HƏMİŞƏ RƏHMƏTLƏ
ANILAN KİŞİ
Xatirə yaza-yaza insan
özü də xatirəyə çevrilir. Görünür
mənim də xatirəyə dönəcək
çağlarım yaxınlaşır. Ona görə də
həyatda gördüyüm, tanıdığım, sevdiyim
köhnə kişiləri çox tez-tez xatırlayıram.
Belə kişilərdən biri də mənim üçün
Əlfi Qasımov olub. Onu bir yazıçı kimi də, nəşriyyat
işçisi kimi də, sədaqətli dost kimi də, el
ağsaqqalı kimi də, gözəl ailə
başçısı kimi də ancaq və ancaq xoş xatirələrlə
yada salmaq olar. məni yaxından tanıyanlara yaxşı bəllidir
ki, mən çox gəzən, çox görüşən,
çox səfərlərdə olan bir qələm əhliyəm.
Yaşadığım 60 il ərzində Azərbaycanın
müxtəlif guşələrinə səyahətdə elə
bir səfər tanımıram ki, orda qələm dostları,
yazıçılar və şairlər, müxtəlif nəsillərə
malik ədəbiyyat adamları onu ən kövrək, ən
isti duyğularla xatırlamasınlar. Onu bir insan kimi sevməmək,
duymamaq qeyri-mümkün idi. Tarixi təcrübə göstərir
ki, şairlər və yazıçılar yazdığı
əsərlərdən daha çox şəxsi keyfiyyətlərin,
insanlığı, ədəb-ərkanı,
qayğıkeşliyi ilə canlı həyat adamı
olmasıyla yadda qalır. Əlfi Qasımov ona görə həmişə
xoş xatirələrlə yada düşür ki, o əsl həyat
adamı olub. Hal əhli, məclis əhli, ürfani
dünyanın, ürfani aləmin adamı olub.
Mən
yazıçı nəşriyyatında poeziya şöbəsində
işlədiyim illərdə Əlfi Qasımov Azərnəşrdə
işləyirdi. Çox tez-tez görüşərdik. Həmişə
də şirin, səmimi, mehriban. Baxmayaraq ki, o məşhur
bir ağsaqqal, yazıçı, mənsə gənc bir ədəbiyyat
adamı idim, aramızda çox yaş fərqi var idi, ancaq Əlfi
müəllimin yüksək səmimiyyəti, insani keyfiyyətləri
bu fərqi aradan qaldırardı. Ədəbi məsələlərlə
bağlı həm ciddi, həm də Əlfi müəllimə
məxsus zarafatyana söhbətlərimiz olardı.
İşinə məsuliyyətli, sözünə dəqiq, ətrafına
diqqətli, istiqanlı və təbii Əlfi müəllimi
hamı sevir, hamı yüksək qiymətləndirirdi. Bu
gün o dövrdə yaşayan, Əlfi müəllimi
yaxından tanıyan bircə nəfər adam tapa bilməzsən
ki, onu ən xoş, ən mübarək, ən kövrək
duyğularla xatırlamasın.
Günlərin bir
günü böyük şairimiz Xəlil Rza mənə zəng
elədi: "İgid, yazıçı, şair dostlara bir
qonaqlıq verəcəyəm, axşam saat 5-də bizdə
olmalısan. Gəlməmiş olma!". Baş üstə Xəlil
bəy - deyib, axşamüstü mənimçün həmişə
doğma olan bir evə - Xəlil Rzanın evinə getdim. Bir
azca gecikmişdim. İçəri girəndə gözlərimə
inanmadım. Təxminən otuza yaxın o dövrün
yazıçı və şairlərinin Xəlil bəyin gen
açılmış bol süfrəsinin başında
gördüm. İstər-istəməz qürur hissi
keçirdim. Qəlbim dağa döndü. Belə bir tarixi məclisin
iştirakçısı olmaq, məsum adamlarla həmsöhbət
olmaq mənim üçün böyük xoşbəxtlik
idi. Hamı yerbəyer olub məclis sahmana düşəndə,
Xəlil Rza özünəməxsus qürur və ötkəmliklə
ayağa durdu. Onun dediklərini dəqqi olmasa da, təxmini
şəkildə bu günün əziz oxucularına
çatdırmağı özümə şərəfli və
tarixi borc bilirəm. Böyük şair və əziz dost
sözünə belə başladı:
"Əziz dostlar! Bizim
evə, bizim evə yox, əslində hamımızın olan
öz evimizə, Xəlil Rza ocağına xoş gəlmisiniz.
Bu gün sizi bura dəvət etməkdə mənim heç
bir şəxsi təmənnam, umacağım yoxdur.
Böyük alim, böyük vətəndaş bir dostumuzun
qırxı təzəcə çıxıb. Dağ boyda
dünya şöhərtli bir kişi Üzeyir bəyin ev
müzeyində qəfildən əlimizdən getdi. Kim deyə
bilər ki, bizi də belə bir aqibət gözləmir.
Düşmənlər üstümüzə ayaq alıb. Bir
yandan erməni, bir yandan rus, bir yandan fars Azərbaycanı tikə-tikə
etməklə məşğuldu. Gəlin bu gün biz
böyük ağrılarımızı, böyük dərdlərimizi
müzakirə edək. Dostumuzdan ibrət alaq. Bir-birimizə
sevgi və sayğılarla yanaşaq. İçimizdə
düşmən obrazı yaratmayaq. Əsl düşmənlərimizi
və əsl dostlarımızı yaxşı tanıyaq.
Bir-birimizi sevməyi və yaşatmağı bacaraq. Bu bizdən
daha çox xalqa, millətə, vətənə, Qarabağa
lazımdı. "Rədd olsun, şəxsi umu-küsülər,
yaşasın səmimiyyət!". Xəlil bəy bir az nəıəs
dərib daha güclü bir pafosla çıxışın
ikinci daha isti və doğma hissəsinə keçdi:
"Kimlər var bu məclisdə.
İftixar hissi keçirirəm ki, bizim böyük milli sərvətimiz
var. Bu sərvət sizsiniz. Bu sərvət bu məclisdə
olanlardı. Cəmil Əlibəylidi, Əlfi Qasımovdu,
Nahid Hacızadədi, Ağacavad Əlizadədi, Şahmar Əkbərzadədi,
Oqtay Rzadı, Zəlimxan Yaqubdu...".
İndi fikirləşirəm,
hər biri ağsaqqal olan bu məclisdə məclisə kim
ağsaqqallıq eləsin. Ürəyimdən Şahmar Əkbərzadə
keçir, Zəlimxan Yaqub keçir. Ancaq onlar gənc və
cavan ərlərimiz olsa da, mən deyirəm bu məclisdə
hamımızın sevimlisi Əlfi Qasım ağsaqqallıq
eləsin. Belə məclislərdə başda əyləşmək,
könüllərə soltanlıq eləmək daha çox
onun haqqıdı. Həm də baxmayaraq ki, Əlfi müəllim
yazıçıdır, o ədəbiyyata şeirlə gəlib,
mən onu bir şair kimi də yüksək qiymətləndirirəm.
Yadımdadı, Amerika Koreya dövlətlərinə
müharibə elan edəndə Əlfi bəy Amerikanı hədələmiş,
"Koreyadan əlini çək!" şeirin
yazmışdı. Bunu eşidən Əlfi Qasımov gülə-gülə
ayağa durdu. Xəlil Rzanın sözünü kəsib dedi:
"Xəlil bəy, mən o şe iri yazan kimi Amerika məndən
qorxub Koreyadan əlini çəkdi. Elə həmin gündən
mən şeirdən əlimi çəkdim. Bildim ki,
şairlik mən bacaran iş deyil". Əlfi müəllimin
bu sözündən sonra gülüş məclisi
başına götürdü və rəhmətlik Əlfi
müəllim həmin o unudulmaz məclisə
ağsaqqallıq elədi. Mən Əlfi müəllimi
müxtəlif yerlərdə çox görmüş,
çox müşahidə eləmişdim. Ancaq o məclisdə
mən onun şəxsində çox şirin, çox səmimi,
əsl həyat adamı, içərisi işıqla dolu,
paxıllıqdan, xəbislikdən çox-çox uzaq olan
böyük bir insan-şəxsiyyət, ziyalı kəşf
elədim. O gün Əlfi müəllim ayrı aləm idi.
Zarafatı, atmacası, şeiri, yaşlı
yazıçılardan, öz həmyaşıdlarından gətirdiyi
misallar məclisdə olanların hamısını
göyün yeddinci qatına qaldırmışdı. O
gün mənim üçün Əlfi müəllimi kəşf
elədiyim gün oldu. O gündən onu daha çox sevdim,
daha çox dinləmək istədim. Çünki o
kişiylə ünsiyyətdə olanda insan bir daxili
rahatlıq tapır, yüngülləşir, ancaq gözəl
şeylər haqqında düşünürdü.
İnsanı xoşbəxt eləyən duyğuları
insanlara, xüsusən gənclərə səxavətlə
payladığına görə, gənclik onu çox sevirdi.
Çox sevirdi ona görə ki, o gəncliyi çox sevirdi,
qayğı göstərirdi, onların heç bir ədəbi
uğurunu diqqtədən qaçırmırdı, münasibət
bildirirdi.
Qayğıya və diqqətə
böyük ehtiyacı olan çox həssas və kövrək
gənclər Əlfi müəllimin bu unudulmaz xüsusiyyətlərindən
danışa-danışa, xatırlaya-xatırlaya özləri
də gəlib Əlfi Qasımov yaşına
çatdılar. Onlar bu gün müxtəlif sahələrdə
ədəbiyyatımızı, dilimizi, ruhumuzu,
publisistikamızı yüksək ləyaqətlə təmsil
edir, Əlfi müəllim kimi kişilərin ruhuna Allahdan rəhmət
oxuyurlar. Rəhmətə və xoş xatirələrə
layiq olan Əlfi müəllimin ruhuna Zəlimxan Yaqubdan mübarəksalamlar
olsun!
ZƏLİMXAN YAQUB
Ədalət .- 2010.- 16 yanvar.- S. 22.