POEZİYANIN ZƏLİMXANI
Ustadın 60
yaşının tamam olduğunu eşidəndə,
içimdən bir kövrək hiss keçdi. İstədim
ki, mən də onunla bağlı bir oxucu kimi,
düşüncələrimi, fikirlərimi qələmə
alım. Sonra götür-qoy etdim, daha doğrusu, onun barəsində
yazılanları gözdən keçirib, xatırlayıb,
hiss etdim ki, Ustad barəsində elə fikirlər, elə
mülahizələr söylənilib, deyilib ki, mənim
içimdəkilər də, düşüncələrimdəkilər
də hamısı, orda öz əksini tapıb. Amma neynəyim ki, bu həqiqəti bildiyim halda, yenə
əlim qələmə doğru getdi... və başladım
yazmağa. Necə alınacaq, necə
qarşılanacaq deyə bilmərəm. Bir
onu bilirəm ki, mən sadəcə və sadəcə ürəyimin
səsiylə, Zəlmxan Yaqub barəsində, daha dəqiq ifadə
etsəm, onun poeziyası barəsində öz fikirlərimi qələmə
alıram. Burda başqa bir məqsəd
yoxdu. Nə kiməsə xoş gəlmək
istəmirəm, nə də kimlərinsə
qılığına girmək. Və bir də mənim
üçün bir həqiqət də var. Onun da adı
SÖZdü! Bax, elə o sözün
işığında da mən Zəlimxan Yaqub barəsində
payıma düşən sözləri yazıram.
Muğam
ifaçıları, ümumiyyətlə, musiqisevərlər
yəqin ki, "Zəminxarə"yə qulaq asıblar. Bu musiqi Kamil Cəlilovun
qaboyunda adamı yerdən qoparır. Özü
də köklü-köməcli qoparır. Yerə ilişəcək heç nə qalmır.
Və qoşulub o musiqiyə yavaş-yavaş, pərdə-pərdə,
pillə-pillə qalxırsan göyün yeddinci qatına.
Mənə elə gəlir ki, orda da qərar
tutmaq bəzən çətin olur. İmkan
olsa, ordan da o tərəfə, həmin o musiqi səni
qaldırıb apara bilər. Burda bir məqam
da var. O da həmin müsiqini ifa etmək məharətidi.
Qaboy ustası Kamil Cəlilov bunu heç bir
şübhə yeri qoymadan, heç bir əl yeri buraxmadan elə
qanımıza, canımıza işlədib ki, şəxsən
mən həmin "Zəminxarə"yə başqa bir ifada
qulaq asa bilmirəm. Bu Ustad möhürüdü.
Poeziyamızda
hər kəs öz sözünün sahibi oduğu kimi,
öz cığırını aşdığı kimi,
öz möhürünü də vurmaq imkanına malikdir. Amma malik olmaq
bir şərtdirsə, istedad sahibi olub, o möhürü
gerçəkləşdirmək isə ikinci bir şərtdi.
Bax, bu günümüzün poeziyasında iz axtaranda,
döyüləsi qapı gəzəndə şəxsən
mənim yadıma ilk düşənlər Zəlimxan Yaqub,
Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlu,
Musa Yaqub, Məmməd İsmayıl və başqaları
olur. Təbii ki, bu mənim yanaşmamın, mənim
ölçü vahidlərimin gətirdiyi nəticədi.
Ola bilsin ki, mənimlə
razılaşmasınlar, hətta kobud şəkildə bu təqdimatı,
bu nəticəni inkar etsinlər. Mən
buna etiraz etməyəcəm. Çünki,
bu da onların yanaşmasıdır, onların sözə
verdiyi qiymətin nəticəsidir. Və deməli 60
yaşı olan Zəlimxan Yaqub mənim üçün bu mərtəbəyə
az qala gözlərimin qarşısında
gəlib çıxıb...
Ötən əsrin
80-ci illərində Bakıda bir poeziya ruhu var idi. Bu poeziya ruhu da bir az da poeziya havasına oxşayırdı. Tez-tez ədəbi-bədii məclislər,
görüşlər keçirilirdi. Mən
həmin illərdə rəhmətlik Nüsrət Kəsəmənli,
Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı
"üçlüyü"nün yanındaydım. Demək olar ki, hər günüm rəhmətlik
Nüsrətlə birlikdə keçirdi. Amma, mənim
gözümün qarşısında Zəlimxan Yaqub,
hamımızın "qağa" deyə üz
tutduğumuz, ağsaqqal saydığımız Hüseyn
Arifin qatıldığı bütün tədbirlərdə
iştirak edir, onunla çiyin-çiyinə addımlayır,
sanki onun xalq ruhundan pöhrə verən poeziya nəfəsindən
qidalanırdı (Bu fikirlər də mənim təxminimdi, hətta
Zəlimxan müəllim də razılaşmaya bilər - Ə.M).
Bax onda, içimdən qəribə hisslər
keçirdi. Yaxınında olmaq istədiyim
Hüseyn Arifin duzlu söhbətlərini eşitmək, onun məclislərində
iştirak etmək mənim də arzularımdan biri idi. Doğrudu, sonralar Hüseyn müəllim, məni də
"Ədəbiyyat və İncəsənət" qəzetinə
təqdim etdi, Tuğ kəndində mənim də
qonağım oldu. Amma, bütün bunlar
adi sayıla bilən işlər idi. Mən
isə, məhz Zəlimxan Yaquba bu mənada həsəd aparırdım.
Hər gün Hüseyn Ariflə və digər ustadlarla birlikdə
olan Zəlimxan Yaquba...
İllər
ötdü və bu ötən illərdə mən demək
olar ki, mətbuatda dərc olunan, kitab halında işıq
üzü görən Zəlimxan Yaqub poeziyasının
böyük əksəriyyətini oxumaq imkanı qazandım. Həmin şeirlərlə,
poemalarla tanış olduqca, əvvəldə
xatırlatdığım həmin o adamın içini yerindən
oynadan "Zəminxarə" elə bil ki, yenidən hər
misrada, hər bənddə məni öz qoynuna aldı. Sirrin səbəbini bu günədək bilmirəm.
Niyə mən məhz Zəlimxan Yaqub misralarında
həmin musiqiyə meyillənirəm, yüklənirəm.
Görünür, burda bir ilahi sirr var. Axı,
necə də meyillənməyim? Bir halda ki, şair
özü deyir:
Bəlli toxum, bəlli sünbül, bəlli dən,
Haqq özüdü
müşkülləri həll edən.
Yük bağladım, maya tutdum əllidən,
Altmışıma "Peyğəmbər"lə
gəlmişəm.
Doğrudan da,
Zəlimxan Yaqubun hər misrasında o qədər səmimiyyət,
o qədər rəvanlıq və o qədər də
insanı iki əlli yaxasından tutub özünə çəkən
güc var ki, ona diqqət yetirməmək, ona qulaq asmamaq
qeyri-mümkündü. İllah da ki, bu misralar, yəni Zəlimxan
SÖZÜ Zəlimxan Yaqubun öz dilində oxucuya, dinləyiciyə
ünvanlansın. Onda yerində otura bilmirsən.
O sözün deyilişinə, ahənginə uyğun təkcə
içində yox, həm də çölündə bir gərdiş
edirsən. Sanki SÖZUN məcnunuyla,
SÖZÜN kərəmiylə nəfəs-nəfəsə,
göz-gözə, diz-dizə, üz-üzə olursan. Bir maqnit dalğası səni o auradan
çıxmağa qoymur. Nə təhər
çıxasan ki, Zəlimxan deyir:
Şair dağ çayıdı - başı bəlalı,
Özünü o daşa, bu daşa çırpar.
Və yaxud:
Vətənin Məcnunu, safdı, dəlidi,
Millətin bayraq tək qalxan əlidi...
Eləcə də:
Yerdən göyə doğru qalxar, ucalar,
Ucalıq gətirər yaş
ömürlərə.
Bir güllə yaz gəlib, bahar açılmaz,
Ömrünü eşq ilə qoş, ömürlərə.
Zənnimcə,
bu misralara sadəcə söz kimi baxmaq, şeir
parçası kimi diqqət yetirmək günahdı. Çünki, bu
misraların arxasında ürək var, nəfəs var, ruh
var. Sahibi Zəlimxan Yaqub olan böyük bir dünya var. O elə
bir dünyadır ki, o dünyanı yalnız Zəlimxan Yaqub
qələmi ilə yazıb-oxumaq mümkündü. Bu boyda
dünyaya sahib olan şair oxucusuna görün nə deyir:
Keçilməz dərələr keçilməsəydi,
Aşılmaz zirvələr
aşılmasaydı.
Yeldən qanad alıb, seldən güc alıb,
Ruhum küləklərə qoşulmasaydı,
Mən hardan bilərdim şairlik nədi?
Özü də şairliyin
nə olduğunu beş barmağı kimi
bilən, gözünün didəsi, ruhunun özü qədər
sevən və uca tutan Zəlimxan Yaqub bu suala üz tutub və
növbəti bir müraciətində isə deyir:
"Şeir Tanrı duasıdı"!!! və
ardınca:
Gündüz keçib gedən ömür
özümün yox, özgənindir
Şair tapır öz ömrünü
səssiz keçən gecələrdə.
Düşüncəsi yerlə göyün
vəhdətindən tutub maya,
Özü yerdə, fikri-zikri
yüksəklərdə, ucalarda.
Əldə qələm, öndə varaq
baxışları çıraq-çıraq
Ömür gedir, vaxt əriyir
misralarda, hecalarda.
Bu şeir
parçasında şair ömrünün elə anları qələmə
alınıb ki, onu yalnız böyük sözün
böyüklüyünü görənlər, duyanlar,
dadanlar, yaşayanlar, təmasda olanlar, özünə
yaxın buraxanlar, qol-boyun olanlar bilə bilərlər. Əks halda
"Verə qocalığa cavan ömrünü" deyən
şairi anlamaq müşkülə çevrilər.
Axı, şair sənə, mənə üz tutub deyir:
Sənə bağışladım, sənə
bağladım
Sevilən ömrümü, sevən ömrümü
Mən sənin gücünlə qoruya bildim
Niskili qapıdan qovan
ömrümü.
Bəli, bütün
poeziyası Azərbaycan xəritəsinə bənzəyən
Zəlimxan Yaqub yurdun, elin, obanın, məmləkətin
daşından da, gülündən də, ağacından da,
otundan da, suyundan da, havasından da, şehindən də, mehindən
də, küləyindən də, tufanından da,
qasırğasından da, ağıllısından, dəlisindən,
sevilənindən, sevənindən, uşağından,
körpəsindən, qocasından, ahılından,
oğlundan, qızından, qarısından - bir sözlə
insanından, nemətlərindən nə yazır yazsın,
hamısının mayasında işıq var.
Hamısının bətnində ürək
çırpıntıları var. Hamısının nəfəsində
həyat eşqi var. Ona görə də Zəlimxan Yaqubun
qoşmaları, gəraylıları, təcnisləri,
poemaları, şeirləri, yazdığı dastanı, bir
sözlə, qələminin bütün məhsulları
adamın ürəyinə bulaq suyu kimi yayılır,
canına dağ havası kimi hopur, qanını coşdurur və
özündən asılı olmadan şairlə həmin o vəsf
olunan aləmləri gəzib dolaşırsan. Hansısa bir
gözələ üz tutanda deyir ki:
Belə gülü hər gülüstan bitirməz
Hər torpaq da bu neməti yetirməz
Zəlimxansız dünya bir şey itirməz
Allah səni pənahında
saxlasın.
Və yaxud:
Qarabağ dərdlərimizi,
torpaq niskilimizi yazanda Koroğlu nərəsi çəkərək
hər kəsi ayağa qalxmağa səsləyir:
Bu gecə yuxuma girmişdi
Cabbar ağlayırdı, Xan ağlayırdı,
Dönmüşdü qanadı qırılmış
quşa
Qarabağ başabaş qan
ağlayırdı.
... Vidadi Qazaxda qalxıb məzardan
Gəlirdi Vaqifin qəbrinə sarı
"Qurtarın, - deyirdi, - milləti
dardan!"
"Qurtarın, - deyirdi, - bu torpaqları!".
Ustad
haqqında oxucu düşüncələrini yazmaq son dərəcə
çətindi. Özü də bu cür şeirlərin
(Sizi qınamıram, ay Şuşalılar...), bu cür
poeziyanın qoynunda çabalaya-çabalaya yazmaq daha
ağırdı. Çünki əlini
hara atırsan, üzünü hansı misraya tutursan, "məndən
danış" deyir. Bu mənada
çaşıb qalıram. Şeirlərdən, o
böyük SÖZdən üzr istəyirəm və 60
yaşına bir oxucu həvəsiylə, bir oxucu arzusuyla
yazmağa çalışdığım, amma necə
alındığını bilə bilmədiyim bu yazıda
içimdən bir istək də keçdi. Düşündüm
ki, Ustad Almaniyada müalicə olarkən, ona
ünvanladığım şeirimi də bu yazıya əlavə
edim. Amma, sonra mənə elə gəldi
ki, yersiz görünər. Elə bilərlər
ki, mən də söz yaza bilməyimi xatırlatmaq istəyirəm
və arzumdan vaz keçdim. Eləcə Ustadın
özünün mənə avtoqrafla
bağışladığı kitablardan birindən öz
misraları ilə demək istəyirəm:
İlahi hər kəsə bir nemət verir
Kimi qələmdədi, kimi fırçada
İnsana nə versə təbiət verir
Şair sözdə qalır, rəssam parçada.
Bəli, Ustad! Siz
böyük SÖZÜN böyük meydanında öz
poeziyası, öz SÖZÜ olan və 60 yaşın zirvəsində
qərar tutan poeziyamızın Zəlimxanısınız.
Tanrı sizə hər şeyi, ilk öncə
isə böyük SÖZÜN tilsimini, sirlərini bəxş
edib. Siz şerimizin sönməyən, həmişə
işıq saçan böyük şairisiniz. Tanrı
sizi qorusun!
Əbülfət Mədətoğlu
Ədalət.- 2010.- 23 yanvar.- S. 12.