BU BİR XALQ TELEVİZİYASIDI
"Ədalət" qəzetinin
belə bir devizi var: "Bu bir xalq
qəzetidi". Və
həmişə çalışmışıq
ki, bu şüarımıza
əməl eləyək
və qəzetimizi xalqın qəzetinə çevirək. Çox çətindi. Az-çox
bu çətinliyin öhdəsindən gələ
bilsək də, bütünlüklə istəyimizə
nail ola bilməmişik. Təbii ki, bunun obyektiv
və subyektiv səbəbləri var. Öz qəzetim haqqında nəsə yazmaq fikrində deyiləm. Bu girişi İctimai televiziya üçün yazdım.
İctimai televiziyanın, daha doğrusu, televiziyamızın
5 yaşı tamam oldu. 5 il çox
kiçik rəqəm
görünsə də,
əslində İctimai
televiziya çox çətin və çox uzun bir yol keçib.
Hər şeyi sıfırdan başlamaq səhrada bir bağ salmaq qədər çətindi.
İctimai televiziya da hər şeyi
sıfırdan başlayıb.
Binasından tutmuş
avadanlıqlarına qədər.
Deyək ki, bu da o
qədər bir ağır məsələ
deyil, bina da tikmək olar, avadanlıqlar da almaq olar.
Onlardan da çətini var.
Ölkədə jurnalist çatışmazlığı, təbii ki, söhbət peşəkar jurnalistlərdən gedir, açıq-aydın hiss olunur. Xüsusilə də televiziya jurnalistləri. Azərbaycanda televiziya kanalları çox, amma bu kanallarda çalışa biləcək jurnalistləri, rejissorları, operatorları, montajçıları, işıqçıları, dizaynerləri, ələlxüsus aparıcıları hazırlaya biləcək xüsusi bir ali təhsil müəssisəsi də yoxdur. Ayrı-ayrı universitetlərimizdəki jurnalistika fakültələri də bu işin öhdəsindən lazımınca gələ bilmirlər, çünki onların da elə bir maddi-texniki bazası yoxdu.
Qardaş Türkiyənin Konya şəhərində Səlcuq Universiteti fəaliyyət göstərir. TRT-nin əməkdaşı, yazıçı-publisist Seyfəddin Altaylı mənim Türkiyədə çıxmış "Dolu" romanımın həmin universitetdə müzakirəsini təşkil eləmişdi və məni də dəvət etmişdi. Və orda öyrəndim ki, universitetin özünün televiziya kanalı var, 24 saat efirə çıxır və bütün Konya (1 milyon əhalisi) və ətraf da bu televiziyanı izləyir. Təəccüblü bu deyil, təəccüblü o idi ki, bu televiziyanın sədrindən tutmuş bütün əməkdaşları jurnalistika fakültəsinin öz tələbələridi. Təbii ki, belə bir mühitdə televiziyalarda çalışa biləcək peşəkarların hazırlanması çox adi bir işdi. Yəqin ki, bizdə də Televiziya Akademiyasının yaradılması bir çox məsələləri həll edəcək.
Möhtərəm prezidentimiz
İlham Əliyev mətbuatımızın 135 illiyi
ilə əlaqədar
biz jurnalistlərlə görüşəndə
də bu barədə danışıldı
və prezident də buna çox
müsbət reaksiya verdi. Və yəqin
ki, yaxın zamanlarda bunun şahidi olacağıq.
Qayıdaq İctimai televiziyaya. Dediyimiz kimi, hər şeyə sıfırdan başlayan bir kanal. Və ən çətini də kadrları tapmaq, bir peşəkar kollektiv yaratmaq.
İsmayıl Ömərov bu işin öhdəsindən çox bacarıqla gəldi. Təkcə ona görə yox ki, İsmayıl Ömərov televiziyanın necə deyərlər, cikini də bilirdi, bikini də, həm də ona görə ki, kadr seçmək bacarığı vardı.
Bu sirr deyil ki,
Azərbaycanda sonradan yaranan bütün televiziya kanalları Az.TV məktəbindən çıxıb. Və televiziya kadrlarının
yetişməsində bu
kanal uzun illər mühüm rol oynayıb.
İsmayıl Ömərov isə nəinki qısa müddətdə İctimai
televiziyanı formalaşdırdı,
həm də İctimai televiziyanın özünü bir məktəbə çevirdi.
Bu gün ölkəmizin ictimai həyatının elə bir sahəsi
yoxdur ki, İctimai televiziya ora nüfuz eləməmiş olsun. Həyatımızın
elə bir sahəsi yoxdur ki, İctimai televiziya o sahəni
önə çəkməmiş
olsun, qabartmamış
olsun. Bir-birindən rəngarəng, bir-birindən
maraqlı proqramları
ilə geniş tamaşaçı kütləsinin
rəğbətini və
sevgisini qazanmış
İctimai televiziya çox böyük bir maarifçilik rolu oynayır. Vaxtaşırı yeni-yeni
layihələr ortaya çıxarır və bu layihələr də hansısa bir zümrə üçün hesablanmır.
Bu layihələr bütövlükdə xalqın
istək və arzularını özündə
cəmləşdirir.
Azərbaycanın bütün televiziya kanalları çoxdan sərhədlərimizi aşıb keçiblər. Dünyanın hər yerində izlənilirlər. İctimai televiziyanın bir fərqi ondadır ki, o sərhədləri təkcə peyk antenaları vasitəsilə keçmir, həm də qardaş respublikalarla, xüsusilə Türkiyə ilə həyata keçirdiyi birgə layihələrlə Azərbaycandan çox-çox uzaqlara da nüfuz edə bilir. Özü də İctimai televiziya təkcə bunu televiziya vasitəsilə deyil, həm də radiosu vasitsəsilə də həyata keçirir.
Azərbaycan bütün Türk dünyasını
birləşdirən bir
yerdə dayanıb. Bütün Türk dünyasını bir-birinə
qovuşduran bir məmləkətdi. Və
əslində elə Türk dünyasının
mərkəzi Azərbaycandı
- Bakıdı.
İctimai televiziya da bütün Türk dünyasını bir-birinə qovuşdurmaq istəyini ortaya qoyub və bu yolda uğurla addımlayır. Televiziyanın bir çox verilişləri təkcə bizlər üçün yox, bütün Türk dünyası üçün hesablanır. Bəlkə də İctimai Televiziyanı başqa kanallardan fərqləndirən ən mühüm amillərdən biri də elə budur.
Qardaş Türkiyədə TRT bir qədər bu missiyanı yerinə yetirir. Bir də bir özəl kanal var, o da Türk dünyası ilə bağlı verilişləri verir yalnız.
Həmişə fikirləşirdim ki, bəs bizdə niyə belə bir kanal olmasın
- Türk dünyasını
birləşdirən, Türk
dünyasına sözünü
deyən, dünya türklərinin sözünü
dünyaya çatdıran. Özü də
təkcə Turk dünyası
ilə yox, dünyanın başqa xalqları ilə də qaynayıb-qarışan
bir kanal, dünyanın başqa xalqlarına da bizi tanıdan bir kanal.
Bu gün məni ən çox sevindirən odur ki, bu gün
İctimai televiziya bu missiyanı layiqincə yerinə yetirir. İnanmaq istəyirəm
ki, bu kanal
bir gün təkcə azərbaycanlıların,
Azərbaycan türklərinin
deyil, bütün dünya türklərinin sevimli kanalına çevriləcək.
Yazımın əvvəlindəki girişdə də mən bunu vurğulamaq istəmişdim ki, İctimai televiziya bir xalq televiziyasıdı. Və bu vəzifənin öhdəsindən də şərəflə gəlir. Yazımın sonunda arzumu bildirmək istəyirəm ki, İctimai televizyia bu ölçünü də keçsin və yuxarıda qeyd elədiyim kimi, bütün Türk dünyasının bir nömrəli kanalına çevrilsin. Buna İctimai televiziyanın hər baxımdan imkanı var. Həm maddi-texniki baza baxımından, həm də kadr baxımından.
Bir eybəcər Amerika filmi var. Ümumiyyətlə, Amerika filmlərinin 97 faizi eybəcərdi, bu heç. Eybəcər də deyil ey, murdardı. Bir əcaib heyvandı, insanların ağzından
onların bədəninə
soxulur, onları vəhşiləşdirir, ən
gözəl insanı
belə. Film boyu onu məhv
eləməyə çalışırlar,
amma mümkün deyil, çünki ölməzdi, hansı insanın bədənindədisə
həmin insan ölən kimi dərhal onu öldürən insanın
bədəninə keçir,
onu zombiləşdirir.
Çox
qəribə bir sonluğu var. Görür
ki, artıq məhv olacaq, çıxış yolu yoxdur, çıxır televiziya qülləsinə
və girir qüllədən yayımlanan
efirə, efir vasitəsilə də yayılır bütün
Amerikaya.
Film eybəcər olsa da rejissorun demək
istədiyi aydındı,
yəni televiziyalar insanlığı məhv
eləyir. Allaha şükür Azərbaycanda
belə televiziya kanalları yoxdu.
Niyə yazımı həmin filmlə bitirdim? Mənim
fikrimcə, İctimai
televiziya öz qülləsinin ən yüksək zirvəsinə
xalqımızın ürəyini
qoyub, o böyük ürəyini - sevinclə,
arzuyla, insanlıqla dolu olan ürəyini
- və qüllədən
dünyaya yayımladığı
efir vasitəsilə bu ürəyin işığını, nurunu
bütün dünyaya
yaymağa çalışır.
Bu işdə İctimai televiziyanın bütün
əməkdaşlarına uğurlar
arzulayırıq, ad günlərini
təbrik eləyirik.
Alparslan Türkeş əsərlərində
yazır ki, 2050-ci ildə bütün Türk dünyası birləşəcək və
vahid bir Turan dövləti yaranacaq.
İctimai televiziyadan
istəyimiz odur ki, 2050-ci ili
gözləməsin.
Aqil ABBAS
Ədalət.- 2010.- 7 sentyabr.- S. 1, 3.