ANLAŞILMAYAN DAHİ

 

Bəşəriyyət Tanrının vergi, fitri istedadla mükafatlandırdığı şəxsiyyətlər hesabına bugünki inkişafa çatıb, indiki nailiyyətləri əldə edib. Məhz Böyük Yaradan tərəfindən seçilmişlər insanlığı bütün canlıların fövqünə qaldırıblar. Əlbəttə, həyatın ən müxtəlif sahələrində fenomen qabiliyyətlərə, qeyri-adi bacarığa malik şəxsiyyətlər, elm və sənət sahibləri olmasaydı kim bilir bəşəriyyətin indiki halı necə olardı. İnsanlıq yaratdı, kəşflərə imza atdı, inkişaf elətdirdi. Yəqin ki, bundan sonra da belə olacaqbizim hələ bilmədiyimiz, adını belə tapmadığımız nailiyyətlərin də şahidi olacağıq. Bu bəlkə də həyatın var olma stimuludur.

Yazılı məbələrdə tarixi qədim dövrlərədək gedən şahmatın Hindistanda və ya İranda yarandığı haqda məlumatlar vardır. Məncə onun vətəni elə bütövlükdə Yer kürəsidir. Çünki dünyanın elə bir yeri yoxdur ki, orada bu ecazkar oyun oynanılmasın, sevilməsin. Deyilənə görə, bir zamanlar ağlın, dərrakənin rəmzi kimi qəbul edilən şahmat elitar məclislərin bəzəyi, sanbalı sayılıb. Şahmatı bilməyənlər, şahmatdan ən azı məlumatı olmayanlar hansı sərvət sahibi olsalar da onlar mötəbər sayılmayıblar. Məhz kamil və dərin məntiqi məziyyətlərə malik olmasına, oynanılması üçün zəka və iti mühakimə tələb edilməsinə görədir ki, şahmat min illərdir forma və məzmunun dəyişmədən yaşayır və heç vaxt öz populyarlığını itirməyib.

19-20-ci əsrlərdə şahmat öz inkişafının və şöhrətinin yeni, müasir mərhələsinə sahib oldu. Və şahmat şübhəsiz ki, onu daim dünyanın maraq dairəsində qalmasına səbəb olan və adları tarixin dərin qatlarında qalaraq hələ də üzə çıxmayan şətrənc bilicilərinə, şahmat ustalarına... həmçinin Alyoxinlərə, Fişerlərə... də borcludur. Eləcə bu nəhəng ustalar da məhşurluqlarına görə, adları tarixə düşdüyünə görə, şahmatın mükəmməlliyinə borcludurlar.

 

ROBERT CEYMS

 

Robert 1943-cü il mart ayının 9-da Amerikanın Çikaqo şəhərində yəhudi ailəsində anadan olub. Və əvvəlcədən onu demək olar ki, Robertin uşaqlığı heç də xoş keçməyib. Siyasi baxışlarına görə kommunist olan atası Hans-Herhardt Fişer ikinci dünya müharibəsindən sonra Almaniyaya qayıtdı, kiçik Robert isə anası Reqina Venderlə tək qaldı. Məlumatlardan belə aydın olur ki, ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib. Bu şəxs həyatdan köçənədək Robert Ceymsin məktəbdə oxumasının, böyüməsinin, təhsil haqqının qayğılarını öz üzərinə götürüb. (Hətta bəzi müəlliflər ümumiyyətlə P. Nemenini Robertin əsl atası olduğunu da iddia edirlər).

İsveçrəli yəhudilərdən olan anası sonradan Amerikanı tərk eləmək qərarına gəldi. Robert Ceyms 16 yaşına çatar-çatmaz İngiltərəyə köçdü və burada yenidən ərə getdi. Bəzi mənbələrdə isə onun İsveçrəyə qayıtdığı göstərilir. Möhtəşəm şahmatçı sonradan qazandığı məşhurluğa, milyonlara görə, əslində özündən böyük bacısına da minnətdar olmalıdı. Çünki uşaq yaşlarından başlayaraq Robertə bu sehirli-sirli oyunu bacısı Coanna öyrətdi. Amma o vaxt gənc qız heç ağlına belə gətirməzdi ki, ona söylənənləri heyrətamiz bacarıqla qavrayan bu uşaq çox çəkməyəcək ki, bütün dünyanının diqqətini özünə cəlb edəcək. Robert heyrətamiz qabiliyyətə malik idi. Məhz bu istedadı 14 yaşında olarkən ona ABŞ-da keçirilən çempionata qatılmaq imkanını verdi. Və onda bu yeniyetmə nəinki ailəsini, onu adi bir uşaq kimi tanıyanları, hətta bütün Amerikanı heyrətləndirdi. Bobbi Fişer (ona çoxları belə mürciət edirdi) Birləşmiş Ştatların çempionu oldu və göstərdiyi nəticələrə görə, 15 yaşında dünyanın ən gənc qrossmeysteri adına sahibləndi. Bundan sonra isə Robert Çeyms özünü bütünlüklə şahmata həsr etmək üçün başqa məşğuliyyətləri bir kənara qoydu, hətta məktəbi belə atdı. O deyirdi: "ən çox məşğul olmaq istədiyim şey şahmat oynamaqdır".

 

ŞÖHRƏTİN BAŞLANĞICI

 

Çox keçmədi ki, Bobbi Fişerin şöhrəti Birləşmiş Ştatların sərhədlərini aşdı. 15 yaşında olarkən artıq bütün dünya bu yeniyetmənin adını bilir, onun şahmatdakı məharətinə heyranlıqla izləyirdi. Daha öz ölkəsində onun qarşısına çıxa biləcək bir şahmatçı qalmamışdı. Fişer möhtəşəm idi. 1958-ci ildə keçmiş SSRİ-də Şahmat Olimpiadası keçirildi və Robert Fişer də ABŞ komandasında çıxış etdi və özünün fenomen bacarığı ilə böyük səs-küy yaratdı. Əslində Bobbi yalnız şahmatda fərqli deyildi, o həm də keçirdiyi həyat tərzində, qeyri-ənənəvi çıxışlarında, çoxlarını çaş-baş salan davranışlarında da digərlərinə bənzəmirdi. Hələ yeniyetmə vaxtlarında, məktəbə getməkdən imtina edərkən verdiyi açıqlamalar böyük əks-səda yaratmışdı. O demişdi: "Məktəbdə öyrəniləsi heç nə yoxdur. Çünki müəllimlər axmaqdır. Qadınların müəllimlik etməsi düzgün deyil. Mənim oxuduğum məktəbdə yalnız idman müəllimi axmaq deyildi - o pis şahmat oynamırdı".

 

YARIŞ SİSTEMİNƏ ETİRAZ

 

Həmin illər ölkənin ekspertləri onun fitri istedada malik olduğunu etiraf etdilər və Bobbinin şahmat tacına sahib ola biləcəyini söylədilər. Bunun üçün onun bütün imkanları vardı. Robert Fişer ilk çağlarından belə debüt nəzəriyyələrini əla bilir, mövqeləri gözəl dəyərləndirməyi bacarır, çox yaxşı texnikaya yiyələnmişdi. Onun özəl cəhətlərindən biri də həmişə qələbəyə oynamasıydı. Bobbinin 19 yaşı olanda Dünya Çempionu tituluna namizədlərin turnirinə qatıldı, orada yaxşı oynasa da istədiyi qələbəni əldə edə bilmədi. Və dünya onda uduzmağa alışmamış Fişerin sərt xarakteri ilə tanış oldu. Bobbi Fişer məğlubiyyətinin səbəbini şahmat yarışlarının keçirilmə sistemi ilə əlaqələndirdi. O, SSRİ şahmatçılarının sayının həddən artıq çox olmasına etirazını bildirdi. Robert Fişer söyləyirdi ki, sovet ölkəsindən olan çoxsaylı şahmatçılar yarışlarda siyasi məqsədlər naminə biri-birləri ilə heç-heçə oynayaraq əziyyət çəkmədən xeyli xal toplayırlar. Və o, bəyan etdi ki, bu qaydalar dəyişməsə daha Dünya Çempionu adı uğrunda mübarizələrdə iştirak etməyəcək. Həqiqətən də Fişer bundan sonra kölgəyə çəkildi, 60-cı illərədək yarışlarda görünmədi.

 

HEYRƏTAMİZ BOBBİ

 

Bundan sonra müxtəlif beynəlxalq yarışlara və xüsusi qarşılaşmalara qatılan Bobbi Fişer parlaq qələbələr qazanaraq özü haqqında əfsanələr yaratdı. 1960-cı ildə Mar-del-Plata matçında 15 partiyanın 13-də qələbə (bir heç-heçə, bir məğlubiyyət) qazandı, həmin il ABŞ-Almaniya qarşılaşmasında Danqonu məğlubiyyətə uğratdı. 14-cü Olimpiadada da Robert Fişer inanılmaz idi. 18 matçın 10-da qələbə (cəmi 2 məğlubiyyət, 6 heç-heçə) əldə edərək yenidən dillər əzbəri oldu. Ardınca 19 yaşlı Bobbi Fişer 1962-ci ildə Stoqholmda keçirilən Şahmat üzrə Beynəlxalq Turnirdəki 22 qarşılaşmanın 13-nü qələbə və 9 heç-heçə ilə başa vuraraq yarışı məğlubiyyətsiz başa vurdu və birincilik qazandı. Amma qalibiyyətlər davam edirdi. 1962-63-64-cü illərdə ABŞ-da baş tutan müxtəlif yarışmalara qatılan Fişer rəqiblərini biri-birinin ardınca məğlub edərək qeyri-adi istedadını bir daha göstərdi.

Amma 1965-ci ili və 1966-cı ilin əvvələrini Fişer üçün uğurlu hesab etmək olmaz. Bu müddət ərzində Bobbi bir sıra qarşılaşmalarda ondan gözlənilən nəticələri əldə edə bilmədi. Amma dünya onu yenə şahmatın qəhrəmanı bilməkdə davam edirdi. Çünki o, 1966-cı ildə Kubanın paytaxtı Havanada keçirilən 17-ci Olimpiadada parlaq qələbə qazanaraq hər kəsə bir daha anlatdı ki, şahmatda Fişerdən güclüsü yoxdur. O, burada 17 partiyanın 14-nü uddu, ikisini heç-heçə etdi, yalnız birində məğlub oldu. Bu səs-küylü bir qələbə idi. Amma Fişer heçbunlarla kifayətlənmədi. Onun müxtəlif beynəlxalq turnirlərdəki qarşılaşmaları, məşhur şahmat ustaları ilə matçları qələbələr ilə nəticələndi. 1968-ci ildə İsraildə, bir qədər sonra isə Yuqoslaviyada keçirdiyi qarşılaşmaları (hər birində 13 matç; 10 qələbə və 9 qələbə) məğlubiyyətsiz başa vuraraq müdhiş qalibiyyətə imza atdı. Bobbi birinci idi. Ümumiyyətlə, dahi şahmatçının qələbələri haqqında bir yazıda bəhs etmək qeyri-mümkündü. Robert Fişer özünün 16 illik şahmat karyerasında müxtəlif statuslu beynəlxalq yarışlarda 600-ə yaxın oyun keçirib, cəmi 61-də məğlub olub. Əksər şahmat mütəxəssisləri qəribəliklərlə dolu olan bu adamı şahmatın dahilərindən biri hesab edirlər.

Onu da qeyd etmək lazımdır ki, fitri istedada malik əksər insanlara məxsus qəribəliklər Robert Fişerdə də özünü göstərmişdir. Hətta belə demək mümkünsə, Bobbinin bir sıra məğlubiyyətlərinin səbəbi onun qəribə davranışları ilə bağlı idi. Elə beynəlxalq qarşılaşmalar olub ki, Fişer öz kaprizləri ucbatından matça gecikib, ya ümumiyyətlə getməyib. Fişer o dövrdə şahmatda "rus nəzarəti"ni ən sərt şəkildə tənqid edərək bu oyunun da siyasiləşdirilməsinin əleyhinə addımlar atıb. O hətta bundan ötrü öz çempionluq titulunu, şahmat karyerasını, şöhrətini risqə qoymaqdan belə çəkinməyib. Bunu Fişerdən savayı heç kim edə bilməzdi. SSRİ ilə bərabər Amerikanın da siyasətini tənqid edən Fişer heç şübhəsiz ki, özünə ən yüksək səviyyədə düşmənlər qazandırırdı. Bəlkə də elə bu üzdən idi ki, dünyanın ən nəhəng şahmatçısı bank oğurluğunda ittiham edilərək türməyə də salındı və 8 ay həbsdə qalmalı oldu. Amma ittiham sübuta yetmədiyi üçün Fişeri azadlığa buraxdılar.

Fişer dünya şahmat tacı uğrunda mübarizəyə qoşuldu. 1971-ci ildə taca ən nəhəng iddialıların mübarizəsi başladı. Burada o özünü tamam ayrı ampluada göstərməyi bacardı. Belə ki, hamı səbrsiz, sensasion, qəribə Bobbinin əvəzinə səbrli, gözləməyi sakitcə bacaran, susqun Fişeri gördülər. O, oyunları ilə hamını yenidən heyrətləndirdi. Məşhur qrossmeyster B. Larsenlə altı dəfə qarşılaşdı və bütün oyunlarda qələbə qazandı. Ümumiyyətlə, Fişer bütün seçmə oyunların hamısından qələbə ilə keçərək həlledici qarşılaşmada dövrün böyük şahmatçısı hesab olunan Tiqran Petrosyanı sözün əsl mənasında darmadağın edərək Dünya Çempionu Boris Spasski ilə oynamaq imkanı əldə etdi.

 

1972-ci il REYKYAVİK

 

Dünyanın diqqət mərkəzində olan bu qarşılaşma 1972-ci ilin sentyabrında Reykyavikdə keçirildi. Fişer bu matçda sübut etdi ki, şahmat tacının yeni sahibi odur. O bu qarşılaşmada 21 partiyadan yalnız 3-də məğlubiyyətə məruz qaldı. Əvəzində 7 qalibiyyət və 11 heç-heçə əldə edərək tacı Spasskinin əlindən aldı. 29 yaşlı amerikalını vətənində milli qəhrəman kimi qarşıladılar. Çünki tac Moskvadan Vaşinqtona gətirilmişdi. O, Amerikanın fəxri hesab olunurdu. Qazandığı qələbə münasibəti ilə hətta Fişeri Evə nahara dəvət etdilər, amma həmişə davranışları ilə fərqlənən Bobbi bu dəvətdən imtina etdibunun səbəbini belə açıqladı: "mən yemək çeynəyərkən hamının mənim ağzıma baxmasına dözə bilmərəm". Amma Fişerin Dünya Çempionu adı onda çox qalmadı. FİDE onu bu addan məhrum etdi. Ona görə yox ki, Fişer hansısa qarşılaşmanı uduzmuşdu. Xeyr. Bobbi Fişer FİDE-yə bir sıra şərtlər irəli sürdü, onların yerinə yetirilməyəcəyi təqdirdə görüşə gəlməyəcəyini bildirmişdi. İrəli sürülən şərtlərə rədd cavabı gəldiyinə görə, o həqiqətən də 1975-ci ildə dünya çempionluğunun finalına - Anatoli Karpovla keçiriləcək matça gəlməkdən imtina etdi. Bu əsl sensasiya idi. Və bunu da yalnız Fişer edə bilərdi. FİDE onu bu hərəkətinə görə dünya çempionu titulundan məhrum etdi. Bu hadisədən sonra Robert Fişer uzun illər özünü dünyanın gözündən gizlətdi. Bu, təxminən 20 ilə yaxın davam etdi.

Belə demək mümkünsə, Fişerin şəxsi həyatı heç də qibtəedici olmayıb. "Gizlinə çəkildiyi" o illər ərzində Fişer bir neçə qadınla sevgi romanları yaşadı. Budapeştə gələn Bobbi 18 yaşlı macar şahmatçı Zita Rayçani ilə bir müddət yaşadı. Və deyilənə görə, bu qadın onun yenidən şahmata qayıtmasında müəyyən rol oynayıb. Yuqoslaviyalı bankir Y. Vasileviç gözlənilmədən artıq çoxlarının yaddından çıxmış Fişerə kommersiya şərtləri ilə Karpova qarşı matç-revanş təklifləri etdi, eks-çempion gözlənilmədən bu təkliflə razılaşdı və belə hesab olunur ki, məhz Rayçani bu işdə az rol oynamayıb. Mükafat fondu 5 milyon dollar təyin olunmuşdu. Tərəflər 10 qələbəyədək oynamalıydılar. Amma burada da Fişerlə dünyanın diqqətini özünə çəkən bir hadisə baş verdi. Matç öncəsi Bobbi Fişerə rəsmi xəbərdarlıq gəldi. Yuqoslaviyaya beynəlxalq sanksiyalar tətbiq edildiyi üçün matç keçiriləcəyi təqdirdə Robert Fişeri 10 il müddətinə həbs gözləyirdi.

Fişersə mətbuat konfransında hamının gözləri qarşısında rəsmi məktubu cırıb tulladı, sonra isə tüpürdü, hətta Birləşmiş Ştatların ünvanına kəskin sözlər işlətdi. Və qarşılaşma baş tutdu. Rəqiblər 30 partiya oynadılar. Robert Fişer 10:5 hesabı ilə Anatoli Karpov üzərində qələbə qazandı. Fişer bu qarşılaşmanı dünya çempionluğu matçı adlandırdı. 12-ci dünya çempionu Anatoli Karpov Fişeri çox yüksək qiymətləndirərək sonralar demişdi: "...Mən deyərdim ki, o anlaşılmaz dahi idi" O bundan sonra ABŞ-a qayıda bilməzdi. Çünki vətənində onu həbs gözləyirdi. Robert Fişer bir neçə il Avropada yaşadıqdan sonra qəfildən Z. Rayçani ilə əlaqələrini üzüb Şərqə üz tutdu. Filippində 22 yaşlı Merilin Yanq adlı bir qadınla tanış oldu və bu bərabərlik xeyli müddət davam etdi. Deyilənə görə Bobbiinin bu qadından Cinki adlı bir qızı da varmış. Amma böyük şahmatçının ölmündən sonra vərəsə sahibi olmaq üçün aparılan ekspetizanın nəticələrindən məlum oldu ki, qızın atası Fişer deyil.

 

HƏYATININ SON DÖVRLƏRİ

 

ABŞ-ın siyasəti əleyhinə yenidən çox kəskin bəyanatlar verən Fişer Yaponiyanı tərk etmək istərkən həbs olundu və bu hadisəyə görə Yaponiyanı ABŞ-ın marionetkası adlandırdı. O vaxt onun ciddi cəzalanacağını düşünürdülər. Amma sadiq dostlarının, çoxsaylı pərəstişkarlarının köməyi ilə Bobbi təhlükədən qurtuldu və bu məsələni bir dəfəlik həll etmək üçün yaşamağa İslandiyaya gəldi və oranın vətəndaşlığını qəbul etdi. Onda Robert Fişerin artıq 62 yaşı var idi və səhhətində müəyyən problemlər yaranmışdı. Ümümiyyətlə, onun həyatının son üç ili haqqında heç nə məlum deyil. Yalnız 2007-ci ilin noyabrında İslandiya qəzetləri qəfildən belə bir xəbər yaydılar ki, böyük şahmatçı ciddi xəstələndiyi üçün xəstəxanaya yerləşdirilib. Xəstəliyi haqqında bir sıra şayiələr yayılsa da sonradan məlum oldu ki, Fişerin böyrəkləri pis vəziyyətdədir. Hətta həkimlər vəziyyətin ümidverici olmadığını görüb onu evə göndərmək istəyiblər. Amma... adı dillər əzbəri olan fenomen şahmatçı, 11-ci şahmat çempionu Bobbi Fişer elə qospitaldaca 2008-ci il, 17 yanvarda dünyasını dəyişdi.

Reykyavikdə, çox sadə bir qəbrdə dəfn edilən möhtəşəm şahmatçının özünün istəyinə görə, yas mərasiminə çox az adam çağırılmış, jurnalistlərsə mərasimə buraxılmamışdı.

 

 

BABƏK YUSİFOĞLU

 

Ədalət.- 2010.- 28 sentyabr.- S. 3.