Azərbaycanlıların Soyqırımı Günü Cənubi Koreyada anıldı

 

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, eləcə də Koreya Xarici Dillər Universiteti (KXDU) və Koreyanın "Mannam" sülhməramlı könüllülər assosiasiyasının təşkilati dəstəyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım mərasimi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları və Koreyada təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, KXDU-nun prorektoru Kim İn Çeol, universitetin professor və tələbə heyəti, Koreyanın bir sıra yerli elm və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli KİV mənsubları iştirak ediblər.

Səfir R.Cəmşidov çıxışında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, eləcə də Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib. Sonra professor Kim İn Çeol və "Mannam" təşkilatının fəxri sədri Kim Man Hi çıxış edərək Azərbaycanın ağrısına şərik olduqlarını, dünya ictimaiyyəti tərəfindən bu cür hadisələrə layiqli qiymət verilərək bu kimi qeyri-insani hərəkətlərin bir daha baş verməməsi üçün lazımi səylər göstərilməsinin vacibliyini bildiriblər.

Daha sonra "Dua" filmi nümayiş etdirilib, Xocalı soyqırımı və "Xocalıya Ədalət" kampaniyasına aid foto-sərgiyə, eləcə də "Xocalı soyqırımı uşaqların gözü ilə" rəsm sərgisinə baxış keçirilib. İştirakçılara azərbaycanlıların soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında səfirlik tərəfindən Koreya dilinə tərcümə etdirilmiş kitab və bukletlər təqdim olunub.

 

 

Ədalət.- 2011.- 1 aprel.- S. 6.