Əvvəl gülmək,
sonra düşünmək
Və ya əksinə...
Rəssamlar
İttifaqının Vəcihə Səmədova adına
sərgi salonundakı qələbəliyi başa
düşmək olardı. Bir neçə qurumun
təşkilatçılığı ilə tanınmış karikaturaçı rəssam
Hafiz Nəsiroğlunun
fərdi sərgisi açılırdı. Dəvətnamədə
təşkilatçıların adı ətraflı yazılmışdı.
Bir daha təkrar etməyə ehtiyac var. Mədəniyyət
və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Karikaturaçı
Rəssamlar Birliyi və Hafiz Nəsiroğlunun
uzun illərdən bəri çalışdığı
"Kirpi" jurnalı
fərdi sərginin hazırlanmasında zəhmət
sərf etmişdilər.
Sərginin araya-ərsəyə
gəlməsində əməyi
olanlardan birinin adı isə açılış mərasimi
zamanı məlum oldu. Bu barədə
bir az sonra...
Hafiz Nəsiroğludan uğurlu karikatura və
şarjlar
Tanınmış
karikaturaçı rəssam Hafiz Nəsiroğlu 1950-ci
ildə Bakıda anadan olub. Çəkdiyi müxtəlif mövzulu
karikaturalar 1978-ci ildən
mətbuatda dərc olunmağa başlayıb.
1990-cı ildə "Kirpi"
satira-yumor jurnalının
baş rəssamı təyin olunub və bu günə
kimi fəaliyyətini
bu redaksiyada davam etdirir. 1997-ci ildə Rəssamlar İttifaqına üzv qəbul olunub. 15 ildən çoxdur ki, müxtəlif ölkələrdə təşkil
olunan beynəlxalq karikatura müsabiqələrində
iştirak edir. Əksər müsabiqələrdən
Bakıya əlidolu qayıdıb. Türkiyədən
"Uğur" və
"Özəl", Koreyadan
"Qızıl" mükafatlarını
özüylə gətirib.
İran, Türkiyədə,
Rumıniyada, Almaniyada,
Polşada, Yunanıstanda,
Belçikada nəşr
edilən kataloqlarda karikaturalarına geniş yer verilib.
Hafiz Nəsiroğlunun
çəkdiyi şarjlar da həmişə maraqla
qarşılanıb.
Əvvəl şarjları gəldi, sonra özləri
Rəssamın
növbəti fərdi sərgisində təqdim olunan dostluq
şarjlarında tanınmış insanları tanımaq
çətin deyildi. Sərgiyə gələnlər kimlərə
baxmırdı? Kimlər
divardan bizə baxmırdı? Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev, Xalq yazıçısı Anar,
tanınmış neftçi
Xoşbəxt Yusifzadə,
uzun illər ölkəmizi səfir kimi ABŞ-da təmsil etmiş Hafiz Paşayev, xalq rəssamı Fərhad Xəlilov, xalq artisti Yaşar
Nuri, professor İlham Rəhimli, görkəmli bəstəkar Xəyyam Mirzəzadə, "Bakılı
oğlan" Bəhram
Bağırzadə...
Adları
çəkilən şəxslərdən bəziləri
fərdi sərgiyə gələn qonaqlara qoşuldu,
tanınmış rəssamın sevincinə şərik oldu.
Yubilyar sirləri açır
Rəssamlar
İttifaqının katibi Səlhəb Məmmədov
fərdi sərginin rəsmi hissəsini açıq elan etdi. Hafiz Nəsiroğlunun yaradıcılığını dəyərləndirdi, onu
Əzim Əzimzadə,
Nəcəfqulu İsmayılov
məktəbinin davamçısı
adlandırdı: "Rəssam
bu fərdi sərgisini mənəvi müəllimi, ustadı Əzim Əzimzadənin
130 illiyinə həsr
edib. Əslində bu, Hafiz Nəsiroğlunun
öz 60 illik yubileyinə hədiyyəsidi".
Xalq artisti Yaşar Nuri
rəssam dostunu yubileyi və növbəti fərdi
sərgisinin açılışı münasibəti
ilə təbrik etdi: "Hafizin karikaturalarına baxanda adam
əvvəl gülür, sonra dərindən düşünür.
Bəzən də
onun çəkdikləri
adamı dərindən
düşündürür, sonra ürəkdən güldürür. Hafiz mənim və bəzi sənət dostlarımın şarjlarını
uğurla yaradıb. Həmin şarjların altında yubiley rəqəmlərimizi də
göstərib. Necə
deyərlər, bizi dost-düşmən yanında
biabır edib. Amma özü bu gün 60 yaşı olduğunu gizlədir".
Millət vəkili
Gülər Əhmədova da yubilyar rəssamı təbrik
etdi, ona daha böyük yaradıcılıq uğurları
arzuladı: "Çox istərdim ki, Hafiz Nəsiroğlu öz
davamçılarını yetişdirsin".
Hafiz Nəsiroğlunun uzun
illərdən bəri çalışdığı
"Kirpi" jurnalının baş redaktoru Polad Qasımov
rəssamı məsuliyyətli iş yoldaşı kimi
xarakterizə etdi: "Hafiz təkcə istedadlı rəssam
yox, həm də ona tapşırılan işə
məsuliyyətlə yanaşan, işini sevən insandı. Neçə illərdir ki, onu belə
tanıyıram. Mədəniyyət
və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının rəhbərliyinə
onun yaradıcılığna
göstərdikləri diqqətə
görə minətdarlığımı
bildirirəm".
Professor İlham
Rəhimli, Rəssamlar İttifaqının katibi Arif
Hüseynov yubilyarı təbrik etdilər.
Danışmaq sırası
Hafiz Nəsiroğluna
gəldi. Görək
yubilyar nə dedi: "Karikatura, şarj çəkmək
asandı. Amma çəkdiklərini nümayiş
etdirmək, fərdi sərgi açmaq çox çətindi. Mədəniyyət və
Turizm Nazirliyi, Rəssamlar İttifaqı
və Karikaturaçı
Rəssamlar Birliyinin rəhbərliyi bu işdə mənə çox kömək etdilər. Nazirlik yubileyimlə bağlı kataloqumu yüksək səviyyədə çap
etdirdi. Əzim Əzimzadə, Nəcəfqulu
İsmayılovdan sonra
üçüncü karikaturaçı
rəssamam ki, bu xoşbəxtlik mənə nəsib oldu".
Hafiz Nəsiroğlu daha
bir sirri açdı: "Sərginin təşkilkində
mənə diqqət göstərən
şəxslərdən biri də millət vəkili
Gülər Əhmədovadı. Gülər xanım
müraciətimə dərhal müsbət cavab verdi və
sərginin yüksək səviyyədə
hazırlanmasında yaxından iştirak etdi".
Açılş
mərasimindən sonra sərgiyə gələnlər Hafiz
Nəsiroğlunun çəkdikləri ilə daha yaxından
tanış oldular. Əvvəl güldülər, sonra düşündülər. Və
ya əksinə...
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2010.- 30 sentyabr.- S. 4.