Əliağa Ağayev son filmində niyə ağlamışdı?
Qızı Gülçin Ağayeva: "70 illik
yubileyinə də, son işi olan filminin premyerasına da
ömrü çatmadı"
Əliağa Ağayevin qızı Gülçin
Ağayevanın Milli.Az xəbər portalına müsahibəsi
Razılaşın ki,
komediya janrında zövq oxşamağı bacarmaq daha çətindi.
Bayağı yumorun, duzsuz zarafatların böyük səhnələrə
ayaq açdığı indiki dövrdə Əliağa
Ağayev kimi sənətkarlarımızın yeri lap kəskin
görünür. O, artistlik eləmirdi, tam mənada AKTYOR idi.
Rollarına özgün yanaşması və
ölçülü-biçili ifa tərzi ilə. Belə sənətkarların
yaradıcılıq xüsusiyyətləri uzun-uzadı təhlilə
o qədər də yatımlı deyil. Onların əlimizdə
olan lent yazılarına baxıb zövq almaq və öyrənmək
daha məqsədəuyğundu.
Məşədi İbadın real aktyor ömrü
Əliağa
İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə
Bakıda doğulub. Erkən yaşlarından atasını
itirib. 1930-cu ildə yeddinci sinifi bitirərək Paris
kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət
məktəbində oxuyub. İki il sonra oranı bitirərək
zavodun özündə gəmi çilingəri işləyib.
Bəm və şirin zümzüməli səslə işdə
də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə
yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin
"Hacı Qara" komediyasında Hacı Qaradır. Əliağa
Ağayev 1930-cu illərin sonunda Gənc Tamaşaçılar
Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar
Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə
ilk dəfə Jül Vernin "Kapitan Qrantın
uşaqları" dramının tamaşasında Delk rolunda çıxıb. Qısa müddətdə
fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən
Əliağa Ağayevə tədricən repertuarın əksər
tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də
müasir dramaturqların əsərlərində, klassik milli
və tərcümə əsərlərində koloritli silsilə
rollar yaradıb. Müxtəlif çeşidli rolları,
xüsusən "O olmasın, bu olsun" bədii filmindəki
Məşədi İbad obrazı ilə respublikadan kənarda
da şöhrətlənən Əliağa Ağayev 1961-ci
ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə
qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli
Qurbanovun "Əcəb işə düşdük"
komediyasında (2 dekabr 1961) Abış Surxayeviç
obrazıdır. İyirmi iki il Akademik teatrda işləyən
sənətkar bu səhnədə Vasin ("Tanya", Aleksey
Arbuzov), Allanəzər ("Kimdir müqəssir?",
Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı
("Közərən ocaqlar", "Kəndçi
qızı" və "Yaxşı adam", Mirzə
İbrahimov), Birinci məzarçı, Stefano ("Hamlet"
və "Fırtına", Vilyam Şekspir), Rista
Podoroviç ("Nazirin xanımı", Branislav
Nuşiç), Pişta Orbek ("Füsunkar qız",
Mikolaş Dyarfaş), Keşiş Bazilo ("Bu qadın mənimdir",
Raymonda Juniyor), Çakan Yemelyan ("Daşqın", Anatoli
Safronov), Anatoli Novoseltsov ("Sevgi... sevgi...", Emil Braginski və
Eldar Ryazanov), Miçiç Kotryans ("Xanuma", Avksenti
Saqareli), Rüstəm Zaloviç, Ağadayı ("Kölgələr
pıçıldaşır" və "Mənziliniz
mübarək!", Seyfəddin Dağlı), Səfər
("Söz yarası", Qeybulla Rəsulov), Sərxan
("Görünməmiş toy", Arkadi Arkanov və Qriqori
Qorin), Divanbəyi, Kərəməli ("Xırs
quldurbasan" və "Hacı Qara", Mirzə Fətəli
Axundzadə), Tosun ("Səyavuş", Hüseyn Cavid), Nəsir
bəy, Aslan, Bərbərzadə, Kərəmov, ("Küləklər",
"Yalan", "Xoşbəxtlər" və
"Toy", Sabit Rəhman), Vəzir ("Karıxmış
Sultan", Taufiq əl Hakimi), Hacı Əbdüləzim
("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə),
Mirzə Səməndər, Babakişi ("Almaz" və
"Sevil", Cəfər Cabbarlı), Osman ("Bağ
qonşuları", Hay Vahid), İbiş İbişli
("Adamın adamı", Anar) ... rollarında çıxış
edib. Əliağa Ağayev kinoda Məşədi İbaddan əlavə
Xan ("Sehrli xalat"), Şıxəli
("Görüş") kimi irihəcmli rollarla
yanaşı, "Əhməd haradadır?" (Kassir),
"Qanun naminə" ("Mehman". Anbardar), "Bir məhəlləli
iki oğlan" (Feyzi), "İstintaq davam edir" (Kişi)
və digər filmlərdə yaddaqalan epizod surətlərə
də çəkilib. Televiziyanın fondunda aktyorun iştirak
etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri
saxlanır. Həmişə populyar və sevilən aktyor
olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə
respublikanın əməkdar artisti, 27 fevral 1954-cü ildə
xalq artisti fəxri adları ilə təltif olunub. Sevilən
aktyor 3 noyabr 1983-cü ildə dünyasını dəyişib.
Qızı Gülçin Ağayeva portalımıza
müsahibəsində atasını - bu böyük aktyoru
oxuculara bir qədər də yaxından tanıtmağa
çalışdı...
- Bildiyimizə görə, Əliağa müəllim
tiflislidi. Necə olub ki, Bakıya köçüblər?
Babanız, nənəniz haqqında nə bilirsiniz?
- Atamın
uşaqlığı çətin keçib. Anasını
iki yaşı olanda itirib. Atasını isə on səkkizinci
ildə ermənilər öldürüblər. Atam həmişə
mənə deyirdi ki, sən mənim həm anamsan, həm də
bacım. Bacısı yox idi axı, üç qardaş idilər.
Özü də maraqlıdı ki, üçü də 71
yaşında rəhmətə getdi. Babamın əsli
Qazaxdandı, nənəm isə tiflislidi. Babam onu
qaçırıb, sonra da elə Tiflisdə yaşamağa
başlayıblar. Ermənilər Tiflisdə yaşayan azərbaycanlıları
qırmağa başlayanda babam onların dilində
danışa bildiyi üçün sağ-salamat Bakıya gəliblər.
Day xəbərləri yox imiş ki, burda vəziyyət lap gərgindi.
Amma hər halda öz millətinin içində olmaq daha
rahatdı.
- Əliağa müəllimin
aktyorluq istedadı elə bir müstəsna səviyyədədir
ki, vokal sənətimizin korifeyləri Şövkət Ələkbərova,
Rəşid Behbudov kimi onun da müfaviq təhsilinin
olmaması heç kimin ağlına belə gəlmir. Onun
"Azdrama"ya getməsi necə baş verdi?
- Atamın Gənc
Tamaşaçılar Teatrında işləməyə
başlaması Mirzə Ağa Əliyevin xeyir-duası ilə
baş tutmuşdu. Atam onunla "Hacı Qara"
tamaşasında baş rolda dublyor idi. Bu tamaşa ilə
Leninqrada (indiki Sankt-Peterburq) da getmişdi. Mirzə Ağa Əliyev
demişdi ki, sənin sonrakı fəaliyyətin ancaq aktyorluq
olmalıdı. Həmin vaxt Gənc Tamaşaçılar
Teatrının truppası yığılırdı. Atam da Gəmi
təmiri zavodundan çıxıb bu truppaya gəlir. Mən
indi o teatrın qabağından keçəndə ürəyim
ağrıyır. Çünki Gənc
Tamaşaçılar Teatrının
elə vaxtları olub ki, tamaşaçılar nəinki
kassanın qabağında növbəyə
düzülürdülər, hətta bileti əldə
satanlardan da almağa hazır idilər.
Atam 1961-ci ilə qədər burda aparıcı rollar oynayıb. Teatrda işləməyə
başladığı ildə
atamın oynadığı
"Hacı Qara" tamaşasına Mircəfər
Bağırov da gəlib baxıb. Tamaşadan sonra Bağırov atamı yanına çağırtdırıb. Ortancıl əmim Mirzəağanı
1937-də tutub aparmışdılar,
bəraət alandan sonra qayıdıb gəldi. Atam yəqin eləyir
ki, onu da
həbs edəcəklər,
ona görə Mircəfər Bağırov
onu çağırtdırıb.
Amma sən demə, Bağırov atamı rolu gözəl ifa etdiyinə görə təbrik eləmək üçün
çağırtdırıbmış.
Deyib ki, çox bəyəndim, fəxri adının olub-olmamasını
da soruşub. Bir müddətdən sonra atama "əməkdar
artist" fəxri adı
verdilər, sonra "xalq artisti" adı aldı. Gənc Tamaşaçılar Teatrında
yeganə "xalq artisti" Əliağa Ağayev idi. Gənc Tamaşaçılar Teatrında
çoxlu tamaşalarda
oynamışdı. Heyif ki,
o tamaşaların videoyazısı
çəkilməyib. "Xalq artisti" adını qazandıqdan sonra, ona "SSRİ xalq artisti" adı vermək istəyəndə dedilər
ki, bunun üçün partiyaya üzv olmalısan. Amma atam dedi
ki, mən partiyaya (Kommunist Partiyası) üzv olmaq fikrində deyiləm, o ad olmasa da onsuz
da mən xalqın artistiyəm. Həqiqətən də belə
idi. Onu hər yerdə
bütün təbəqələrdən
olan insanlar çox istəyirdilər.
SSRİ respublikalarında keçirilən bütün
mötəbər tədbirlərin
qapısı onun üzünə açıq
idi. "Azdrama"ya getməsi isə Şıxəli Qurbanovla bağlıdı.
1960-cı ildə o, növbəti
dəfə atamın tamaşasına baxandan sonra deyib ki,
"Azdrama"nın səhnəsi
Mirzəağa Əliyevsiz
qalıb, məsləhətdir
ki, sən o teatra keçəsən. Atam "Azdrama"ya gedəndə Cəbiş
müəllim rolundan hamının yaxşı
tanıdığı, Gənc
Tamaşaçılar Teatrının
ilk aktyorlarından biri
Süleyman Ələsgərov
dedi ki, "sən bu
teatrın qapısına qıfıl vurub gedirsən,
buranın tamaşaçıları
bundan sonra "Azdrama"ya gedəcəklər".
Doğrudan da elə oldu. Atamın "Azdrama"da ilk tamaşası "Toy" komediyası
idi. Hələ teatrın girişində
adamların "Əliağa
"Azdrama"ya gəlib
e" dediklərini eşitdim.
Atam mənə tapşırmışdı
ki, antraktda foyedə gəzişəndə
tamaşaçıların söhbətinə qulaq verim, görüm tamaşa haqqında nə danışırlar.
Onda da eşitdim
bir neçə adam deyir
ki, mən bu tamaşanın əvvəlki quruluşunu
da görmüşəm,
amma Əliağa daha qıvraq oynayır. Rəhmətə gedənə qədər
"Azdrama"da bir-birindən
fərqli rollar oynadı. Özü də tamaşaçılar
gül-çicəyi daha
çox ona bağışlayırdılar.
- Evdə də məşq edirdi?
- Bəli, mütləq.
Məsələn, plastilindən hər obraza uyğun burun
düzəldib sınayırdı. Tamaşadan əvvəl isə
qrimi həmişə özü edərdi.
Çalışırdı ki, hər personajın öz
simasını tapsın. Bəzən heç tanımaq olmurdu
ki, bu odu. Atamın bir adəti var idi, səhnəyə daxil
olmamış pərdə arxasından artıq rolunun sözlərini
deyə-deyə gəlirdi. Tamaşaçılar da onun səsini
tanıyıb əl çalırdılar. Kinoda da belə idi.
Məşədi İbad rolu üçün o cür
qalın saçlarını qırxdırmağa
üstünlük verdi. Dedi ki, başqa cür çox
süni görünəcək. Saqqalını isə düz
iki saata yapışdırdılar. Kinoya daha çox çəkilə
bilərdi. Hüseyn Seyidzadə ilə çox yaxşı
münasibətləri var idi. Ona da ki, bilirsiniz də mane
olublar həmişə... Bizdə yerlibazlıq edənlərin
əlindən imkan olmayıb heç vaxt. Bir rola dəvət
olunurdu, kimsə zəng edib rejissora tapşırırdı
ki, onun yerlisini həmin rola çəksin. Bəzən
başqa bir aktyoru səsləndirməklə kifayətlənməli
olurdu. Məsələn, "Dərviş Parisi
partladır" filmində Hatəmxan ağa onun səsi ilə
danışır. Atam işləməkdən yorulmurdu.
Özü də sona qədər hafizəsi çox
yaxşı idi. Rolun sözlərini bir dəfə oxuyan kimi
yadında qalırdı. İmprovizələri də az
olmurdu. On il xəstə oldu, həkimlər dedilər ki, sənə
işləmək olmaz, dedi, mən işləməsəm,
ölərəm.
- Əliağa müəllimin dünyasını dəyişməyi
ilə bağlı eşitmişəm ki, gülə-gülə
ölüb. Çox adam bunu məcazi mənada qəbul edir. Bəs
əslində nəyə əsaslanıb belə deyirlər?
- Yox, doğrudan da elə olub. Yetmiş illik yubileyi keçirilməliydi. Kafedə bir
neçə nəfərlə
oturub yubiley mərasiminin hansı formada təşkil etməyi müzakirə edirmişlər. Atam bir lətifə danışıb,
özü də hamıyla birgə elə ürəkdən gülüb ki, ürəyinin bir damarı qırılıb.
Kafedəkilər əvvəl
heç başa düşməyiblər ki,
bu keçinib...
- Bəs on il keçirdiyi xəstəlik nə ilə bağlı idi?
- Lənkaranda olanda birdən-birə
balıq tutmaq həvəsinə düşüb. O balıq
ovundan sonra möhkəm xəstələndi. Bir müddətdən
sonra da insult keçirdi. 70 illik yubileyinə də, kinoda son
işi olan "Evlənmək istəyirəm" filminin premyerasına
da ömrü çatmadı. Premyeranı qırxı
çıxandan sonra keçirdilər. Orda onun
ağlaya-ağlaya oxuduğu epizoda baxmaq lap ağırdı
bizimçün...
Ədalət.- 2011.- 5 aprel.- S. 8.