ONLARIN DÜNƏNİ: ŞUŞA VƏ ONUN BAŞ MEMARI TOFİQ ZEYNALOV

 

MEMAR HAQQINDA PRİTÇA - 2

 

Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.

Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar?

Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.

Bu gün proektimizin davamı olaraq tapdaqlar altında qalan ŞUŞA və onun baş memarı Tofiq Zeynalovun DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq istərdik.

Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.

Tofiq Zeynalov "keçmiş bir memar" kimi izah eləməyə çalışır. Və çox qəribəydi ki, üzünü mənə tutub deyir bu şeyləri. Və mən vəziyyəti yüngünləşdirmək üçün lap adi bir sual verirəm:

- Tofiq müəllim, o məscidlərdən hansı indi müsafir qəbul eləyir, onlardan hansına baxmaq olar?

- Heç birinə!

Cavab o qədər qısa və sərt deyilir ki, mən onun əsəbiləşdiyini hiss eləyirəm. Və ürəyimə damır ki, bu saat o deyəcək: mən Vətən zəliliyəm (Vətən deyəndə o məhz Şuşanı nəzərdə tutur. Və sonradan öyrəndim ki, onun belə deməyə əsası var. Bu barədə də bir qədər sonra). MƏN VƏTƏN ZƏLİLİYƏM.

Bu ifadəni Tofiq tez-tez deyir. Və hər dəfə də ona elə gəlir ki, qarşısında oturan adam ya bu sözləri eşitmir, ya da onun dəyərini başa düşmür. Mənəsə elə gəlirdi ki, bu sözlərdə qəribə bir ağrı-acı, qəribə bir təəssüf, daha sərt desək göz yaşları vardı. Vardı deyəndə ki, Tofiqin üz-gözündəki ifadədə və həqiqətən də adi vaxtlarda da belə bir az nəmli olan gözlərinə baxanda istər-istəməz bu ovqat adamda yaranırdı. O bu sözləri dedikdə klassik ədəbiyyatımızın mənə məlum olan iki misrasını xatırlayırdım:

 

Qürbətdə deyirdin ki, Zülali

vətənim var,

Gəlsin gözünə qara su,

Ağsu Vətən oldu.

 

"Şuşa mənim gəncliyimdi!"

"Mən Vətən zəliliyəm!"

 

Bu sözlər memar Tofiq Zeynalovundur!

Nəydi bu ifadələrin tutumu? Nəydi Tofiq Zeynalovun iyirmi il qabaq çox gənc, çox mübariz, başında sevdalar dolu, ürəyində çin-çin arzular dolu bir vaxtında yadına belə düşməyən və yatanda yuxusuna da girməyən bu sözlərin ağrı-acısı? Nəydi bu sözlərin bugünkü anımı?

Tofiqin iki qardaşı var. Onlar Bakıda yaşayır. Ailə vəzifə sahibləridi. bu günün özündə tez-tez Şuşaya gəlirlər, Tofiqlə görüşürlər, burada - ata yurdunda qonaq qalıb, istirahət eləyib, Şuşanın allah qisməti olan havasını udub, meşəsində dincəlib qayıdırdılar geriyə - Bakıya!

Tofiq qalır Şuşada!

Tofiq Zeynalov memarlıq fakültəsində oxuyanda gözəl tələbə olub, gözəl - yəni səliqəli, oxuyan, ictimaiyyətçi, dostları-yoldaşları arasında başına and içilən, müəllimləri arasında hörməti olan tələbə olub. Hələ tələbəykən onun işlərini nümunə göstəriblər. Ona etibar ediblər, ən başlıcası təklif eləyiblər ki, Bakıda qalsın. Deyiblər ki, sənin kimi ayıq, ictimaiyyətçi, bilikli, gələcəyi olan bir tələbə, insan bizə lazımdır. Biz sənin şəxsində gələcəyin gözəl memarını görürük.

Deyiblər, Tofiq sakitcə qulaq asıb. Və öz bildiyini, bir az da qardaşlarının arzusunu uca eləyib.

Qayıdıb Şuşaya! Şuşadan getmişdi, qayıdıb Şuşaya! Bu diri, bu yaraşıqlı, ziyalılarımızı öz keçmişiylə valeh eləyən Şuşaya. Onu Şuşaya nə bulaqlar gətirib, nə İsa bulağının haqqında oxunan gözəl nəğmələr, nə də bulaqlar üstündə cızhacızla yanan şişlər, kabablar. Bunların hamısını Tofiq görmüşdü. Bunların hamısını bilirdi. Dadmışdı. Başında memarlıq sevdası, içində ulu istəklər, muasir dillə desək, geniş perspektivli planlar gəldi doğma Şuşaya. Elə Şuşa da pis qarşılamadı bu mübariz, bu inadkar, bu "Vətən zəlili"ni!

Mənim Tofiq Zeynalova verəcəyim suallardan biri də beləydi ki, "SİZİ ŞUŞAYA ÇƏKİB GƏTİRƏN NƏ OLDU? AXI SİZ ÇOXLARININ "RÖYALARININ ŞƏHƏRİ" OLAN BAKIDA QALA BİLƏRDİZ. SİZİN TƏYİNATINIZ BAKIYA OLUB. SİZİ BAKIDA SAXLAYIRDILAR".

Mən bunları ondan soruşmadım. Təsadüf elə gətirdi ki, biz Tofiqlə şəhəri gzdiyimiz günlərdə onun Bakıda yaşayan qardaşları da Şuşaya gəldi. Onlarla yaxından tanış oldum. Qardaşlardan biri - böyüyü Mobil dedi ki, ona mən elədim. Mən dedim qayıt get ata yurduna. Qoy orada bir adam olsun. Bir mənə elə gəlir ki, o, Şuşada daha çox görə bilər, daha çox xeyir verə bilər. Mən elədim ona".

"Daha çox iş görə bilər. Daha çox xeyir verə bilər. Mən elədim ona". Mobil müəllimin, Tofiqin qardaşının dediyi bu sözlərdə xəfif bir giley, kədər təəssüf vardı. Mən bunları gözəl duyurdum.

Tofiq Zeynalov iyirmi ilə (!) yaxın Şuşa şəhərinin (!) baş memarı olub. Söhbətimizin əvvəlində dediyimiz kimi indi o artıq baş memar deyil. Və ümumiyyətlə, memar işləmir. Mən onun son iş yeri ilə maraqlandım və bir gün oraya getdim. Onun indiki iş yeri memar emalatxanasından çox rəngsaz otağını xatırladır. Və həmin bu rəngsaz otağında mən Tofiqin, bəlkə də başqalarının əl işlərini gördüm. Şüarlar... Avtomobil nişanları... Müfəttişlik üçün müxtəlif stendlər. Gündəlik tələbata cavab verəcək neçə-neçə sifariş gördüm. Tofiq bu rəngsaz otağında rəhbər də deyil. Buranın başçısı cavan bir oğlan, sənətlə bağlı olmayan bir adamdı. İndi Tofiq onun əlinin altında işləyir. Onun əlinə baxır.

Bütün bunları mən ona görə demirəm ki, Tofiq Zeynalov elə ömrü boyu baş memar olmalıydı. Vəzifə başında durmalıydı. Guya göstəriş verməliydi. Belə şeylər açığı heç Tofiqin ürəyindən də deyil. Və yaxud adını bilmədiyim və emalatxanaya daxil olanda başları bərk şahmat oyununa qarışan, otağa daxil olan yad adama məhəl belə qoymayan o bomboz sifətli oğlan indi Tofiqin rəhbəridir. Yox, bütün bunlar həyatın tələbi olmasa da taleyin, gərdişin töhfəsi idi.

Bunlar hamısı olub. Keçmiş şeylərdi. Atalar deyib: olacağa çarə. Ancaq bir böyük həqiqət var ki, olacaqları biz özümüz yaratmırıqmı? məhz elə belə bütün bunlar Tofiq Zeynalovun taleyinə yazılmışmış. Şair təbiətli, şairanə şeirlər müəllifi Tofiq Zeynalovun özünün dediyi kimi kimsə başqa bir Tofiq, Məmməd, Cəfər onsuz da Şuşada onun gördüyü işləri görməliydi. Ya pis, ya yaxşı.

birdən necə oldusa onun gözləri yol çəkdi. :

 

Mənsiz də dünyanın işi

keçərmiş,

Əcəba, mən niyə dünyaya

gəldim...

 

dedi. Sətirlər onun dilindən qeyri-ixtiyarı qopdu. Əslində bu misraları o demirdi. Mənə elə gəlirdi ki, zarıyırdı. Ağlayırdı. Ya bu mənim uydurmam idi. Ya da Tofiqin sifətindəki ifadənin məndə yaratdığı anım, əhval-ruhiyyə, ovqatdan idi bu.

Tofiqin indi işlədiyi emalatxanamı deyək, rəngxanamı deyək, şahmatxanamı deyək, bilmirəm, həmin o xanaya yenidən gələndə sevimli şairimiz Əli Kərimin bir ömrün acısını ifadə eləyən misraları yadıma düşdü:

 

Sən mənim qədrimi biləsən

deyə,

Bu cavan yaşımda ölümmü

indi?

 

Və sonra vaxtilə bu memarın sorağıyla uzaq-uzaq ellərdən Şuşaya gələn onun işlərinə, memarlıq abidələrinə heyranlıqla baxan və onun haqqında yazan bir neçə müəllifin yazısından nümunələri xatırlatmaq istərdim:

"Vokruq sveta" jurnalı, ¹ . 1974-cü il. Həmin jurnalın xüsusi müxbiri V.Levinin qeydlərindən: "Gecə ağır-ağır qanadlarını dağların başından yığır, dumana bürünmüş qayalıqlara günəş zərrəcikləri yayılmağa başlayır. Qayalar əntiq, cəvahirat kimi parlayır. Adam öz gözlərinə inanmır; bu əfsanəvi gözəlliyə baxırsan, elə sakitlik, elə sakitlikdi ki, qayalarda sürünən dumanın səsini belə eşitmək mümkündür.

- yazırsan? - deyə Tofiq soruşur.

... Tofiq Zeynalov Şuşanın baş memarıdır. Gəncdir, cəlddir. Möhkəm və sağlam oğlandır, məni də bu sübh çağı dartıb gətirib bura. Gəldiyimə peşman deyiləm.

... Sonra mən növbəti iş plananın müzakirəsi olan iclasa gedirəm. Burda söhbət dəqiq və hay-küysüzdür. Hələlik tarixi nüanslar ikinci plandadır. Günün məsələləri həll olunur. Təsərrüfatçılıqdan danışırlar: maşın lazımdır, bel lazımdı, truba lazımdı, qaynaqçı lazımdır. Mən bu danışıqlardan ondan birini başa düşürəm. Onlar mənə məhəl qoymurlar. Elə ki, işgüzar söhbətlər qurtarır, elə qalırıq üçümüz - Tofiq Zeynalov, rayon partiya komitəsinin birinci katibi Qəşəm Aslanov və mən, imkan tapıb soruşuram:

- Doğrudanmı bu memorial olacaqmı, onun olacağı realdımı, həqiqətdirmi?

- Necə yəni həqiqətdi - deyə Aslanov bir az inciyən kimi olur. Artıq proyekt var, smeta var. Bir neçə ildən sonra gəlib görəcəksiniz ki, orda nələr var, necə müğənnilər "oxuyur".

Qarşımda sxemlər və çertyojlar vərəqlənir, ağ və göy xətlər arzu xətləri kimi uzanıb gedir. Tofiq barmağını bu xətlərin üzərində gəzdirib dayanır və yknə də davam eləyir. "Vaqifin, burda Natəvanın, Nəvvabın, Hacıbəyovun, Bülbülün abidələri qoyulacaq".

Diqqət! Mən başqa məqalələrdən və başqa fikirlərdən bəziləriylə oxucuları tanış etməzdən qabaq bir haşiyəyə çıxım.

 

 

(Davam edəcək)

 

Tofiq Abdin

 

Ədalət.- 2010.- 25 sentyabr.- S. 15.