DÜŞÜNMƏYƏ, MÜZAKİRƏYƏ ÇƏKƏN KİTAB

 

Dilçi olmasam da, bu kitab məni də öz əhatə dairəsinə ala bildi

 

Əlimdə olan bu kitab barəsində mətbuatda bir-birindən maraqlı fikirlər oxumuşam və elə həmin oxuduğum fikirlər də daxili bir tələbat kimi məni bu kitabı əldə etməyə həvəsləndirdi. Necə deyərlər, yaxın günlərin birində istəyim çin oldu. Çox qısa bir zamanda bir-iki yuxusuz gecənin hesabına kitabı oxuyub başa çıxdım.

Səmimi deyəcəm, bu kitab mənim üçün həm bədii əsər idi, həm də elmi. Ona görə bədii idi ki, burdakı bölmələr bir-birinin ardınca elə düzülmüşdü ki, sanki hadisələr mənbədən mənsəbə doğru ləngərli-ləngərli, ətrafı gözdən keçirmək imkanı verə-verə axıb gedirdi. Bax, mən də qoşulmuşdum həmin axına.

Orta məktəbdə öyrəndiyim Azərbaycan dilinin qramatikası və bütövlükdə dilçiliklə bağlı bilgilərim qoşulub getdiyim həmin axarda əvvəl bərpa olundu, sonra təzələndi və nəhayət xeyli genişlənərək qollu-budaqlı, necə deyərlər, ətraflı bir bilgi əldə etmək imkanına gəlib çatdı.

Əsər məhz bu bilgilərinə görə mənim üçün həm də elmi kitab dəyərini daşıdı. Həmin əsərdəki alimlər, onların fikirləri, bu fikirlərin şərhi, bütövlükdə mənə dəyirmi, elmi masanı xatırlatdı. Sanki dilçi alimlər bir masa ətrafında cəm olub dilçiliyin elmi mahiyyətini, onun inkişaf istiqamətlərini və nəhayət, dilin tarixi və bədii yozumları barədə fikirlərini bölüşürdülər. Özü də bu fikir bölüşməsi təkcə kiminsə sakit şəkildə öz münasibətini bildirməsi deyildi, həm də bir dartışma, çəkişmə idi. Çünki tərəflərin hamısı qarşılarına bir məqsəd qoyublar. O da dilçiliyin, bütövlükdə dilin inkişaf tarixinin mənzərəsini yaratmaq, onu sadə bir şəkildə oxucuya çatdırmaqdı.

Öncədən vurğulamaq istəyirəm ki, söylədiyim fikirlərin hamısı bütövlükdə yazdığım mənim bir oxucu təəssüratımdı. Ola bilsin ki, Kamal Abdullanın "Dilçiliyə səyahət" (dilçi olmayanlar üçün dilçilik) kitabı barəsində dilçi alimlərin öz fikirləri var və mənim dediklərim onları qane etməsin. Hər halda, hər kəsin söz demək haqqı olduğu kimi, mənim də bu kitab barəsində oxucu düşüncələrimi söyləmək haqqım var.

"Mürtəcim" nəşriyyatında çap olunmuş kitab müəllifin əziz oxuclara müraciəti və son sözü daxil olmaqla, birlikdə 8 fəsildən ibarətdir. Kamal Abdulla bir yazıçı manerası ilə elə Əziz oxucuya müraciətlə başlayan girişində bu kitabı oxutmağın bir növü yolunu tapıb. Necə deyərlər, "Mənim əziz oxucum və yaxud giriş əvəzi" müraciətindəki "Əziz Oxucum" ifadəsi bir başa şəxsən mənim damarıma düşüb. Müəllif üçün əziz oxucu olmaq və müəlliflə oxucu dialoqunu sona kimi izləmək adama xoş gəlir. Elə bilirsən həqiqətən müəllif, yəni Kamal Abdulla səninlə üzbəüz oturub kağıza köçürdüklərini öncə söhbət mövzusu edir, sonra qələmə alır. Bu da anlaşmanın çox gözəl bir üslubudur. Digər bir tərəfdən Kamal Abdullanın yazıçı dili digər əsərlərində olduğu kimi, daha çox isə "Tarixsiz gündəlik" əsərindəki kimi, son dərəcə sadə, son dərəcə anlaşıqlıdı.

Mən adətən bir ifadədən tez-tez istifadə edirəm. Bu da nəyisə çox sadə ifadə etmək, yəni "loru" dilində söyləmək ifadəsidir. Bax, mənə elə gəlir ki, "Dilçiliyə səyahət" kitabında Kamal Abdulla da öz oxucularıyla, o cümlədən mənimlə də loru dildə danışıb. Adidən adi, sadədən sadə hər şey anlaşılan və başa düşülən bir səviyyədədi. Bu da kitabın kütləvi oxucu üçün olmasında, kütləvi oxucu arasında yayılmasında ən vacib şərtlərdən biridi. Burda bir haşiyə çıxmaq istəyirəm:

- Bəzən çox böyük elm adamlarımız televizorlarda, mətbuatda öz çıxışlarını o qədər elmləşdirirlər, o qədər terminlərlə yükləyirlər ki, tamaşaçı da, oxucu da yorulur, bezir, nəticədə ya televizoru söndürür, ya da oxuduğu məqaləni büküb bir kənara atır. Zənnimcə, alimliyi bu cür nümayiş etdirmək adi tamaşaçıya nə maraqlı deyil, nə də heç nə vermir.

"Dilçiliyə səyahət" kitabının hər bölümü ayrı-ayrılıqda dilin yaranmasından tutmuş onun inkişaf mərhələlərinin müxtəlif anlarına həsr edilib. Bu bölmələrdə adi səsin, sözün necə yaranıb necə dilçilik elminə çevrilməsinə qədər hər şey var. özü də ən maraqlısı odur ki, Kamal Abdulla öz fikirlərini həmin bölmələrin öz haşiyələrində çox ustalıqla təkrar sübut edir. Məsələn, "dilin inkişaf tarixi" deyəndə ortaya çıxan suala aydın bir şəkildə belə cavab verir. Yazır ki, "dilin dəyişməsi hər an, hər dəqiqə baş verir, sadəcə biz bunu sezmirik. "Damla-damla göl olar" ifadəsi bu vəziyyət üçün ən gözəl nümunədir". Deməli, adi bir orta məktəb şagirdi üçün Azərbaycan dilinin qramatika dərsində səslənən "Əhməd məktəbə getdi" misalı yəqin ki, yadda qalandı. Bax, həmin o yaddaşdan çıxış edərək Kamal Abdullanın bu kitabında dilin inkişaf mərhələsini izləmək mümkündü. Özü də burda gətirilən nümunələrin hər biri, eləcə də digər dillərlə müqayisəli təhlillər imkan verir ki, oxucu rahat şəkildə dil qohumluqlarını, dil yaxınlıqlarını da görə bilsin.

Oxucu kimi mənə ən maraqlı gələn bir məqam da burada öz həllini tapmış daha bir şərh oldu. Belə ki, bütün insanlar bir-birinin təkrarı olmadığı kimi, onların da oxşarlıqları da təkrar deyil. Sadəcə bənzəyişdi və hər kəs yaranışdan özüdü. Bax, Kamal Abdulla da sadə şəkildə bildirir ki, bütün "a" hərfləri bir-birinin oxşarıdı. Ancaq hər kəsin səsləndirdiyi "a" hərfi təzədi, yenidi, fərqlidi. Mən bu fəsli oxuyanda əvvəlcə duruxdum, sonra elə öz ailəmdə uşaqların hər birinin tələffüz etdiyi "a" hərifinə fikir verdim. Tələffüz olunan hərflərin hamısı "a" idi, ancaq onların heç biri bir-birinin eyni deyildi. Sadəcə uşaqların hamısı "a" deyirdi, amma "a"ların hamısı da fərqli idi. Son olaraq Kamal Abdullanın bu kitabında öyrəndiyim daha bir bilgi oldu. O da dilimizin adı ilə bağlı Kamal Abdullanın özünəməxsus fikirləri idi. Əgər xatırlayırsınızsa , əlifba dəyişikliyilə bağlı aparılan diskusiyalar zamanı dilimizin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səslənmişdi. Həmin fikirlərdən nüansları oxucu nəzərinə çatdıran Kamal Abdulla vurğulayıb ki, təklif belə olmuşdu:

- Azərbaycan (türk) dili!

Bu yerdə məsələnin mahiyyətini açan müəllif yazır ki, "rəsmi dövlət variantı əslində invariant (!) yəni variantların birincisi-Azərbaycan (türk) dili imkan verməlidir ki, cəmiyyətin istənilən zümrəsi qanuni şəkildə öz arzusunu həyata keçirsin. Rəsmiyyətin təqdim etdiyi şərait isə buna mötərizəli variantda imkan verərdi. Bu daha yaxşı olmazdımı?!". Bu iqtibasdan sonra Kamal Abdullanın mövzu ilə bağlı gəldiyi nəticəni diqqətə çatdırmaq istəyirəm. "Dilin birliyi ilə onun adının müxtəlifliyi çox normal hal ola bilər - mən səni bax buna inandırmaq istədim". Burada söhbət Əziz Oxucuya olan münasibətdən gedir. Məncə elə mənim oxucu fikirlərim də bu fikirlərin hər bir oxucuda axtarıb tapa biləcək bir məqamın, bir fikrin olacağına şübhə yeri qoymur. Daha konkret desəm, Kamal Abdulla oxucuları mütləq bu kitabdan ozləri üçün həm bədii, həm də elmi baxımdan yararlana biləcəklər.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 30 yanvar.- S. 19.