QÜRUB ÇAĞI
Hekayə
(Əvvəli ötən şənbə
sayımızda)
Tələbə dostum,
istedadlı qələm sahibi, Əməkdar jurnalist Ələkbər
Abbasova- Şəhriliyə ömrümüzün 70-ci
payızında sayğı və cansağlığı
arzusu ilə
- Yaxşı eləyirsiz,
- eşitdiklərindən qanı qaralan Fəxri kişi xəcalət
çəkirmiş kimi başını aşağı
salıb, gözlərini yerə dikdi, sonra nəyisə
xatırlayıb fikirli halda müsahibinə baxdı, -
sözünüzün qüvvəti, yaxınlarda mən də
buna oxşar hadisəynən rastlaşmışam. Vaxtilə
işlədiyim rayona getmişdim. Köhnə dostlar dəvət
eləmişdilər, səfalı yerləri gəzdirdilər,
meşələr, bağlar, bulaqlar, böyründə də
dəniz...
Xoşhal oldum, ürəyim
açıldı. Ancaq baltalanıb qırılan
ağacların kötüklərini görəndə
qanım qaraldı. Ərkim çatan vəzifəlilər mənə
təskinlik verdilər ki, daha olan-olub, keçən-keçib.
İndi bunun qarşısını alıblar. Necə? Meşənin
dərinliyinə gedəndə sualıma cavab tapdım. O boyda
meşəni hissələrə bölüb çəpərləmişdilər.
Hər hissənin də öz sahibi, çəpəri,
qapısı... Əlibaltalı, mişarlı kim bu qapıdan
içəri girə bilər, ağac nədi,
çöpünə, gül-çiçəyinə əl
uzada bilər? Heç kim! Əlbəttə, buyurub qonaq olun,
bulaq suyu için, yayın istisində çayda çimib sərinlənin,
xülasə sahibkar hər cür şərait yaradıb, təki
əlin cibində olsun, puluna minnət... Bax belə, guya
meşələri, yaşıllığı qoruyurlar.
- Bu zeytunluğu da əvvəl
çəpərləyib içərisində istədiklərini
eləmək fikrindəydilər. Vaxtında ayıq
düşdük, qoymadıq.
Zeytun bağının
yuxarı başında çoxmərtəbəli binanın
qarşısında hay-küy qalxdı.
-
Bağışlayın, mən oraya getməliyəm, - deyə
dazbaş kişi üzrxahlıq etdi, 4-5 yaşlarında qəşəng
qız nəvəsinin əlindən tutub uzaqlaşdı.
Fəxri kişi onun
ardınca baxıb fikrə getdi. Sonra uşaqlar oynayan
meydançaya sarı boylanıb nəvəsini səslədi:
Gəl gedək evimizə, hava qaralır.
* * *
Yuxudan ayılanda
qulağına səs gəldi. Deyəsən onu oyatmasınlar
deyə astadan danışırdılar. Qulaq verdi, oğlu
anası ilə dərdləşirdi. Ana həmişəki
kimi təsəlli verirdi:
- Səbr elə,
keçib gedər, inşallah.
- Nə qədər səbr
eləmək olar, axı. Heç insafları yoxdur. Hər
gün biri qapını döyür, ver, ver!... Deyirəm,
axı, nə qədər vermək olar? Vergini həmişə
vaxtında ödəyirəm, qayda-qanuna əməl edirəm.
Nə qədər yoxlama aparmısız, təftiş eləmisiz,
nəticəsi nə olub? Axı bura bazar deyil, ticarət mərkəzi-filan
deyil, kiçik müalicəxanadır. Mən də neçə
ilin həkimi öz həmkarlarımnan camaata xidmət edirəm.
Özünüz şahidsiniz, ailəniz, qohumlarınız
burada müalicə olunublar. Razı qalıblar, arada pul, qəpik-quruş
söhbəti olmayıb, hər şey havayı-məccani.
İndi də ilin axırıdır. Heç kimə borcumuz
yoxdur: vergiyə, gömrüyə, yanğınsöndürənə,
suya, işığa, qaza, daha nə bilim nəyə. O gün
kanalizasiyadan gəlmişdilər, onları da yola saldım.
-Yaxşı, indi
sözünün canı nədir bunun?
- Nə olacaq, deyir ilin
axırıdır verməlisən.
Axı, nəyə görə, nədən ötrü?
Özü də elə
məbləğ deyir
ki, matım-qutum quruyur. Bütün il ərzində
o məbləğin heç
yarısını qazana
bilmirik. Haradan verim bunu?
Dedim, evimi satım? Atamın evidir, köhnə
Xruşşovka. Bağım yerli-dibli
yoxdur, bir köhnə maşınım
var, götürün
aparın. Deyirlər,
bizi ələ salmısan, verməlisən
vəssalam!
Qapı astaca açıldı. Qadın
ərini görcək
təəccübləndi:
- Durdun, nə tez?...
- Oğlum da özümə
çəkib. Nə qədər asta danışsa da, səsi
qayım çıxır.
Oğlu atasının
sözlərindən pərt oldu. Fəxri kişi
qayğılı, kövrək səslə:
- Axırı nə
oldu, - soruşdu, - insafa gəldilər?
- Eh, insaf hardaydı, nə
qoyub nə axtarırsan.
Kişi heç nə
olmamış kimi sakit, ağayana tərzdə:
- Özünü
darıxdırma, - dedi. - O köhnə dostumu tanıyırsan
də, deyərəm, yoluna qoyar.
- Onu da pensiyaya
çıxartdılar.
- Bilirəm, yerinə
oğlunu düzəltdirib, - ani fikrə gedib güclə sezilən
istehza ilə - o, məndən zirəkdi, belə şeylərdən
baş çıxarır, vaxtında özünə gün
ağlayıb. Amma dostluqda etibarlıdır, haqq-sayı itirən
deyil. Mən də imkanlı vaxtımda onun sözünü
yerə salmamışam.
- Oğlu yaman
harınlayıb, gözü ayağının altını
görmür.
- Qələt eləyir,
- kişi acıqlandı, - atasından tük salır,
tapşırar, düzəldər.
Ata-oğul söhbətinə
sakitcə qulaq verən ananın üzü
işıqlandı. Az qala yarım əsri adlayan
ömür-gün sirdaşının xasiyyətini
yaxşı bilirdi: "dedi-qurtardı".
Fəxri kişi fikrə
daldı. Sonra bir qədər mülayim, qayğılı səslə
oğlundan soruşdu:
- Bəs o birilərin əhvalı
necədir? Sənin kimi kiçik sahibkarları deyirəm.
- Yaxından
tanıdıqlarımla dərdləşirik. Hamısı eyni
kökdədir, çıxış yolu axtarır. Adamı,
dayısı olana bir az güzəşt eləyirlər.
Oğul anasının
baxışlarını sezib söhbətinin axarını dəyişmək,
gərginliyini azaltmaq məqsədilə zarafata keçdi:
- Gərək dayın
ola, elə-belə adi yox, əsil dayı. Əşşi, həmişə
belə olub də...
Hiss etdi ki, ehyamı
yerinə düşməyib. Atasının üzündəki
qırışlar səyridi elə bil.
O, ötkəm səslə:
- Yox, belə olmayıb.
Lap ağını çıxardıblar indi, - deyib köks
ötürdü.
Az sonra yadına nəsə
düşdü, səsi yenə mülayimləşdi:
- Bəs o dostun necədir?
Orxan kişinin oğlunu deyirəm.
- Çıxıb
getdi.
- Hara?
- Ona nə var ki,
neçə dil bilir, harda olsa çörəyi, rahat
dolanışığı olacaq.
- Əcəb, bərəkallah
belə oğula. Bəs ailəsi, ata-anası?
- Ev düzəldən
kimi arvad-uşağını da aparacaq. Ata-anasını, əlbəttə,
apara bilməz. Vaxtları keçib, çox qocalıb,
düşüblər.
Fəxri kişi əsəbi
halda başını buladı:
- Ayağı yer tutan
başını götürüb gedir, rahatlıq axtarır
özüyçün. Rəhmətlik Sabir demişkən:
"Mən salim olum, cümlə cahan batsa da batsın".
O, dərindən ah
çəkdi:
- Yox, cümlə cahan
batmayacaq. Amma qocaların vayına gələn, torpağa
tapşıran tapılmayacaq.
Ərinin sözləri
qadının ürəyindən xəbər versə də,
özünü o yerə qoymayıb kişiyə təpindi
- Ağzını
xeyirliyə aç, kişi, ala dərmanını iç,
özünə gəl.
O, könülsüz
halda həbi dilinin altına qoyub sordu. Sonra arvadının
uzatdığı stəkanı alıb bir-iki qurtum içdi.
Çox çəkmədi
ki, kişinin rəngi duruldu, çaş-baş qalan
arvadına ərklə:
- Sən elə bilirsən
ki, kişinin ağlı çaşıb, ağzına gələni
danışır? - sual verdi. - Xeyr, hələ canımda təpər
var. Görmürsən rayondan dalımca maşın göndərirlər.
Köhnə dostlar kənd-kəsəyi gəzdirib ürəyimi
açmaq istəyirlər. Baxıram, cavanlar, əli bel tutan
kişilər gözümə dəymir. Soruşuram, deyirlər
çörək dalınca gediblər, çoxusundan da xəbər-ətər
yoxdu, arvad-uşağın, qız-gəlinin gözləri
yollarda qalıb. Deyirəm bu torpaqlar, bağlar, tarlalar
çörək yeri deyil? Bəs bunları kim becərməli,
kim qorumalıdır?
- Eh, sənin köhnə
şakərindi, onun-bunun fikrini eləmək. Camaatın dərdi-səri
sənə qalıb, bu ahıl vaxtında? - arvadı əsəbi
halda əllərini yellədi.
Kişi etiraz etdi:
- Xeyr, elə deyil. Heç
fikir vermisən, yasda hər kəs öz ölüsünə
ağlayır... Bir kənddə elə şeyə rast gəldim
ki, aləm başıma fırlandı, ürəyim
sıxılıb, dərd oldu mənə. Fikirləşdim,
bu yaşa çatmışam, az-çox
görüb-götürmüşəm, amma heç
ağlıma gəlməyib ki, ölünün də bədbəxti
olarmış.
Arvad matı-qutu çəkilmiş
kimi əlini çənəsinə dayayıb, heyrətdən
böyüyən gözlərini ərinə zillədi. Oğlu
elə bil səksənib yerində qurcalandı.
- Kənd yoluna
yığışan adamları görüb maşını
saxlatdırdım. Onlar maşının içərisinə
göz gəzdirib başlarını buladılar: "Yox, o
deyil" - dedilər. Öyrəndim ki, kənddə rəhmətə
gedən var. Neçə vaxtdı, xəstəymiş,
oğlunu arzulayırmış. Teleqram vurublar, gözləyirlər
ki, heç olmazsa atasının dəfninə çatsın. Sonra öyrəndim
ki, oğul gəlib çıxmayıb,
qonum-qonşu basdırıb
qocanı. Qulağıma
çatan söz tərpətdi məni:
"Diriliyində kimsəsiz
qaldı, bir gün görmədi, ölüsü də bədbəxt oldu".
Araya ağır
sükut çökdü. O, başını qaldırıb
ilk dəfə görürmüş kimi oğlunu başdan
ayağa süzdü.
- De görüm sən
nə fikirdəsən, oğul. Olmaya, ayağını
qaçaq qoymusan? Axı, sən də neçə dil bilirsən,
xaricdə təhsilini artırmısan.
Ahıl atasının
sorğu-sualı oğlu üçün gözlənilməz,
yetərincə kəskin oldu. O, bir anlığa tutuldu,
qaş-qabağını sallayıb, incik halda qətiyyətlə:
- Mən
heç yana
gedəsi deyiləm, -
dedi. Bir qədər susub
öz-özünə danışırmış
kimi sakit, həlim səslə fikrini tamamladı. - Sıravi həkim işləyərəm, dərs
deyərəm, imtahana
uşaq hazırlayaram...
nə təhər olsa ailəmi saxlayaram. Ancaq ayağımı kənara qoymaram. Əcnəbi
ölkələrdə oxumaq,
biliyini artırmaq, ixtisasını təkmilləşdirmək,
görüb-götürmək, irəli getmək, özünə gün ağlamaq, ailənə çörək qazanmaq qəbahət deyil. Mənə gəldikdə isə başqa cür fikirləşirəm. Hansı torpaqda,
ailədə dünyaya
gəlmək insanın
iradəsindən asılı
deyil. Tanrının
vergisidir bu: vətən, ata, ana... Mən onlara arxa çevirə bilmərəm.
Anaya elə bil
dünyanı bağışladılar:
- Qurban olum dilinə, oğul, nə yaman deyirsən.
- Olanı
deyirəm, ana. Dostlarım, yaxınlarım içində
belələri çoxdur.
Elə cavanlar arasında da nə qədər desən var. O gün yaşlı pasiyentim dedi ki, oğlu
xaricdə oxuyub. Orada yaxşı iş təklif eləyiblər, razı olmayıb. Deyib, öz ölkəmdə
işləyəcəyəm.
- Halal olsun, - Fəxri kişi ürəkdən
dilləndi, - yaxşı
ki, belə oğullar da var.
- Var ata, özü də az
deyil. Belə ağıllı, savadlı, zirək cavanlarla ünsiyyətdə
olanda adamın ürəyi açılır.
Onlar deyirlər ki, öz rahatlığın
üçün tərk
etdiyin yurduna Vətən deyə bilməzsən. Vətən
yaşadığın, torpağını
qoruduğun yerdir, - Oğul dərin düşüncələrə dalan ahıl atasına zənnlə baxıb, - mən də belə düşünürəm, - dedi.
Qocanın çuxura
düşüb nurunu itirməkdə olan gözlərinə
elə bil işıq gəldi. Qırışlarla dolu
üzünə astaca sığal çəkib kövrək
səslə:
- Sağ ol, bala, halal
olsun, - dedi, - öz övladlarına da belə tərbiyə
ver.
* * *
Odu avazıyan tonqal kimi
közərərək qızılı şüaları ilə
səmaya, dənizin mavi sularına bənzərsiz
naxışlar vuran günəş qüruba enib, üfüqdə
qaralan dağların arxasına çəkildi.
Eyvanın məhəccərinə
söykənib qürub yerinə tamaşa edən Fəxri
kişi dərindən köksünü ötürdü.
- Baba, günəş
necə oldu, batdı?
Başını əyib
yanında şək dayanan nəvəsinin alnından
öpdü:
- Günəş
batmır, oğlum, heç vaxt batmır, qürub edir.
Qürubun nə olduğunu, inşallah, mənim kimi baba olanda
biləcəksən.
Baba qanrılıb
sağ əlini Şərqə sarı uzatdı:
- Bax, sabah səhər
orada günəş doğacaq, sənin günəşin!
- Mənim günəşim?
Ay aman, nə yaxşı!...
- Hə, sənin günəşin,
- nəfəsini dərib əlavə etdi, -
balalarımızın, dünyamızın günəşi!...
Əlövsət Bəşirli
Ədalət.- 2010.- 25 sentyabr.- S. 13.