"ÜRƏK YANMASA..."
O şeirlər yadda
qalır ki, həmin misralar ürəkdən gəlir və
oxucuların qəlbinin sarı siminə toxunur. Bu mənada
"Adiloğlu" nəşriyyatı tərəfindən
çapdan çıxan istedadlı şair Vahid Əlioğlunun
"Ürək yanmasag" şeirlər kitabı neçə-neçə
oxucu qəlbinin sarı siminə toxunacaq. Ən azından ona
görə ki, şairin bu şeirlərində milli ruh,
insanı düşündürən və ilahi eşqdən
yaranan səmimi məhəbbət daha obrazlı və
şirin bir dillə oxucuya çatdırılır.
Kitabdakı şeirlər
şərti olaraq bu bölmələrdə toplanıb:
"Eldən ayrı yaşamaram", "Alnıma yazılan
yazı", "Haqqa könül vermişəm",
"Qayıt", "Unuda bilməzsən", "Sən
niyə demirsən, günahın nədir?" . Əlbəttə,
şairin yaradıcılığında öncə vətən,
xalq, millət sevgisi daha qabarıq vəsf edilir. Məsələn,
"Eldən ayrı yaşamaram" şeirində oxuyuruq:
Eldən ayrı yaşamaram,
Mən elimə qurban olum.
Ruh oxşayan, can oxşayan,
Öz dilimə qurban olum.
Vətənin hər
qarış torpağını müqəddəs varlıq
kimi qəbul edən şair öz elinin torpağını və
yurdunu hər şeydən üstün tutur. Onun yolunda
ölümə getməyə hazır olduğunu bildirir.
"Haqqa könül vermişəm" şeirində isə
şair yazır:
Haqqa könül vermişəm,
Hər sözüm haqdan gəlir.
Mən Adəm övladıyam,
Səsim uzaqdan gəlir.
Yaxud:
"Qayıt" şeirində şair görün
öz poetik fikrini necə obrazlı ifadə edir:
Ərimək bilməyir həsrətin canda,
Dərdimi duyarsan tarda, kamanda.
Səni düşünəndə, səni ananda,
Ürəyim od tutub alışdı, yandı,
Qayıt qurban, olum, qayıt, amandı.
Vahid Əlioğlunun
şeirlərində vətən məhəbbəti ilə
yanaşı, ailə sədaqəti, ailə məhəbbəti,
əbədi eşq, nəvə sevgisi çox bədii və
poetik bir şəkildə öz ifadəsini tapıb. Hər
bir şeirdə sanki yeni bir ətir, yeni bir qoxu hiss edirsən
və hər şeirin öz rəngi, öz çaları
var. Məsələn, "Unuda bilməzsən" şeirində
aşağıdakı misralar hər bir oxucunun iç
dünyasına bir işıq gətirir:
Ömrümü, günümü zaman biçsə də,
Gözümün yaşını torpaq içsə də.
Aylar ötüşsə də, illər keçsə də,
Unuda bilməzsən, ancaq sən məni.
Həqiqətən də
heç bir insan sevdiyi adamı ömrünün sonuna qədər
yaddan çıxara bilmir. Hətta sevdiyimiz gözəllər
gecələr də yuxumuza girirlər. Deməli, əsl sevgini
heç vaxt unutmaq və yaddan çıxarmaq mümkün
deyil, çünki o, insanın "qəlbinin sahilləri"nə
elə həkk olunub ki, onu nə zamanın
fırtınası, nə də tufanı silə bilməz.
Vahid Əlioğlunun bu
şeirlər kitabına iki poeması da daxil edilib: "Yad
ovçu" və "Yol polisi". Vahid müəllim nədən
yazırsa yazsın, həmişə onun şeirlərində
şairin ürək çırpıntılarını
duymaq olur. Ürək çırpıntıları ilə
yazılan şeirlər, misralar isə minlərlə ürəyi
fəth eləyir və orda özünə yuva qurur. O şairlər
xoşbəxt şairdi ki, onun şeirlərini oxuyan var. Məhz
Vahid Əlioğlu da belə şairlərdəndir.
İnanırıq ki, "Ürək yanmasa..." şeirlər
kitabı ilə şair yenidən oxucuların könüllərinə
yol tapacaq və onların ürəyinin sarı siminə
toxunacaq.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2010.- 30 yanvar.- S. 17.