ORXAN PAMUKUN "SEÇİLMİŞ ƏSƏRLƏRİ" ÇAPDAN ÇIXDI

 

Azərbaycan prezidentinin sərəncamı ilə nəşr olunan 150 cildlik dünya ədəbiyyatı nümayəndələrinin əsərləri sırasından nəşr edilən növbəti kitab görkəmli türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamukun "Seçilmiş əsərləri"dir.

"Media forum" saytının məlumatına görə, Nəriman Əbdülrəhmanlının tərcümə etdiyi kitaba "Mənim adım Qırmızı" romanı, "Pəncərədən baxmaq" hekayəsi, "Başqa rənglər" sənədli nəsr kitabından "Güman olunan müəllif" essesi, Nobel nitqi və müsahibələri daxildir.

O.Pamuk "Mənim adım Qırmızı" romanını 1990-1992-ci illərdə yazıb, 1994-1998-ci illərdə əsəri təkmilləşdirib. Yazıçının "Ən rəngli və ən qoxulu romanım" adlandırdığı bu əsərin süjet xəttini 1591-ci ilin doqquz qarlı qış günündə İstanbulda baş verən əhvalatlar təşkil edir.

Gözəl Şəkürə savaşdan dönməyən ərindən ümidini kəsib özünə həyan, sevgili axtarır. O, atası Əniştə əfəndinin arabir evə çağırdığı saray nəqqaşlarını gizlincə seyr eləyir. Nəqqaşlar padşahın hazırlatdığı bir kitab üçün fransız üslubunda təhlükəli rəsmlər çəkirlər. Nəqqaşlardan biri - Zərif əfəndi öldürüləndən sonra qadına uşaqlığından aşiq qohumu Qara peyda olur. Qatil Əniştə əfəndini öldürür. Baş nəqqaş Qara əfəndinin qarşısında padşahın əmri ilə ya qatili tapmaq, ya da dar ağacı durur. Ölüm, sənət, eşq, evlilik xoşbəxtlik haqqında olan bu roman eyni zamanda unudulmuş qədim rəsm sənətinin gözəlliklərinə bir ağıdır.

Romanda Nizami Gəncəvinin "Xəmsə"sinə çəkilmiş miniatürlərlə və görkəmli Azərbaycan miniatür-rəssamı Kəmaləddin Behzadın taleyi və əsərləriylə bağlı çox maraqlı epizodlar var.

Xatırladırıq ki, seriyaya daxil olan kitablar yalnız kitabxanalar və abunəçilər üçün nəzərdə tutulub. Həmin kitablardan 18-i artıq oxuculara və abunəçilərə çatdırılıb.

 

 

Ədalət.- 2010.- 20 yanvar.- S. 8.