Ekoloji siyasətin əsas istiqamətləri
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə
və inkişaf etmiş sənaye sahələrinə malik
olan bir dövlətdir. Lakin uzun illərdən bəri
yığılıb qalmış ekoloji problemlər
vaxtında öz həllini tapmadığı
üçün Respublikamızın ətraf mühiti həddindən
artıq çirkləndirilmişdir. Hazırda
respublikamızda həllini təcili tələb edən bir
sıra ekoloji problemlər vardır: su hövzələrinin,
o cümlədən Xəzər dənizinin məişət
və sənaye sularının tullantıları ilə
çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin
dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer
havasına zərərli qazların yol verilən normadan
artıq atılması, biomüxtəlifliyin azalması,
torpaqların eroziyaya uğraması və
şoranlaşması, sənaye və məişət
tullantılarının utilizasiyası və s.
1992-ci ildə Birləşmiş
Millətlər Təşkilatının təşəbbüsü
ilə Rio-de-Janeyro şəhərində keçirilmiş
beynəlxalq konfransda qeyd edildiyi kimi, dünyanın gələcək
inkişafı ilk növbədə ekoloji problemlərin necə
həll olunmasından asılı olacaqdır. Bu konfransda
dünyada mövcud olan ətraf mühit problemlərinin həlli
yolları çox ciddi şəkildə nəzərdən
keçirilmiş və mühüm qərarlar, o cümlədən
artıq bütün Beynəlxalq ekoloji təşkilatların
proqram sənədinə çevrilmiş "Dayanıqlı
inkişaf" konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada
iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil
etməsi, üstünlüyün ətraf mühitin
qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə
həll olunması, gələcək nəsillərin
imkanları məhdudlaşdırılmadan çağdaş
nəsillərin rifahının
yaxşılaşdırılması ön xəttə
çəkilmişdir. Buna nail olmaq üçün ilk
növbədə iqtisadiyyatın səmərəliliyinin
yüksəldilməsi və ətraf mühitin qorunması təmin
olunmalıdır.
Rio konfransının
davamı kimi 2002-ci ildə Yoxannesburq şəhərində
keçirilmiş Dünya sammitində dayanıqlı inkişaf
prinsipləri bir daha təsdiqlənərək onların
reallaşdırılması üçün zəruri tədbirlərin
görülməsi xüsusi vurğulanmışdır.
İndiki dövrdə ətraf
mühitlə bağlı mövcud vəziyyət hər bir
ölkəni ekoloji problemləri ümumbəşəri
kontekstə çıxarmağa məcbur etmişdir. Bu
gün artıq ətraf mühitin mühafizəsi məsələləri
aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində
öz əksini tapmışdır.
Azərbaycan
Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində
kifayət qədər nailiyyətlər əldə
etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə
öz əksini tapmışdır. Sosial və iqtisadi sahələrdəki
nailiyyətlərin artmasının dayanıqlı olması
ölkə tərəfindən əsas prioritet qismində qəbul
edilmişdir. Ölkənin ekoloji strategiyası, ətraf
mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının
gücləndirilməsi yolu ilə milli, beynəlxalq və
regional səviyyələrdə təbii ehtiyatların
mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin
tətbiqi, indiki və gələcək nəsillərin
maraqlarını təmin edən ölkənin iqtisadi və
insan resurslarının istifadəsində
davamlılığın təminatına yönəlmişdir.
Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən və
bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə
ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət
yeni vüsət almış və formalaşmağa
başlamışdır. Bu həm də ekoloji məsələlərin
ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə
də izah edilir.
Respublikamızda bu
dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi
"Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan
"Azərbaycan Respublikasının ekoloji
Konsepsiyası"nı qeyd etmək olar. Bu konsepsiyada
respublikamız üçün ətraf mühitin mühafizəsi
baxımından üstün əhəmiyyətli olan problemlərin
həlli üzrə əsas prinsiplər öz əksini
tapmışdı.
Azərbaycan
Respublikasında yürüdülən ekoloji siyasətin əsas
məqsədi indiki və gələcək nəsillərin
ehtiyaclarının təmin edilməsi naminə mövcud
ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii
ehtiyatlardan səmərəli istifadə edilməsi ilə
davamlı inkişafın təmin edilməsindən ibarətdir.
Bunu gerçəkləşdirmək məqsədi ilə təbii
ehtiyatlardan istifadə yolları işlənib
hazırlanmalı və iqtisadiyyatın inkişafı
davamlılıq prinsipləri əsasında həyata
keçirilməlidir.
İnkişafın
ekoloji baxımdan davamlı olmasını təmin etmək
üçün iqtisadi fəaliyyət zamanı meydana
çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq,
onların ətraf mühitə mənfi təsirinin minimuma
endirilməsi tələb olunur.
Müasir dövrdə
yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə
alaraq respublikamızın ekoloji siyasətinin
aşağıdakı üç əsas istiqamətlərini
müəyyənləşdirmək olar:
- ekoloji təhlükəsizliyin
təmin olunmasını əsas götürərək, ətraf
mühitin çirklənməsinin minimuma endirilməsi və
mühafizəsinin tənzimlənməsi məqsədilə
Davamlı inkişaf prinsipləri üzrə mütərəqqi
üsulların tətbiq edilməsi;
- indiki və gələcək
nəsllərin tələbatını ödəmək məqsədilə
təbii sərvətlərdən səmərəli istifadə
etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə
tükənməyən enerji mənbələrindən
yararlanmaq və enerji effektivliyinə nail olunması;
- qlobal ekoloji problemlər
üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi,
həlli yollarının müyyənləşdirilməsi,
Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi,
eləcə də milli potensial imkanlardan istifadə etməklə
həyata keçirilməsinin təmin edilməsi.
Ekoloji siyasətin əsas
istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə
çatmaq üçün aşağıdakı vəzifə
və prinsiplər əsas götürülməlidir.
ətraf mühitin
keyfiyyətinin yaxşılaşdırılması
üçün iqtisadi və insan potensialının idarə
edilməsinin müasir üsullarından istifadə edilməsi;
indiki və gələcək
nəsillərin rifahının
yaxşılaşdırılmasını təmin edən,
stimullaşdıran iqtisadi modellərin, texnologiyaların
yaradılması və istifadəsi;
eyni və müxtəlif
nəsillərin nümayəndələri arasında təminatın
ədalətlilik prinsipləri əsasında həyata
keçirilməsi;
insanın həyat fəaliyyətini
təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin
təbii mühitinin olduğu kimi qorunub saxlanılması.
Prinsiplər:
qısa müddətli və
uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr
və ehtimal edilən fəsadlar nəzərə alınmaqla
qərarların qəbul edilmə prosesinin həyata
keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə
alınması;
ətraf mühitin
mühafizəsi sahəsində qərarlar hazırlanarkən
ictimai və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi;
- ətraf mühitin hər
hansı komponentinin bərpa olunmayan dərəcədə
pozulmasına səbəb ola biləcək fəaliyyətin
qarşısının alınması;
- ətraf mühitin
mühafizəsinin təmin edilməsi üçün
aztullantılı, güclü və çoxşaxəli
iqtisadi inkişafın təmin edilməsi;
- beynəlxalq təşkilatlar
və inkişaf etmiş ölkələrlə ətraf
mühitin mühafizəsi sahəsində əlaqələrin
genişləndirilməsi;
-əhali arasında
ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi.
Ekoloji siyasətin həyata
keçirilməsinin təzahürü kimi respublikamızda
Avropa standartlarına uyğun müvafiq qanunvericilik
bazasının yaradılmasını, ətraf mühit
üzrə Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsini,
beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi
yolu ilə prioritet layihələrin tədricən realizə
olunmasını qeyd etmək olar.
Keçid dövründə
respublikamızda sosial-iqtisadi proseslər sürətlə
inkişaf etdiyinə görə ekoloji siyasətdə də
yeni metod və prinsiplər üzə
çıxarılır. Bu baxımdan ETSN tərəfindən
hazırlanmış və 2003-cü ildə Ölkə
prezidenti tərəfindən təsdiq olunmuş "Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram
ekoloji siyasəti daha da təkimlləşdirilmiş səviyyədə
özündə əks etdirərək, onun tətbiq edilməsi
üçün imkanlar yaratdı.
Bundan əlavə, əhali
arasında ekoloji təbliğatın gücləndirilməsi,
orta ümumtəhsil məktəblərində ekologiya və ətraf
mühitin mühafizəsi ilə bağlı tədris
saatlarının artırılması mühüm məsələlərdəndir.
Son illər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
qəbul olunmuş ətraf mühitlə bağlı bir
sıra qanunlar bu sahədə mövcud olan boşluqların
doldurulması üçün böyük imkanlar
açır.
Mövcud problemlərin
həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən Beynəlxalq təşkilatlarla,
donor ölkələrlə əlaqələrin genişləndirilməsinə
xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf
, Ətraf Mühit, Sənayenin İnkişafı
proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq
və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq
təşkilatı, Dünya Bankı, Asiya bankı,
Ümumdünya Vəhşi Təbiət fondu və s. təşkilatlarla
əməkdaşlıq davam etdirilir. Bununla bərabər
müvafiq sazişlər əsasında inkişaf etmiş
ölkələrlə iki tərəfli əməkdaşlıqlar
qurulur.
Ətraf mühit sahəsində
beynəlxalq müqavilələrə qoşulmağa da
böyük diqqət yetirilir. Belə ki, Azərbaycan
Respublikası bu günə kimi 20 konvensiyaya qoşulmuş,
müvafiq protokollar imzalamışdır.
Ətraf mühitlə
bağlı qeyd olunan problemlərin həlli yollarını
müəyyənləşdirmək və ekoloji
tarazlığı təmin etmək məqsədilə
Dövlət proqramları və layihələrin
reallaşdırılması, tədricən ətraf
mühitin daha da sağlamlaşdırılmasını
yaxın gələcəkdə mümkün edəcəkdir.
Əntiqə Rəşidqızı
Ədalət.- 2010.- 25 sentyabr.- S. 10.