazisində enolit dövrünə məxsus onlarla yaşayış məntəqəsinin qalıqları mövcuddur. Bunlardan ötən əsrdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb. Füzuli rayonunun müxtəlif ərazilərində, xüsusilə də Arazboyu ərazilərdə və Quruçay-Köndələnçay vadisində qədim türkdilli xalqlara məxsus abidələr, o cümlədən çoxlu sayda kurqan abidələri mövcuddur. Bura Kültəpə, Üç təpə və s. göstərmək olar. Orta əsrlərdə Füzuli rayonu ərazisində bir sıra qala şəhərləri olub. Bura sonralar itib batmış, sovetlərin xalq təsərrüfatını inkişaf etdirdiyi bir dövrdə qalıqları məhv edilərək pambıq tarlasına çevrilmiş Bəhmən şəhəri, Qarabağlar şəhəri və s. daxildir.

Arazboyu ərazilərdə son illər aparılan kənd təsərrüfatı işləri nəticəsində yeni-yeni tarixi abidələrin qalıqları, eləcə də müxtəlif dövrlərə aid əşyalar üzə çıxmaqdadır. Bunlar barədə az sonra.

Füzuli rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsindən APA-ya bildirilib ki, müharibədən əvvəl rayonda ümumilikdə dünya və ölkə əhəmiyyətli 22 daşınmaz tarixi və mədəniyyət abidəsi, həmçinin indiyədək qeydə alınmayan 45 sayda yerli əhəmiyyətli tarixi abidə olub. Lakin ermənilərin işğalı zamanı bu abidələrin bir çoxu dağıdılıb və ya talanıb.

Arazboyu ərazilər, eləcə də Quruçay-Köndələnçay vadisi tarix boyu münbit torpağına görə insanların yaşayış yeri olub. Aparılan tədqiqatlar zamanı bu bölgədən hətta neolit dövrünə aid nümunələr, dəvəgözü daşından alətlər, ox ucluqları, toxa, kəsici alətlər aşkarlanıb və hazırda bu cür tapıntılara rast gəlinməkdədir. Eləcə də son bir neçə il ərzində müxtəlif layihələrin həyata keçirilməsi zamanı eneolit dövrünə və ilkin dəmir dövrünə aid yaşayış məntəqələrinin qalıqları üzə çıxarılıb.

 

Qədim türklərə aid izlər

 

Rayonun işğaldan azad olunmuş Arazboyu ərazilərində yol boyu tez-tez kurqan tipli abidələrlə rastlaşmaq mümkündür. Əhmədbəyli və Böyük Bəhmənli kəndlərinin arasında yerləşən Kültəpə, Böyük Bəhmənli kəndində yerləşən Üç təpə kurqanları və bu kurqanların ətrafında qədim yaşayış məntəqələrinin, o cümlədən Alban şəhəri və Bəhmən şəhərinin qalıqları aşkarlanıb. Tarixçilərin sözlərinə görə, ərazidə qədim dövrlərdən etibarən türklərin məskunlaşmasına dair faktlar var. Bu faktlar həm toponimlər, həm də bu xalqlara məxsus spesifik abidələrlə sübuta yetirilib. Bunlardan da ən inandırıcısı nə zərdüştlükdə, nə xristianlıqda, nə də islamiyyətdə olmayan qəbir-kurqanlardır. Məhz bu kurqanlar erməni alimlərinin ciddi-cəhdlə ərazidə tarix boyu ermənilərin yaşaması iddialarını alt-üst edir.

Böyük Bəhmənli kəndi ərazisində yerləşən Üçtəpə abidəsinin tarixi bizim eradan əvvəl birinci minilliyə dayanır. Qədim türkdilli xalqlardan birinə aid edilən bu kurqanların ətrafında aparılmış qazıntılar zamanı qara gildən düzəldilmiş məişət qabları, həmçinin dəvəgözü daşından müxtəlif əşyalar aşkarlanıb. Ətrafında vaxtı ilə yaşayış məntəqəsi və Alban şəhərinin olduğu iddia edilən bu kurqanların sayının daha çox olduğu söylənilir. Lakin kolxozda torpaq düzəltmə zamanı digər kurqanlar dağıdılıb.

Yerli sakinlərdən öyrənirik ki, Köndələnçay və Quruçayın mənsəbinə yaxın ərazilər keçmişdən bu günə Haylan adlanıb. Sakinlərin sözlərinə görə, həmin ərazidə aparılan şum işləri zamanı çıxan əşyalar və insan skeletləri çox maraqlı olub. Skeletlər indiki insan boyundan ən azı 1 metr uzun olub. Kəllə böyüklüyü, sümüyün bərkliyi, qollar isə uzunluğu ilə seçilib. Tapılan və muzeyə təhvil verilən əşyalar üzərində yaşıl və qırmızı naxışlar və müxtəlif totemləri əks etdirib. Böyük Bəhmənli kənd 2 saylı orta məktəbin tarix müəllimi Məhəmməd Süleymanov APA-ya deyib ki, ərazidə qədim dövrlərdən haylandur adlı türk tayfası yaşayıb və tapılan əşyalar da onlara məxsusluğu şübhə doğurmur: "Bu türkdilli tayfalar yazılı tarixi qaynaqlarda "haylandur", "xaylandur", "on oqur" və ya "on oğuz" kimi adlandırılıblar. İlkin orta əsrlərə aid tarixi mənbələrdə haylandurların Araz çayının sol sahilində - Paytakaran - indiki Beyləqan şəhərindən Naxçıvana qədər bir ərazidə məskunlaşdığı söylənilir. Onların müəyyən dövrlərdə öz dövlətləri olsa da, haylandurlar məskutların tərkibində olmuş və müxtəlif döyüşlərdə iştirak etmişlər".

Öyrənirik ki, Arazboyu ərazilərdə sonrakı dövrlərə aid müxtəlif dövlətçilik nümunələri, Şəddadilər, Atabəylər, Hülakilər, Ağqoyunlu və Qaraqoyunlular, Səfəvilər, Osmanlılar, Qarabağ xanlığı və digər dövlətlərə məxsus tarixi abidələr, əşyalar, yer adları qalmaqdadır.

 

Yeni tarix yazılanda köhnə tarix aşkarlandı

 

2006-cı ildə Zobucuq adlı boş ərazidə qəsəbələrin salınması üçün mina təmizləmə işləri aparılmağa başlayıb. Bala Bəhmənli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov deyir ki, mina axtaranlar bu ərazidə eyni zamanda arxeoloqluq edib və indiyədək tarixçilərimizə məlum olmayan əşyalar, maddi-mədəniyyət abidələri üzə çıxarıblar. Ərazidə qədim saklara, massagetlərə, iskitlərə, sarmatlara, məskutlara, həmçinin yerli xalqa aid əşyalar aşkarlanıb. Burada həmçinin monqollara aid XIII əsr ox ucluqları və döyüş alətləri, bəzəklər, eləcə də ƏmirTeymurun oğlu sultan Şaruxun pulları tapılıb. Aparılan numizmatik tədqiqatlar bu pulların Təbrizdə zərb edildiyini sübuta yetirib.

E.Əsədov da maraqlı faktları açıqlayır. Onun sözlərinə görə, qədim türklərə dair tapıntılara Zobucuq adlı ərazidə də daha çox rastlaşılıb. Minatəmizləmə işləri zamanı burada bizim eradan əvvəl VII əsrdə yaşamış saklara, iskitlərə aid tunc ox ucluqları, həmçinin bizim eradan əvvəl II əsrdə yaşamış sarmatlara aid silahlar və ox ucluqları tapılıb. Həmin əşyalar hazırda muzeyin eksponatları arasında sərgilənir. Bu döyüş ləvazimatlarının bir qismi isə 2 il əvvəl Müdafiə Nazirliyinin Hərbi Muzeyinə bağışlanıb.

 

Qarabağ xanının yurdu

 

Böyük Bəhmənli və Əhmədbəyli kəndləri arasında yerləşən və bu gün də Alaqarğı adlanan yer vaxtı ilə yaşayış məskəni olub. Hələ də yerli sakinlərin "Pənah xanın yurdu" adlandırdıqları bu yerdə aparılan qazıntılar zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxarılır. Füzuli rayon Tarix Muzeyindən verilən məlumata görə, Qarabağ xanlığının banisi Pənah xanın uşaqlığı və gəncliyi bu yurdda keçib. Bununla bağlı "Qarabağnamələr"də də bir sıra məlumatlar yer alıb. Həmin ərazidən Araz çayına doğru təxminən bir kilometr uzaqlıqda isə Qızılbaş adlı ərazi yerləşir. Rəvayətlərə görə, bu ərazini Şirvanşah Fərrux Yasarı məğlub etdikdən sonra qoşunu ilə Naxçıvana doğru irəliləyən Şah İsmayıl öz sərkərdələrindən birinə bağışlayıb.

 

Ermənilər tarixi məhv etməyə çalışıb

 

Ərazi 1993-1994-cü illərdə 3 ay ermənilərin işğalı altında olub. Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu dövrdə yaşayış məntəqələrini yandırıb dağıtmaqla yanaşı, bölgədəki tarixi abidələrə qarşı vandalizm siyasəti həyata keçiriblər. Bu vandalizmin qurbanı olmuş tarixi abidələrdən biri də Qarabağdakı məşhur türbələrdən sayılan Şeyx Babi türbəsidir. Füzuli rayonunun Arayatlı kəndi yaxınlığında yerləşən bu türbə 1273-1274-cü illərdə Şeyx Babı Yaqubinin məzarı üstündə memar Əli Məcidəddin tərəfindən tikilib. Səkkiz guşəli bu türbə ağ daşdan hörülüb və üstü səkkiz guşəli çatma günbəzlə örtülüb. Kompleksə daxil olan 1 türbə və zədələnmiş bir minarənin müxtəlif hissələri ermənilər tərəfindən dağıdılıb, üzərinə cızma-qara yazılar əks olunub. 16-cı əsrə aid Əhmədalılar türbəsi də Şeyx Babi türbəsi ilə eyni quruluş və tikiliyə malikdir. Hər iki türbənin şimaldan cənuba baxan üzbəüz iki qapısı və aşağı hissələrini bəzəyən daşdan yonulmuş səkkiz guşəli ulduzları var. Bu türbə də işğal zamanı ermənilər tərəfindən zərər görüb. Ermənilər işğal müddətində mümkün qədər tarixi abidələrə, qədim qəbiristanlıqlara və kurqanlara ziyan yetirməyə və onları yer üzündən silməyə çalışıblar. Bu sırada ən çox ziyan Böyük Bəhmənli kəndindəki abidələrə dəyib. Belə ki, ermənilər bu kənddə yaşı 1000 ilə yaxın olan xan çinarların məhv edib, eyni zamanda 14-cü əsrə aid qəbiristanlıqdakı baş daşları və sinə daşlarını sökərək hərbi sığınacaqlarında istifadə ediblər. Qəbiristanlıqdakı qədim qəbirlərin üzərindəki əski əlifba ilə yazılmış yazılar silinib.

 

 

Ədalət.- 2010.- 3 sentyabr.- S. 3.