Ətraf mühit
Mühafizə kapitala
bağlı
Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi izah edir:
(Ətraf mühitin mühafizəsi. Qısa metodoloji izahlar) Ətraf
mühit həyatın keyfiyyətinə, yaşayış
şəraitinə və insanın səhhətinə təsir
edən komponentlərin məcmusudur. Atmosfer havası, su,
torpaq, yerin təki, heyvanat və bitki aləmi ətraf
mühitin komponentləridir.
Ətraf mühitin
çirklənməsi bərk, maye və qazaoxşar
tullantıların təbii mühitə: atmosferə, hidrosferə,
torpağa atılması ilə nəticələnən
insanın təsərrüfat-məişət fəaliyyəti
ilə ətraf mühitin fiziki-kimyəvi dəyişikliklərə
uğraması, ətraf mühitdə səs-küy, istilik,
radiasiya, ionlaşdırıcı şüalanma, ultrasəs
dalğaları, titrəmə və sair kimi xoşagəlməz
fiziki amillərin meydana gəlməsi deməkdir. Ətraf
mühitin çirklənməsi çirklənmənin
sanitariya-gigiyena normativlərindən artıq olması dərəcəsi
ilə səciyyələndirilir. Meşə ilə
örtülmüş sahə meşə əkinləri
yaradan meşə (ağac) növləri ilə faktiki olaraq
tutulmuş meşə fondunun bir hissəsi sayılan meşə
torpaqlarının ərazisidir. Bu torpaqların meşə ilə
örtülməyən sahəsi yanmış, kəsilmiş
sahələri, boş yerləri, açıqlıqları,
ağacların seyrək olduğu yerləri, meşə əkinlərinin
məhv olduğu sahələri və s. əhatə edir. Əsas
istifadə olunan meşədə və meşəbərpası
məqsədi ilə ağacların qırılması oduncaq
tədarükü üçün yetişmiş və
qocalmış ağacların kəsilməsi deməkdir. Bu tədbir
əsas və məhdud istifadə edilən meşələrdə
təsərrüfat-qiymətli ağac növlərinin bərpasına
və onlardan səmərəli istifadə edilməsinə
yönəldilmiş üsullarla həyata keçirilir.
Xüsusilə qiymətli (qorunan) meşələrdə
meşəbərpası məqsədilə ağacların
qırılması tədbiri meşə mühitinin
yaxşılaşdırılmasına yönəldilmiş
üsulla həyata keçirilir. Meşəyə qulluq məqsədilə
ağacların qırılması göstəricisi buraya daxil
edilmir. Meşəbərpası ağacların
qırıldığı, yandığı sahələrdə,
boş yerlərdə, açıqlıqlarda və əvvəllər
meşə ilə örtülmüş sair sahələrdə
meşələrin bərpa edilməsi tədbirlərinin həyata
keçirilməsi deməkdir. Meşəbərpasına
meşə əkini və səpini, meşənin təbii təzələnməsinə
yardım daxildir. Meşə əkini meşə bitkiləri
sahəsində toxmacarların, tinglərin, çiliklərin
və digər əkin materiallarının əkilməsi
işləridir. Meşə səpini ağac
toxumlarının səpin üsullarından asılı
olmayaraq (əl ilə, mexanikləşdirilmiş üsulla, təyyarə
ilə) meşə bitkiləri sahələrində səpilməsi
işləridir. Meşə əkini və səpinindən
savayı meşəbərpasına meşənin təbii təzələnməsinə
yardım, yəni daha qiymətli növlərdən olan cavan
ağacların yetişdirilməsi və qorunub
saxlanılmasına kömək edən tədbirlər məcmusu
(toxumların torpağa düşməsi nəticəsində
meşəbərpasını təmin etmək, meşə
qırılarkən təsərrüfat-qiymətli növlərdən
olan cavan ağacları qoruyub saxlamaq üçün
ağacları kəsilmiş yerlərdə torpağın
qismən yumşaldılması) daxil edilir. Meşəyə
qulluq məqsədilə ağacların kəsilməsi əkilmiş
ağacların lazımi tərkibini, formasını yaratmaq və
daha yüksək artım əldə etmək
üçün (ağacların əkildiyi andan əsas kəsimədək
olan dövrdə) əkilmiş sahələrdə ağac və
kolların bir hissəsinin dövri olaraq kəsilməsi deməkdir.
Sanitariya məqsədilə ağacların kəsilməsi
müxtəlif xəstəliklərə tutulmuş və
ziyanvericilərlə zədələnmiş ağacların kəsilməsi
və yığışdırılması məqsədi
daşıyır. Məcmuədə ekoloji cəhətdən
xüsusi qorunan ərazilərin tərkibinə qoruqlar və
milli parklar daxil edilmişdir. Qoruqlar təbii kompleksin
saxlanması və onun istər qoruğun sərhədləri
daxilində, istərsə də ondan kənarda ekoloji vəziyyətlə
müqayisə edilərək öyrənilməsi
üçün coğrafi zonaların təsərrüfat
istifadəsindən çıxarılmış nadir və ən
tipik sahələridir. Istifadə üçün təbii su
mənbələrindən su götürülməsi sonradan
istifadə edilmək məqsədilə səthi su hövzələrindən
(çaylar, göllər və dənizlər daxil edilməklə)
və yeraltı laylardan götürülmüş su
resurslarının həcmidir. Götürülən suyun
ümumi həcminə faydalı qazıntılar
çıxarılarkən, tikinti üçün
özül yerlərindən torpaq suları nasosla çəkilərkən
əmələ gələn və istifadə edilən
şaxta-mədən suları daxil edilir. Elektrik enerjisi almaq, gəmiləri
şlüzdən keçirmək, balığı
boşaltmaq, gəmilərin hərəkət etməsi
üçün dərinliyi saxlamaq və s. məqsədilə
su qovşağından buraxılan suyun həcmi bu göstəriciyə
daxil edilmir. Iri kanallara tökülmək üçün
quyulardan, artezian quyularından, təbii su hövzələrindən
mərkəzləşdirilməmiş qaydada
götürülən suyun həcmi də həmçinin bu
göstəriciyə daxil edimir. Sudan istifadə edilməsi istər
müəssisəyə məxsus olan sugötürənlərdən,
istərsə kommunal su kəmərlərindən və sair su
təsərrüfatı sistemlərindən alınan
bütün növlərdən olan sulardan (səthi,
yeraltı, lay, şaxta, dəniz və s.) təsərrüfat
ehtiyaclarını təmin etmək üçün istifadə
edilməsi deməkdir. Dövri və ardıcıl (təkrar)
istifadə edilən çirkabın (itkinin əvəzini
ödəmək üçün bu dövri və
ardıcıl su təsərrüfatı sistemlərinə
daxil olan su istisna olmaqla), habelə kollektor-drenaj
sularının həcmi sudan istifadəyə daxil edilmir. Sudan
dövri və ardıcıl istifadə edilməsi dövri və
ardıcıl su təchizatının tətbiq edilməsi, o
cümlədən çirkli və kollektor-drenaj sularından
istifadə olunması hesabına qənaət edilən təmiz
suyun həcmini göstərir. Kommunal və istehsal istilik təchizatı
sistemlərində sərf olunan suyun həcmi dövri istifadəyə
aid edilir. İstehsal ehtiyacları üçün istifadə
olunan suyun ümumi həcmində dövri və ardıcıl
su təchizatının payı dövri və ardıcıl
istifadə edilən suyun həcminin istehsal ehtiyacları
üçün (kənd təsərrüfatında su istehlakı
nəzərə alınmadan) sərf olunan, dövri və
ardıcıl istifadə edilən suların həcmlərinin
cəminə bölünməsi yolu ilə hesablanır. Səthi
su obyektlərinə axıdılan çirkli sular üç
kateqoriyaya bölünür: çirkləndirilmiş (təmizlənməyən
və lazımi dərəcədə təmizlənməyən),
normativ təmizlənmiş və normativ təmiz. Çirkləndirilmiş
sular çirkli istehsal və məişət (kommunal)
sularını (şaxta, mədən,lay, drenaj suları da
daxil edilməklə), habelə heç bir təmizləmə
işi aparılmadan və ya lazımi dərəcədə
(tam) təmizlənmədən təbii səthi su obyektlərinə
daxil olan və tərkibindəki çirkləndirici maddələr
icazə verilən normalardan çox olan yaylım
tullantılarını özündə birləşdirir.
Süzmə sahələrinə, təbii və ya süni
toplayıcılara, yerli relyeflərə və s. daxil olan
çirkabın həcmi, kollektor-drenaj sularının əsas
hissəsi və leysan suları bu göstəriciyə daxil
edilmir. Zərərli maddələri atmosfer havasına atan
stasionar mənbələr mütəşəkkil və
qeyri-mütəşəkkil olaraq iki qrupa bölünür.
Mütəşəkkil mənbələrə zərərli
maddələri qaz və ya hava buraxan sistemlər (tüstü
boruları, aerasiya fənərləri, ventilyasiya
şaxtaları və s.) vasitəsilə havaya atan və bu
zaman, bir qayda olaraq, zərərli məhsulları tutub zərərsizləşdirmək
üçün müvafiq qaztəmizləyici və toztutan
qurğulardan istifadə edən qeyri-səyyar mənbələr
aid edilir. Texnoloji aqreqatların qermetik olmaması, müxtəlif
çənlərin, yükvurma-yükboşaltma sistemlərinin
(məsələn, sement boşaltma yerlərinin) ekoloji cəhətdən
avadanlıqla təchiz edilməməsi nəticəsində
havaya zərərli maddələr tullayan mənbələr
qeyri-mütəşəkkil stasionar mənbələr hesab
edilir. Yanan terrikonlar, tüstülənən
laylar və s. həmçinin buraya aid edilir. Ayrı-ayrı ev təsərrüfatlarının
istilik sistemləri (sobalar, kaminlər və s.) yuxarıda göstərilən havaçirkləndirici
mənbələrə daxil
edilmir. Təhlükəli tullantılar tərkibində
təhlükəli xüsusiyyətlərə
(zəhərlilik, partlayış
təhlükəsi, yanğın
təhlükəsi, yüksək
reaksiya vermə xüsusiyyəti) malik olan zərərli maddələr olan tullantılardır, yəni
onlar sərbəst surətdə və ya digər maddələrlə
əlaqəyə girərək
təbii ətraf mühit və insanın sağlamlığı
üçün birbaşa
və ya potensial təhlükə yarada bilər. Ətraf mühitin yaylım və qəza çirklənməsinə
texnoloji proseslərin pozulması, qəza, fəlakət, qəsdən
atılma və s. nəticəsində zərərli
maddələrin kütləvi
şəkildə hava
hövzəsinə, su
mənbələrinə və
torpağa atılması
halları aid edilir. Ətraf mühitin mühafizəsinə
və təbii resurslardan səmərəli
istifadə edilməsinə
kapital qoyuluşları
dedikdə konkret ekoloji və resursqoruyucu qurğuların,
aqreqatların və
s. tikintisinə, yenidən
qurulmasına, genişləndirilməsinə
və texniki cəhətdən silahlandırılmasına
qoyulan investisiyaların
həcmi başa düşülür.
Buraya, əsasən,
çirkli istehsal və kommunal sularının təmizlənməsi
üzrə qurğu və avadanlıq, tozqaztəmizləyici
qurğular, dövri su təchizatı sistemləri, eroziyaya
qarşı hidrotexniki qurğular (səpməyə,
çökməyəqarşı qurğular da daxil edilməklə),
sıradan çıxmış torpaqların (qismən)
rekultivasiyası, vəhşi heyvanların, quşların və
qiymətli balıq növlərinin qorunması və təkrar
istehsalı üzrə qurğu və obyektlər, faydalı
qazıntılardan tam və kompleks şəkildə istifadə
edilməsi üzrə qurğular və s. aid edilir. Ümumi
istehsal xərclərinin azaldılması, məhsulun keyfiyyəti
və s. ilə bağlı olan texniki silahlanmaya, eləcə
də ətraf mühitin mühafizəsinə kapital xərcləri,
bir qayda olaraq buraya daxil edilir
Əntiqə RƏŞİDQIZI
Ədalət.- 2010.- 18 sentyabr.- S. 12.