RƏSUL RZA ÖMRÜNDƏN
DAMLALAR
Sənətkar
ömrünü, yaradıcı insanın düşüncə
tərzini, həyata, cəmiyyətə, müxtəlif hadisələrə,
sənətə münasibətini öyrənmək
baxımından ən yaxşı mənbə onun öz əsərləri,
məqalələri, çıxışları, xatirələridir.
Ancaq dünyasını dəyişən qələm sahibinin
ömürlüyündə baş verən hər kiçik
hadisə, söhbət, ştrix belə həmin insanın
şəxsiyyətinin bütövlüyünü göz
önündə canlandırmağa bu və ya digər dərəcədə
yardımçı olur. Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı,
SSRİ Dövlət Mükafatı laureatı Rəsul Rza istər
şəxsiyyəti, istər əsərləri, istər
ictimai həyatdakı yeri və rolu ilə həmişə
gündəmdə olan nəhəng şəxsiyyətlərdəndir.
XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
formalaşmasında, yeni istiqamətdə formalaşmasında
Rəsul Rzanın özünəməxsus xidmətləri
danılmazdır.
Özümü xoşbəxt
hesab eləyirəm ki, bu görkəmli şəxsiyyətlə
az da olsa ünsiyyətdə olmuşam, onun
çıxışlarını, söhbətlərini,
tövsiyyələrini dinləmək mənə də nəsib
olub.
Rəsul Rzanın
adını hələ orta məktəbdə oxuyarkən
eşitmişdim, dərslikdə verilən şeir və
poemalarından parçaları oxuyub əzbərləmişdim.
Ancaq təəssüf ki, o zaman Rəsul Rza sənətinin
sirlərindən baş çıxarmaq səviyyəsində
deyildim. Digər tərəfdən, müəllimlərimiz
heç onun yaradıcılığını sevdirməyə
cəhd də göstərməmişdilər. Təəssüf
ki, ali məktəb auditoriyasında da Rəsul Rzanın
yaradıcılığına həsr olunmuş mühazirə
mənim biliklərimə heç nə əlavə eləyə
bilməmişdi. Ancaq qəribə bir təsadüf maraq selmi
Rəsul Rza yaradıcılığının üstünə
çevirə bildi. O zamanki APİ-də tarixdən seminar məşğələsi
aparan gənc bir müəllim, Bəşir Quliyev şeir
yazdığımı biləndə tənəffüslərdə
mənimlə ədəbiyyat haqqında söhbət eləyirdi.
Bir dəfə necə oldusa, Rəsul Rza
yaradıcılığından söz düşdü. Mənim
novator şair kimi tanınan bir insanın
yaradıcılığına laqeyd münasibətim Bəşir
müəllimin diqqətindən yayınmadı. Dedi ki, Rəsul
Rza böyük şairdir, mütləq onun əsərlərini
tapıb oxu. Söz verdi ki, məni dostu Fikrət Qoca ilə
tanış edəcək...
Dərsdən sonra kitab
mağazasından Rəsul Rzanın "Duyğular və
düşüncələr" kitabını alıb
oxumağa başladım və etiraf edim ki, bu kitab mənim ədəbiyyat
haqqında duyğu və düşüncələrimi əhəmiyyətli
dərəcədə dəyişdi. Bu kitabı oxuyandan sonra
nəinki Rəsul Rzanın, eləcə də o zaman
yaradıcılıq nümunələri birmənalı
qarşılanmayan, adları Rəsul Rza ədəbi məktəbinin
davamçıları kimi çəkilən Əli Kərim,
Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahzadə,
İsa İsmayılzadə kimi şairlərin də
yaradıcılıq nümunələrini mütaliə etməyə
başladım. Etiraf edim ki, ədəbi zövqümün
formalaşmasında oxuduğum yeni tipli şeir nümunələri
çox böyük rol oynadı. Şeirlərini ilk dəfə
Rəsul Rzanın tərcüməsində oxuduğum
böyük ispan şairi Federiko Qarsia Lorkanın
yaradıcılığına marağım gücləndi.
Sonralar məndə Lorkanın şeirlərini dilimizə
çevirmək arzusu baş qaldırdı...
Rəsul Rzanın əsərlərini
maraqla oxusam da, ədəbi məclislərdə, iclaslarda
çıxışlarını dinləsəm də, onunla
görüşmək, söhbətləşmək səadəti
mənə nəsib olmamışdı. Yerevanda əsgərlikdə
olanda Rəsul müəllimin ünvanına bir neçə sərbəst
şeir göndərmişdim. Əsgərlikdən sonra "Gənclik"
nəşriyyatına getmişdim. Ələkbər Salahzadə
mənə deyəndə ki, Rəsul müəllim sənin
şeirlərini nəşr etmək üçün bizə
təqdim eləyib, sevincimin həddi-hüdudu yox idi. O
şeirlərdən biri "Arzu" adlanırdı və məzmunu
belə idi:
"Araz" kinoteatrında
baxanda kinolara,
könlümə çəkilməmiş
filmlər düşür ara-sıra.
Qəhərlənirəm bir az da,
Gün o gün olsun ki,
"Birlik" sənədli filminə
baxım "Araz"da
Görünür Rəsul
müəllimin diqqətini cəlb edən şeirin məzmunu
imiş. Burada qoyulan məsələ o dövrün
yaradıcı gəncliyini düşündürən problem
idi və bizim nəsil həmin düşüncə tərzinə
görə çağdaş ədəbiyyatımıza, o
cümlədən də onun öncüllərindən biri
olan Rəsul Rzaya borclu idi. O Rəsul Rzaya ki, "Dana və
balaca qız", "Rənglər", "Bağları
qum basır", "Pəncərə" tipli şeirlərini,
"Qızılgül olmayaydı" poemasını dönə-dönə
oxuyub müzakirə eləyir, hər misrada sətiraltı məna
axtarırdıq...
Taleyim üzümə
güldü. Qələm dostum, gözəl şair, təşkilatçı
Vaqif İbrahimin vasitəsi ilə böyük şairlə -
Rəsul Rza ilə şəxsən
tanış oldum. Vaqif İbrahim Sumqayıtda Əli Kərim
adına Poeziya klubunun açılmasına nail oldu və
istedadlı gəncləri bu klubun ətrafında birləşdirdi.
Rəsul Rzanın fəxri sədr kimi istər klubun Şahmat
klubundakı açılışında, istər
"Dalğa" mehmanxanasının restoranında
keçirilən poeziya günlərində, istərsə də
bəzi məşğələlərdə iştirakı
sevincimizə sevinc qatırdı. Hamımız böyük
acgözlüklə onun söhbətlərini, tövsiyələrini
dinləyirdik. Bəzilərimiz Rəsul Rza ilə birlikdə
şəkil çəkdirmək şərəfinə də
nail olmuşduq.
Rəsul Rzanın gənclərlə
ünsiyyəti nəinki Sumqayıtda, eləcə də
respublikamızda ədəbi mühitin canlanmasına
böyük təkan verdi. Sumqayıt ədəbi mühiti bir
növ ədəbi mübarizələr meydanına
çevrilmişdi. Ən maraqlı cəhət bu idi ki, həmin
tədbirlərdə o dövrün çox görkəmli
şair və yazıçıları da iştirak edirdilər.
Ancaq etiraf edək ki, burdakı ədəbi mübarizənin,
çalxalanmanın önündə də Rəsul Rzanın dirijor çubuğu
öz işini görməkdə idi...
O vaxt mən
Sumqayıtdakı 23 nömrəli orta məktəbdə dil-ədəbiyyat
müəllimi işləyirdim. Könlümdən keçdi
ki, məktəbimizdə Rəsul Rza ilə görüş təşkil
edim. Ancaq bilirdim ki, Rəsul müəllimin işi çox
olduğundan belə görüşlərə gedə
bilmir...
Fikrimi məktəbin
direktoru Minarə Tahirovaya dedim. Elə bil üzündə işıq yandı, ancaq o işıq tez də söndü.
Minarə xanım dedi ki, yəni
Rəsul Rza bizim məktəbə gələr?
İndi
respublikamızın Əməkdar müəllimi,
"Şöhrət" ordenli Prezident təqaüdçüsü
olan Minarə Tahirovanın bu sualı təsadüfi deyildi.
Çünki məktəbdə bir neçə
tanınmış şair və yazıçılarla
görüş keçirmək istəsək də, son məqamda
tədbirimiz baş tutmamışdı... Minarə
xanımı inamsızlığa məcbur edən səbəb
də elə bu idi...
Fikrimi Vaqif İbrahimə
söylədim. O mənə dedi ki, Rafiq, qəti söz vermirəm,
ancaq çalışacam ki, Rəsul müəllimi onu sevən
şagirdlərin, müəllimlərin görüşünə
gətirim.
Vaqif İbrahimin, Rəsul
Rzanın məktəbə gəlməyə razı
olduğunu söyləməsi sevincimizə sevinc qatdı.
Böyük həvəslə görüşə
hazırlaşdıq, ssenari yazdıq, uşaqlar şeirləri
əzbərlədilər...
15 fevral 1975-ci ildə Rəsul
müəllimlə məktəbdə
görüşümüz baş tutdu. Böyük şair
kövrəldi, minnətdarlığını bildirdi, Minarə
xanımın təşkilatçılığını,
Hökumə xanımın məruzəsini, mənim
şeirimi təriflədi. Uçmağa qanadımız yox
idi...
O vaxta qədər
çox ciddi bir adam kimi tanıdığım, hətta sual
verməyə cəsarət etmədiyim Rəsul Rza bizimlə,
hətta şagirdlərlə çox səmimi söhbət
edir, hətta zarafatlaşırdı da... O günlərin xatirəsi
kimi bir neçə fotoşəkil durur...Həmin şəkilləri
böyük şairimiz Rəsul Rzanın 100 illik yubileyi ərəfəsində
oxuculara təqdim edirəm.
Sonralar "Göyərçin"
jurnalının redaksiyasında Gənc
Yazıçıların Respublika Ədəbi Birliyi fəaliyyət
göstərməyə başladı. Həmin birliyin rəhbəri
Vaqif İbrahim, baş memarı isə yenə də
yaradıcı gəncliyə böyük qayğı göstərən
Rəsul Rza idi...
Ömür əbədi
deyil. Rəsul müəllim də öz dünyasını dəyişdi.
Ancaq nə yaxşı ki, Rəsul Rzanın
yaradıcılıq nümunələri, tövsiyələri,
xatirəsi həmişə bizimlədir...
Rafiq Yusifoğlu
Ədalət.- 2011.- 5 aprel.- S. 6.