Yeni mənzillərdə
ilk baharı qarşılayanlar
Heç ola bilməz ki,
Sabirabad rayonuna gedəsən ancaq qəzetimizin köşə
yazarı, publisistikada öz dəsti-xətti, nəfəsi
olan Vəsilə Usubova ilə görüşməyəsən.
Rayon İcra Hakimiyyətində kiçik bir vəzifədə
işləyən Vəsilə xanımın kiçik, ancaq səliqə-səhmanlı
otağında da görüşürük. Gəlişimdən
uşaq kimi sevindiyi hiss edilir. Min illərin tanışı
kimi içimizi bölüşürük, bir-birimizi bircə
kəlmədən başa düşürük. Danışdıqca
daxilindəki bütövlük, kübarlıq, istilik bu
kiçik otağı elə bil saraya çevirir. Hökmdarı
da, sultanı da, vəziri də, adi rəiyyəti də ancaq
özü olan bir saray. Yazılarında dünyanın, həyatın
ağrısı, acısı olan bu qadının
davranışında, danışığında,
tövründə bir mərdlik, məğrurluq, şahanəlik
var. Özünü çox şeyin fövqündə bilən,
elə belə də görünən Vəsilə
xanımın yazıları bir andaca xəyalımdan
keçir. Orda isə başqa ab-hava var axı... Şübhəsiz,
mərdanə qadındır!
Söhbətimiz nə qədər
səmimi, məhrəmanə olsa da bir qədər
uzandığı üçün narahat olmağa
başladım. Həssas qadın qəlbi elə həmin an
bunu duydu. Onda da ola Vəsilə Usubova. Əslində elə də
çox vaxt keçməmişdi, sadəcə mənim hələ
buradan Sabirabadın Kür daşqınlarından çox
böyük zərər çəkmiş, evləri
dağılmış kəndlərə getmək
qayğım amanımı qırmışdı. Mən tələsməyə
məcbur idim.
Tezliklə
görüşmək ümidi ilə xudahafizləşməzdən
əvvəl: "Qarşılayacağınız Novruz
bayramınız mübarək, Vəsilə xanım!"
dedim. Təbəssümlə gülümsünüb:
"Minnətdaram, sizin də, bütün "Ədalət"
qəzeti kollektivinin də bayramını təbrik edirəm!"
dedi. Ancaq səsindəki titrəyişi gizlədə bilmədi.
Bu həmin kəndlərdir –
Kürün yuduğu kəndlər
Ötən ilin
mayında Dəli Kürün məcrasına
sığmayıb bir neçə rayonumuzda çox ciddi fəsadlar
törətdiyi elə bil dünən idi. Sabirabad rayonu ərazisində
bu dəli çayın bəndləri aşaraq 20-dən
çox kəndi sulara qərq etməsi sözün həqiqi
mənasında fəlakət idi. Ən çox zərər
çəkmiş Mürsəlli, Ulacalı, Şıxlar kəndləri
günlərlə televiziya ekranlarından düşmədi. Çünki
bu obalar, bu kəndlər düz Kürün sahilindədir. O
vaxtdan xeyli keçsə də, xeyli abadlıq işləri
görülsə də fəlakətin izləri hələ də
qalmaqdadır. Selin dağıtdığı
bağ-bağçalar, qurumuş ağaclar, ətrafdakı
palçıq qalaqları o günlərin acı xatirələridir.
Müəyyən səbəblərdən bərpası
başa çatmayan həyətdəki yardımçı təsərrüfatın,
binaların görünüşləri xeyli
ağırdır.
İnzibati ərazi mərkəzi
Ulacalı olan Mürsəlli, Şıxlar kəndləri
Şirvan-Sabirabad magistral yolun üstündə yerləşir.
Adamların daha çox toplaşdığı Ulacalı kəndində
düşüb sakinlərlə görüşürəm. Məlum
olur ki, kəndə yeni qaz kəməri çəkilişinə
başlanıldığından hamı elliklə burdadır.
Hərə bacardığı köməyi göstərməyə
çalışır. Daşqınlar nəticəsində
evlərini itirmiş, sonradan yeni mənzillərə
köçən sakinlərlə maraqlandığımı
biləndən sonra: "Elə Dilqəmi tapaq da. Çünki,
gördüyün sarı rəngli, qırmızı krişalı
bax o hündür, yaraşıqlı mənzilləri
daşqından sonra camaata o tikib verib".
Və çox
keçmir ki, Dilqəmlə Ulacalı kənd orta məktəbinin
yeni salınmış geniş, səliqəli, axar-baxarlı
həyətində görüşürük.
Bu məktəblər təmir edilib, yoxsa yenidən
tikilib?
381 nəfər
şagird, 50 nəfərdən çox müəllim
üçün nəzərdə tutulan bu məktəb
binasını doğrudan olduğu kimi oxucuya təqdim etmək
mümkün deyil. Bir vaxtlar ancaq dörd divarı
qalmış bu orta məktəb binasına girmək
üçün ayaqqabılarımızı
çıxarmalı olduq. Elə bu təəssüratla məktəblə
tanışlığın əvvəlində direktor Nail Xanməmmədova:
"Gərək onda hər şagird və müəllim
üçün bir "damaşnik" alasan"
zarafatıma həmsöhbətim ciddi cavab verdi:
"Yağışlı, palçıqlı havada bunlar
mütləq olacaq".
Plastik pəncərəli,
taxta döşəməli, işıqlı, rahat, isti sinif
otaqlarındakı təptəzə mebellər, partalar,
oturacaqlar, iri yazı lövhələri adamı
çaşdırır. Müxtəlif fənn otaqları, ən
müasir texniki avadanlıqla təchiz edilmiş fizika, kimya
kabinələri, geniş, çiçək kimi tərtəmiz
mətbəxi olan belə məktəb bəlkə də
paytaxtımızda da yoxdur. Qadın və kişi müəllimləri
üçün ayrıca, şagirdlər üçün də
eyni məqsədlə inşa edilən sanuzellər, 83 tonluq
ehtiyat su hovuzu, cəmi 10 dəqiqəyə bütün məktəbi
istiliklə təmin edən istilik sistemi məni doğrudan
heyrətləndirdi. "Sabirabadın uzaq bir kəndindəki
bu məktəb binasının səliqə-səhmanını,
indiki görkəmini necə saxlayacaqsınız Nail müəllim?"
sualına direktor çox orijinal cavab verdi:
"Görünür Dilqəm müəllimin aylarla qan-tər
töküb inşa etdiyi, bizim də gecə-gündüz toz
udduğumuz bu məktəbi qorumaq inşa etməkdən
çətin olacaq".
Elə bu məktəb qədər
təmiri, tərtibatı, təchizatı olan Mürsəlli kənd
orta məktəbi də Kür daşqınlarından sonra həyata
vəsiqə alan tədris müəssisələrindəndir.
Fərq orasındadır ki, bu məktəbin
açılışında Prezident İlham Əliyev
iştirak edib. Bir də bu kəndlərdə evsizlərə
rahat ev tikən, sosial obyektlər təmir edən tikinti
şirkəti məktəbin həyətində, üç rəngli
Azərbaycan Bayrağının altında Şəhidlərin
xatirəsinə, adlarına layiq abidə
ucaltmışdır.
Müəyyən səbəblərdən
Mürsəlli kəndindəki layiqincə təmir edilmiş
məscidi isə ziyarət etmək imkanımız olmadı.
Gecikmiş tanışlıq
Kür
daşqınlarından sonra Sabirabad ərazisində Fövqəladə
Hallar Nazirliyinin komissiyaları əsasında yararsız vəziyyətə
düşən, dağılmış evlərin
siyahısı hazırlanmışdır. Təmir
üçün yaramayan evlərin əvəzində indiyə
kimi Sabirabadda 3 minə qədər yeni mənzil inşa
edilmişdir. Haqqında danışdığımız kəndlərdə
isə bu işi "Qamma" şirkəti həyata
keçirir. Dilqəm Sadıqov da həmin tikinti şirkətinin
baş mühəndisidir. 2010-cu ilin avqustundan bu günə
kimi şirkət Ulacalı ərazi vahidliyində sosial
binalardan başqa 246 mənzil inşa edib. Ailə tərkibinə
görə 2, 3 və 4 otaqlı bu mənzillər müasir
üslubda, çox böyük keyfiyyətlə inşa
edilmişdir. Bütün şəraiti olan bu mənzillərdə
sakinlərə yalnız bir şey qalır:
yorğan-döşəyini salıb, qab-qacağını
düzüb yaşamaq.
Dilqəm müəllimlə
Şıxlar kəndinə getməyə hazırlaşanda isə
səhərdən bizimlə kəndləri, küçələri
gəzən daha 2 nəfər eyhamla bir-birinə baxdı. Baxışlarından
hiss etdim ki, daha səmimi söhbətə ehtiyacları var.
"Əlləriniz var olsun, yəqin siz də bu tikintidə
işləyirsiniz" deyəndən sonra nisbətən
yaşlısı:
- Hə, bəlkə
tanış olaq? Səhərdən də bir yerdəyik.
Tanış oluruq.
Tikintinin inzibatçısı və həm də nəzarətçisi
Bayram Hacıyev neçə aydır burda
çalışır. Uzun müddət hərbiçi olan
Bayram müəllim 1992-ci ilin avqustunda Gədəbəy
rayonundakı Başkənd kəndini bir həftəyə ermənilərdən
necə təmizlədiklərini həyəcanla
danışır. Tikintidə sürücü işləyən
Habil Qasımov uzun müddət ölkənin qəzet və
jurnallarını rayonlara paylayıb. Çox maraqlı həmsöhbət
olduqları üçün bir xeyli tikintini "unuduruq".
Ancaq hələ
Şıxlar kəndindəki Ağaşirin Tanrıverdiyevin mənzilinə
də baş çəkməliyik.
"Arvad ərinə baxsa, kişi gümrah olar,
qardaş"
Elə magistral yolun iki
addımlığındadır Ağaşirin kişinin evi. Mehribanlıq
göstərən ev sahibi bizi ərklə içəri də
dəvət edir. 4 otaqlı bu mənzilin sahibi xeyli də məmnun
görünür.
- Oğul,
açığını desəm mən bu evi heç 20-30
ilə də tikə bilməzdim. Sağ olsun dövlətimiz,
tikdi verdi bizə. Onu da deyim ki, bu evin ilk sakini Prezidentimiz
İlham Əliyev olub. Bax bu evdə, bu otaqlarda
gördüyün cah-cəlalı da mənə o
bağışlayıb. Sağ olsun uşaqların anası
Gülnaz da, arvad ərinə baxanda kişi mənim kimi
gümrah olar, qardaş. Ancaq iki gün əvvəl məni
yüngülcə danlayıb. Nədi, nədi bilmədən əlimdəki
siqaretin balaca bir közü düşüb xalçaya. Hə,
stolun üstündə gördüyünüz bütün
Novruz təamlarını özü təkcə bişirib. Od-alovdu
bizim Gülnaz. Hə, yaxın oturun bir çay içək!
- Ağaşirin əmi
cəmi bir qış yaşamısan bu evdə, ancaq bu odun
soban gör nə günə qoyub otağı.
- Nə edim, ay oğul, arada soyuq olur da.
Qonaq, Dilqəm bu evi özü tikdiyindən istəmir tez korlana. Əşi, zarafat edirəm, bu üç kənddəki
evin hamısı bu kişinin əlindən keçib, əlləri var olsun!
Novruz ərəfəsində
yeni mənzildə yeni arzularla ilk bahar qarşılayan yüzlərdən
biridir Ağaşirin kişi.
Bu da yeni bir kənd
Bu doğrudan belədir,
Ulacalı kəndinin lap yaxınında 60 mənzildən ibarət
yeni bir kənd salınır. 13 hektar ərazidə yerləşəcək
bu kəndin 38 mənzili artıq hazırdır. Bütün
kommunikasiya xətləri ilə təchiz ediləcək bu kənddəki
mənzillər əsasən 2 və 3 otaqlı olmaqla həyətlərində
hamam və sanuzellər, təssərrüfat xidmətləri
üçün əlavə bir tikili də inşa edilir.
Günorta naharına
yığılan işçilər süfrə
başında belə iş-güclərindən
danışır. Görünür zəhmətlərindən
həzz aldıqları üçün mövzuları da
tükənmir.
Tikinti mühəndisləri
Cəmil Əliyev, Tofiq Alıyev kollektivdən razı
olduqlarını, sabirabadlılar üçün inşa
etdikləri mənzillərin çox illər öz sakinlərinə
isti qucaq açacaqlarına əmindirlər. Cəmil kişi
isə: "Biz hər bir sabirabadlıya ev tikməyə
hazırıq. Ancaq arzu edərdik ki, bu heç vaxt
daşqınlarla, fəlakətlə əlaqədar
olmasın".
Etiraf edim ki, 2010-cu ilin
mayında Kür çayının Sabirabadda yaratdığı
çox böyük fəlakətin bu tezliklə, bu keyfiyyətlə
həyata keçəcəyinə bir qədər şübhə
ilə yanaşırdım. Demək insan çox şeyə
qadirdir. Təki ürəkdə təpər, bir də imkan
olsun.
Səxavət Məmmədli
Ədalət.- 2011.- 5-6 aprel.- S. 7.