AYŞAD MƏMMƏDOVLA MASKASIZ, QRİMSİZ SÖHBƏT

 

Əməkdar artist Ayşad Məmmədov Şəki Dövlət Dram Teatrında, Gənclər Teatrının səhnəsində elə obrazlar yaradıb ki, bu gün sənətə yeni gələn cavanlar həmin rolları yalnız arzulaya bilərlər. Şekspirin "Romeo və Cülyetta" tamaşasında oynadığı Romeonun səsi Moskvaya qədər gedib çıxıb. Rusiya mətbuatı istedadlı aktyor barədə xoş sözlər yazmağa xəsislik etməyib.

Düzdü, tamaşaçılar Ayşad Məmmədovu daha çox "Bəxt üzüyü" bədii filmindəki Hüseyn roluna görə tanıyırlar. Amma bu həmsöhbətimin günahı deyil. Teatrın kinoya "məğlub" olmasını etiraf etməyə məcburuq.

Mədəniyyət və Turizm Nazirliyinin bir müddət əvvəl həyata keçirdiyi islahatdan sonra Ayşad Məmmədov artıq Gənc Tamaşaçılar Teatrının aktyorudu. Müsahibimlə elə onun yeni iş yerindəki qrim otağında üzbəüz oturub söhbətləşdik. Maskasız və qrimsiz...

 

BİRİNCİ EPİZOD - BAKIDAN ŞƏKİYƏ

 

- Teatrdan bol Bakıda boya-başa çatan Ayşad Məmmədov necə oldu ki, ilk dəfə səhnəyə Şəkidə çıxdı?

- Biz tələbə olanda Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Şəki Dövlət Dram Teatrı təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda da tanınırdı. Təbii ki, mən də bu kollektivin fəaliyyətini izləyirdim. Dramaturq, həmkəndlim Rəhman Əlizadənin bir neçə əsəri həmin teatrda oynanılırdı. Rəhman müəllimlə dəfələrlə Şəkiyə gedib tamaşalara baxmışdım. Artıq ikinci kursda oxuyanda seçimimi etmişdim. Şəki Teatrında işləyəcəyimlə bağlı qərarımı o zaman Hüseynağa müəllimə də bildirmişdim. İnstitutu bitirəndə sözümün üstündə durdum və Şəkiyə işləməyə getdim. Baxmayaraq ki, institutda müəllim kimi çalışmaq imkanım var idi. Çünki belə bir təklif almışdım. Lakin mən Hüseynağa müəllimin teatrında işləməyi üstün tutdum. Yaxın dostum, mərhum aktyorumuz Ələkbər Hüseynovla sözü bir yerə qoyub getdik Şəki teatrına. Ələkbərin yaxşı bir söz var idi, tez-tez deyirdi ki, qanadlarımızı böyük uçuşa hazırlamaq üçün gedək Şəkiyə.

- Orada gənc aktyor üçün hər cür şərait var idi. Baş rollar, xarici qastrollar, beynəlxalq festivallar...

- Doğrudan da o zaman Şəki teatrı hər yana səs sala bilmişdi. Moskva Bədaye Teatrının səhnəsində 6 tamaşa ilə çıxış etmək hər əyalət teatrına nəsib olmurdu. Hələ mən Moskva Satira Teatrının səhnəsindəki çıxışlarımızı, xarici qastrolları demirəm. 1984-ci ildə İrəvanda keçirilən Beynəlxalq Şekspir Festivalına dahi dramaturqun "Romeo və Cülyetta" tamaşı ilə qatıldıq. Mən də Romeo rolunu oynayırdım. Müxtəlif ölkələrdən, o zaman SSRİ-yə daxil olan respublikalardan teatrlar festivalda iştirak edirdi. Mən ən yaxşı kişi roluna görə xüsusi mükafat aldım. O zaman mənim haqqımda erməni qəzetlərinin yazdığı məqalələri indi də arxivimdə saxlayıram. Bayaq Moskva qastrollarını təsadüfən xatırlatımadım. Şəki teatrını Rusiya paytaxtında bəlkə də Bakıdan çox tanıyırdılar. Mətbuat tez-tez bizim haqqımızda yazırdı. Yadımdadı, indi Rusiya prezidentinin mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi işləyən, bir müddət bu ölkənin mədəniyyət naziri olmuş Mixail Şvıdkoy o zaman "Pravda" qəzetində bizim "Romeo və Culyetta" tamaşası, baş rolların ifaçıları barədə xoş sözlər yazmışdı.

 

İKİNCİ EPİZOD- ŞƏKİDƏN BAKIYA

 

- Qısa müddətdə məşhurlaşan Ayşad Məmmədov bəs niyə Bakıya qayıtdı? Şəki teatrının səhnəsi sizə artıq balaca görünürdü, yoxsa...

- Məndən olsaydı ömrümün axırına kimi Şəkidə qalıb işləyərdim. Çünki məhz bu teatrın səhnəsində çox şeylər öyrənmişdim. Amma şərait elə gətirdi ki, Bakıya qayıtmalı oldum.

- Bu məsələdə də Hüseynağa Atakişiyev amili əsas rol oynadı?

- Təbii. Hüseynağa müəllim Bakıya gələndən sonra əvvəlcə Akademik Dram Teatrında çalışdı. Oradakı işi nəsə alınmadı. 80-ci illərin sonunda isə öz teatrını - Gənclər Teatrını yaratdı. Həmin ərəfədəki söhbətlərimizdə rəhmətlik mənə tez-tez deyirdi ki, artıq Bakıya qayıtmaq vaxtıdı.

- Hər halda Hüseynağa müəllim pis məsləhət verməyib. Boya-başa çatdığımız şəhər, teatral paytaxt, Gənclər Teatrında maraqlı rollar. Hələ mən fəxri adı demirəm...

- Fəxri adı Şəki teatrında işləyəndə də ala bilərdim. Çünki bununla bağlı sənədlərim bir neçə dəfə təqdim olunmuşdu. Amma iş elə gətirdi ki, Gənclər Tetarında çalışanda bu iş rəsmiləşdi. 2002-ci il idi. Aktoyr dostum Qurban İsmayılovla Moskvaya səfərə hazırlaşırdıq. Bir gün qabaq mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dedi ki, hər ikinizə fəxri ad veriləcək, bununla bağlı sənədlər hazırlanıb. Biz Moskvaya getdik, bir neçə gün sonra hə yat yoldaşım zəng eləyib dedi ki, sənə əməkdar artist fəxri adı verilib. Amma Qurbanı siyahıdan çıxarıb başqa bir aktyorun adını əlavə etmişdilər. İndi həmin aktyorun adını çəkmək istəmirəm.

 

ÜÇÜNCÜ EPİZOD - GƏNCLƏR TEATRINDAN GƏNC TAMAŞAÇILAR TEATRINA

 

- Ayşad Məmmədovu səhnədə görmək istəyənlər bundan sonra Gənc Tamaşaçılar Teatrına gəlməli olacaqlar. Artıq bu teatrın repertuarındakı bir neçə tamaşada rol almısız. Amma son söhbətlərimizdən belə başa düşürəm ki, yeni kollektivə hələ tam uyğunlaşa bilmirsiz...

- İndi bu teatrda üç müxtəlif kollektiv birləşib. Baş rejissorumuz Cənnət Səlimovanı başa düşürəm, bilirəm ki, onun üçün çox çətindi. Cənnət xanım mənim müəllimim olub, onun xətrini çox istəyirəm. Yəqin onun özünə də bir az vaxt lazımdı. Belə duyuram ki, Cənnət xanım da hələ özünü tam sərbəst hiss edə bilmir. Özümə gələndə isə hələ ki, ürəyimdə deyinirəm. Başqa nə bilərəm ki... Gücüm yalnız özümə çatır. Çalışıram ki, öz-özümü xilas edim. Yaxşı bir əsər əlimə düşüb. Çilakinin "Qoca" birpərdəli pyesini tərcümə edirəm. Çox maraqlı əsərdi. Qoca xəstə vəziyyətdə uzanıb qonşu otaqda yatan xəstə arvadı ilə söhbətləşir. Sonda məlum olur ki, arvad çoxdan dünyasını dəyişib. Qoca bayaqdan bəri öz-özünə danışırmış. Bir aktyorun teatrı üçün çox maraqlı əsərdi. Qoca rolunu oynamaq istərdim.

- Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsi istifadəyə verilib. Həmin səhnədə "Qoca" oynamaq olar. Yəqin əsərə özünüz quruluş verəcəksiz...

- Hələ bunlar yalnız arzudu, görək nə olur. Yəqin ki, bu barədə Cənnət xanımla söhbət edəcəyəm. Həmişə gərgin, belə deyək də tam gücümlə işləmişəm. Amma indi özümü bu teatrın içində görə bilmirəm. Elə bir məhv olub gedirəm. Ona görə də xilas olmaq üçün yollar axtarıram. Teatr real sənətdi. Bü gün görünürsənsə, varsan, sabah olmayanda heç kim səni yada salmayacaq.

- Niyə belə bədbinsiz?

- Bu bədbinlik yox, reallıqdı. Kinodan fərqli olaraq, teatr canlıdı. Səhnədə olanda öz ruhunu, enerjini zala ötürürsən və zaldan enerji alırsan. Beləcə maraqlı və qarşılıqlı reaksiya baş verir. Mən də işləmək, enerjimi tamaşaçıya ötürmək istəyirəm.

- Zaldan gələn reaksiya həmişə sizi qane edir?

- Təəssüf ki, yox.

- Nobel mükafatı laureatı Knut Hamsunun bu günlərdə premyerası olan "Viktoriya" əsərində Qraf rolunda oynayırsız. Qraf düşdüyü vəziyyətdən xilas olmaq yolunu özünü asmaqda görür. Tamaşaçıların reaksiyasından belə aydın oldu ki, intihar səhnəsini təbii oynamağı bacardız...

- Məncə bu daha çox quruluşçu rejissorun xidmətidi.

- Bu tamaşa Bəhram Osmanovla birinci işiniz idi?

- Teatr səhnəsində ilk dəfə idi ki, birgə işləyirdik. Amma onun televiziyada hazırladığı Çexovun "Altıncı palata" tamaşasında oynamışam. Bir neçə il əvvəl Bəhram Akademik Milli Dram Teatrında hazırladığı tamaşada məni də görmək istəyirdi, lakin alınmadı.

- Bəhram Osmanovla işləmək çətin deyil?

- Bəhramın rejissor kimi nəyə qadir olduğunu bütün teatr aləmi bilir. O, aktyorla işləməyi bacaran rejissordu.

- Uzun müddət Hüseynağa Atakişiyevlə birgə çalışan aktyorların başqa rejissorlarla işləməsi hər halda bir qədər çətin olar...

- Düzdü, Hüseynağa müəllimi bir kəlmədən başa düşürdüm, bilirdim ki, aktyor kimi məndən nə tələb edir. Buna baxmayaraq, başqa rejissorlarla işləmək mənim üçün problem yaratmır. Onlarla da dil tapa bilirəm. Çünki rejissora tabe olmağı bacaran aktyoram. Mənim fikrimcə yaxşı aktyor rejissorun əlində plastilin olmağı bacarmalıdı.

 

DÖRDÜNCÜ EPİZOD – TEATRDAN KİNOYA

 

- "Bəxt üzüyü" filmindəki Hüseyn rolu ilə daha çox tanındız. Sizi kinoda Ramiz Əzizbəylinin tapıntısı saymaq olar?

- Belə demək olar. Çünki Hüseyn kinoda ilk işim idi. Bu rola bir neçə aktyor dəvət olunsa da, sonda Ramiz müəllim məni çəkməyə qərara aldı və mənimlə çox yaxşı işlədi. Şəki teatrında Vaqif Səmədoğlunun "Bəxt üzüyü" tamaşası səhnəyə qoyulanda tam fərqli rol - Rasimi oynamışdım. Yəni əsərə yaxından bələd idim. Həm də bayaq dediyim kimi, Ramiz müəllimlə Hüseyn obrazı üzərində çox işlədik. Necə deyərlər, rolu yaxşı cilaladıq. Rejissor özümü bu rolda göstərmək üçün mənə hər cür imkan yaratdı.

- Kinoda başqa rollarınız o qədər də uğurlu alınmadı. Bu fikirlə razısız?

- "Bəxt üzüyü"ndən sonra Ələkbər Muradovun "Güllələnmə təxirə salınır", Ramiz Həsənoğlunun "Ailə", Mehriban Ələkbərzadənin "Məhkumlar", Ramiz Əzizbəylinin "Yalan", Eldar Quliyevin "İstanbul reysi" filmlərində çəkilmişəm. O filmlərdəki heç bir rolum məni qane etmir.

- Bu günlərdə sizi Anarın məşhur "Evləri köndələn yar" teletamaşasının davamı kimi çəkilən "Evləri göydələn yar"da Şamil rolunda gördük. Tamaşaçılar bu rolda Fəxrədin Manafovu görməyi adət etmişdilər. Onu əvəz etmək çətin olmadı?

- Məncə yox. Biz Fəxrəddinlə köhnə dostuq. Əslində ikinci hissədə də Fəxrəddin özü çəkilməli idi. Lakin xaricdə olduğundan bir neçə başqa aktyoru həmin rolda sınayıblar. Sonra Ramiz Həsənoğlu məni dəvət etdi və onun bu təklifi ilə razılaşdım.

 

BEŞİNCİ EPİZOD - 1-DƏN 55-Ə

 

- Səhnədə, kinoda müxtəlif xarakterli insanların obrazlarını yaradan aktyorların real yaşını təyin etmək bəzən çox çətin olur. Uzun müddət sizi səhnədə, həyatda müşahidə etsəm də yaşla bağlı konkret rəqəm tapa bilmirəm...

- 55 yaşım ötən dekabrda tamam oldu.

- Belə gurultulu səslənən rəqəmdən niyə heç bir səs-küy eşidilmədi?

- Heç vaxt belə şeylərin, hay-küyly təbriklərin tərəfdarı olmamışam. İnşallah 60-a çatanda geniş qeyd edərik.

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2010.- 30 yanvar.- S. 14.