OXUDUĞUN KİTAB...

 

Onun tək məzmunu deyil, bədii və texniki tərtibatı da gözəl olmalıdır

 

Öz ixtisasını mükəmməl bilib, işinə-peşəsinə dərindən yiyələnən işgüzar insanın kollektivdə də, el-camaat arasında da başı uca olur. Bu sözləri eynilə İradə Ələsgərova haqqında da demək olar.

Bu gün peşəkar poliqrafçı və nəşriyyat işçisi kimi respublika miqyasında tanınan İradə xanımım qazandığı uğurların bünövrəsi hələ məktəb illərində qoyulmuşdu. Çalışqanlığı, elmə həvəsi ilə yaşıdlarından hələ, o vaxt seçilən İradə 1972-73-cü illərdə respublika riyaziyyat olimpiadasında iştirak edib yüksək nəticələrə (II,I yerlər) nail olmuşdu. Təsadüfü deyil ki, 1973-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Sovetlər İttifaqının qabaqcıl ali məktəblərinə oxumağa göndərilən ilk tələbə qrupunun tərkibində Ağdam şəhər 1 saylı orta məktəbin məzunu İradə Ələsgərova da vardı. Elə həmin il keçmiş SSRİ-nin poliqrafiya üzrə baza məktəbi sayılan İ.Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutuna qəbul olunan İradə 1978-ci ildə institutu müvəffəqiyyətlə bitirib bu ixtisas üzrə gənc mütəxəssis kimi Azərbaycana qayıdan ilk azərbaycanlı tələbə oldu...

Təyinat üzrə Azərbaycan "Dövlətnəşrkom"un "Yeni kitab" mətbəəsində sex ustası kimi fəaliyyətə başlayan gənc mütəxəssis öz bilik və bacarığı, işgüzarlığı ilə elə ilk günlərdən rəhbərliyin diqqətini çəkdi. Nəticə özünü çox gözlətmədi. Az bir vaxtda üst-üstə 4 vəzifə dəyişən İradə qısa müddət ərzində "Dövlətnəşrkom"un yeni texnika və texnologiya üzrə baş mühəndisi vəzifəsinə irəli çəkilərək, ona göstərilən etimadı bu dəfə də layiqincə doğrultdu.

İşə başladığı vaxtdan cəmi 1 il sonra artıq peşəkar mütəxəssis kimi tanınan İradə xanıma, Azərbaycan KP MK-nin təşkil etdiyi komissiyanın tərkibində respublikanın ən iri nəşriyyatının təsərrüfat fəaliyyətini yoxlamaq həvalə olundu. Bu sınaqdan da ləyaqətlə çıxan İradə xanım Azərbaycan KP MK-nin nəzdində yerləşən "Kommunist"nəşriyyatına rəhbər vəzifəyə təyin olundu. O dövrdə respublika və ümumittifaq miqyaslı qəzetlərin, jurnal, kitab və bu kimi mühüm dövlət əhəmiyyətli sifarişlərin mürəkkəb istehsal proseslərinin həyata keçirildiyi "Kommunist" nəşriyyatı kimi böyük bir müəssisədə texniki nəzarət şöbəsinin rəisi vəzifəsi Azərbaycan KP MK-nin nomenklaturasına daxil idi. Əsas vəzifələri ermənilərin (baş mühəndis-Karlen Caakov, baş texnoloq-A.Manuçarova) tutduğu nəşriyyatda bu vəzifənin heç partiya üzvlüyünə namizəd belə olmayan 24 yaşlı İradə Ələsgərovaya həvalə edilməsi onun peşəkar mütəxəssis kimi artıq tanındığını göstərir. Bilik və bacarığı, yüksək peşəkarlığı, öz işinə daim tələbkarlıqla və məsuliyyətlə yanaşması ona bu işdə də dönüş yaratmağa imkan verdi. Yüksək iş potensialı nəzərə alınan İradə xanıma tezliklə artıq "Azərbaycan" nəşriyyatında birləşdirilmiş üç şöbənin (texniki nəzarət, kimya laboratoriyası və istehsalat şöbələri) rəhbərliyi tapşırıldı. Çalışdığı sahəni mükəmməl bilən dəyərli mütəxəssis öz peşəkarlığı, təcrübəsi və işgüzarlığı sayəsində yeni yaranmış bu birləşmiş şöbənin işini də yüksək səviyyədə qura bildi. Bunun nəticəsi idi ki, işçilərin sayının 26-dan 3-ə enməsinə baxmayaraq gündən-günə sayı artan sifarişlər vaxtında və texnoloji tələblərə tam uyğun şəkildə çapa hazırlanır, istehsalat saat mexanizmi kimi dəqiq işləyir, material itkisinə yol verilmirdi.

Azərbaycan Dövlət Nəşriyyatında çalışdığı 32 ildə vaxtilə əldə etdiyi nəzəri bilikləri istehsalat təcrübəsi ilə bacarıqla əlaqələndirən İradə xanım bu illər ərzində qazandığı bilik və təcrübəsi sayəsində bu sahədə əsil mütəxəssis kimi tanınmışdır. Bunun nəticəsi kimi o, Bakı Dövlət Universiteti rəhbərliyinin dəvəti ilə 2005-ci ildən Kitabxanaçılıq və informasiya fakültəsinin "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasında "Poliqrafiya texnologiyasının əsasları", "Redaktəetmə", "Nəşrin bədii və texniki tərtibatı", "Nəşrin redaktor hazırlığı", "Texniki redaktə" fənlərini tədris edir.

İradə xanım öz ixtisasını yetişməkdə olan tələbələrə, gələcəyin naşir və redaktorlarına böyük həvəslə öyrədir. "Nəşrin bədii və texniki tərtibatı" fənnindən hazırladığı tədris proqramı (2008) isə artıq çapdan çıxmışdır.

İradə xanım Bakı Dövlət Universitetinin dissertantı, ölkəmizdə və xaricdə çapdan çıxan 30-a yaxın elmi məqalənin (dövri mətbuatda və jurnallarda) müəllifidir. Hal-hazırda üzərində işlədiyi "Azərbaycan kitabının bədii və texniki tərtibatı məsələləri" adlı dissertasiyasını tamamlamaq üzrədir.

Onun bu günlərdə çapdan çıxan "Nəşrin bədii və texniki tərtibatı" adlı dərsliyi müvafiq ali məktəblərin tələbə (bakalavr və magistr) və müəllimləri, redaktor (ədəbi, bədii, texniki) və redaksiya-mətbəə işçiləri, kitabşünaslıq və mətbuat sahəsində çalışan mütəxəssislər və kitab həvəskarları üçün nəzərdə tutulmuş dəyərli tədris vəsaitidir. Respublika Təhsil Nazirliyinin tövsiyyəsi ilə nəşr olunan və ali məktəblərdə dərs vəsaiti kimi nəzərdə tutulan bu kitabda ilk dəfə olaraq nəşrin bədii və texniki tərtibat xüsusiyyətlərindən söhbət açılır, bədii tərtibat üsullarının ətraflı təsnifatı verilir.

Dərslikdə, həmçinin kitabın kompozisiya və bədii poliqrafik forması; daxili elementlərin kompozisiyası, titul (avantitul, kontrtitul, frontispis, şmustitul, kolontitul) tərtibatı, illüstrasiyaların növləri və xarakterik xüsusiyyətləri, format anlayışının kitab tərtibatında yeri; maddi-texniki bazanın xüsusiyyətləri haqqında da metodiki cəhətdən geniş və əsaslandırılmış məlumatlar verilir.

...Elm və texnika, bilgisayar və İnternet şəbəkəsi sürətlə inkişaf etsə də, kitab yenə də əsas bilik mənbəyi olaraq qalır. Nəşriyyat və poliqrafiya müəssisəsinin birgə fəaliyyətinin məhsulu olan kitabın yüksək bədii dəyəri, əslində yalnız nəzəri biliklə təcrübənin sıx vəhdəti və düzgün əlaqələndirilməsi vasitəsilə təmin oluna bilər. Daim yeniləşən müasir poliqrafiya texnologiyasının imkanlarından düzgün, yüksək peşəkarlıqla və səmərəli istifadə edilməsi nəşr olunan kitabın məzmununun oxucuya daha sadə və aydın şəkildə çatdırılmasına, həm də kitabın texniki cəhətdən nəfis və keyfiyyətli işlənməsinə kömək edir. Dizayn-tərtibat prinsiplərinə və etik-estetik normalara düzgün əməl olunması bitkin kompozisiyalı kitabın dəyərini şərtləndirən əsas amillərdəndir. Zövqlə hazırlanmış kitabın cildi nəşr barədə, eləcə də əsərin məzmunu və müəllifi barədə geniş və aydın təsəvvür yaratmalıdır. Bir sözlə, mövcud standartlara cavab verən dəyərli kitab tək müəllifin deyil, həm də ədəbi, texniki və bədii redaktorun, texnoloqun birgə əməyinin məhsuludur. Bu isə nəşriyyat və poliqrafiya sahəsində çalışanlardan hərtərəfli dərin bilik, yüksək peşəkarlıq, ustalıq, bədii-estetik zövq və məsuliyyət tələb edir.

...Bədii əsər, dərslik, siyasi ədəbiyyat və s. kimi nəşrlərin tərtibatı kitabın məzmunundan doğan bədii forma ilə vəhdət təşkil etməlidir. Zövqlə tərtib edilmiş kitab elə ilk baxışdan oxucunun diqqətini özünə çəkir. Buna görə də kitabın xarici (cild, üz qabığı, supercild, forzas) və daxili ünsürlərindən hər birinin öz funksiyası olduğu kimi, tərtibat ansamblında da öz təyinatına uyğun yeri olmalı, öz səciyyəvi tərtibat texnologiyası işlənib hazırlanmalıdır. Bütün bunlar əsərin məzmununun daha rahat qavranılmasını təmin edir, axı yaxşı tərtib olunmuş kitab elə düzgün seçilmiş şrift və səhifə nisbəti ilə də yüksək bədiilik nümunəsi sayıla bilər.

Beləliklə, tərtibat sahəsinlə ümumiləşdirilmiş təcrübi metodikanın olması, bu işlə məşğul olmağa başlayan redaktora işi düzgün istiqamətdə aparıb kitab tərtibatını yeni, daha yüksək inkişaf mərhələsinə qaldırmağa imkan verər.

Nəşrin oxucuya təsirini təmin edən bütün bu kimi mühüm məsələlər İradə Ələsgərovanın "Azərbaycan" nəşriyyatında çap olunmuş "Kitabın bədii və texniki tərtibatı" adlı dərsliyində öz düzgün və ətraflı həllini tapır.

Nəzəriyyə ilə təcrübənin yüksək peşəkarlıqla əlaqələndirildiyi geniş mövzu əhatəsinə malik dərslik gələcəyin redaktorlarını kitabın texniki xüsusiyyətləri və bədii-poliqrafik forması barədə kifayət qədər məlumatlandırmaqla yanaşı, həm də bir çox aktual məsələlərə toxunur, bir sözlə, kitab qrafikası ilə məşğul olan bədii redaktorların işinə düzgün istiqamət verilməsinə xidmət edir.

Kitabda qeyd edildiyi kimi, bədii tərtibat üsulları, kompozisiya və bədii poliqrafik forma, maddi-texniki bazanın xüsusiyyətləri ilə yaxından tanış olan tərtibatçı əsəri tez və düzgün qavramağa yardım edən şəkil, sxem və diaqramlar vasitəsilə məzmunun oxucu şüuruna təsirini gücləndirə bilər. Ümdə vəzifəsi gələcək nəslin təlim-tərbiyəsi olan naşir kimi, rəssam da əsərdəki qabaqcıl fikir və ideyaları təbliğ etməli, nəşrin gözəl və təyinatına uymun olmasına çalışmalıdır.

İradə Ələsgərovanın Azərbaycan kitabşünaslığında kifayət qədər öyrənilməyib öz həllini gözləyən bu aktual problemlərə həsr olunmuş "Kitabın bədii və texniki tərtibatı" adlı bu dərs vəsaiti ümumiyyətlə, etik-estetik formalı kitab nəşr etmək üçün dəqiq işlənib hazırlanmış vahid metodiki ədəbiyyat yaratmaq istiqamətində ilk təcrübə kimi çox böyük əhəmiyyət kəsb edir.

 

 

Tofiq ABDULLAYEV

 

Ədalət.- 2010.- 14 sentyabr.- S. 3.