Faunaflora

 

Su mühitinin Azərbaycan da daxil olmaqla Xəzərsahili ölkələrin neft hasilatını artırması nəticəsində ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyunqruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir göstərir. Bunlar genlərdə dəyişikliklərə səbəb olur ki, onlar da rüşeymləri məhv edir, irsiyyət və nəsil artma kimi bioloji funksiyaların pozulmasına şərait yaradır.

Xəzərin neftlə çiriklənməsi ilə yanaşı çayların da gətirdiyi çirkab sularını da nəzərə alsaq (Xəzərsahili dövlətlər tərəfindən hər il dənizə 12 milyard kubmetr təmizlənməmiş sular axıdır), sudakı zərərli maddələr balıqlar üçün yem ehtiyatını tükədir, oksigen aclığı yaradır. Unutmayaq ki, Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşib. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün "istehsalçısıdır". Əgər 70-ci illərin ortalarında Xəzərdə 27 min ton nərə balığı ovlanırdısa, son illərdə nərə ovu 1.2 min tonu keçmir. Iş o yerə gəlib ki, Rusiya, Qazaxıstan və Azərbaycan bəzi şirkətlərə nərə balığı ovunu qadağan edib. Məsələn, Rusiyada 10 il müddətinə kürü istehsalına qadağa qoyulub. Yalnız körpə balıq yetişdirmək və onların sayını artırmaqla məşğul olan şirkətlər müəyyən kvotaya uyğun ova icazə verilir. Özəl şirkətlərə isə kilkə ovlamağa icazə verilir. Bu isə son vaxtlar kürünün qiymətinin kəskin qalxmasına səbəb olub. Hazırda indi xalis ağ balıq kürüsünün topdansatış qiyməti 1115, nərə balığının kürüsü 860, uzunburun balığının kürüsü isə 660 manatdır. Xarici ölkələrdə isə bu qiymətlər 4-5 dəfə bahadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, neft və çayların gətirdiyi çirkab suları nəticəsində Xəzərdə nərə balığı təsərrüfatına dəyən zərər 6 milyard, kürü biznesinə dəyən ziyan isə 10 milyard dollar təşkil edir. Xəzərin çirklənməsi nəticəsində yalnız nərə balıqlarının sayı azalmır, eyni zamanda digər qiymətli balıqlar da azalır. Hər il Xəzər dənizində yüzlərlə suitinin ölməsi də dənizin ekoloji durumunun ağırlığından xəbər verir.

33 min hektardan artıq ərazi neftlə çirklənib.

Maraqlıdır ki, dənizin səviyyəsinin qalxma və enmə prosesi isə son vaxtlarda intensiv hal alıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Xəzər dənizinin səviyyəsi 1996-2000-ci illərdə 35 sm enib. Lakin 2001-ci ildən suyun səviyyəsi yenidən qalxmağa başlayıb. Belə ki, dənizin səviyyəsi 2001-2005-ci illərdə 30 sm-ə qədər yüksəlib. 2006-cı ildə isə səviyyənin əvvəlki illə müqayisədə 3-5 sm enməsi müşahidə edilib. Lakin bu da müvəqqəti olub. Xəzərin səviyyəsinin keçən illə müqayisədə cari ilin sonuna qədər 1 - 3 sm artacağı, 2015-2020-ci illərədək Xəzər dənizi səviyyəsinin 70-80 sm-ə qədər artması ehtimal edilir. Göründüyü kimi qarşıdakı illərdə dənizin səviyyəsinin qalxması gözlənilir. Bu isə geniş sahil ərazilərin, o cümlədən neftlə çirklənmiş ərazilərin su altında qalması ilə nəticələnir. Həmin ərazilərdə suyun tərkibində radioaktiv maddələrlə, yanaşı canlı orqanizm üçün təhlükəli kimyəvi maddələr dəniz suyuna keçir. Quruda isə kifayət qədər neftlə çirklənmiş sahələr var.

Müəssisələrin istehsalat dairələrində neft tərkibli şlamların uzun illərdən bəri üst-üstə yığılaraq qalması, yüzlərlə süni çirkab gölməçələrinin və çox saylı kiçik həcmli zibilxanaların ləğv edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməməsi vəziyyəti daha da ağırlaşdırır. Bu işdə yerli və xarici neft şirkətləri müstəsna rol oynayır. Dəfələrlə xarici neft şirkətlərinə xəbərdarlıq edilib ki, ekoloji problemin yaradılmasını azaltsınlar.

Sənaye və Energetika Nazirliyindən verilən məlumata görə, indi Abşeronda 33 min hektardan çox ərazi neftlə çirklənib. Ən kəskin vəziyyət Balaxanı, Bibiheybət, Suraxanı və Binəqədi qəsəbələrindədir. Indi isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi üçün böyük məbləğə ehtiyac var. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı"na uyğun olaraq. 2010-cu isə qədər ümumilikdə, 533 milyon manat həcmində iş görüləcək ki, həmin vəsaitin də 91 milyon manatının 2007-ci ildə sərf olunması nəzərdə tutulur. Bu arada Dünya Bankı torpaq sahələrinin radioaktiv maddələrdən və neftdən təmizləmək üçün 76 milyon dollar vəsait ayırmağa hazır olduğunu bildirib. Aydındır ki, həmin vəsait faizlə verilir.

Beləliklə, neft sənayesinin inkişafı Xəzərin ekoloji tarazılığını pozmaqla yanaşı minlərlə hektar torpaq sahəsini yararsız hala salıb.

  

  

Şamxal

 

Ədalət.- 2010.- 14 sentyabr.- S. 4.