QIŞ ÖMRÜNƏ GƏLƏR BAHAR...

 

Dünyada elə insanlar var ki, onlar 50 yaşına, 60 yaşına, lap elə 70 yaşına çatanda arxaya dönüb baxanda çox şeyləri görüb, ürəyi sakitləşir. Ürəyi sakitləşir ki, ömürdən ötən o illəri heç də hədər yerə "xərcləməmişəm". Bax, onda insan dərindən rahat nəfəs alır və özünü göyün yeddinci qatında hiss eləyir.

Əlinə qələm alandan poeziyaya, şeirə və əsrarəngiz, sonu görünməyən dünyaya heyran olan şair Vahid Əlioğlu (Əliyev) heç kimə bənzəməyən, heç kimə oxşamayan namuslu və şərəfli bir ömür yaşayıb. O, 60 yaşa çatsa da ürəyi həmişə cavan insanın ürəyi qədər isti, hərarətli olub. Ona görə onun ürəyi isti olub ki, yumuruq boyda bu ürəyə böyük bir dünya yerləşib. Həmin dünyanın şaxtasını, qarını, boranını, çovğununu, istisini, küləyini həmişə Vahid Əlioğlu öz poeziyasında poetik dillə vəsf edib. Elini-obasını, torpağını və vətənini inanmıram ki, Vahid müəllim kimi sevən adam çox ola. Təpədən-dırnağa yurduna-yuvasına və vətəninə bağlı olan bu insan elə bir şeir kitabı yoxdur ki, orda vətəninin əsrarəngiz gözəlliyini, ormanlarını, dağlarını, bağlarını orijinal bir formada qələmə almasın. O nədən yazırsa yazsın, həmişə o misralarda şairin böyük ürək döyüntüsünü duymaq olur. Şair "Eldən ayrı yaşamaram..." şeirində deyir:

 

Eldən ayrı yaşamaram,

Mən elimə qurban olum.

Ruh oxşayan, can oxşayan,

Öz dilimə qurban olum.

 

Bilmirəm, insan da vətəninə, elinə, obasına bu qədər də ürəkdən bağlı olarmı?! Hər halda onu el-obaya bağlayan sevgi, istək bəşəri bir duyğudur. O özünü heç vaxt doğulduğu torpaqdan, üstündə gəzdiyi yurd-yuvadan ayrı hiss eləmir. Vahid Əlioğlu hamının qarşısında alnıaçıqdı. Çünki o heç vaxt bu 60 yaşda bir adamın qəlbini sındırmayıb, bir adamın toyuğuna "kiş" deməyib. Hətta o yeriyəndə də addımlarını ehtiyatla atır ki, ayağının altında bir qarışqa qalıb ölə bilər. Elə əsl şair də, əsl insan da belə olmalıdır. Söz düşəndə Vahid Əlioğlu deyir: "Neçə illərdi ki, sözün işığında yol gedirəm. Bu yolun sonu görünmür. Bu yolun sonu varmı görəsən? Görəsən söz gülüstanında hələ dərə bilmədiyim çoxmu çiçəklər qalıb? O çiçəkləri dərə biləcəyəmmi? Bilmirəm. Bircə onu bilirəm ki, Borçalı kimi bir mahalda doğulub saz çalmamaq, şeir yazmamaq inanılası deyil. Mən də sazın və sözün beşiyi olan Borçalı mahalında dünyaya göz açmışam. Saz havacatı üstündə köklənən şeirlər yazmağımın bir səbəbi də budur... Xurşud Banu Natəvanın bənövşə kimi boyun bükdüyünü, Molla Pənah Vaqifin kipriklərində donan göz yaşlarını, Üzeyir bəyin gözlərinə çökən kədəri duymasaydım, Pənah xanın harayını Şuşa dağlarında eşitməsəydim, Cıdır düzündə nalından qığılcım qopan atların kişnərtisini eşitməsəydim, Xarı bülbülün həsrətdən büküldüyünü hiss eləməsəydim şair olmazdım..."

Hər gülün, hər çiçəyin öz ətri olduğu kimi, Vahid Əlioğlunun şeirlərinin də hər birinin öz ətri, öz rəngi, öz çaları var. Bu şair heç kimə oxşamayan bir insandı. Nə yazıbsa, nə qələmə alıbsa hamısı başdan ayağa bulaq suyu kimi tərtəmiz, safdır. Şeirlərindəki səmimiyyət elə Vahid Əlioğlunun özünün daxilindən gəlir. Şair o vaxt böyük şair hesab olunur ki, onun yazdığı ilə əməli bir-birini tamamlayır.

Şair şeirlərində bir fikri də xüsusilə vurğulayıb ki, hər hansı peşə, sənət sahibi olmamışdan qabaq əsl insan olmaq lazımdı. Çünki əsl insanı, əsl vətəndaşı bütün el-oba, bütün insanlar sevir. Vahid müəllim bu 60 ildə çox şey qazanıb. Rütbə alıb, ev-eşik sahibi olub, nəvəsi var. Bunların hamısı Allahın ona verdiyi əvəzsiz nemətdir. Buna görə şair həmişə Ulu Yaradana dua edib şükürlar oxuyur. Onun gözəl bir sözü var: bu dünyada insandan sonra söz qalır. Mənim də bir-iki sözüm olduğuna görə özümü xoşbəxt sayıram.

Bu gün o, 60 yaşında dönüb geri baxanda çox şeylər görür: gözəl ailə, tərbiyəli övladlar və nəvə. Bundan da yaxşı pay olarmı? Və ən yaxşısı namuslu, qürurlu və şərəfli bir ömür. Vahid Əlioğlu həm şair, həm polis, həm də insan kimi bu 60 ili çox qürurla yaşayıb.

Vahid müəllimin dörd şeirlər kitabı çap olunub. Bu kitabın hər misrasında bayaq dediyimiz kimi, onun ürək çırpıntıları yaşayır. O çırpıntılar ki, Vahid Əlioğlu onları zaman-zaman öz ürəyindən, beynindən keçirib poetik misralara çevirib. Şairin şeirlərində sədaqət, məhəbbət və vəfa bir qırmızı xətt kimi üstünlük təşkil edir. Ən başlıcası isə Vahid müəllim harda olubsa, harda işləyibsə və harda yaşayıbsa sədaqətilə seçilib.

Yəqin 60 yaşın astanasında Vahid müəllim bir qədər kövrəlir. Çünki bu yaş həm də qocalığa gedən bir yoldur. Amma qətiyyən Vahid müəllimin hərəkətlərində, həyat tərzində 60 yaşlı adamın hərəkətlərini görmək mümkün deyil. Maşallah, o qədər cəld və çevikdir ki, tanımayanlar ona bəlkə də 45-50 yaş verərlər. Amma zaman öz işini görür. Vahid müəllimin gözəl bir şeiri var: "Kövrəlmə Vahid, kövrəlmə...". Elə bu şeirin aşağıdakı misraları ilə fikrimizi tamamlamaq və şairə gözəl günlər arzulamaq istəyirik və deyirik ki, həmişə belə cavan qalsın, kövrəlməsin:

 

Qış ömrünə gələr bahar,

Düyün düşmüş dərd açılar.

Yollarına nur saçılar,

Kövrəlmə Vahid, kövrəlmə.

 

Hər cəfanın səfası var,

Dağ qızının vəfası var.

Çıxıb gedər bu intizar, -

Kövrəlmə Vahid, kövrəlmə.

 

Mən ölüncə sənə yaram,

Yolunda qurban olaram.

Qadanı özüm alaram,

Kövrəlmə Vahid, kövrəlmə.

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2010.- 4 sentyabr.- S. 10.