126 yaşlı müasirimiz-
Məmməd Əmin Rəsulzadə
Dövrü yaxşı bilən istənilən bir
şəxs "AXC hökuməti təhvil verdi" ifadəsini
işlətməz
Sabah Azərbaycan Xalq Cumhuriyyətinin
qurucularından biri və birincisi olan insanın, Məmməd Əmin
Rəsulzadənin dünyaya gəldiyi gündür. 16
yaşından aktiv siyasi fəaliyyətə başlayan bu
böyük insan milli demokratik bir dövlətin qurulmasına
nail olsa da xalqına, dövlətinə vermək istədiyinin
mində birini verə bilmədi. Özünün dediyi kimi,
çox şey deyil, yalnız azadlığın nə
olduğunu dadızdıra bildi. Beynəlxalq vəziyyətin gərginliyi,
çar imperiyasının varisi sovet Rusiyasının
daxıldəki emissarları vasitəsilə müdaxiləsi
AXC-nin ömrünü elə başlanğıcda kəsdi.
Azərbaycanı
işğal etməklə yanaşı, həm də Cumhuriyyəti
quranlar qırmızı terrorun qurbanına çevrildi. Rus
işğalından sonra müxtəlif yollarla sağ qalanlar Məmməd
Əmin başda olmaqla Avropa ölkələrinə, Türkiyəyə
üz tutaraq son nəfəslərinə kimi mübarizə
apardılar. Avropanın bir çox ölkələrində
müvəqqəti yaşayan Məmməd Əmin Rəsulzadə
1955-ci ildə Türkiyədə dünyasını dəyişdi.
Son kəlməsi də "Azərbaycan" oldu.
Müsahibimiz Bakı
Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri
doktoru, professor Anar İsgəndərovla Məmməd Əmin
dövrünə ekskursiya edirik
- Sizcə, biz Rəsulzadəni yetərincə tanıda
bilmişikmi?
- Azərbaycanın Milli
Azadlıq hərəkatı tarixində Məmməd Əmin
Rəsulzadənin xüsusi yeri var. Tarixdə hər bir hadisəyə
qiymət onun nəticəsinə görə verilir. Məmməd
Əmin başda olmaqla XIX əsrin sonu XX əsrin əvvəllərində
mücadilə aparan ziyalılar 1918-ci il mayın 28-də istək
və arzularına nail oldular. Onların ən böyük
amalı müstəqil Azərbaycan dövlətini yaratmaq idi
bunu da bacardılar. Ancaq Məmməd Əmin başda olmaqla
milli demokratik qüvvələr 1918-20-ci illərdə müstəqil
dövləti qursalar da 1920-ci ilin aprel işğalı hər
şeyin üzərinə qara sədd çəkdi. Bu qara sədd
nə az, nə çox düz 1990-cı ilin əvvəlinə
kimi davam etdi. Sovet dönəmində 1918-20-ci illərdə Azərbaycada
nə baş verib, müstəqil dövlət qurulubsa, onu kimlər
qurub, belə bir dövlətin qurulması ilə Azərbaycan
nə əldə edib-suallarına cavab vermək çox
çətin idi. Çətinliyin səbəbi odur ki, bununla
bağlı heç kim hansısa məlumata maik deyildi. Məlumatı
olanlar da çox nadir hallarda öz yaxınlarına bu barədə
nəsə deyə bilərdi. Sovet quruluşu 1918-20-ci illərdə
mövcud olmuş AXC-yə düşmən olduğuna görə,
Cümhuriyyətlə bağlı bir cümlə belə deyənin
ən uzaq yeri Sibir, ən yaxını isə həbsxana
olurdu. Bu baxımdan 1918-20-ci illərin liderləri haqqında məlumatlar
insanlara çatdırıla bilməzdi. Təbii ki, ötən
əsrin sonlarında Azərbaycan özünün dövlət
müstəqilliyini bərpa edərkən ilk olaraq bərpa
ifadəsini işlədən insanların özündə
sual yaranırdı ki, "necə yəni bərpa, nəyi bərpa?"
Nəyi bərpa etmişik sualının cavabı bu idi ki, yəqin
bundan əvvəl də nəsə olub. Təbii ki, həmin
Cumhuriyyəti quran insanlar haqqında məqalələr
yazılmalı, xalqa tanıdılmalıydı. İlk olaraq
məqalələr, ardınca kitablar, daha sonra isə tədqiqat
işləri yazıldı. Beləliklə də 1918-20-ci illərin
mənzərəsi canlandırıldı.
- Əgər Rəsulzadə və mübarizə yoldaşları
olmasaydı Azərbaycanın taleyi necə olardı? Bu
insanların səyi Azərbaycanın gələcyi
baxımından nə verdi?
- XIX əsr Qərb cəmiyyətində
sosial demokratik hərəkat, eyni zamanda Rusiyadakı fəhlə,
bolşevik, menşevik, eser hərəkatında Cənubi
Qafqazla bağlı fikirlər ondan ibarət idi ki, regionda iki
dövlət-gürcülər və ermənilər
üçün qurulmalıdır. Şübhəsiz burda azərbaycanlıların
sayının az olmasından söhbət getmirdi və əhalinin
sayı baxımından Cənubi Qafqaz ölkələri
arasında Azərbaycan əhalisinin sayı daha çox idi.
Belə bir dövrdə Qərbi inandırmaq olduqca çətin
idi. 1920-ci il yanvarın 11-də Paris sülh Konfransının
Ali Şurası Azərbaycanı de-fakto tanıdı və bu
fakt Qərb düşüncəsindəki fikirləri
alt-üst etdi. Kiçik, həm də tanınmayan bir xalq kimi
təbii ki, müstəqil dövlət yaratmaq fikrinə
düşmək və onu reallaşdırmaq böyük qələbədir.
Bu mənada Azərbaycanın milli azadlıq hərəkatının
ilk qığılcımı Həsən bəy Zərdabi ilə
başlayırsa, sonrakı dönəmdə
marifçi-demokratik hərəkatdan inqilabçı-demokratik
hərəkata keçiddə AXC-ni yaradanların əvəzsiz
rolu olub. 1918-20-ci illərdə mövcud olan dövlət
olmasaydı 1920-ci ilin aprelində bu əraziyə daxil olan XI
rus ordusu gələcəkdə Cənubi Qafqazda üç
deyil, iki-Ermənistan və Gürcüstan dövlətlərinin
formalaşmasına fərman verəcəkdi. Çünki Ermənistanın
bir respublika kimi yaranmasında Qərb də maraqlı idi.
1919-cu il mayın 28-də Əlimərdan bəy
Topçubaşovun rəhbərlik etdiyi nümayəndə
heyətini ABŞ prezidenti Vudro Vilson Parisdə qəbul edir və
aralarında bir saata yaxın danışıq aparılır.
Əlimərdan bəy etiraf edir ki, bir saat ərzində
ABŞ prezidentini Azərbaycanın harada olduğunu qəbul
etdirə bilməyi. Vudro Vilson Georgiya, Armeniya,
Atropatena-Albaniyanı etiraf edir, amma Azərbaycanın
varlığını inkar edir. Bu o dövrdə söz sahibi
olan bir ölkənin fikri olsa da sonda onları fikirlərindən
daşındırmaq böyük diplomatik məharət idi. Həmçinin
bu 1920-ci ilin aprelindən sonrakı dönəmlər
üçün də Azərbaycanın torpaqlarını
qoruyub saxlamaq idi.
- Yəni işğaldan sonra da AXC-nin fəaliyyətinin
təsirləri özünü göstərirdi?
- Əlbəttə, Azərbaycan
Sovet Sosialist Respublikası ifadəsi ona görə işlədilirdi
ki, ona qədər iki ilə yaxın hakimiyyətdə olan
müstəqil dövlət vardı və onu inkar etmək
olmazdı. Bu Cumhuriyyət qurucularının danılmaz xidmətlərinin
nəticəsi idi. Hətta, AXC süquta uğrasa da,
işğala məruz qalsa da bizim qazandığımız o
oldu ki, sovet rejimi müstəqillik, azadlıq ideyasını
üstümüzdən tamamilə ata bilmədi. Azərbaycanı
işğal etdilər, ancaq formal olsa da müstəqil dövlət
sözü üzərimizdə qaldı.
- Rəsulzadə və mübarizə yoldaşları
eyni zamanda həmin dövrlə bağlı məlumatlar yetərincə
olmasa belə orta və ali məktəblərdə tədrisi
zəruridirmi?
- Məmməd Əmin Rəsulzadə
daxil olmaqla Azərbaycanın milli demokratik ziyalıları
xalqımıza lazım olan çox şey verdilər. Bunun nəticəsində
1918-ci ildə AXC yarandı. Tədris olunmalarına gəlincə,
inanmıram ki, bu gün hansısa orta məktəb şagirdi
ötən əsrin əvvəlində mövcud olan Cumhuriyyətlə
bağlı elementar bilgiyə malik olmasın. Ən azı Azərbaycanın
dövlət himni, digər dövlət atributları var və
onlar həmin dövrün yadigarıdır. Ümumilikdə
götürdükdə 1918-23-cü ildə Mustafa Kamal
Atatürkün qurduğu dövlətlə müqayisədə
bizdə müəyyən qədər
çatışmazlıq var. Bunu inkar etmək olmaz, ona
görə ki, hər bir dövrün, tarixin insanların təfəkküründə
oturuşması üçün zamana ehtiyac duyulur. Əgər
müstəqilliyin bərpasının ilk illərində
1918-20-ci illərin tədqiqi əsas idisə, bu gün təhrif
olunan dövrlərin tədqiqinə ehtiyac var. Səfəvi,
Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar, digər dövlətlərimiz
və Rusiya işğalından sonra Gülüstan, Türkmənçay
sülh müqavilələri ilə Azərbaycan
torpaqlarına ermənilərin köçürülməsi,
Albaniya probleminin araşdırılması vacibdir. Tarixdə fərd
subyekt sayılsa da hər bir şəxsiyyətin hansı xidmətləri
olubsa həmin istiqamətdə də təbliğ
olunmalıdır. Bu gün təbliğatımızda təkcə
1918-20-ci illər tarixi ilə kifayətlənmirik, ancaq həmin
tarixdən daha çox ona görə danışırıq
ki, ilk müstəqil Azərbaycan Cumhuriyyəti o zaman qurulub.
Azərbaycanın dövlət dili, vətəndaşlığı,
ordusu, univesitetin, parlamentin yaradılması haqqında, qərb
cəmiyyətində tanınma ilə bağlı ilk deyə
biləcəyimiz fərmanlar, böyük hadisələr
Cumhuriyyətin adı ilə bağlıdır. 1918-20-ci illərə
qədər olan tariximizə xələl gəlmədən,
Cumhuriyyət dövrü bizə o qədər əziz,
doğmadır, uğurları o qədər çoxdur ki, orta
məktəbdə də, ali məktəbdə də, ölkədən
kənarda da onu təbliğ etmək bizim borcumuzdur.
- Milli Şuranın rəhbəri kimi atılan hər
bir addımda Məmməd Əminin rolu danılmazdır...
- Təsəvvür edin
ki, AXC parlamentinin təşkili və strukturu ilə
bağlı biz Avropa Parlament Şurasına sənəd
göndərəndə onlar təəccüblənmişdilər.
Avropada XX əsrin 50-ci illərində qadınlara seçki
hüququ verildiyi halda, 1919-cu ildə Azərbaycan parlamenti
haqqında qanun hazırlanarkən qadın və kişilərin
hüquq bərabərliyi əksini tapmışdı. 1918-ci
ilin dekabrında Azərbaycan parlamenti təşkil edilərkən
Azərbaycanda kimlərin yaşamasına və sayına
baxmayaraq, hətta azlıqda qalan yəhudilərə,
polyaklara, almanlara parlamentdə təmsilçilik hüququ
verilirdi. Bu günkü Qərb parlamenti AXC parlament strukturunu
görəndə ona görə təəccüblənir ki,
bu XX əsrin əvvəlində hətta Qərb cəmiyyətindən
öndə gedəcək bir dövlət strukturu, parlamentli
respublika qurmağın göstəricisi idi. Dünənə
qədər əsarətdə yaşayan , bu gün azad olub, azadlığını
ərazisində yaşayan kiçik xalqlara şamil edən
bir dövlət aborigen xalq kimi bu torpağa sahiblənib digərlərini
çıxdaş etmir. Bütün bunlar 1918-20-ci illərin
Azərbaycan tarixinin şərəfli səhifəsidir və
Məmməd Əmin başda olmaqla onun mübarizə
yoldaşları da Azərbaycanın tarixində xidmətləri
olan şəxslərdir.
- Nədənsə həmişə bütün məsələlərdə
ilk olaraq Məmməd Əminin adının çəkilməsi
birmənalı qarşılanmır...
- Bunun sadə bir səbəbi
var və bu ondan ibarətdir ki, Azərbaycanın görkəmli
dövlət liderlərindən ən çox yaşayanı
Rəsulzadə olmuşdur. Fətəli xan Xoyski, Nəsib bəy
Yusifbəyli 1920-ci ildə qətlə yetirildi. Əlimərdan
bəy Topçubaşov 1934-cü ildə vəfat etdi. Ancaq
1955-ci ilə kimi yaşayan, təkcə yaşayan deyil, həm
də son nəfəsinə kimi mübarizə aparan Məmməd
Əmin Rəsulzadə oldu. Rumınya, Polşa, Almaniya,
Türkiyədə-harda yaşamasından asılı olmayaraq
yazdıqları və mübarizə apardıqlarından bir
daha bəlli olur ki, onun beynində bir Azərbaycan mücadiləsi
vardı. Bu mücadiləni də axıra kimi apardı. Bu mənada
biz Rəsulzadəyə daha çox önəm veririk. Amma biz
Cumhuriyyəti quranları birini digərinə qarşı qoya
bilmərik və bu yolverilməzdir. Əslində tədrisimizdə
və təbliğimizdə heç bir rəhbər digərinə
qarşı qoyulmamalıdır. Çünki onların
hamısı Azərbaycanın ziyalılarıdır. Bizim
üçün önəmli odur ki, onların bacarıb
etdiklərini təbliğ edək, işğal üzündə
həyata keçirə bilmədiklərini bu gün yerinə
yetirək. Ona görə biz bunu etməliyik ki, Azərbaycanın
ərazi bütövlüyü təmin olunmayıb, Qərb cəmiyyətinin
bizə qarşı yaranmış münasibəti dəyişməyib.
- Rəsulzadəni hakimiyyəti təhvil verməkdə
ittiham edənlər bu gün də az deyil. Vəziyyət nəyi
diqtə edirdi?
- Dövrü
yaxşı bilən istənilən bir şəxs "AXC
hökuməti təhvil verdi" ifadəsini işlətməz.
AXC-yə birmənalı olaraq məlum idi ki, 70 mindən
artıq qırmızı ordu Samur çayını
keçir. Həmin ordu yarıçılpaq vəziyyətdə
beyni doldurulub ki, Azərbaycanda hər şey var. XI
qızıl ordunun əsgərlərini də Azərbaycanda hər
şeyin olduğuna və onlara çatacağına
inandırmışdılar. Elə bir orduya qarşı
mübarizə aparılsa belə onun qarşısını
almaq qeyri-mümkün idi. Gələn ordu rəhbərliyi Azərbaycanı
işğal etdiyini demirdi və onun bəhanəsi o idi ki,
Anadoluda qan qardaşlarımızın köməyinə
gedirlər. Digər bir tərəfdən zirehli qatarda gələn
də dünənə qədər Qafqaz ordusunun tərkibində
Azərbaycana azadlıq gətirən Xəlil Paşa idi və
o bu gün "əfəndim biz bir də gəlirik"
deyirdi. Dünən ondan azadlıq, ədalət görən
azərbaycanlı çaşıb qalmışdı. Əgər
ordu Anadoluya köməyə gedirdisə, Azərbaycanda
"buyurun, gedin" deyilməliydi. AXC-nin ən ədalətli
qərarı idi ki, ən
azı hakimiyyəti parlamentdə təmsil olunan
Azərbaycan bolşeviklərinə təhvil verirdi.
Əgər bu mübarizədə qan tökülmədisə, deməli, bu hökumətin müsbət
addımının nəticəsi idi.
Amma təbii ki, gələn
ordu nə Anadoluya gedirdi, nə Azərbaycana firavanlıq gətirirdi,
məqsəd Azərbaycanı işğal
etmək idi.
Gültəkin Qəhrəmanlı
Ədalət.- 2010.- 30 yanvar.- S. 9.