"Qanla yoğrulmuş dostluğu su yuya bilməz"

 

Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 92-ci ildönümünə həsr edilir

 

Bakı onun üçün çox əziz, dəyərli və heç bir yerlə müqayisə olunmaz şəhərdir. Təkcə ona görə yox ki, gözünü bu şəhərdə açıb, acılı-şirinli uşaqlığı Bakının əski küçələrində keçib. Bakı həm də ona görə qiymətlidir ki, onun 1918-ci ildə daşnak-bolşeviklərdən azad edilməsi uğrunda gedən döyüşlərdə atası Mirzə Xəlilin də xidməti olub. Hafiz Abdulov hər dəfə Bakıya gəzməyə çıxanda atasının sözlərini xatırlayır: " Atam Bakının azad edilməsi haqqında çox danışmazdı, ancaq yeri düşdükcə söhbətlər edərdi. Bir dəfə Qoşa qala qapısının yanındakı binanın önündə dayanıb, Ramazan Paşanın qərargahının üçmərtəbəli həmkarlar təşkilatının binasında yerləşdiyini söylədi. Xəlil Paşanın qərargahını göstərdi. Atam da orada onbaşı rütbəsində şəhərin təhlükəsizliyini təmin etdiyini deyirdi."

 

Qardaş köməyi

 

1918-ci ildə Azərbaycanın bir çox bölgələrində daşnak-bolşevik dəstələri kəndlərə hücum edir, talanlar törədir, insanları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Qətllər və ölüm kabusu Şamaxı, Quba, Zəngəzur, Bakı və digər bölgələri ağuşuna almışdı. Bakı isə Sentrokaspi diktaturasının və Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin əlində idi. Bütün bunları nəzərə alan və yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti Osmanlı dövlətindən hərbi yardım göndərilməsi üçün müraciət ünvanladı. Hər iki dövlət arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq, Osmanlı hərbiyyə naziri Ənvər Paşanın əmri ilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycanın ən çətin günündə qardaş köməyinə gəldi və illərcə dillərdən düşməyən qəhrəmanlıq dastanı yazdı. Bu gün Bakıdan tutmuş Şəkiyə qədər uğrunda vuruşduqları torpaqlara qarışmış türk əsgərlərinin məzarları Qafqaz Islam Ordusunun tarixə yazdıqları şanlı qələbənin sübutudur. Onlar həm də hər iki xalq arasında olan əbədi sevgi, qardaşlıq və dostluğunun simvolu, and yeridir .

Türk ordusunda Samsunlu Əbdürrəhman oğullarından olan Hafizin atası Mirzə Xəlil, əmiləri Nuru və Həmid də olub. İki qardaş Nuru Paşanın komandanlığı altında Qafqaza yollansalar da, Mirzə Xəlil sonrakı dəstə ilə yola düşüb.

Hafiz Abdulovun sözlərinə görə atası o illərdə Balkan müharibəsindən qayıdarkən Osmanlı dövləti ağır günlərini yaşayırdı. Lakin buna baxmayaraq, Atatürk Samsuna gələrkən onu qarşılayanlar arasında Mirzə Xəlil də olub, hətta xatirə şəkli də çəkdiriblər.

Ağsaçlı nurani Hafiz Abdulovu tanıyan hər kəs onun adının qarşısına sevgi ilə bir söz də əlavə edirlər: "Türk zabitinin oğlu." Onun həyatında baş verən bütün acılı şirinli hadisələr məhz bu ifadə ilə bağlıdır. Bakıdan sürgün edilməsi, uzun müddət atasının Sibirdə işgəncə dolu həyat yaşaması və sair.

 

Qurd Qapısının Qurtuluş qapısına çevrilməsi

 

Onlar məsciddə toplanıb, namaz qıldılar, çıxacaqları məsuliyyətli və şərəfli səfəri göz önünə gətirib Tanrıya onlara yardım etmələri üçün dualar etdilər. Məsciddəki kişilər arasında Balkan savaşından təzəcə qayıtmış Mirzə Xəlil Abdulov da vardı. Ancaq o, bilmirdi ki, bu səfəri ömrünün sonunacan həyatında ayrı səhifə açacaq, özü və ailəsi uzun müddət "türk zabiti" olmanın əziyyətini,"günahını" və qürurunu yaşayacaqdı.

"Atam danışırdı ki, Qafqaz İslam Ordusu indiki Qurd qapısına çatıb. Ancaq digər zabit uşaqlarının dediyinə görə həmin an türk zabitlərindən biri bu yeri Qurtuluş qapısı adlandırıb. Çünki uzunmüddətli döyüşlərdən sonra ordu burdan keçərək şəhərə daxil olub."

Qafqaz İslam Ordusunun Bakını azad etməsindən sonra uzun müddətdir, qırğın və fəlakətlərdən əziyyət çəkən əhali dinc nəfəs ala bildi, şəhər sakinləri türk əsgərlərini böyük sevinclə və gül-çiçəklə qarşıladı. Nuru Paşanın xalq qarşısındakı çıxışı alqışlarla müşayiət olundu.

Türk zabitləri Azərbaycan ordu quruculuğunda fəal iştirak etmiş, zabitlərin yetişdirilməsində öz əməklərini əsirgəməmişlər. Lakin bu uzun sürmədi, Osmanlının Birinci Cahan savaşında məğlub olması Antanta dövlətləri ilə Mudros sazişinin bağlanması ilə nəticələndi. Sazişin şərtlərinə görə Osmanlı öz ordusunu Qafqazdan, daha dəqiqi Azərbaycadan çəkməli idi.

Tale elə gətirdi ki, Ədürrəhmanlı oğullarının hər üçü Bakını tərk edib Vətənə qayıtsalar da, 1924-cü ildə Mirzə Xəlil xanımı və altı aylıq körpəsi Şəriflə Bakıya gəldi. Elə məşəqqətli günlər də ondan sonra başladı. İlk illərdə hər şey yaxşı idi. SSRİ-nin bütün xalqların dostluq və bərabərliyi şüarları onu ürəkdən sevindirir, həvəsləndirirdi. Hətta bir müddət yüksək vəzifələrdə çalışdı. "Onun yenidən Bakıya gəlməsi mənim üçün qaranlıq qalır, atam bütün sirlərini özü ilə apardı. Açıqlamadı, bəlkə də ehtiyat edirdi ki, bundan başımız bəlalar çəkər. Ancaq orda Rusiya Xarici Ticarət Nazirliyinin Samsundakı anbarında məmur işləyirdi, bəlkə də onların vasitəsi ilə gəlmişdi. Əsl məqsəd isə yenidən Azərbaycanda olmaq, xalqa dəstək olmaq idi"-oğlu Hafiz bəy fikirli-fikirli bildirdi.

Keçmiş türk əsgəri 1930-31-ci illərdə millət vəkili seçilib, Kommunist Partiyasının üzvü olub, onu xalqla isti münasibətinə görə Bakı Xalq bürosu, dəmiryolunda siyasi şöbə müdiri təyin ediblər. Keçən əsrin 30-cu illərində Bakıdan Moskvaya-Mərkəzi Komitənin tədbirinə gedən iki millət vəkilindən biri olub. Keçmiş Qasım İsmayılov adına rayona-indiki Goranboya kolxoz quruculuğu sahəsi üçün təlimatçı göndərilib. Burada işini uğurla başa vursa da, ona yüksək çinli məmurların "əmrləri" xoş gəlməmişdi: "Yerli camaatın var-yoxu kolxoza qatılmalı, özləri isə sürgünə göndərilməlidir." Bir türkün bacarıqla yüksək vəzifədə işləməsindən ermənilər qıcıqlanırdılar. Partiya sıralarında təmizləmə başlayanda onu tənqid edir, "türk" olduğuna görə gözüm çıxdıya salırdılar. 1936-cı ilin dekabrında o, partiyadan xaric olundu.

Buna baxmayaraq, 1941-ci ildə Azərbaycan Mərkəzi KP-nın rəhbəri Mir Cəfər Bağırov Sovet Qoşunları İrana göndəriləndə onu yanına çağırıb söhbət eləmişdi.

-Sən türk oğlu, fars və ərəb dillərini yaxşı bilirsən. Azərbaycan opera teatrı İrana ezam edilir. Sən yararlı adamsan. Sovet qoşunlarının tərkibində səni ora göndəririk.

 

Sürgünlərdə keçən ömür

 

Altı ay ailə ondan xəbər tuta bilmədi. Qayıdandan sonra isə 1942-ci ildə gecənin bir yarısında NKVD zabitləri Mirzə Xəlili və arvad-uşağını vaqonlara doldurub Gədəbəyə sürgünə yolladılar. Onda yeddi yaşı olan Hafiz Abdilov deyir ki, ilk yerləşdikləri yer kolxozdakı bir toyuq damının küncü olub. "Evimizdən xəstə qardaşımdan ötrü ancaq bir yastıq və yorğan götürə bildik. Sürgün həyatımız dəhşət idi. Bizə qadağa qoyulmuşdu: dəmir yolundan 50 kilometr aralıda yaşamalıydıq. Kolxozun toyuq damının bir küncünü bizə verdilər. Sonra atam bizə qazma tikdi. Onun sakinlər arasındakı davranışını, qabiliyyətini görən qonşu kəndin sakini NKVD-dən xahiş etdi ki, atam onun kolxozunda işləsin. Müharibə dövrü olduğuna görə kənddəki kişilər cəbhədə idi. Kəndin əkin-biçini, təsərrüfat işlərini atam görürdü."

Ancaq Gədəbəydə də Mirzə Xəlilin ailəsi sonacan rahat yaşaya bilməyib. 1949-cu ildə gecənin qəfil bir vaxtında yenidən peyda olan əli silahlı rus zabitləri ancaq bunu deyiblər: "İsti paltar və qab-qacaq götür, bizimlə gedirsən. " Hafiz həmin an atasının boynunu qucaqlayıb ağladığını xatırlayır. Atasının sürgün həyatı şaxtalı və soyuq Sibirin Tomsk vilayətində davam edib. Bura sürgün olunan insanlar kimi o da meşə təsərrüfatında ağır işə cəlb edilib, ailəsi yalnız bir ildən sonra onun harda olmasından xəbər tutub.

Keçmiş zabit övladı hərbi xidmət illərində atasının həsrəti ilə yaşadığı anları hələ də unuda bilmir: "Qəribə idi, atam sürgündə olsa da, mən hərbi xidmətdə idim. Hər an onu, ailəmizi düşünürdüm, bir dəfə mərkəzə--Moskvaya bununla bağlı bir məktub yazdım. Sibirdə bir neçə illik əzablı günlər Stalinin ölümündən sonra sona çatdı, atam buraxıldı. Bu hamımızı sevindirdi. Bakıda yaşayış hüququmuz olmadığına görə Sabirabadda məskunlaşdıq.

 

Kazım Qarabəkir Paşanın adaşı

 

Mirzə Xəlilin həyat yoldaşı Çanaqqalada şəhid olmuş qardaşını xatırlayar, evin bir küncünə çəkilib ağlayanda oğlu Hafiz sadəcə "Mustafa" nidalarını eşidərmiş. Hazırda ömrünün böyük hissəsini Azərbaycanda yaşamış türk zabitinin məzarı Sabirabadda yerləşir. Oğlu deyir ki, atası ömrünün sonlarını Axısqa türklərinin məskunlaşdığı Adıgün kəndində keçirib, onlarla cümə namazlarını qılar, Vətən həsrətini onlarla ovudardı.Türk zabiti daima oğluna Kazım Qarabəkir Paşadan sevgi ilə danışarmış. Odur ki, Hafiz bəy oğullarından birinə həmin Paşanın adını qoyub. Tale elə gətirib ki, Kazım erməni işğalçılarının Qarabağa hərbi təcavüzü zamanı digər oğullar kimi cəbhəyə ollanıb, qolundan yaralanıb, ancaq Vətəni müdafiə edərək mənsub olduğu nəslin, həm də daşıdığı türk hərbçisinin adını doğrultmağı bacarıb.

 

Bakıya gizlicə gələn bakılı

 

"Bakıya oğrun-oğrun gəlirdim. Çünki Bakıya gəlmək mənim üçün yasaq idi. 1960-cı ildə Biləcəri dəmiryolu stansiyasında işə düzəlməyə başlayanda KQB-nin erməni zabiti gəlib mənə yaxınlaşdı. Rusca dedi ki, bilirsizmi ki, siz əvvəlki yaşayış yerinə-Bakıya qayıda bilməzsiniz? Bu sözdən qəzəblənib, sadəcə bunları dedim: "Bu mənim əvvəlki yaşayış yerim deyil, bura mənim Vətənimdir, doğulduğum şəhərdir. Bakıya uzun illər həsrət qalmağımın səbəbi türk zabitinin oğlu olmağım idi" Onun söylədiyi misralar həm müsahibimi, həm də məni kövrəldir... "...Bakıda doğulmuşam. Bakıda mən öləsiyəm, məni yetirən torpağın bir ovcuna dönəsiyəm."

Sovet dövrünün sonlarında-80-ci illərdə Hafiz bəy müxtəlif rəsmi orqanlara müraciət edərək atasının və ailəsinin haqsız sürgünlərə məruz qalması ilə bağlı qərarların ləğv olunmasına nail olub, bəraət alıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun həsrətində olduğu arzusu reallaşıb, Türkiyəni-- atasının doğulduğu Samsunu görə bilib. Ancaq oradaki qohumlarını tapa bilməyib. "Türkiyədə görüşlərdən birində arxivdən Azərbaycana getmiş türk zabit və əsgərlərinin siyahısını gətirdilər. Həmin siyahıda əmilərimin adını tapdım. Ancaq üstündən neçə il keçib, onların uşaqlarını tapa bilməmişəm. "

Hər il sentyabrın 15-i Bakıda Türk şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidənin önünə tər çiçək dəstələri qoyulur, qardaş köməyinə gələrək bu torpaqda şəhidliyə ucalmış türk məhmətçiklərin ruhlarına dualar oxunur. Hafiz bəy bir türk əsgərinin oğlu kimi hər dəfə buranı ziyarət edəndə qoşa dalğalanan ay ulduzlu Türkiyə və Azərbaycan bayraqları onu qürurlandırır.

Söhbətimizin yekununda müsahibimin "Azərbaycan əsgərləri Çanaqqalada, Osmanlı əsgərləri isə Bakının azad edilməsində can qoymaqla tarixə əbədi dostluq və qardaşlıq sədaqətlərini yazdılar. Qanla yoğrulmuş bu dostluğu heç bir su yuya bilməz. "-fikirləri məni xəyalən də olsa, uzaqlara aparır.

Bütün maneələri dəf edib illərin və yaddaşların süzgəcindən keçən iki xalqın qəhrəmanlıq və dostluğu həmişəlik davam edəcək, bu əbədi qardaşlığın hələ çox qapıları açılacaq...

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin elan etdiyi yazı müsabiqəsinə təqdim edilir

  

  

Əfsanə BAYRAMQIZI

 

Ədalət.- 2010.- 4 sentyabr.- S. 12.