ONLARIN DÜNƏNİ: ABBAS ABDULLA - 4

 

 

Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.

Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar?

Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.

Bu gün proektimizin davamı olaraq şair və tərcüməçi Abbas Abdullanın DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq istərdik.

Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.

... Uzun müddət prorektor iddi. Əlli səkkizinci ildə gəldim Bakıya, ədəbiyyat fakültəsinə imtahan verdim, yazılı, şifahi beş aldım. O vaxt böyük müəllimlər vardı: Cəfər Xəndan,Əli Sultan, daha nə bilim kimlər, sözüm odu ki, iki beş aldım, tarixdən iki yazmaq istədilər. Dava-dalaş, müəllimin əlini cırmaqlaya-cırmaqlaya bir üç yazdırdım, rus dilindən də imla yazdım, dörd aldım. On yeddi bal topladım və bu on yeddi balla mən daxil olabilmədim. Ancaq on yeddi ballılardan bəziləri qəbul olundu, hətta on altı balla da qəbul olunan vardı. Ərizə yazdım, şikayət elədim, bir şey çıxmadı. Almaz müəllim də Bakıda yox idi. Kor-peşman sənədlərimi geri götürdüm. Bu arada Almaz əmi istirahətdən qayıtdı. Ağlaya-ağlaya vəziyyətimi ona danışdım, mənə haqsızlıq elədiklərini dedim. "Sənədlərini nahaq geri götürübsən" - deyib, qovluğu əlimdən aldıg Kəndə getdim, oktyabr ayında bir teleqram aldım: "Tı prinət v universitet, sroçno vıezjay - dədə Almaz"...

Gəldim, əmimlə bərabər getdik universitetin çox hörmətli rektoru Şəfahət Mehdiyevin yanına, Şəfahət müəllim düyməni basıb katibəsinə dedi ki, bu uşağın imtahan vərəqəsini və yazısını gətirin. Yazıma baxıb heyrət etdi: bir dənə də olsun səhv yoxdu, qırmızı qeyd yoxdu, bir qırmızı əladan başqa. Şəfahət müəllim ayağa durub, mehribanlıqla qulağımı çəkdi: "bu yazını yazan da qaçıb kəndə gedərmi?" Nə isə məni qiyabi qəbul etdilər, bir il oxuyub əyaniyə keçdim... Sonra universiteti qurtardım, getdim Tiflisə, orada qəzetdə ştatdankənar müxbir təklif elədilər, baxdım gördüm ki, bunun axırı yoxdu, gəldim Bakıya, getdim Akademiyanın Dil və Ədəbiyyat İnstitutuna, Kamal Talıbzadə və Məmmədağa Şirəliyev məsləhətləşib dedilər ki, akademik Zahid Xəlilova bir məktub yazırıq, bizə bir laborant ştatı versin, sən götürək. Gəldim Araz kinoteatrının qabağından həmin o Almaz əmimə zəng elədim, vəziyyəti danışdım, bilirdim, Zahid Xəlilov onun gənclik dostudu, Tiflisdə bir yerdə böyüyüblər, dedi, get o məktubu al. Gəldim məktubu aldım, getdik rəhmətlik Zahid Xəlilovun yanına, dedi ki, oğul, laborant altmış üç manat maaş alır, sən bununla dolana bilməzsçn. Belə olanda ağzımdan çıxdı, dedim: - Zahid müəllim, nə olar, mənim yaşıdlarımın çoxu tələbədi, elə bilərəm, bir il gec qəbul olunmuşam. Bunu deyəndə bu kişi dedi: Tələbə olmaq istəyirsən? Dedim: - Bəli. Dedi ki, ən ştat verə bilmərəm, amma aspiranturaya yer verə bilərəm. Verdi, qəbul olundum ora. Burda da Almaz müəllimin köməyi oldumu? Oldu! Bilirdim ki, mən Bakıya gələndən bir sevgiyə mübtəla olmuşdum, atam yox, anam da kənddə. Getdim, yenə də bu Almaz əmimin yanına, dedim mənə elçi getməlisən, getdi. Bax, həyatımın bu ÜÇ MƏQAMI, ÜÇ ANI, O KLYUÇOVOY NÖQTƏ DEYİRSƏN HA, bax, bunlar o KİŞİN ADIYLA BAĞLIDI! Qalan kimin mənə nə yardımı olubsa, öz qabiliyyətim hesabına olub... Rəhmətlik Şıxəli Qurbanov xətrimi istəyirdi. Ondan icazəsiz onun şöbəsinə aspirant qəbul olunmaq istədiyimi bildikdə bərk əsəbiləşdi, məni çox pis qarşıladı. Qəbul imtahanında cavablarımdan o qədər razı qaldı ki, mənə elmi rəhbər və səmimi dost oldu. Bir məsələdə ciddi mübahisəmiz olurdu, o da Rəsul Rza poeziyası...

TOFİQ ABDİN: - Abi, belə bir şayiə gəzir ki, səni Həsən Həsənov baş redaktor qoyub.

HACALOĞLU: - Mən, Ramiz Mehdiyev ideoloji katib olanda redaktor təsdiq edildim. Anar və Yusif Səmədoğlunun təklifi ilə.

TOFİQ ABDİN: - Ümumiyyətlə, Həsənov haqda deyilənlərə necə baxırsan?

HACALOĞLU: - Hansılara?

TOFİQ ABDİN: - Daxili işlər naziri İsgəndər Həmidovun dediklərinə...

HACALOĞLU: - Qeyri-ciddi söhbətdir. Ona görə ki, Həsən qaçıb hardasa gizlənməyib, Azərbaycan Respublikasının BMT-də rəsmi nümayəndəsidir. Əgər doğrudan da, bir cinayəti varsa, respublika hökuməti onu geri çağıra bilər, sorğu-suala tuta bilər... Və mən inanıram ki, belə bir sorğu-sual başlansa,əski döalət rəhbərləri arasında yenə ən təmizi Həsən olacaq.

TOFİQ ABDİN: - Abi, sən Yusif Çəmənzəminli ilə qohumsan, zaman, tarix elə gətirib ki, sən də indi Türkiyəyə işləməyə gedirsən. Rəsmi. Yusif Vəzir kimi və onu da bilirsən ki, Yusif Vəzir necə didərgin düşdü. Bu tale oxşarlığı səni qorxutmurmu?

HACALOĞLU: - Bu tale məni qorxutmur. Ancaq oxşarlıq var. Mən hansı qəzetdəsə bu barədə danışmışam. Mistikadı. Mistika dedim, qəribədi, Tofiq, mənim taleyimdə üst-üstə düşən qəribə şeylər var. 89-cu ildə KQB-dən mənə verilən sənədlərdən öyrəndim ki, atamı 1940-cı ilin DOQQUZ YANVARINDA tutublar, 1962-ci ilin DOQQUZ YANVARINDA mən nişanlanmışam, 1964-cü ilin DOQQUZ YANVARINDA toyum olub. Taledən qaçmaq olmaz. Doxsanıncı ilin Qanlı yanvarından sonra Türkiyəyə getdiyimi bayaq dedim sənə. Bir neçə mətbuat konfransım oldu. SSRİ-nin İstanbul Baş konsulu bərk əsəbiləşmişdi. Məni konsulluğa çağırdı. Rəfiq Zəka ilə getdik. Baş Konsulla ciddi mübahisə elədik demək azdır, bircə əlbəyaxa vuruşmağımız qaldı. Türkiyəli dostlarım mənə deyəndə ki, qorxmursanmı, dedim: "Bakı qətlamı, Bakı qırğını bu qorxu hissini mənim içimdən çıxartdı, elə bilərdim, ölmədim və indi bu gerçəyə qəti inanıram, bircə dəfə öləcəyəm və bu öləcəyim gündən qaçıb qurtula bilmərəm". Bir də Tofiq, dünyada biz türklər qədər ölüsüylə dirisi qoşa yaşayan millət çox azdır. Ən azı mən belə türkəm. İçimdə dirilərimdən çox ölülərim yaşayır... 20-25 il əvvəl yazdığım bu şeirimdə "yaddaşım köhnə qəbristandır, qardaşım" demişəm. İnanırsanmı ki, ömründə üzünü görmədiyin adamlar yuxuna gələ? Bir dəfə də atamın atasının atası mübarək ulu dədəm Hacı Əmirastan ağanın əlindən öpdüm yuxumda, diz çökdüm qarşısında, başımı sığalladı. Bu yaxınlarda övladlarımı, nəvələrimi atamın atası - dədəm Alxas ağanın məzarının üstünə apardım. Dədəmin məzar daşında yazılıb: "Alihas ağa ibn Əlhac Hacı Əmirastan ağa, ibn Mühəmməd ağa". Bir Məhəmməd ağa əmim olub, o oğlu Rəşidə deyərmiş ki, Məhəmməd ağa dədəmizin atasının Abdulla ağa olub. İndi hesabla gör mənim nəvələrim o ulu dədəmiz Abdulla ağanın nələridir, mənim nəvəm Abdulla ağanın - nəticələri, dədəm Alxas ağanın kötücələri, ulu dədəm Hacı Əmirastan ağanın - kötücələri, ulu dədəm Məhəmməd ağanın - yadıcaları, ulu dədəm Abdulla ağanın - iticələri... Görürsənmi, nəvələrim ulu dədəmin biri üçün yadıcadır, yəni yaddır, özgədir, o biri üçün isə tam itəndir, bilinməyəndir. Amma bizim soy, nəsil gələnəklərimiz belədir ki, bu yadlaşmaya imkan vermirik... Ulu Xaqan Çingiz xanın yarğıtayı (ali məhkəməsi) olan ulu dədəmiz Seyid Hacal ağadan üzü bu yana bir çox dədələrimizin mübarək adlarını bilirik... Mən bir də buna görə ölməyə qorxmuram, inanıram ki, nəvəmin nəticəsi məni biləcək, tanıyacaq...

TOFİQ ABDİN: - Hər halda, Baş konsulluq riskli işdi.

HACALOĞLU: - Həyatımda az risk eləməmişəm. Mən Allaha inanıram və inanıram ki, Allahın dediyi olur. 60-cı illərdə yazdığım şeirlərdən birində "şəhid" kəlməsini işlətmişdim.

Abidəyəm, igidlərin abidəsi,

Abidəyəm, şəhidlərin abidəsi.

ADAM ŞƏHİD OLMAĞIN LƏZZƏTİNİ ANLASA, ÖLÜMDƏN QORXMAZ!

Yusif Vəzir də, Sibirdə sürgündə ölən başqa adamlarımız da əslində VƏTƏNİN MÜSTƏQİLLİYİ, TÜRKLÜK, MÜSƏLMANLIQ UĞRUNDA ŞƏHİD olmuş adamlardır. Məzarları nurla dolsun!

Əvət, Yusif Vəzirlə təkcə əqrabalığım yox, az da olsa, tale oxşarlığım var: o da müstəqil Azərbaycan Cümhuriyyətinin ilk diplomat yazıçısı olub, mənim də üzərim belə bir vəzifə düşüb. Onun da təhsili Ukrayna ilə bağlıdır, mənim də. O, Ukraynada elçi olub, sonra İstanbula gedib. Hörmətli prezidentimiz Elçibəy məni təkidlə Ukraynaya elçi göndərmək istədi, dedi: "Ukraynada elçiliyi qur, sonra Türkiyəyə gedərsən". Mən də bu tale oxşarlığını pozmaq üçün təkidlə xahiş etdim ki, "öncə Türkiyəyə, sonra Ukraynaya gedim" Sağ olsun, ürəyimi qırmadı. Amma bu söhbət olub-bitmişdi. Yəni Əbülfəz bəy mənə heç nə deməmişdi. Hətta Ukraynaya getmək istəmədiyimə görə məndən incidiyini də gizlətmədi. Və mən Türkiyədən əlimi üzmüşdüm. Fərman televizorda oxunanda mən Qubadlıdaydım.

TOFİQ ABDİN: - Mən bir şey də dedim, Abi, sənin son vaxtlar, bəzən adamlara, hadisələrə əvvəlki münasibətin dəyişib.

HACALOĞLU: - Adamlara yox, hadisələrə dəyişmiş ola bilər. Son vaxtlar sənin yaşıdların və səndən cavanlar arasında Anarla Əkrəmi üz-üzə qoymaq, birincini liberal, ikincini demokrat kimi dəyərləndirmək meyli var. Vallah, düz deyil. Mən ANAR ADLI ÇOX AĞILLI, ÇOX DƏRRAKƏLİ AZƏRBAYCAN ZİYALISI, İSTEDADLI AZƏRBAYCAN YAZIÇISI TANIYIRAM Kİ, dedi-qoduya inanır, çox sevdiyi dostları barədə deyilənləri saf-çürük etmək istəmir. Kimsə nəsə dedi, inanır, vəssalam! Mən ƏKRƏM ƏYLİSLİ ADLI ÇOX İSTEDADLI AZƏRBAYCAN YAZIÇISI TANIYIRAM Kİ, SİYASİ HADİSƏLƏRƏ, İNSANLARA MÜNASİBƏTİ SABİT DEYİL, DƏYİŞKƏNDİR. Amma hər ikisi mənim üçün əzizdir, doğmadır. Əkrəm hardasa şıltaqdır, daha emosionaldır. Ona görə də mən Əkrəmlə mübahisə etmirəm, onu çox sevdiyimdən dediklərini ya təsdiq edirəm, ya da çox ehtiyatla, üzr istəyə-istəyə etirazımı bildirirəm. Amma Anarla daha çox mübahisə edirəm. Bilirəm ki, fikirlərini məntiqlə əsaslandırmağa çalışacaq, mən də eyni məntiqlə onun qarşısına çıxmaq istəyirəm... Əkrəm haqlı-haqsız mübahisədə yenildiyini görən kimi qarşısındakını söyə bilər, Anar isə belə şeyi özünə rəva bilməz... Vallah, Tofiq, bu adamların nə bir liberal, nə də o biri demokratdır, sadəcə,xalqımıza gərəkli ziyalılardır, onları qarşı-qarşıya qoymayın. Hər ikisinin də meydan hadisələrinə inamsız yanaşdığının şahidiyəm.

Yazıçılar Birliyinin, deyək ki, 500 üzvü var. Anar onların arasındakı iyrənclikləri görür, amma açıq söyləməkdən çəkinir. XALQ CƏBHƏSİNİ İSƏ İDEAL, TƏMİZ GÖRMƏK İSTƏYİR. Bu cəbhədə bir yanlış addım, ya da səfeh adam görən kimi bu faktı şişirdicəsinə dilə gətirir. Ən azı mənimlə söhbətlərində bunu hiss edirəm. Bu, xüsusilə mənə ağır gəlir.

Xalq Cəbhəsində Əbülfəz Elçibəy var, Anarın sənət dostu Yusif Səmədoğlu var, Abbas Abdulla var, dostu Vaqif Səmədoğlu var və nəyə görə axı, cəbhə adamlarının hamısı ideal olmalıdır? Orda da səfeh adamlar olabilər, düşmən mövqeyli adamlar ola bilər. Məsələ bu qurumun çəyirdəyidi, özəyidi ki, bax, o özək təmizdi. Yadındadı, Anarı Partiya biletini verib geri aldığına görə hücuma məruz qalanda ilk müdafə eləyənlərdən birincisi mən idim. Haqsız hərəkət idi ona qarşı. O yazını mən yazdım. İndinin özündə də mən cəbhə yoldaşlarıma sübut etmək istəyirəm ki, mən haqlıyam. Bu ölkədə kommunist olmaq o demək deyil ki, sən pis adamsan, köpəkoğlusan. Hamımız kommunist olmuşuq, demək onda hamımız köpəkoğluyuq. Anarın yanlışlığı o idi ki, o, bileti verdiyi meydanda stress vəziyyətində elan edib, sonra gedib geri götürdü. Yazıçılarımızın çoxu Anar kimi hərəkət etdi, həm də istedadlı yazıçılarımız. Amma Anarın adı hallandı.

 

 

Tofiq Abdin

 

Ədalət.- 2010.- 4 sentyabr.- S. 15.