UĞURLU LAYİHƏNİN SÖNMƏYƏN ULDUZLARI

 

Qarşımda bir kitab var. Bu kitabın müəllifinə Azərbaycan yazı məkanında maraq böyükdü. Çünki bu xanım yazar özü sakit olduğu qədər təmkinli kəskin mövqeyi ilə həmişə başqalarından fərqlənib. Kənardan müşahidə edəndə düşünürsən ki, ilahi, bu qədər qayğılı görünən Bəsti Əlibəylinin qələmindəki bu od, alov, yanğı hardandı? elə dərhal da cavabını tapırsan: - Lal axan suların dərinliyində həmişə burulğanlar at oynadır.

Bəli, bu gün Azərbaycan nəşriyyatları bir-birindən fərqli, dəyəri kəmiyyəti və keyfiyyəti saysız, amma böyük kitab anlayışı ilə üst-üstə düşməyən kitablar çap edirlər. Özü bu kitabların sayını bəzən yadda da saxlamaq olmur. Elə bir ucdan dost-tanış hətta sənə tanıdı-tanımadı özünün kitabını təqdim edir. Etika xatirənə hər birinə "mütləq oxuyacam" deyib kitabı alıb rəfin bir küncündə yerləşdirirəm (bəziləri hətta atırlar da - Ə.M). Lakin fürsət düşən kimi əvvəlini-sonunu gözdən keçirəndə bu kitabın məndə yaratdığı təsirdən içimdə isə tərpənsə başlayıram kitabı sona kimi oxumağa. Əks halda eləcə az-çox adını yadımda saxlamağa çalışıram.

Bəsti Əlibəylinin "Sönməyən ulduzlar" kitabı çox nəfis şəkildə tərtib olunub. Kitab AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdulanın redaktəsi ilə işıq üzü görüb. Kitabın məsləhəçiləri xalq artisti Əlibaba Məmmədov, Hafiz Fətullayev əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlıdı. Kitab Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilib. Amma...

Bəli, elə söhbət də bu əmmadadı.

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda QHT-lər saysız-hesabsızdı. Əksəriyyəti kağız üzərində fəaliyyət göstərir. Yəni onların ən yaxşı halda adını bilir yaxud təsisiçisini tanıyırıq. Hansı işlə məşğul olduqlarını, hardan maliyələşdiklərini öyrənmək, fəaliyyətləri ilə tanış olmaq müşkül bir məsələdi. Bunun da səbəbi bəllidi. Əslində bu cür QHT-lər qarşılarına bir məqsəd qoyublar. Haradan, hansı vasitə ilə olur-olsun qrantı əldə etmək onun hesabına da ortalıqda görünmək!! Lakin bu cür yolun sonu həmişə divara gedib dirənib. Yəni çox qısa məsafəli olubdu. Ona görə bir-iki, uzağı üç dəfə qrant alandan sonra onların əməlləri həmin qrant verənlərə aşkarlanıb bununla da qırmızı işıq "dayan!" deyib.

İndi barəsində bəhs etdiyim "Sönməyən ulduzlar" kitabı Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, bir az da xırdalasaq teatrının, kinosunun, poeziyasının sözün həqiqi mənasında Sönməyən Ulduzlarına həsr edilib. kitab da Azərbaycan Yaradıcılıq Fondunun layihəsi əsasında araya-ərsəyə gəlibdi. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Yaradıcılıq Fondunun idarə heyətinin sədri AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdulladı.

Ədalət xatirinə xüsusi vurğulamaq lazımdır ki, hələ 1987-ci ildə Azərbaycan Mədəniyyət Fondu, yəni indiki Azərbaycan Yaradıcılıq Fondu yaradılanda ilk məqsədlərdən biri də öz hücrələrinə çəkilmiş, gözdən, könüldən iraq düşmüş, bir növü unudulmuş Azərbaycan aydınlarını, yəni sönməyən ulduzlarını arayıb, axtarıb ortaya çıxarmaq, dünyasını dəyişənləri yenidən xatırlatmaq, bu gün işsiz-gücsüz qalanları yaşamağa həvəsləndirmək olmuşdu. Artıq həmin tarixdən 23 il ötür. bu müddət ərzində Azərbaycan Yaradıcılıq Fondu bir qeyri-hökumət təşkilatı olaraq, gücü çatan qədər humanitar xeyriyyə tədbirləri görmüş, öz adının işığında ulduzlarımızı bir daha bizlərə tanıtmışdı. Təkcə onu xatırlatmaq kifayətdir ki, bu fondun ətrafına yığılan çoxsaylı elm, mədəniyyət, sənət adamları öz dəyərli fikirləri, məsləhətləri, tövsiyələri hətta iştirakçıları ilə yaradıcılıq fondunun nurunu bir az da artırmış, dairəsini bir az da genişləndirmiş, özünə inamını bir az da artırmışdı.

Bu gün məhz həmin fondun layihəsi əsasında Bəsti Əlibəylinin özünəməxsus sənətkarlıqla yazıb araya-ərsəyə gətirdiyi bu kitab da görülən işlərin bir nümunəsidi. Ümumiyyətlə, Azərbaycan Yaradıcılıq Fondu öz qarşısına qoyduğu başlıca məqsədi ədəbiyyata, mədəniyyətə, elmə, sənətə xidmət etmiş insanların həyatını işıqlandırmaq, onları günkü, sabahkı nəsillərə tanıtmaq, eləcə maarifləndirmək, işini genişləndirmək istiqamətini uğurla davam etdirməkdədi. Məhz bir qeyri-hökumət təşkilatı olaraq, Azərbaycan Yaradıcılıq Fondunun öz layihələri əsasında 1995-ci ildə "Füzuliyə məhəbbət" adlı kitabını, 2003-cü ildə Hüseyn Cavidin 100 illiyinə töhfə olaraq "Hüseyn Cavid" adlı ikinci kitabı geniş oxucu kütləsinə çatdıra bilmişdi. Görülən digər işləri nəzərdən keçirəndə, eləcə görüləcək işlərin planları ilə tanış olanda əminliklə vurğulamaq istəyirəm ki, Azərbaycan Yaradıcılıq Fondu digər QHT-dən fərqli olaraq, öz məramına doğru uğurla addımlayır. Bu da ondan irəli gəlir ki, fondun məramı kimi, yolu da aydın bəllidir. Onun gördüyü görəcəyi hər bir bütövlükdə cəmiyyətə xidmətdir. Bu QHT sözün bütün mənalarında yaradıcıların yaradıcılıq ocağıdı, evidi. Çox istərdim ki, bu ocağın odu daha gur, evi isə daha da abad olsun. Onun uğurlu layihələri bizləri tez-tez sevindirsin.

O ki qaldı "Sönməyən ulduzlar" kitabına... nəfis şəkildə araya-ərsəyə çıxarılmış bu kitab 5 bölümdən ibarət olmaqla "Yozum", "Oyun", "Mahnı", "Musiqi", "Rəqs" başlıqları altında sıralanmaqla və Azərbaycanın çox dəyərli sənət adamları barəsində araşdırmaları ilə bizləri sevindirir. Təkcə bu kitabdakı şəkillər özləri-özlüyündə böyük bir xatirədi. Özü özü danışan xatirə. Biz oxucular isə onları dinləmək üçün sadəcə Azərbaycan Yaradıcılıq Fondunun layihəsinin bəhrəsi olan bu kitabı arayıb axtarmalıyıq.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 16 yanvar.- S. 11.