DƏRD ÖRNƏYİ - VƏTƏN
Qəlbi para-para,
sinəsi şan-şan,
De,
Qayğısı,
qovğası başından aşan,
Yarası yüz yerdən
sızlayan Vətən!
Verib yeri-yurdu,
bölüb ölkəni,
Kəndiri kəsmişik,
ipi qırmışıq.
Qarabağ... üstəgəl
yeddi bölgəni,
Yığıb
çadırlara sığışdırmışıq.
Hədəfə tuş
oldun gör neçə yerdən,
Düşmən
neştərindən bağrı qan Vətən.
Kim deyir ikiyə
bölünmüsən sən,
Köksü
qıyma-qıyma doğranan Vətən.
Sındı
körüyümüz, söndü közümüz,
Dəmiri
qızdırıb döyə bilmədik.
Batdı, içimizdə
qaldı sözümüz,
Gecikdik, vaxtında deyə
bilmədik.
Bölünə-bölünə
çatdın bu günə,
Boyuna bölünmək
biçilən Vətən.
Bütövlük olsa
da haqqın, əksinə
Hüdudu get-gedə
kiçilən Vətən.
Sanki üzümüzə
çəkilib pərdə,
Baxırıq aləmə
gözləri qıyıq.
Başımıza gələn
hadisələrdə,
Biz oyunçu deyil,
tamaşaçıyıq.
Yerdən də, göydən
də əli üzülən,
Ortada tək qalıb təklənən
Vətən.
Dərdinin üstünə
təzə dərd gələn,
Ovqatı qəm üstə
köklənən Vətən.
Başlandı
köçhaköç, el yurddan oldu
Əl-əldən,
can-candan ayrıldı yenə.
Baltamızın sapı
ağ otdan
oldu,
Elə hey sapladıq
qırıldı yenə.
Tale yaşayırsan
- hər anı gərgin,
Qəddi yumaq-yumaq
bükülən Vətən.
Elatı, ulusu
qaçqın, didərgin,
Siniri tarıma çəkilən
Vətən.
Keçəni qaytarmaq
mümkün olarmı,
Uduzduq məqamı,
verdik fürsəti.
Görən bizim kimi
ayrı xalq varmı, -
Çəkir Vətənində
Vətən həsrəti.
Hələ
harasıdır, bu azdır bizə,
İndi öyünəkmi
əməlimiznən?
"Buyur, buyur" deyib
düşmənimizə,
Açdıq
qapımızı öz əlimiznən.
Dayanıb kənardan
etdik tamaşa,
Hər gələn bu
yurdda oldu bir ağa.
Yadı əzizləyib
çıxartdıq başa,
Tapşırdıq beləcə
evi qonağa
Əsirlik həyatı
sürür Xankəndi,
Əl-ayağı
bağlı - düşüb kəməndə.
Bu Kəndin
koxası bir vaxt Xan idi,
Nökərlər
sahibdir indi bu Kəndə.
Dadına
çatmadıq tək qalanların,
Öyünüb demə
ki, başlara tacam.
Günahkarı kimdir
axan qanların,
Xocalı, Xocavənd
necoldu Xocam?!
Qubadlı elləri, sinələr
dağ-dağ,
Hər ocaq yerində dərddən
iz qalıb.
Həcər qazamatda, Nəbi
də qaçaq,
Bozat sərtövlədə
sahibsiz qalıb.
Zəngilan da belə,
el-oba talan,
Bağça
gül-çiçəksiz, bağ barsız ağlar.
Dünyanın ən
nadir incisi olan,
"Çinarlı
meşəsi" çinarsız ağlar.
Füzuli adını
daşıyan torpaq...
Burda söz qəhərdir,
çatmır nəfəs də.
Dahi Füzulinin taleyinə
bax,
Adı tapdaq altda, ruhu qəfəsdə.
Bir xalqın
ahıdır göyə yüksələn,
Bəs bu fəryadların
kimdir baisi?!
Bu da Füzulinin qəlbindən
gələn,
Qürbətdə
yazdığı son rübaisi:
"Bizlərə
göndərdi min bəla fələk,
Eylədi çox dərdə
mübtəla fələk.
Vətəndən,
dostlardan ayırdı bizi,
Ah, bizə eylədi
çox cəfa fələk".
Ahın ciyərimi
dağladı yenə,
Bu dərdə
ağlayaq, güləkmi, babam?
Təqsiri yükləyək
kimin üstünə,
Təqsirkar tək ancaq
fələkmi, babam?!
Nə vaxtdır
Ağdamın sönüb çırağı,
Yanmır, kibrid vuran
yoxdur şamına.
Ağ damlı
diyarım olub göz dağı,
Çevrilib
dünyanın qara damına.
Analar, bacılar
boynunu bükür,
Saçından
asılıb saçı sünbüllər.
Doğma yuvasından
perik düşübdür,
Qədirlə birlikdə
"Sona bülbüllər".
Hər qaçqın
ümidi döndükcə külə,
Haqq ölür,
haqsızlıq ərşə dayanır.
Soruşma bu tüstü hardandır belə, -
Şahmarın, Xudunun ruhudur
yanır.
Köməksiz, çarəsiz
gözləyir əlac,
İnləyir,
sızlayır deyir Cəbrayıl:
Yuxuna haram qat, gözlərini
aç,
Sən ey yatan millət ayıl, tez ayıl!
Ayıl,
qarşısını al bu qərəzin,
Götür
üstümüzdən şeytan şərini.
"Ayrılıq"
adını dəyiş Arazın,
Qaytar öz ilkinə
Xudafərini.
Axır Kəlbəcərin
gur bulaqları,
Ancaq sularını
içən özgəsi.
Əzəldən belədir,
yada sal barı,
Əkən biz, səpən
biz biçən özgəsi.
Düşmən sahib
çıxıb yurda, sərvətə,
Bizsə baş
qatırıq dedi-qoduyla.
İstisu satılır
baha qiymətə,
Dünya bazarında
"Cermux" adıyla.
Bir azca
düşünün ağıllı başlar,
Babaların ruhu didəcək
bizi
Dəlidağda yatan abidə
daşlar,
Oyanıb daşqalaq edəcək
bizi.
Yurd yerimiz olan arana,
dağa,
Uzaqdan tamaşa edirik
indi.
Gedərdik
Laçına yay yaylamağa,
"Laçın kafesi"nə
gedirik indi.
O vaxt götürmədi
bu torpaq ləkə,
Qılıncla pozuldu
düşmənin səfi.
Soltan bəy dərs
verdi Andranikə,
Biz ola bilmədik onun xələfi...
Bağlıdır,
iş görə bilmir qolumuz,
Yatırıq, tük
balınc baş altındadır.
Kəsilib Şuşaya
gedən yolumuz,
Daşaltı hələ
də daş altındadır.
Şuşa mənəviyyat
paytaxtı, ancaq
Şuşanın
dağları qardı, borandı.
O bu gün
bizimçün könüldən uzaq,
Mədəmizə yaxın bir "restorandı".
Var ol yurd-yuvası od
tutub yanan,
Alınmaz qalası
alınan millət.
Hüququ pozulan,
haqqı tapdanan,
Nəfəsi içinə
salınan millət.
Gedirik varlıqdan
yoxluğa sarı,
Baxmırıq vətənin
dərdi-sərinə.
Yaralı yerimiz olan
adları,
Vermişik
eyş-işrət, kef yerlərinə.
Hədir bu hay-haray, bu şit əyləncə,
Ora bu adları verən kimlərdi?
Bəs orda kef çəkib
hər gün, hər gecə,
Qarın doyuzduran görən
kimlərdi?
Xalq fərəh
içində, şənlənir ölkə,
Xoşbəxtdir bu sevinc
payına görə.
Bakı ən birinci
şəhərdi bəlkə,
Şadlıq evlərinin
sayına görə.
İştah diş
altında, bu nəfsə əhsən,
Gödəndir
bizimçün hər şeydən əvvəl.
Çal-çağır,
kef-damaq görmək istəsən,
"Xudafərin
şadlıq sarayı"na gəl.
Xudafərin... qəmim,
kədərim, ahım,
O bir dərd
körpüsü, tağları çat-çat.
Nə qədər
yaraşır bizə, Allahım
Bu adda sarayda
şadlıq, toy-büsat.
Gözümüz
heç nədən doymur elə bil,
İradəmiz nökər,
nəfsimiz şahdır.
Bizim başımızı
yaran daş deyil
Qulu olduğumuz artıq
tamahdır.
Bəs Ana dilimiz?!.. Kim
edib yasaq,
Bu dildə
danışıb yazmağı bizə.
Günahı özgənin
üstə atmayaq,
Gəlin nəzər
salaq öz içimizə.
Doğma dilimizə
ağız büzərək,
Ögey münasibət
bəsləyən də biz.
Ata-anamızı əcnəbilərtək,
Yad dildə
çağırıb səsləyən də biz.
Biz varıq, deməli
dilimiz də var,
O gərək
yaşasın qanda, ilikdə.
İttiham edirəm sizi
insanlar,
Öz ana dilinə biganəlikdə!
Bu necə həyatdır,
bu necə varlıq,
Hələ də
mürgülü, hələ də məstik.
Peşəmiz olsa da pərəstişkarlıq,
Biz vətənpərəst
yox, mənsəbpərəstik.
Mütilik, yaltaqlıq ən
dürlü mətah,
Toxumdur səpirik verir min pöhrə.
Mənəvi
dünyamız dağılır Allah,
Gözümüz
önündə - göz görə-görə.
Dəyərlər qiymətdən
düşüb endikcə,
Tükənir inamın
suyu dəhnədən.
Kişi
qırıqları kişiləndikcə,
Kişilik çəkilib
gedir səhnədən.
Süni bər-bəzəklər
xoş gəlir bizə,
"Gözəl"
düzəldirik rəngdən, boyadan.
Biz "xanım"
dedikcə hər ismətsizə,
Xanımlar utanıb
ölür həyadan.
Yenə dəyişirik
soyadımızı,
Bükülən
boyunuq, qatlanan dizik.
Hamı tərifləyir
savadımızı,
Məddahlıq elminin
banisi bizik.
Alovu söndürüb,
küldən həzz alan,
Özünü unudub,
yada uyanıq.
Şapalağa süzən,
küyə əl çalan,
Bütə səcdə
edib, xor oxuyanıq.
Əlimiz qısadır,
dilimiz gödək,
Silinmir ləkəsi
üz qaramızın.
Ünümüz
heç yerə çatmırsa, neynək
Səsi ki, gur
çıxır nağaramızın.
Danışıb səs
salma, qorxub qəm yemə,
Kim nə
deyir desin, nə yeyir yesin.
Hamı yanımızda
şagirdmiş demə,
Ustası bizdənmiş
şou-biznesin.
Qanunsuz qaydalar
atını çapır,
Biz hara gedirik bu alver ilə?
Bütün məsələlər
həllini tapır, -
Həll olur "mən
ölüm", "yola ver" ilə!
Haqlı öz yolunu
tapıb gedəmmir,
Haqsız çırtma
çalıb süzür ortada.
Zəhmətin, əməyin
haqqı ödənmir,
Konvertlər, paketlər
gəzir ortada.
Əlçatmaz olubdur
haqqın sarayı,
Ora gedən yolun
yoxuşu dikdi.
Dərə bəylərinin
çoxalıb sayı
Yəqin ona görə
dərəbəylikdi.
Aşkar həqiqətə
nə lazım sübut,
İşimiz oyundur, məzədir
dədə.
Dovşana qaç deyib,
tazıya da tut,
Rişxəndlə
gülürük ikisinə də!
Bir bina tikirik divarı
soyuq,
Bir saray qururuq
özülü çürük.
Çün biz
insanları haqqa görə yox,
Haqqı insanlara görə
ölçürük.
Könlü
sınıq-sınıq, halı pərişan,
De, haran
ağrıyır Vətən, can Vətən!
Qayğısı,
qovğası başından aşan,
Yarası yüz yerdən
sızlayan Vətən!..
Hacan HACISOY
Ədalət.- 2010.- 18 sentyabr.- S. 16.