“Mübariz”

 

Bir neçə gün öncə mənə bağışlanmış və az qala bir nəfəsə gözdən keçirdiyim kitabın haqqında yazmaq istədiklərimi heç cür nizamlaya bilmirəm. Ona görə yox ki, bu kitabda nəsə yerində deyil və yaxud da məsələlər o qədər qəlizləşdirilib ki, baş açmaq olmur. Xeyr, sadəcə bu kitabın müəllifi çox dəyərli yazıçı-publisist, araşdırmaçı Mustafa Çəmənli son aylarda xalqımızın demək olar ki, böyükdən kiçiyə hər bir üzvünün sıra nəfərindən tutmuş məmuruna qədər hər bir kəsin yaxşı tanıdığı, barəsindəki hər bir sözlə qürur duyduğu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolu barəsində yığcam, tutarlı, oxunaqlı bir sənədli povest ortaya qoyub.

Öncə kitabın tərtibatı barədə - naşir Bəhruz Axundovun rəhbəri olduğu "Təhsil Nəşriyyat-Polqrafiya" müəssisəsində çox yüksək keyfiyyətlə, nəfis şəkildə araya-ərsəyə gəlmiş bu kitab üz qabığından tutmuş sonuncu səhifsinə qədər oxucunun diqqətini özünə çəkmək gücündədir. Görünür Bəhruz müəllim bu kitabın yazıçı-publisist Mustafa Çəmənlinin qələmi sayəsində Mübarizin ruhuna bir töhfə olduğunu çox yüksək dəyərləndirib və kitabın samballı alınması üçün xüsusi qayğı göstəribdi.

"Mübariz" sənədli povest kitabı (əslində müəllif bu əsəri sadəcə povest adlandırıb, amma mən buradakı bəlli həqiqətləri, reallıqları, fotoları nəzərə alıb özlüyümdə əsəri sənədli povest hesab edirəm-Ə.M.) Azərbaycan prezidenti İlham Əliyevin Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi sərəncamı ilə başlayır. Sonra yazıçı-dramaturq Əli Əmirli kitab haqqında öz fikirlərini oxuculara çatdırır. Həmin fikirlərdən bəlli olur ki, bu gün vətənpərvərlik tərbiyəsinə, vətən sevgisinə, bütövlükdə böyük Azərbaycan aşiqliyinə daha çox ehtiyacın duyulduğu bir zamanda Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq məhz həmin sevgilərin, həmin istəklərin ölməzliyini, əbədiliyini tükənməzliyini xəbər verir. Oxucu bir daha şahid olur ki, vətən bölünməzdi və vətən sevgisi insanın canında, qanındadı!

Kitabı oxuduqca gözlərimin qarşısında Mübarizin doğulduğu kənd, böyüdüyü ailə, oxuduğu məktəb, aldığı tərbiyə, eləcə də onun çevrəsində olan hər kəsin ayrı-ayrılıqda yeri canlanır. Və mənə elə gəlir ki, az qala isti izlərlə və çox qısa bir zamanda qələmə alınmış bu sənədli povestdə müəllif öz qəhrəmanı ilə birlikdə doğulur, yaşayır, böyüyür, oxuyur, döyüşür və ölməzliyə qovuşur. Çünki hadisələrin inkişafı elə peşəkarlıqla, elə məharətlə, həm də bədii sözün mötəbərliyi ilə təqdim olunub ki, oxuduqca sən özün də bu cərəyan edən hadisələrin içərisində müəllifin və qəhrəmanın yol yoldaşına çevrilirsən.

Şəxsən mən "Mübariz" kitabında, özü də çox qısa bir zamanda araya-ərsəyə gəlmiş bir kitabda mənə bəlli olan həqiqətləri bir az da böyük formatda, bir az da böyük ölçüdə və şaxəli şəkildə gördüm və hiss etdim ki, müəllif bütün ürəyi ilə, bütün istəyi və istedadı ilə bu əsəri az qala bir nəfəsə, dayanmadan yazıbdı. Çalışıb ki, Mübarizin ruhu qarşısında azacıq da olsa bir söz adamı, yazıçı kimi ortaya çıxarılası sənəd nümunəsi olsun. Sevindirici haldı ki, o buna da nail olubdu.

Bu gün Azərbaycanda Mübarizi hər kəs tanıyır. Onun qəhrəmanlığından hər evdə danışılır. Onu düşmənlər də yaxşı tanıyırlar. Bu cür tanınan bir oğul haqqında dar bir məqamda sanballı kitab yazmaq və bu kitabın uğurlu alınacağına içində inam böyütmək hər yazıçıya nəsib olmur. Mustafa Çəmənli bu istəyə qovuşubdu. Mən sadəcə bu kitabı oxuyarkən yazıçının həm də rəssam kimi Mübarizin obrazını, fotolarını, rəsmlərini yaratdığını da gördüm və onu bir az da yaxından tanıdım. Düşünürəm ki, ağsaqqal qələm dostumun "Mübariz" kitabı gəncliyin, Mübarizsevənlərin, bütövlükdə hər birimizin evində özünə rahatca yer tapa biləcək.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 17 sentyabr.- S. 4.