AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN
ŞAH ƏSƏRİ
"Teatr məbəddir"-deyiblər.Bəli
doğrudan da bu belədir.İnsanlara dünyəvi hisslərin
aşılanması üçün
teatrın ta qədimlərdən müasir dövrədək çox
böyük rolu olmuşdur.Ostrovskinin aşağıdakı
fikirləri bütün sərhəd-keçid
məntəqələrinə iri hərflərlə
yazılmalıdır":Hər bir millətin
səviyyəsini bilmək istəyirsənsə onun teatrına bax". Doğrudur müasir dövrdə sivilizasiyanın, informasiya texnologiyalarının, məlumat mənbələrinin
bu qədər inkişaf
etməsi teatra olan
marağı nisbətən azaltmışdır.Amma elə sənət
əsərləri vardır ki,onların qiyməti zaman keçdikcə daha da yüksəlir,bunlar adi
əsər olmaqdan çıxaraq digər
şedevrlərin yaranmasına nədən olur.Bir
növ heç bir iz,yol olmayan
yerdə özündən sonra
işıqlı bir yol
açır. Məs: Xeops ehramları, Böyük Çin səddi,
Leonardo da Vinçenin "Cakonda"sı, Nizami Gəncəvinin "Xəmsə"si,"Şeyx
Səfi" xalçası,Ü.Hacıbəyovun "Leyli və Məcnun" operası. Bu siyahını istənilən qədər
artırmaq olar. Bunlar
artıq bir fərdin yaratdığı əsərlər
olmaq xüsusiyyətindən
çıxaraq ümumbəşəri mədəniyyət yolu olmuşlar.Bəşəriyyət bu yolla getsə öz xilasını tapacaq.
Ü.Hacıbəyov
şərqin və bütün müsəlman
dünyasının ilk operası olan "Leyli və Məcnun"u
12 yanvar 1908-ci ildə birinci dəfə səhnələşdirmişdir.Bu
əsər dünya səhnələrində və elə
dünyanın müxtəlif dillərində min dəfələrlə
oynanılmış və oynanılmaqda davam edir.
Mən dəfələrlə
mavi ekrandan bu operanı seyr etmişəm.İlk dəfə
canlı olaraq 27 dekabr 2009-cu ildə Opera və Balet
Teatrının səhnəsində bu əsərə
tamaşa etmək mənə qismət oldu.Tamaşa saat
19:00-da başladı.Tamaşaya gəlməzədən əvvəl
baş rollarda xalq artistləri Mənsum İbrahimov (Məcnun)
və Aygün Bayramovanın (Leyli) oynayacağını
bilirdim.Zal anşlaq idi.Pərdə qalxanda səhnə tərtibatı,digər
aksessuarlar,ifaçıların geyimləri elə ilk başlanğıcdan
məni bir növ çox-çox qədim dövrlərə
çəkib apardı.Sonra ilahi bir sevginin qanadlarında
addım-addım geri qayıdışımda isə
keçmişlə müasirlik vəhdətdə
olacaqdır.Çünki hansı əsrdə və
dünyanın hansı qütbündə yaranmasından
asılı olmayaraq hər zaman və hər yerdə sevginin
bir adı var:sevgi elə sevgidir.O da ola Leylinin və Məcnunun
sevgisi.Bu nə Romeo və Cülyetanın,nə Əsli və
Kərəmin,nə Yusif və Züleyxanın,nə də
digərlərinin sevgisi ilə müqayisə olunmazdır.Bu
sevgi digərlərindən bir mərtəbə yüksəkdə
durur.Bax beləcə bu günə dönüşümü
təkcə bir sevgi hekayəsi deyil,eyni zamanda bəlkə də
ondan daha çox ecazkar bir musiqi müşaiyyət
edirdi.İlahi bir musiqi.Bu musiqi məni qanadlarına alaraq
sirli,möcüzəli,əsrarəngiz bir aləmə
aparırdı.Artıq o adi bir not düzümü olmaqdan
çıxaraq insan ruhunu təmizləşdirərək,paklaşdıraraq
haqqın dərgahına yüksəldən bir səsə
çevrilmişdi.Bu Üzeyir Hacıbəyov
dühasının,Üzeyir Hacıbəyov sənətkarlığının
səsi idi.O Məhəmməd Füzuli sənətkarlığı,Məhəmməd
Füzuli sevgisi ilə birləşmiş və ilahi qüvvəyə
çevrilmişdi.Onun üçün də bütün pak
qəlbləri fəth etməyə qadirdir.
Baş rolların
ifaçılarının kimliyi də bu sirli-sehirli aləmə
yeni rəng,yeni nəfəs qatırdı.Ani bir tərpənişləri
belə Mənsum İbrahimovun və Aygün Bayramovanın
sözün həqiqi mənasında böyük bir sənət
məktəbi keçdiklərindən,Arif Babayev sənətinin
ən layiqli davamçıları olmalarından xəbər
verirdi.Tamaşanı seyr etdikcə Üzeyir bəyin həyatından
bəhs edən "Uzun ömrün akkordları" filminin bəzi
kadrları gözümün önündən
keçirdi.İlk Məcnun rolunun ifaçısı
Hüseynqulu Sarabski, ilk Leyli rolunu oynayan çayçı
şəyirdi Fərəcov necə böyük həvəs və
qorxu ilə Azərbaycan mədəniyyətinin gələcəkdə
dünyanın hər bucağına uzanan bir yol olacaq opera
cığırının ilk addımlarını atmağa
müvəffəq olublar.
Mənsum İbrahimov
"Məcnunun Leyli ilə məktəbdə
görüş" səhnəsini oynayarkən onun
üzündə,gözlərində olan ifadə ən
xoşbəxt,uzun illər axtardığını tapan,bəxtəvər,sevgidən
başqa heç bir diləyi olmayan,ancaq sevib-sevilmək
üçün yaranmış bir insanı
canlandırırdı.Aygün Bayramova da eyni ifadə ilə
ona qarşılıq verirdi.Hər ikisinin simalarında ilahi
eşq ilə çırpınan aşiqin hiss və həyəcanı
görünürdü.Məni təəccübləndirən
nüans o idi ki,bu iki şəxs sanki bu dünyadan təcrid
olaraq o hissləri necə büruzə verirdilər.Çünki
onların oynadıqları sanki rol yox, iki sevgilinin həyat macərası
idi.Mən də bu həyati sevginin axarına düşərək
durmadan onun xoş hisslərini,gözəlliyini,ülviliyini
duyurdum.Bəzən mənə elə gəlirdi ki,bu real teatr
səhnəsi yox, məni öz ağuşuna alan əsrarəngiz
bir aləmdir.Çünki hərdən aktyorların rolu və
səhnə tərtibatı o qədər təbii və
canlı alınırdı ki,mən özümü qədim Ərəbistan
səhralarında hiss edərək,sanki hadisələrin
iştirakçısına çevrilirdim.Məsələn:
Qeysin atasının Leylini oğluna alması üçün
elçi səhnəsində Leylinin atasının mənfi
cavabı və bu xəbərin Qeysə
çatdırılması tamaşaçının-mənim
gözlərimi yaşartdı.Bundan sonra Qeysin-gül
üzlü,əxlaqlı,ədəbli bir oğlanın səhralara
düşərək Məcnun olması,vəhşi heyvanlarla
yoldaşlıq etməsinin canlı,dərkolunan şəkildə
oynanılması həm Füzuli, həm Üzeyir,həm Mənsum,həm
Aygün,həm digər aktyorların,həm rejissorların,həm
orkestrin, ümumilikdə isə Azərbaycan mədəniyyətinin
necə böyük,əzəmətli,dünya şöhrətli
olduğunun bariz sübutu idi.Leylinin xəstələnməsi
səhnəsində Təyyarın (ibn Səlam) elə
canlı mimika ilə Leylidən onu nə üçün sevmədiyini,Məcnunu
sevdiyini soruşması tamaşaçının ruhunu təlatümə
gətirərək real həyatda yaşadığını
göstərirdi.Leylinin şamla söhbəti demək olar ki,səhnə
əsərləri tarixində ən gözəli,ən
düşündürücüsüdür.Leyli öləziməkdə
olan şamı özünə bir ümid, pənah bilir.Əgər
insan gözü işıq, nur görürsə deməli o
yaşayır.Amma Leyli bilir ki,şam müvəqqətidir və
müəyyən bir vaxtdan sonra sönəcək,bununla da onun
həyatı da sona yetəcək.O dərk edir ki,yalnız əbədi
var olan Böyük Yaradandır.Onunçün də o haqqa
tapınaraq fanilikdən əl çəkib ruhunu
tapşıraraq müqəddəs məkana-Tanrı dərgahına
yüksəlir.O məkan öz haqq yolundan dönməyən,cilalanan,paklaşan
insanlara qismət olur.Aygün Bayramova bu səhnəni elə təbii,elə
orijinal,elə özünəməxsus ifa etdi
ki,tamaşaçılarla bahəm,hətta orkestrin dirijoru da
kövrəlmişdi.
"Məcnun Leylinin qəbri
üstündə" səhnəsi həm tamaşanın
sonu,həm də bu bölgü düzgün olmasa da mən
deyərdim ki,əsərin kuliminasiya nöqtəsi idi.Arenada
bir məzarlıq səhnəsi canlandırılıb.Məcnunun
özü görünmür,amma səhnə arxasından
yanıqlı,ah-fəğan edən səsi gəlir. Mən
bu səsi eşidəndə belə düşündüm
ki,Allah məhz Mənsum İbrahimovun səsini onun
üçün yaratmışdır ki, o insanların qəlbində
bir-birinə qarşı ancaq məhəbbət oyatsın.Elə
bu zaman səhnəyə Məcnun daxil oldu.Qrim
ustalarının belə mahir işi məni mat qoymuşdu
sanki Mənsum elə Məcnun olmaq üçün
yaradılmışdı.İlk səhnələrdə
üzündə nur bərq vuran, səliqəli və gözəl
geyimli,bulaq kimi qaynayan gənci indi paltarları vəhşi
heyvanlar və kol-kos tərəfindən
cırılmış,toz-torpağa
bulaşmış,üz-gözünü saç-saqqal
basmış, gözlərindəki məhəbət
çoxdan sönmüş,sanki ruhsuz bir cism əvəz
etmişdi.Ən təəccüblüsü isə
baxışlardakı ifadə idi ki,bu nə professional qrim,nə
də böyük sənət məktəbində alınan dərs
deyildi.Bu əsl məcnunlaşma idi.Məcnun Leylinin qəbrini
bir qədər axtarıb tapdı.Bu vaxt Məcnunun
köksündən elə bir fəryad qopdu ki,bütün zal
lərzəyə gəldi.Bu an insan həqiqətən də
bu dünyanın faniliyini dərk edərdi.Məcnun Leylinin qəbri
üstündə cismini tapşıranda (məhz
cismini,çünki ruhu onu çox əvvəllərdə tərk
etmişdi) Mənsum İbrahimov elə qalmışdı ki,bu
vaxt zala ilk dəfə daxil olan olsaydı yəqin elə zənn
edərdi ki, həqiqətən orda uzanan şəxs artıq
bir neçə vaxtdır ki,bu dünyadan haqq dünyasına
köçüb.
Tamaşanın sonu
sürəkli alqışlarla müşaiət olundu.Bu
alqışlar iki dahi,həmişəyaşar, Azərbaycan
üçün müstəsna xidmətləri olmuş Məhəmməd
Füzuli və Üzeyir Hacıbəyov üçün idi.
Mən zaldan çıxarkən bir daha onların ruhu
qarşısında baş əydim
Opera və Balet
teatrının səhnəsində bir daha təsdiq olundu
ki,böyük,əzəmətli sənət əsərləri
vəhdətə gələndə dünyanın ən
böyük şedevrlərinə çevrilir və əsl sənət
əsərləri hansı əsrdə yazılmasından
asılı olmayaraq həmişəyaşardır,əbədidir.Elə
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"
operası kimi.
KÖNÜL HEYDƏROVA
Ədalət.- 2010.- 21 sentyabr.- S. 3.