SABİR RÜSTƏMXANLI-65
ƏDƏBİ
HƏYAT
( I məqalə)
Hamarkənddən başlanan yol
1963-cü
ilin isti yay günlərində Yardımlının ucqar
dağ kəndlərindən birindən-Hamarkənddən
Bakıya bir cavan oğlan gəlir. Adışov Sabir Xudu
oğlu. Bu cavan oğlan o zaman yeganə universitetimizin filologiya
fakültəsinə daxil olur. Dünyanın yaşıl
xalısmına bənzəyən Hamarkənd Sabirin doğma
ocağı, anasının laylalarının,
bayatılarının, bülbül şərqilərinin vətəniydi.
Dağ oğlu, çəmən oğlu, çiçək
oğlu Sabir sonralar bu kəndi Azərbaycan şeirinin bir balaca
ərazisinə çevirəcəkdi:
Doğulmuşam ulu, gözəl bir
torpaqda,
Milyon illik üfüqlərin
qucağında.
Qədim-qədim adətlərin,
nəğmələrin, arzuların ocağında.
Burda insan çinar kimi qol-budaqlı,
Burda insan dağlar kimi əzəmətli.
Ürəkləri günəş kimi
saf eləyir
yerin ətri, göyün ətri!..
Burda geniş çəmənlərin
çiçək-çiçək gülüşü var.
Burda dolmuş səmaların
şimşək-şimşək gülüşü var.
Burda uca zirvələrin
bəyaz qardan gümüşü var.
Sabir hələ 11 yaşında ikən rayon qəzetində
"Kəndim" şeirini çap etdirir. 18
yaşında isə "Azərbaycan gəncləri" qəzetində
"Kənd yolu" şeiri ilə respublika mətbuatına
çıxır. Elə ilk şeirlərində Sabir
qoynundan ayrıldığı, amma qanında, canında,
ruhunda yaşatdığı kəndi poeziyaya gətirir: Qəlbindən
tunel aç, dağlar inciməz
Ancaq zirvəsinə ayaq dəyməsin. Kəndlər
də qırmızı almalar kimi Asılıb yolların
şaxələrindən. Dünyanın ən
uzun yollarını da Dağlar yumruğunda dəstələyibdir.
Sabir kənddən əbədi
ayrılmamışdı, ruhu, canı ordaydı, amma Hamarkənddən
başlanan yol onu dünyanın çox yolları ilə
qovuşduracaq. Sonralar yazacaqdı ki:
Nə yaxşı ki, ömür
yolum
uzaq bir kənd cığırından
başlanıbdır.
Nə yaxşı ki, ömür
yolum
qayğıların ağırından başlanıbdır.
Əmilərin, dayıların
adına yox, puluna yox,
möhürünə, qoluna yox,
mərdliyinə güvənirəm.
Mən anamın qaşqabaqlı istəyinə,
Mən atamın sərtliyinə
güvənirəm.
Sabir Rüstəmxanlı mənim üçün
sıradan biri olmayan ŞAİRdir. Sonralar o,
tanınmış bir publisist, ictimai xadim, dövlət
adamı, dönməz Azərbaycançı və
türkçü, Azərbaycanı dünyada təmsil edən
ziyalılardan biri olsa da, ŞAİR Sabir Rüstəmxanlı
birincidir.
Onun ədəbiyyata gəlişi səssiz olmadı. Altmışıncı
illərin ən gənc şairlərindən olan Sabir elə
ilk şeirlərindən hamını belə bir etirafa məcbur
elədi ki, onun taleyi poeziyadan ayrılmazdır. O,
heç kimə bənzəmir, Azərbaycan poeziyası
karvanında əbədiyyətə yol gedə biləcək
bir şairdir.
Altmışıncı illər XX əsrdə Azərbaycan
ədəbiyyatının ikinci "qızıl
dövrü" sayılır. (Əsrin əvvəllərində
Mirzə Cəlil, Sabir, Uavid, Hadi, Səhhət, Üzeyir bəy,
Əlibəy Hüseynzadə, Ə.Ağaoğlu, Haqverdiyev,
Çəmənzəminli, Qəmküsar, Ordubadi, A.Şaiq,
Uabbarlı, Seyid Hüseyn kimi nadir söz ustalarının,
fikir cəngavərlərinin yaratdığı ədəbiyyat
doğrudan da yeni bir intibah idi). Bu dövrdə artıq Azərbaycan
ədəbiyyatı bir çox köhnəlmiş, stereotipləşmiş
ənənələrdən xilas olurdu, poeziyada vətənçilik
ideyaları, xalqın şanlı tarixinin tərənnümünə
meyl getdikcə güclənirdi, Ölü doğulan, bu
gün dərc edilib elə bu gün də unudulan,
yaddaşlardan çox asanlıqla silinən şeirlərin
sayı azalırdı. Əsl Vətən, Təbiət,
Sevgi şeirləri yaranırdı. Rəsul Rza, Bəxtiyar
Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Qabil, Əliağa
Kürçaylı, Məmməd Araz, Xəlil Rza, Söhrab
Tahir, Sərdar Əsəd, Nəriman Həsənzadə, Cabir
Novruz, Məmməd Aslan, Hüseyn Kürdoğlu, Famil Mehdi
kimi şairlər üçün poeziyada yeni bir era
başlanırdı. Altmışıncı illərin də öz
şairləri vardı- Əli Kərim, Fikrət Qoca, Fikrət
Sadıq, İsa İsmayılzadə, Ələkbər
Salahzadə, Vaqif Səmədoğlu, Məmməd
İsmayıl, Musa Yaqub, Səyavuş Sərxanlı, Vahid Əziz,
Tofiq Abdin, Camal Yusifzadə, Abbas Abdulla, az sonra Sabir Rüstəmxanlı,
Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu,
Ramiz Rövşən, Zəlimxan Yaqub, Vaqif Cəbrayılzadə,
Eldar Baxış Azərbaycan
şeirində heç bir zaman bu qədər istedadlı,
yetkin şair sələfi
yaranmamışdı. İndi o illərin saralmış qəzet
vərəqlərini, solmuş jurnal səhifələrini
gözdən keçirirəm və baxıb görürəm
ki, o dövrün ədəbi mübahisələri də, lap
elə intriqaları da indikindən qat-qat fərqlidir. Ədəbiyyata yeni gələn, təzə söz
deməyə, daha doğrusu, sözü ehya eləməyə
can atan cavanlar tənqid olunurdular, amma çox keçmədən-yetmişinci
illərdə bu şairlər sevilirdilər, etiraf olunurdular.
Sabir Rüstəmxanlı 60-70-ci illərin poeziya
havasında təmiz oksigeni ilə seçilən bir şair
oldu. Onun 1967-ci ildə qələmə aldığı
"Vətən" şeiri Azərbaycan poeziyasında həmin
mövzuda yazılan nümunələr sırasında
birinciliyi fəth edən şeirlərdən biri oldu. Dövr sovet dövrü idi, amma bu şeir sovet
dövrünün vətən şeiri deyildi.
Bir əlçim buludlu,
Bir ömür umudlu,
Bir içim sudu.
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu.
Bir dərə bahar leysanıdı,
21 Azərin qanıdı,
Uavad xanın qətl yeridi,
Sabirin "Fəxriyyə"
şeiridi,
Dağları dumanda itən-
Vətən... Vətən!
Hecanın sərbəst sintezindən yaranan bu gözəl
şeir Sabirin şeir texnikasına mükəmməl bələd
olduğunu sübut edirdi. Sonralar Sabir
bütün şeirlərini təmiz hecada yazdı. Bütün ömrü boyu dilimizin
saflığı, təmizliyi uğrunda mübarizə aparan
S.Rüstəmxanlı şeirlərində də o təmizliyi,
o saflığı göz bəbəyi kimi qorudu. Ancaq
söhbət burada şairin aşıladığı ideyadan
gedirsə, deyim ki, elə Vətən haqqında bu bircə
şeir bəs idi ki, öz vətəndaşlıq, vətənpərvərlik
missiyanı poeziya dili ilə şərh edəsən.Çünki
bu şeirdə Azərbaycan bütün tarixi və təbiəti
ilə birgə görünür. Hər misra Vətənin
bir parçasıdır, tarixinin gah qürurla, gah da nisgillə
xatırlanan bir məqamıdır.
Hadinin şeir bazarıdı,
Füzulinin məzarıdı,
Taleyin ələnən ələyidi.
Durna lələyidi.
Araz hörüyündən
kəməndə düşmüş Sevildi.
"Ənəlhəq"
harayıdı.
Ələsgərin
sazıdı.
Qədim əlyazmasıdı-
Dahilər boylanır sətirlərindən
VətəngVətən!
Təbii ki, Sabir Rüstəmxanlının da təsirləndiyi
dahi söz ustadları, müasir şairlər, onların əsərləri
olub. O, elə
bir dövrdə ədəbiyyata gəlmişdi ki, Bəxtiyar
Vahabzadənin milli istiqlala təkan verən şeirləri,
gizli də olsa əldən-ələ gəzən
"Gülüstan" poeması, Məmməd Arazın, Xəlil
Rzanın, Söhrab Tahirin vətənpərvərlik ruhunda
yazılan odlu-alovlu misraları poeziyada yeni bir tendensiyanın
yaranmasından xəbər verirdi. Bəlkə
ilk dəfə idi ki, Azərbaycan onların şeirlərində
sərhədsiz görünürdü. Şeirimizdə
MƏNƏVİ AZƏRBAYCAN
bütöv görünürdü..
Şimşəklər çinartək
sancılıb yerə,
Düşmənin
gözünə dirsəkdi hər dağ.
Babalar atını sürüb
gedibdi,
Qalalar boylanıb
qalıbdır ancaq.
Oğlu-Şah İsmayıl Xətayi
adlı,
Ağ atlı
oğlan var, atı qanadlı;
Bir də Suraxanı atəşgahı
var,
Bir də Misri qılınc, bir də
Çənlibel;
Bir də "Heydərbaba"
yazılmış bir dil.
Torpağı ot
deyil, kişi göyərdən
Vətən... Vətən!
Sabir Rüstəmxanlı Vətən şairidir.
Əcəba, bu ifadə qəribə səslənmirmi? Azərbaycanda
yaşayan, yazıb-yaradan istənilən şairə Vətən
şairi demək olmazmı? Mən bu
xüsusda heç bir mübahisəyə, polemikaya meydan
açmıram. Ancaq "Vətən
şairi" ifadəsiylə bağlı fikrimi belə şərh
edirəm ki, o şairin şeirlərində aparıcı
mövzu məhz Vətəndir-onun tarixidir, bu tarixin qürur
doğuran qəhrəman səhifələri və həmçinin
ürək ağrıdan faciələridir. Vətənin təkrarsız gözəlliyinin tərənnümüdür.
Vətəni dünyada tanıtmaq istəyidir.
Tarixin gizli qalan səhifələrini
böyük bir cəsarətlə poeziyada ehya eləməkdir.
Vətənin dilini, bayatısını,
nağılını, holavarını, Füzulisini, Xətaisini,
Cavad xanını, Sabirini, Hadisini, Üzeyirini qanına, ruhuna
hopdurmaqdır. Təkcə kürsülərdə
yox, Azadlıq meydanlarında mücadilə etməkdir. Sabir Rüstəmxanlı həm poeziyasında və
publisistikasında, həm də ictimai fəaliyyətində məhz
belə şairlərdən biridir.
Hələ tələbə ikən S.Rüstəmxanlı
doğma şəhərimizdə "Tbilisi",
"Yerevan" xiyabanlarını, Leninqrad, Moskva prospektlərini
gəzir. Lakin:
Mən bu duyğularla gəzirəm
yalqız,
Ürəyim səbirsiz, qəlbim qərarsız.
Keçirəm Moskva prospektindən,
Təbriz xiyabanı həsrətiylə
mən!..
Sabirin altmışıncı illərdə
yazdığı şeirlərin hər birindən ya beləcə
vahid Azərbaycan ideyasının ayrı-ayrı mərmiləri
sıçrayırdı, ya da Vətənin igid oğul və
qızlarının mənəvi heykəlləri
ucalırdı. Bir tələbə şairin, bir gəncin
B.Vahabzadə, M.Araz, X.Rza kimi öndər şairlərin
ardınca qoşması, onların səsinə səs verməsi
sevindirici idi. Hərçənd ki, həm
onda, həm də sonralar məhz elə bu şeirlərinə
görə onu tənqid də edəcəkdilər,
qınayacaqdılar da.
Müqəddəs adətdir
ucaldır məni,
Mən onun eşqiylə
yaşayam gərək.
Babam qarşılayıb neçə
düşməni,
Bir əlində qılınc, birində
çörək.
Döyüşlər şənimi
dünyaya yayıb,
Bu aləm eşidib mənim
səsimi.
Dar gündə qızlar da
qılınc qurşayıb,
Vüqarlı, yenilməz
igidlər kimi.
Sellərtək axışıb hər
qış, hər bahar
Düşmən talayanda elin
varını.
Sərkərdə analar, igid analar
Yəhərdə doğublar
övladlarını.
"Döyüşlər şənimi dünyaya
yayıb".
Sabir Rüstəmxanlı da döyüş
üçün doğulmuşdu. Silahı
SÖZ idi. Böyük adaşı Mirzə Ələkbər
Sabirin sığındığı SÖZ...
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 30 aprel.- S. 19.