O DEYİRDİ: "ÖZÜMÜZÜ
TANIYAQ"
Azərbaycan Milli
İstiqlal Hərəkatının ideoloqu və lideri, ancaq
türk ellərində deyil, bütün islam aləmində
ilk demokratik üsul-idarəsi olan Azərbaycan Demokratik
Respublikasının təməl daşını quran, sonralar
ömür yolu, həyatı zəngin və keçməkeşli
hadisələrlə dolu bir dastana çevrilən,
xalqımızın ölümsüz lideri Azərbaycan
xalqının sosial-siyasi və fəlsəfi fikir tarixində
görkəmli ictimai-siyasi və dövlət xadimi,
istetadlı alim, mütəfəkkir, publisist və ədib,
örnək şəxsiyyət və vətəndaş olan Məmməd
Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə
1884-cü il yanvarın 31- də Bakının Novxanı kəndində
anadan olmuşdur. Atası din xadimi olmasına baxmayaraq həyata
açıq gözlə baxmış və dövrün
reallıqlarını dərk edən bir insan olmuşdur. O,
öz oğlunu şəriət dərslərini yox, dünyəvi
elimləri öyrənməyə yönəltmişdir. Onun,
oğlunu məşhur pedaqoq S.M.Qənizadənin müdir
olduğu ikinci Rus - müsəlman məktəbinə
qoyması gələcək mütəfəkkirin taleyində
böyük rol oynamışdır. Buranı bitirdikdən
sonra M. Ə. Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində
rus dilində davam etdirmişdir.Onun iniqlabi faliyyətinin ilk illərin
də məhz bu dövrə təsadüf edir.
1902-ci ildə 17
yaşında olan M. Ə. Rəsulzadə müsəlman gənclik
təşkilatını yaratmışdır. Bu XX əsirdə
Azərbaycanda rus müstəmləkə əsarətinə
qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat
idi. Bir az sonra Müsəlman Demokratik Müsavat Cəmiyyəti
adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın
bir qolu da İranda qurulmuş və burada başlanmış
inqilaba istiqamət verici rəhbər qüvvəyə
çevrilmişdir. M.Ə. Rəsulzadə ədəbi
yaradıcılığa da bu illərdə
başlamış, "Müxənmməs" adlı
şeri də ilk olaraq "Şərqi Rus" qəzetində
1903-cü ildə Tiflisdə çap olunub. Qeyd edək ki, M. Ə.
Rəsulzadə irsinə və XX əsrin əvvəllərində
baş verən bir çox mühüm sosial-siyasi hadisələrin
təhlilinə hələdə lazımı qiymət verilməyib.
M. Ə. Rəsulzadənin elmi-fəlsəfi irsi çox az
araşdırılmış, tədqiqatlarda onun yalnız
siyasi faliyyəti ön plana çəkilmişdir. Nəticədə
M. Ə. Rəsulzadənin yaşadığı dövr həmin
zaman kəsiyində baş verən sosial-siyasi, idialoji hadisələrlə
bağlı ziddiyyətli fikirlər səslənməkdədir.
Bu baxımdan M. Ə. Rəsulzadə şəxsiyyətini
lazımınca öyrənmək yalnız onun özü ilə
bağlı fərqli fikirlərlə deyil, həm də
bütövlükdə o dövrün elmi siyasi hadisələrinə
aydınlıq gətirmək deməkdir. Bütün
araşdırılan problemlər çərsində isə
AXC-nin qurulmasının ideoloji-nəzəri əsaslarının
tədqiqi önəmli yer tutur. Cümhuriyyətin necə və
hansı şəraitdə yaranmasını tədqiq etmək
çox zəruridir. Belə ki, AXC - bütün şərq
tarixində, müsəlman türk dünyasında ilk
demokratik cümhuriyyət idi. 1918-ci ildə
yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti
dövlətçilik şüurumuzun uğurlu nəticəsi
və mövcud demokratik, müstəqil və suveren dövlətimizin
əsas təməl prinsiplərindəndir. Dövlətimizin
başlıca prinsiplərini, mahiyyəti və dövlət
atributlarının hansı dəyərlərin rəmzi
göstəricisi olduğunu öyrənmək
üçün AXC ən dəyərli örnəklərimizdəndir.
Cümhuriyyətin ideoloqları sırasında M. Ə. Rəsulzadə
ayrıca və başlıca yer tutur. Rəsulzadə irsini
öyrənmək, cümhuriyyətin qurulmasının elmi-nəzəri
əsaslarını da üzə çıxartmaq deməkdir.
AXC-nin faliyyətinin elmi fəlsəfi əsaslarını əsasən
M. Ə. Rəsulzadə işləyib
hazırlamışdır. Bu vaxta qədər onun sosial fəlsəfi,
ictimai-siyasi görüşləri ilə bağlı
çox az sayda elmi araşdırılma aparılıb ki, bu
da sistemli tam şəkildə olmamışdır.
Azərbaycanın sabiq
prezidenti Ümummilli lider H.Əliyev M.Ə Rəsulzadənin
xalqımızın ictimai-siyasi və fəlsəfi fikir
tarixində yerini müsbət qiymətləndirərək
demişdir: "1918-ci il may ayının 28-də AXC-nin
yaranması Azərbaycan tarixində böyük ictimai-siyasi
hadisədir. Belə bir demokratik dövlətin mövcud
olması və müəyyən qədər fəaliyyət
göstərməsi Azərbaycanın sonrakı dövrlərinə
təsir edibdir. Düzdür, bu Respublika cəmi 23 ay fəaliyət
göstərdi, sonra isə təslim oldu. Biz tariximizi həmişə
obyektiv təhlil etməliyik və bugünkü nəslə,
gələcək nəsillərə düzgün
çatdırılmalıyıq. Təəssüf ki, əvvəlki
dövrlərə aid tariximizdə çox faktlar təhrif
olunubdur, indi də təhrif olunur. Tarixçilərimizin
borcudur ki, bu qüsurları aradan götürsünlər.
Ancaq biz deməliyik ki, Demokratik Respublika, onun liderləri M. Ə.
Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli, M.Hacınski və
başqaları çox böyük işlər görüblər.
Onlar Azərbaycanı müstəqil dövlət kimi
dünyanın bir qisminə tanıtdılar, bir sıra tədbirlər
gördülər. Mən yenə deyirəm M. Ə. Rəsulzadə
və başqaları Azərbaycan Respublikasının
böyük şəxsiyyətləri, XX əsrin əvvəlində
və xüsusən 1918 -ci ildə AXC-ni qurarkən
böyük sücaət göstərmişlər,
böyük iş görmüşlər və bu şəksiz-şübhəsizdir"
M. Ə. Rəsulzadə
yaşının ilk dövrlərindən axtarışda
olub. Bu axtarış isə onun tutduğu yolu yalnız daha da
gücləndirməli, əsaslandırmalı və dönməz
etməli idi. Bu yolu isə çox keçmədən məhz
islamlaşmaq, türkləşmək və müasirləşmək
düsturunda görüb. AXC-nin varlığı M. Ə. Rəsulzadənin
həyatının və yaradıcılığının ən
parlaq nümunəsidir. Qeyd etdiyimiz kimi Rəsulzadənin ədəbi-siyasi
irsi məlum səbəblər üzündən
araşdırılmayıb. Təkcə 1903-dən 1920-ci illərdə
Azərbaycan dövrü mətbuatda onun 1200-dən artıq
müxtəlif janrlı yazısı, həmçinin nitq,
çıxışı və s.dərc olunmuşdur.
1903-1909-cu illərdə "Şərqi- Rus",
"Hümmət", "Dəvət",
"İrşad", "Təkamül",
"Yoldaş", "Tərəqqi" qəzetləri və
"Füyuzat", "Volna" jurnallarında M. Ə. Rəsulzadənin
280-ə yaxın yazısı dərc edilmişdir. Məmməd
Əminin ictimai-siyasi, sosial-fəlsəfi, etik və estetik
görüşlərinin tədqiqini zəruri edən ən
başlıca məsələ, bu böyük insanın
çağdaş Azərbaycan xalqının, millətinin,
dövlətinin, onun mədəniyyətinin, ədəbiyyatının,
ideologiyasının və s. təşəkkülündə
və formalaşmasında misilsiz xidmətləri, fəaliyyəti
və şüurlu əməyidir. Rəsulzadənin
1903-cü ildən 1955-ci ilədək olan
yaradıcılığına, sosial-siyasi, sosial fəlsəfi,
dini, etik, estetik və s. görüşlərinə diqqətlə,
qərəzsiz, obyektiv, əsl ziyalı kimi yanaşmalı,
onun Fenomenal bir şəxsiyyət olduğu, həyatı boyu
xidmət etdiyi, bütün varlığını, ailəsini
qurban verdiyi millətinə aydın şəkildə
çatdırılmalıdır. Əlbəttə, Rəsulzadə
fəlsəfənin başlıca problemləri: varlıq,
idrak, şüur, dialektika və s. ilə məşğul
olmamış və bu sahələrə aid xüsusi bir əsər
yazmamışdır. Lakin onun bütün elmi-fəlsəfi,
ictimai -siyasi yaradıcılığı ilə tanış
olduqda görə bilərik ki, o, böyük bir mütəfəkkirdir,
filosofdur. Onun ictimai-siyasi görüşlərində və
yaradıcılığındə sosializm və demokratiya
ideyaları, din problemi, sosial-fəlsəfi, etik və estetik
görüşləri əsas yer tutur. Onun etika və
estetikaya aid fikirləri insan əxlaqi keyfiyyətlərinə,
onun daxili və xarici gözəlliklərinə, cəmiyyətin
ədəbi-mədəni həyatına yönəldiyi
üçün, hesab edirəm ki, fikrimizi bu məsələyə
yönəltsək heç də pis olmaz. M.Ə. Rəsulzadə
etikaya aid xeyir, şər, vicdan, humanizm, həyatın mənası,
mənəvi zənginlik, ideallıq, namus, ləyaqət, borc,
ədalət və s. dəyərləri, həmçinin,
estetikanın başlıca kateqoriyaları gözəllik,
ülvülük, facəvlik və komiklik kimi keyfiyyətləri
insana, cəmiyyətə aid məsələlər kimi irəli
sürür. O, insanları həmişə gözəl,
yaraşıqlı, ağılı, zəkalı, tərbiyəli,
bütün hərəkətlərini ölçüb
biçməyi bacaran, öz davranışı, və səliqə
səhmanı, danışığı, mehribanlığı,
səmimiliyi ilə hamıya xoş təsir
bağışlayan bir varlıq kimi görmək istəmişdir.
Mütəffəkir əxlaqi-estetik fikirlərini daha çox
Azərbaycan cəmiyyəti ilə bağlayır və yaxud
onunla əlaqələndirməyə
çalışırdı.
Rəsulzadə Azərbaycan
türklərinin ictimai-siyasi, mənəvi həyyatında
islam dininin rolunu çox yüksək qiymətləndirmiş,
böyük məharətlə dövlətlə dinin
ayrı-ayrılıqda yerini və rolunu göstərə
bilmişdir. O, Azərbaycan türklərinin dini fanatizimdən,
xürafatdan uzaq olması üçün,islam dinin əsl
mahiyyətini bilməyin vacibliyini irəli
sürmüşdür.
Rəsulzadə cənubi
Azərbaycan türklərinin dözülməz həyatını,
farslar tərəfindən assimilyasiyaya uğramasını,
bütün hüquq və azadlıqdan məhrum
olunmasını ilk dəfə olaraq qələmə
almış, bunun tarixi, fəlsəfi, siyasi, iqtisadi səbəblərini
açıqlamışdır. O, həmçinin təkcə
İran türklərinin deyil, bütün İran
xalqlarının həytında mühüm rol oynayan demokratik
mətbuatın banilərindən biridir. Rəsulzadə 1910-cu
ildə İranda muhacirətdə olan zaman bir qrup İran
ziyalısı (Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə,
Seyid Məhəmməd Rza, Seyid Həsən Tağızadə
və başqaları) ilə İran Demokrat Partiyasının
əsasını qoymuş, partiyanın mərkəzi komirtəsinə
seçilmiş, partiyanın ideologiyasını işləmiş,
partiyanın orqanı olan "İrane no və
"İrane-Ahat" qəzetlərinin baş redaktoru
olmuşdu. O, öz qələmi ilə İranda Avropa tipli
jurnalistikanın əsasını qoymuşdur. Bu barədə
sonralar, azərbaycanlı olan Seyid Həsən Tağızadə
yazırdı "Modern Avropa qəzet formasını ilk dəfə
İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur".
Rəsulzadə bütün yaradıcılığı boyu
İran xalqlarının azadlıq ideyalarını müdafiə
etmiş və bütöv Azərbaycan ideyaları uğrunda
elmi-nəzəri və təcrübi addımlar
atmışdır. O,istər AXC dövründə, istərsə
də AXC-nın suqutundan sonra fəaliyyət göstərdiyi
muhacirət illərində bir çox ölkələrlə
diplomatik münasibətlərin qurulmasında inanılmaz
işlər görmüşdür. Onun Türkiyə dövlət
rəsimləri ilə apardığı danışıqlar
nəticəsində 1918-ci ildə Azərbaycan türklərinin
Rus bolşevikləri və erməni daşnakları tərəfindən
məhv olunması siyasətinin qarşısı alına
bilmiş, Türkiyə Azərbaycan
qardaşlığının yalnız mənəvi deyil, rəsmi
şəkildə təməl prinsiplərini qoymuşdur. Rəsulzadə
və silahdaşları tərəfindən Türkiyə ilə
yaradılan ittifaq bu gündə davam etməkdədir. Qeyd etmək
lazımdır ki, bu siyasət Ümummilli Lider Heydər Əliyev
tərəfindən uğurla davam etdirildi. H.Əliyevin
"beynəlxalq lahiyələrin" həyata keçirilməsində
Türkiyə ilə birgə hərəkət etməsi, bu
siyasətin uğurlu davamıdır. H.Əliyevin söylədiyi
"Bir millət,iki dövlət" şüarı
Türkiyə -Azərbaycan dostluğunun sarsılmaz və
yenilməz qüvvəyə malik olduğunun bariz nümunəsidir...
AXC dövründə
Almaniya, Polşa, Ruminya və başqa dövlətlərlə
diplomatik münasibətlərin qurulmasında Rəsulzadənin
böyük əməyi olmuşdur. O, bir müddət
Polşa hökümətində məsləhətçi işləmiş,
lakin bir müddətdən sonra Ruminyaya getməli olmuşdur.
M.Ə.Rəsulzadə böyük bir ömür yolu
keçmişdir. Gənclik dövründə
yaşıdlarından fərqlənən və xalqını
maariflənməyə səsləyən Rəsulzadənin
hansısa siyasi təşkilatlarda fəaliyət göstərməsindən
aslı olmayaraq,əsas məqsədi Azərbaycanı azad və
milli-demokratik bir ölkə kimi görmək olub. Azərbaycan
xalqının taleyinin bir parçası olan Rəsulzadənin
mənalı həyatına, dolğun
yaradıcılığına bu gün ani bir nəzər
salmaqla biz vətənə, müstəqil Azərbaycanımıza
sədaqət timsallı böyük bir şəxsiyyətin
canlı obrazı ilə görüşürük. Əlbəttə
ki, bu sədaqət, bu sevgisi ilə o, Azərbaycan
xalqının məhəbbətini qazanmış və qəlblərdə
əbədi məskən salmışdır. Rəsulzadə
prinsipə sədaqətin, məfkurəyə
bağlılığın, səbr və fədakarlığın,
əzm və qüdrətin timsalı idi. 20 yaşında
" insanlara hürriyət, millətlərə istiqlal"
arzusu ilə siyasi həyata atılmış M.Ə.Rəsulzadə
"İnsanlara hürriyət, millətlərə istiqlal
fikri ilə də 72 yaşında Ankara Unveristetinin tibb fakultəsinin
klinikasında 1955-ci il mart ayının 6-da gecə saat on birə
on dəqiqə qalmış üç dəfə "Azərbaycan,
Azərbaycan, Azərbaycan" deyərək əbədiyyətə
qovuşdu. Ankara radiosu martın 7-də saat 22:45 dəqiqədə
sabiq Azərbaycan Milli Şurasının sədri, Türk
dünyasının böyük oğlu M.Ə.Rəsulzadənin
vəfat etdiyini təəssüflə bidirirdi.
M.Ə.Rəsulzadə
Ankara Əsiri qəbirstanlığında dəfn edilib. Vəfatı
münasibəti ilə Türkiyədə, İranda və Qərbi
Avropa ölkələrində xeyli nekroloq çap olunub.
Bunlardan ən maraqlısı Seyid Həsən Tağızadənin
çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə
dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə
İran "Məşrutə inqilabının" əsas rəhbərlərindən
biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına
çevrilən və öz doğma xalqına yad bir adam olan,
İranın ən görkəmli dövlət xadimi,
diplomatı və alimi sayılan Seyid Həsən
Tağızadə "Sühən" jurnalında
yazırdı: " Rəsulzadə, bütün ömrüm
boyunca ,Şərq dünyasında tayına
rastlaşmadığım, mübaliğəsiz söyləyə
biləcəyim fövqaladə nadir insanlardan biri idi. Məmməd
Əmin bəy tərbiyəli, qüvvətli və sağlam
məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli
tam mənası ilə dürüst, fikir və yoluna dərin
bir iman bəsləyən fədakar, mücahid və örnək
bir insandı. Belələrinə zamanəmizdə və hələ
bizim tərəflərdə rast gəlmək münkün
deyil". (Sühən, jurnalı Tehran, 4. 1955-ci il).
1978-ci ildə,
ölümündən 23-il sonra Ankarada M.Ə.Rəsulzadənin
"Milli təsanüd" (Milli həmrəylik) adlı
kitabı nəşr olundu. 1985-ci ildə dünyanın ən
qədim Universitetlərindən biri olan Oksfordda M.Ə.Rəsulzadənin
"Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm"
adlı kitabı ingilis dilində ön sözlə Rus dilində
ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin
1989-cu ildə "Əsrimizin Səyavuşu" və
1990-cı ildə isə "Azərbaycan Resbublikasının
keçmişi, təşəkkülü və indiki vəziyyəti"
adlı kitabları Ankarada yenidən işıq üzü
görmüşdür.
Bəli, Azərbaycan
xalqının böyük oğlu, mütəfəkkir, dahi
insan Rəsulzadənin anadan olmasının 126-cı
ildönümü münasibətilə söylənilən
fikirlər, gətirilən faktlarla bu böyük şəxsiyyətin
həyat və yaradıcılığının çox
böyük elmi araşdırmalara ehtiyacı olduğunu
xatırlatmağı özümüzə borc bildik. Əlbəttə,
Rəsulzadə qədim dövlətçilik ənənəsinə
və mədəniyyətə malik olan bir xalqın - Azərbaycan
xalqının tarixə bəxş etdiyi Əfrasiyab,Tomris, Babək,
Cavanşir, Xətai və Nadir kimi dahilərdən gələn
ənənənin davamçısı idi. XX əsrin əvvələrində
dediyi "Bir kərə yüksələn bayraq bir daha enməz"
fikiri, XX əsrin sonunda dünya şöhrətli siyasətçi
Heydər Əliyevin uğurlu siyasəti nəticəsində
bir daha özünü doğrultdu.
Biz də bu şərəfli
və müqqədəs insanların bizə miras qoyduqları
müqəddəs işin, layiqli davamçıları
olmağı özümüzə borc bilməliyik. Gəlin
hamlıqla, örnək şəxsiyyət M.Ə.Rəsulzadənin
dediyi "öz-özümüzü" kimliyimizi,
türklüyümüzü,
İslamçılığımızı, Azərbaycanllığımızı"
tanıyaq, dərk edək sözlərinə əməl edək.
Özümüzü tanıyaq, tariximizi və tarix yaradan
şəxsiyyətimiz Məmməd Əmin Rəsulzadəni
unutmayaq....
Kərim Novruzov
Ədalət.- 2010.- 30 yanvar.- S. 6.