AÇIQ SƏMA ALTINDA
Min illərdir yol
gəlirik...
Beyləqanda sakinləri
və qonaqları daha çox özünə cəlb edən bu yerlərdən
biri də rayon tarix-diyarşünaslıq muzeyinin
açıq səma altında qurulan eksponatlarıdı. Son illərin
əsl yaradıcılıq
nümunəsi olan bu muzey kompozisiya
orijinallığı ilə
tamaşaçıları heyran edir.
Beyləqan rayon tarix-diyarşünaslıq
muzeyi şəhərin
mərkəzindəki mədəniyyət
və istirahət parkında 1600 kv.m. sahəni əhatə edir. Muzey binasının
daxilindəki bölmələrlə
yanaşı, açıq
səma altında Azərbaycanın ərazisində
ilk dövlət qurumlarından
başlayaraq müasir
dövrümüzə qədər
olan beş min illik dövlətçilik
tariximizdə mövcud
olmuş dövlətlərə
xronoloji ardıcıllıqla
qranit daşlardan abidə kompleksi yaradılmışdır. Azərbaycanın
cənubunda yerləşən
Urmiya gölünün
maketi ətrafında erkən dövlət qurumları olan Aratta (b.e.ə. III minillik), Lullubi (b.e.ə. III minillik) və Kutinin (b.e.ə. III minillik), ilk mərkəzləşmiş quldar
dövləti Mannanın
(b.e.ə. 843-b.e.ə.590), sonralar
Azərbaycanın cənubunu
əhatə edən Atropatena (b.e.ə. IV əsr 20-ci ili - b.e.ə. 227) və Araz çayı ilə Kür çayının qovuşaraq
Xəzər dənizinə
(maketləri) töküldüyü
istiqamətdə Azərbaycanın
şimal hissəsini əhatə edən Albaniya ( b.e.ə. IV əsrin sonu III əsrin əvvəli - b.e.ə. 262) dövlətlərinin
daş kitabələr
üzərində yaranması
və süqutu ilə bağlı tarixi məlumatlar əks olunmuşdur. Azərbaycanın ərazisindən
keçən Kür və Araz çaylarının
qovuşaraq Xəzər
dənizinə tökülməsini
əks etdirən maket də yaradılmışdır.
Araz çayı üzərində Xudafərin
körpüsünün rəmzi
maketi də verilmişdir. Abidə-muzey
kompleksində qədim
Beyləqan ərazisində
V-XV əsrləri əhatə
edən daş abidələr, daşdan hazırlanmış və
başları kəsilmiş
qoç heykəllər
yerləşdirilmişdir. Burada
həmçinin əsası
V əsrin sonlarında
qoyulmuş XIII əsrin
əvvəllərində monqol-tatarlar
tərəfindən dağıdılmış
Beyləqan şəhər
yerinin 40 hektarlıq sahəsinin kiçildilmiş
maketi Beyləqan şəhər xarabalığından
gətirilmiş kərpiclərdən
hörülmüşdür. Maketin yaxınlığında
müharibələr zamanı
qala divarlarını dağıtmaq məqsədilə
istifadə olunan daşatan mancanaq da quraşdırılmışdır.
Bundan əlavə, həmin ərazidə Beyləqan şəhər
xarabalığından tapılmış
dulusçuluq məmulatı
sayılan 1 ədəd
məişətdə istifadə
olunan böyük həcmli küp, ağacdan hazırlanmış
asma nehrə və əkinçilikdə
istifadə olunan dəmir xış da nümayiş etdirilir.
Abidə-muzey kompleksinin
girişində binanın
hər iki tərəfində Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizlə,
tarixi kökümüzlə
bağlı dahiyanə
sözləri qara mərmər üstündə
həkk olunmuşdur.
Əlverişli təbii
coğrafi şəraitə
malik olan Azərbaycan ərazisi daima yadellilər tərəfindən işğal
olunmuş, sərvətləri
talan edilmişdir. Azərbaycan ərazilərinin
Sasani və Ərəb əsarəti altında olduğu III-IX əsrlər dövrü qranit daş üzərində öz əksini tapmışdır.
Uzun əsrlər yadellilərə və müstəmləkəçiliyə qarşı mübarizə
nəticəsində əsarətdən
xilas olmuş Azərbaycanda IX əsrdən
başlayaraq ilk müstəqil
feodal dövlətləri
yaradılmışdır. Şirvanşahlar dövləti
(861-1538), Sacilər dövləti
(879-941), Salarilər dövləti
(941-981), Şəddadilər dövləti (971-1067), Rəvvadilər
dövləti (981-1065), Atabəylər
dövləti (1136-1225), Qaraqoyunlu
dövləti (1410-1468), Ağqoyunlu
dövləti (1468-1501), o taylı-bu
taylı Azərbaycanı
birləşdirərək 2,8 milyon kv.km. əraziyə
sahib olan qüdrətli
Səfəvilər dövləti
(1501-1736), Azərbaycanın xanlıqlara parçalandığı
dövr (XVIII-XIX əsrlər),
bu vəziyyətdən
istifadə edərək
Azərbaycan torpaqlarını
işğal edən çar Rusiyası dövrü (XIX-XX əsr),
Milli azadlıq uğrunda aparılan mübarizələrin bəhrəsi
olan Azərbaycan Xalq Cümhuriyyəti
(1918-1920) və onların
qısa hakimiyyəti bolşeviklər tərəfindən
devrilərək Azərbaycan
Sovet Sosialist Respublikasının yaranması
və süqutunun tarixini (28.04.1920-18.10.1991) özündə
əks etdirən məlumatlar qranit daşlardan hazırlanmış
abidələr üzərində
öz əksini tapmışdır.
Ulu Öndər
sevgisi
Abidə-muzey kompleksini
müstəqil Azərbaycan
dövlətinin qurucusu
və banisi Ümummilli Lider Heydər Əliyevin mərmər üzərində
həkk olunmuş barelyefi tamamlayır. Burada həmçinin dövlətimizin atributları
- gerb və bayraq da təmsil
olunur.
Muzeyin inzibati binası 16 kv.m.lik girişdən, 8 kv.m iş otağı, 8 kv.m fond otağı, 40 kv.m konfrans zalı
və 148 kv.m ekspozisiya salonundan ibarətdir. Ekspozisiya salonu plana uyğun
olaraq bölmələrdən
və girişlərdən
təşkil olunmuşdur.
Qədim dövr bölməsində Beyləqan
ərazisində mövcud
olmuş qədim yaşayış məskənlərindən
tapılmış daş
dövrünə, tunc
dövrünə və
dəmir dövrünə
aid maddi mədəniyyət
abidələri dövrlər
üzrə yerləşdirilmişdir.
Orta əsr dövrü bölməsində
qədim Beyləqan (Örənqala) haqqında
məlumat, Beyləqanın
qədim İpək yolu, ticarət yolu üzərində yerləşdiyini göstərən
xəritə, Mil düzündə
mövcud olmuş qədim yaşayış
məskənləri haqqında
məlumatlar və bu qədim yaşayış
yerlərindən tapılmış
məişət əşyaları,
sənətkarlıq nümunələri,
dulusçu möhürləri,
o dövrün təsvirini
verən maketlər nümayiş etdirilir. Orta əsrlər dövrü bölməsi
"Son miskərlik" guşəsində
yerləşən misdən
və taxtadan hazırlanmış məişət
əşyalarının sərgilənməsi
ilə başa çatır. Salonun hər iki künc
hissəsində diyarımızın
flora və faunasını
canlandıran "Təbiət
guşəsi" yerləşir.
Qürurlu anlar
Ekspozisiya salonunun
müasir dövr bölməsində isə Beyləqan
rayonunun müharibə və əmək qəhrəmanlarına
həsr edilmiş guşə və Azərbaycanın müstəqillik
illərində əldə etdiyi nailiyyətlər öz əksini
tapmışdır. Azərbaycanın birinci xanımı,
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
Heydər Əliyev Fondunun xətti ilə respublikamızda, o
cümlədən Beyləqanda apardığı dəyərli
işlər "Heydər Əliyev Fondu" guşəsində
diqqət çəkir. Dahi rəhbər Heydər Əliyevin
və ölkə prezidenti cənab İlham Əliyevin
diyarımıza tarixi səfərlərini əks etdirən
guşə və müasir dövr bölməsində yerləşdirilmişdir.
Buradakı guşələr diyar zəhmətkeşlərinin
çoxəsrlik yolunu və bugünkü nailiyyətlərini
əyani əks etdirir.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 1 aprel.- S. 7.