ZİRVƏLƏR ARXADA, ZİRVƏLƏR ÖNDƏ

 

Coğrafiyaşünas alim-pedaqoq Yavər Qaçay oğlu Əliyevin 60 illiyi münasibəti ilə

 

Gələcək məzuniyyətimin bir parçasının hesabına bu ilki qışın ilk qarlı günlərində Abşerondakı " Günəşli " sanatoriyasında həm istirahətdə, həm də müalicədəyəm. Şəfa ocağına gələndə sağ əlimdəki orta barmağım ağrıyırdı. Dərman və elektrik qəbul etsəm də sağ əlim tamam şişdi, oynaq ağrılarım get-gedə artdı. Heç köynəyi düymələyə bilmədim, nəinki qələm-kağız götürüb nəsə yazasan.

Birdən yadıma düşdü ki, ayə, Sənin 2 - 3 günədək təbriknamən olmalıdır - özüdə kim haqqında ? Dostun, qardaşın, sirdaşın, ADPU üzrə həmkarın, keçmiş tələbən, çağdaş sevimli müəllim, gözəl ziyalı, tanınmış geomorfoloq Yavər Qaçay oğlu barədə. " Adlı - ünvanlı misralar " kitabımdakı şeirdən tək qaldığım otaqda dörd sətri ucadan söylədim :

 

Yaş məhək daşıdır ömür mülkünün

Yaşın doxsanını, yüzünü görək;

Yavər ! Doğulduğun, ad aldığın gün

1 fevral , o əziz bayram mübarək !

 

Bu dünyada, bu dünyanın Azərbaycan adlı məmləkətində, bu məmləkətin Ağdam adlı şəhərində beş övladlı ailədə ən əlamətdar hadisə - 1950-ci ilin 1 fevralın- da böyük qardaş Təhmasibdən sonra ekiz bacı və qardaş doğuldu. Yavər və bacısı.

İndi onun altıncı onilliyi qarşılamağına çox az vaxt qalıb. Qələm-kağız götürəndə hiss etdim ki, yazan əlimə qəfil "yeli"in vurduğu zərbə zəiflədi.

Halım get-gedə yaxşılaşdı. Qərara aldım ki, təbrikimi yazıya çevirim.

Alim-geomorfoloq-pedaqoq! Öyrənib, öyrədir Yer qabığının (litosferin) quruluşunu. Dəniz, dağ, dərə, çay, göl, çöl, düzənlik....daha nə? Bunlar hamısı yaşamaq, ömür sürmək, qurub-yaratmaq mənbələridir. Yer qabığının üst hissəsində relyef formalarını və tiplərini tədqiq edən, açıqlayan sahə geomorfoloji təlimdir. Elmin bu bölməsinə maraq Yavərdə hələ orta məktəbdə oxuyarkən oyanmışdı. Tələbəlikdə isə coğrafiyanın əsas məsələləri onu daha çox düşündürürdü. Hətta TEC xəttiylə bu istiqamətdə məruzələri mükafata layiq görülürdü.

Şimali Qafqazda (Qaraçay-Çərkəz respublikasında) gənc səyyahlara qoşulub üç min metrlik Əlibəy buzlağına qalxanda eşitdiyim mahnının iki misrası daim yadımdadır : " Çay çeşmədən, dostluq təbəssümdən başlanır ". Mən o sözləri azacıq dəyişdirib belə səsləndirirəm : " Çay çeşmədən, dostluq tanışlıqdan başlanır ".

Dost qazanılır - şagirdlikdə, tələbəlikdə, əsgərlikdə, istehsalatda... Yavər Qaçay oğlu ilə dostluğum müəllimlə keçmiş tələbəsinin ünsiyyət toplusudur.

Ağdamdakı 5 saylı orta məktəbi 1966-cı ildə yüksək qiymətlərlə bitirərək Bakıya gəldi. Pedaqoji institutun coğrafiya fakültəsinə müsabiqə nəticəsində qəbul edildi. 1972-ci ildə fərqlənmə diplomu və Coğrafiya institutuna təyinat aldı. Sonra hərbi borcunu yerinə yetirdi. Nəhayət taleyini doğma ali məktədlə birləşdirdi. ADPU-nun Ümumi coğrafiya kafedrasında əvvəlcə baş laborant, assistent vəzifələrində çalışdı. Müəllim-tələbə heyətinin rəğbətini qazanan Yavər müəllimin zəhmət kitabçasında baş müəllim, dosent, dekan müavini, dekan sözləri yazıldı. Təlimata uyğun surətdə iki seçki dekan vəzifəsində nüfuzunu artırdı.

Bir dəfə imtahan götürürdüm. Bütün suallara ətraflı, əhatəli cavabları ovqatımı gözəlləşdirdi. Ondan mineralların sərtliyinə dair əlavə məlumat istədim. Talkdan almaza qədər ( ən yumşaqdan - ən möhkəmədək ) bütün nümunələrin adlarını, xassələrini, tərkiblərini elə dəqiqliklə səciyyələndirdi ki, sevinərək bərkdən " Sən özünaz tapılan canlı mineralsan ki ! " söylədim, qiymət kitabına qürurla " əla " yazdım.

Hazırda elmlər namizədidir, dosentdir. Doktorluq dissertasiyası üzərində aramla işləyir ("Kiçik Qafqazın (Azərbaycan daxilində) konstruktiv geomorfo - giyası "). İşğaldan qabaq pay-piyada, addım-addım gəzib dolandığı yerlərdir, dədə-baba məskəni sayılan məkandır Yavər bəyin elmi-tədqiqat meydanı ; Ağdərə, Laçın, Kəlbəcər yolları onun da gəlişini gözləyir. Xəyalında sıralanır əzəmətli dağlarımızdakı suayrıcılar, qar xətləri, meşəli-kolluqlu guşələr, göy çəmənli talalar... Deyir ki, " Elm - fəth olunduqca yeni-yeni zirvələri görünən ucalıqdır. Təhsil isə mütəmadi öyrənmək, biliklərə yiyələnmək, savadı artırmaq, maarifçiliyi gücləndirməkdir !

 

".Həyat imtahandır - çətin suallı

Sanıram özüsən Qaçay kişinin;

Bəzən təbəssümlü, qap-qara xallı

Üzündə nuru var yaz günəşinin.

Qarabağ haqqında yazdığın əsər

Ata ocağının gülü kimidir ;

Pislik azarına tutulan kəslər

Gözündə kəfənsiz ölü kimidir !

 

Bir neçə elmi məqalənin, tezisin, elmi hesabatın, proqramın, metodiki göstərişin müəllifidir. " Ali məktəblərə daxil olan abitruyentlər üçün coğrafiya- dan vəsait ", " Xəzərin, onun sahillərinin təbiəti və ekologiyası ", daha çox diqqəti cəlb edən " Altıdilli izahlı ensiklopedik coğrafiya terminləri lüğəti " adlı dərs vəsaitləri (şərikli müəlliflərlə birlikdə) nəşr olunmuşdur.

AMEA Coğrafiya institutunun geomorfologiya şöbəsi ilə müntəzəm surətdə əlaqə saxlayır. Əsas fəaliyyəti isə " Azərbaycanın coğrafiyasını " və geomorfologiya kursunu mükəmməl öyrətməkdir. O, Yer elmini düz bir qərinədir ki, tələbələrinə sevdirir - oxuduğu mühazirələrlə, keçdiyi məşğələ - lərlə və apardığı çöl təcrübələri ilə.

Haşiyə : Yavər bəyin atası hörmətli ağsaqqal Qaçay Dədə Bakıda xəs- təxanada müalicə olunub rayona qayıdanda onu ötürənlərin arasında mən də vardım - köhnə avtovağzaldan (M.Hüseyinzadənin heykəlinin yanından). Dalğın, qayğılı görünən ata astadan pıçıldıdı : Bunun alimliyini, müəllimliyini hey tərifləyirsiniz. Bəs subaylıqdan haçan uzaqlaşacaq ? Darıxmayın, Dədə- dedim. Oğlunuz bu haqda da düşünür !

O söhbətdən üç yay keçdi. Nəhayət "Vağzalı" çalındı. Fəqət Qaçay Dədəsiz. O, artıq dünyasını dəyişmişdi. Ata oğul toyunu görmədən əbədiyyətə qovuşmuşdu. Müdrik Vəzifə ana qonaqları həm ağbirçək, həm də ağsaqqal kimi qarşılayırdı.

Yavər müəllim ata xatirəsi önündə oğulluq borcunu qismən ödədi. Üçüncü - yeganə oğluna unudulmaz babasının adını verdi. İndi Qaçay səkkizinci sinif şagirdidir, idmançıdır, musiqi məktəbində oxuyur. Qəşəng tar çalır. Mizrab toxundurduğu simlərdən "Şuşanın dağları", "Qarabağ şikəstəsi", "Şahnaz", "Heyratı" dalğa-dalğa yayılır. Böyük bacısı Türkan Dillər Universitetinin, ortancıl bacısı Ülkər BDU-nun mexanika-riyaziyyat fakültəsinin əlaçı tələbələridir.

Uzun sürən xəstəlikdən sonra Vəzifə ana da doğma Əfətlidə torpağa tapşırıldı. O ayrılıq dəqiqələrinin misralarından bir parça (17.04.2002) :

 

Hamımız qəflətən yaralanmışıq,

Sanki çöhrəsində donmuşdu işıq.

Vəfalı qu səsi qulaqlarında,

"Qarabağ" kəlməsi dodaqlarında-

Köçdü son mənzilə Vəzifə xanım,

Mərd, gözəl qadını Azərbaycanın.

 

Bu yaxınlarda Ağdamın işğal olunmamış Əfətli və Qaradağlı kəndlərinə getmişdik Yavərlə. Vəzifə ananın, Qaçay Dədənin və digər əziz qohumların məzarlarına baş əymək üçün. Mən qondarma cəbhə xəttindən o yanda yüksələn dağlara baxa-baxa dərindən köks ötürürdüm Molla Hacı Əvəz yaxınlaşıb dedi : - Müəllim, görürəm yaman fikirlisən. Bilirəm nə üçün. Biz doğrudan da unutqan millətik. Hələ sovet hakimiyyəti dövründə ermənilər şax üzümüzə deyirdilər ki, sizi bu dağlara həsrət qoyacağıq. Hamımızın təpəmizdən sanki tüstü çıxdı. Şuşaya, Ağdərəyə sarı yana-yana boylanırdıq. Lənət ilanaona ağı verənlərə.

Alim-pedaqoq Yavər müəllim yazarların, nəşriyyat işçilərinin, musiqiçilərin, efir və ekran adamlarının da yaxın dostudur. Yeri gəlmişkən qeyd edim ki, o, fakültədə İlyas Tapdıqla, Ağacavad Əlizadə, Xuraman Vəfa və Ağalar Mirzə ilə tələbələrin, müəllimilərin görüşlərini keçirib. Tanınmış şair Ramiz Məmmədzadənin " O gecə " poemasını ürək ağrısı ilə oxuyub. Müxbirlər ondan müsahibələr alırlar. "Xalq qəzeti"nin əməkdaşı, tanınmış jurnalist İttifaq Mirzəbəylinin sualına cavabı : "Dövlət müstəqilliyinin atributlarından biri onun ərazi bütövlüyü, yəni coğrafiyasıdır".

Elmlər namizədi, tanınmış yazıçı-publisist Zemfira Məşərrəmlinin sualına cavabı: "Təbiəti həmişə sevmişəm. Səyahət etməyi xoşlayıram. Hələ orta məktəbdə şagird olarkən məktəbimizin, neft buruqlarının və başqa şeylərin modellərini düzəltmişdim. Rayon rəhbərliyi işlərimi yüksək qiymətləndirərək məni o vaxt məşhur pioner düşərgəsi Artekə (Krım yarımadasında) istirahətə gondərdilər". Sevdiyi müğənnilər - Arif Babayev, Qədir Rüstəm, Mənsum İbrahim, Flora Kərimli, Təyyar Bayram və s. Unudulmaz Əlibala Hacızadənin romanlarını dəfələrlə oxuyub. Tanınmış yazıçı-jurnalist Nahid Hacılının "Xatirələr"i onu möhkəm təsirləndirib

Yavər bəy barədə qeydlərimi kağızlara köçürdükcə səhhətim də yaxşılaşırdı. Səməd Vurğun doğru deyib : "ürəkdən-ürəyə yollar görünür". Çevik telefonum səsləndi. Halımı xəbər alan Yavər Qaçay oğlu idi.

Arxada altı, öndə isə sayı bilinməyən onilliklər var. Ahıllığa müəyyən qədər zaman məsafəsi qalsa da ona ömrün "kamillik mərhələsindən müdrikliyə doğru yol gedir " demək halaldır. Kafedra, fakültə kollektivi təbrikə köklənib. Ancaq Yavər müəllim əziz bacısını itirdiyindən heç bir il ötmədiyindən heç bir tədbirə razılıq vermir. Dərindən başa düşürük narahatlığının səbəbini. Həyat başdan-başa təzadlardan ibarətdir. Həmkarlarıma ürəkdən qoşulub 60 yaş astanasında əlini bərk-bərk sıxıram.

Yavər Qaçay oğlu barədə qeyd və təssüratlarımı, duyğu və düşüncələrimi yekunlaşdıraraq yenə də bir zaman topluda çap etdirdiyim sətirlərə üz tuturam :

 

Gərək sal qayadan qorxa daş,

Düşməsin kəhrizə, arxa daş;

Vaxt ötür gah yeyin, gah yavaş,

Sevindim-gözümdən axdı yaş;

Qeyrətli, vəfalı arxadaş

Yavərin ad günü mübarək !

 

 

OQTAY RZA

 

Ədalət.- 2010.- 30 yanvar.- S. 18.