Azərbaycan ekologiyasının ötən ili

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi sahəsindəki çoxşaxəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Bu çərçivədə Nazirlikdə yaradılan Ekoloji Təbliğat şöbəsi "Azərbaycan Respublikasında əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanuna əsasən əhalinin maarifləndirilməsi, ictimaiyyətlə və QHT-lə əməkdaşlıq kimi vəzifələri yerinə yetirərək ekoloji təbliğat sahəsində işlər görür.

Şöbə tərəfindən ekoloji təbliğat məqsədilə Respublika ərazisində ekoloji təqvimə uyğun tədbir keçirilir, Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işlərin, mövcud problemlərin təbliği və araşdırılmasına həsr edilmiş "dəyirmi masa"lar, diskussiyalar, forumlar, konfranslar təşkil edilir, sosial reklam çarxları, ekoloji plakatlar hazırlanılır və yayılması təmin edilir.

Əvvəlki illərdə olduğu kimi 2009-cu il ərzində də Nazirliyin ekoloji təbliğat şöbəsi və regional təbliğat sektorları tərəfindən əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif kütləvi tədbirlər həyata keçirilmişdir.

Belə ki, ölkədə ekoloji mühitin sağlamlaşdırılması sahəsində misilsiz xidmətləri olan Ümummilli Lider H.Əliyevin doğum günü ərəfəsində YAP Gənclər Birliyi ilə birgə Ümummilli Liderin 70-ci illərdən etibarən həyata keçirdiyi yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə siyasətinin daha geniş təbliğ olunması, onların qorunub saxlanmasını təmin etmək məqsədilə ali məktəb tələbələri arasında "Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi" adlı məqalə müsabiqəsi keçirilmişdir. Həmçinin, eyni adlı elmi konfrans, eləcə də regionlarda gənclərin bu istiqamətdə maarifləndirilməsi üçün treninq və iməciliklər təşkil olunmuşdur.

Ekoloji təqvim günlərində (Yer günü, Ətraf mühit günü, Dəniz günü və s.) KİV-də məqalələr dərc olunmuş, televiziya və radio kanallarında çıxışlar edilmiş, respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin aparılması məqsədilə iməciliklər təşkil olunmuş, təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universiteti, Texniki Universitet və Neft Akademiyası və digər ali təhsil müəssisələrinin müəllim və tələbələrinin iştirakı ilə ekoloji mövzularda seminar məşğələlər, dəyirmi masalar, Bakı şəhərinin bir sıra orta məktəblərində Nazirliyin təcrübəli mütəxəssisləri ilə görüşlər keçirilmişdir.

Heyvanların mühafizəsi və quşların müşahidəsi günlərində heyvan və quş növlərinin öyrənilməsi eləcə də mühafizəsi ilə əlaqədar QHT və KİV nümayəndələrinin, o cümlədən alimlərin iştirakı ilə Şirvan Milli Parkında seminar keçirilmişdir. Seminarda biomüxtəlifliyin qorunması, mühafizə olunması barədə müzakirələr aparılmış, məruzələr edilmiş, jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır. Tədbirin sonunda Salyan rayonunun 4 orta məktəb şagirdləri arasında bu günlə bağlı breyn-rinq yarışı keçirilmiş və qaliblər mükafatlandırılmışdır.

"Xəzər həftəsi"nin qeyd olunması ilə əlaqədar Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Ekoloji təbliğat şöbəsinin əməkdaşları KİV nümayəndələri ilə birgə Neftçala rayonu Xıllı Nərə Balıqartırma zavodunda olmuşlar. Müəssisədə yetişdirilən nərəcinsli balıqlar jurnalistlərə nümayiş etdirilmiş, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyi ilə əlaqədar "İnsan Hüquqları aylığı"nda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumları ətraf mühitin mühafizəsi sahəsində vətəndaşlara hüquq və vəzifələri barədə geniş məlumatların verilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir.

Belə ki, "İnsan Hüquqları aylığı" çərçivəsində Nazirliyin aidiyyəti strukturları və QHT-nin iştirakı ilə "Ətraf mühitin mühafizəsi sahəsində ölkə əhalisinin hüquqlarının təminatı istiqamətində ETSN tərəfindən həyata keçirilən tədbirlər, perspektivlər" mövzusunda dəyirmi masa, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquq və vəzifələrinin öyrədilməsi məqsədi ilə 46 saylı Məktəbdənkənar İş Mərkəzi ilə birgə Bakı şəhəri məktəbliləri arasında "Breyn - Rinq" bilik yarışı, İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası olaraq respublikanın müəssisə, təşkilat və təhsil ocaqlarında ekoloji təbliğat xarakterli tədbirlər həyata keçirilmişdir. Eləcə də Nazirliyin regional şöbələri tərəfindən ətraf mühitlə əlaqədar əhalinin məlumat almaq hüquqlarının təminatı sahəsində müvafiq olaraq "Qazax və Gəncə Orhus mərkəzləri tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr" mövzusunda QHT-nin, yerli ekoloqların, bu sahədə çalışan elm adamları və ziyalıların iştirakı ilə dəyirmi masalar təşkil olunmuşdur.

Hər il olduğu kimi ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətdən davamlı istifadənin təmin olunması ideyalarının yayılması və əhalinin məlumatlandırılması məqsədi ilə jurnalistlər və telerepartyorlar arasında 5 iyun "Ümumdünya ətraf mühitin mühafizəsi günü" ərəfəsində ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və telereportajlar üzrə müsabiqəyə yekun vurulmuşdur

Nazirlik 2009-cu ilin"Uşaq ili" elan edilməsi ilə əlaqədar keçən dövr ərzində respublikanın şəhər və rayonlarında bilavasitə uşaqların iştirakı təmin olunmaqla müxtəlif kütləvi tədbirlər həyata keçirmişdir. Belə ki, "Uşaqları dinləyək, onların iştirakını təmin edək" devizi altında oktyabr ayının 20-dən noyabr ayının 20-dək respublikada keçirilən uşaq aylığı ilə əlaqədar respublikanın şəhər və rayon mərkəzlərində, kənd və qəsəbələrindəki məktəb və uşaq baxçalarında, o cümlədən, Bakı şəhərinin 225 və 249 saylı, Mingəçevir şəhəri 3 saylı, Lənkəran şəhəri 6 saylı, Cəlilabad şəhəri 1 saylı, Səlyan şəhəri 5 saylı, Şəki şəhəri 4 saylı, Qazax rayonu Əskipara kənd və Xaçmaz rayonu Suxtakələ kənd orta məktəblərində, İmişli şəhər uşaq yaradıcılıq mərkəzində, Bakı şəhəri 240 və 222 saylı uşaq baxçalarında seminar məşğələlər, rəsm müsabiqəsi, dəyirmi masa, bilik yarışı və s. tədbirlər keçirilmişdir.

Ekoloji problemlərin həllinə ictimaiyyəti cəlb etmək məqsədilə "Şəhərin zibillənməsi", "Havanın çirklənməsi", "Səhralaşma" və "Nərəkimiləri birgə qoruyaq" mövzularında çəkilmiş reklam çarxları televiziya kanallarında yayımlanmış və Nazirliyin İnternet saytında yerləşdirilmişdir. Həmçinin, qeyd olunan 4 reklam çarxlarından ibarət hazırlanmış 500-ə yaxın disk şəhər və rayon İcra Hakimiyyətlərinə, o cümlədən orta məktəblərə paylanılmışdır.

Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən mütəmadi olaraq əhalinin ekoloji maarifləndirilməsi, onların bu sahədə məlumatlılığının artırılmasına xidmət edən 800-dən artıq müxtəlif tədbirlər, o cümlədən seminar, məşğələ, bilik yarışı, müsabiqə, treninq, eyni zamanda KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunmuş, 30-dan artıq QHT-nin iştirakı ilə ekoloji problemlərin həlli istiqamətində təklif və sorğular müzakirə edilmiş və onların həlli istiqamətində tədbirlər həyata keçirilmişdir.

Ekoloji təbliğat sahəsində Orhus konvensiyasının Azərbaycanda həyata keçirilməsini təmin etmək və ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Bakı, Gəncə və Qazax şəhərlərində il ərzində respublika ərazisində fəaliyyət göstərən Orhus mərkəzlərində 10-dan artıq seminar məşğələ, dəyirmi masa, digər kütləvi tədbirlər keçirilmiş, 500 nəfərdən artıq ictimaiyyətin, o cümlədəm QHT, ziyalı, tələbə və sair təbəqələrin nümayəndələri yuxarıda qeyd olunan xidmətlərindən istifadə etmək məqsədilə Orhus mərkəzlərinə müraciət etmişlər.

2009-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü işlər barəsində təbliğat xarakterli məlumatlar, o cümlədən 232 press-reliz internet saytımızda yerləşdirilməklə ictimaiyyətə çatdırılmış, jurnalistlər tərəfindən daxil olmuş 1151 sorğu cavablandırılmışdır.

 

 

Elnarə

 

Ədalət.- 2010.- 29 sentyabr.- S. 4.