Amerika-Azərbaycan Cəmiyyəti Konqresə müraciət etdi

 

"Konqres Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə yardımları proqram səviyyəsinə endirməlidir"

 

Amerika-Azərbaycan Cəmiyyəti 2012-ci maliyyə ili üçün dövlət büdcəsi ilə bağlı dinləmələrlə əlaqədar Konqresə öz fikirlərini bildirib. Bu barədə APA-nın Vaşinqton müxbirinə Konqresin mətbuat xidmətindən məlumat verilib. Müraciət Konqresin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin Dövlət Əməliyyatları, Xarici Əməliyyatlar və Əlaqədar Proqramlar Alt Komitəsində 2012-ci maliyyə ili üçün dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlara təxsisatlar barədə qanun layihəsi ilə bağlı keçiriləcək dinləmələrdə nəzərdən keçirilmək üçün təqdim olunub.

Amerika-Azərbaycan Cəmiyyətinin icraçı direktoru Cavid Hüseynov tərəfindən göndərilən məktubda qeyd olunur ki, işğal olunmuş Dağlıq Qarabağın bütün əhalisi erməni qüvvələri tərəfindən didərgin salınıb. Amerika-Azərbaycan Cəmiyyəti bildirir ki, Konqres Dağlıq Qarabağ münaqişəsinin qurbanlarının ehtiyaclarını qarşılamaq üçün yardımlar ayırır. 2005-ci ildən etibarən vəsait yalnız Dağlıq Qarabağın erməni icmasına verilir, münaqişə nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə azərbaycanlı bu yardımdan məhrum olub.

Amerika-Azərbaycan Cəmiyyəti qeyd edir ki, ABŞ-ın Dağlıq Qarabağa yardımı 3 milyon dollardan 8 milyon dollara qaldırılıb, halbuki real absorbsiya qabiliyyəti və ehtiyaclar heç 2 milyon dollara çatmır.

Cəmiyyət bildirir ki, ABŞ həmişə humanitar məsələlərdə səxavətli olub və hər şeydən əvvəl ATƏT-in Mİnsk Qrupunun həmsədridir, ona görə də azərbaycanlılar Konqresə təklif edirlər ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə birbaşa yardımı proqram səviyyəsinə endirməli və bu yardımın Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş 600 000 azərbaycanlıya şamil olunmasını nəzərdən keçirməlidir.

 

 

Ədalət.- 2011.- 1 aprel.- S. 6.