Rəsmi Bakının səbri tükənə bilər

 

Status-kvonun uzun müddət saxlanılması buna rəvac verir

 

Dağlıq Qarabağ danışıqları istiqamətindən yeni ilin ilk görüşü sayılan Soçi görüşündən xeyli müddət keçməsinə baxmayaraq ara-sıra ona qayıdılması halları özünü göstərməkdədir. Bir çox hallarda əksər ekspertlər tərəfindən Azərbaycan və Ermənistan prezidentinin Soçi görüşünün ümidverici olduğu iddia olunur. ATƏT-in sədri tərəfindən də təsdiqlənən bu fikirlərin nə dərəcədə həqiqəti əks etdirməsi elə həmin görüş başa çatar-çatmaz erməni snayperlərinə tuş gələn azərbaycanlıların faciəli taleyi sübut etmiş oldu. Ekspertlərin rəyinə gəlincə, onlara görə guya Soçidə olduqca əhəmiyyətli irəliləyişlər qeydə alınıb. Mövcud temp bu cür davam edəcəyi təqdirdə tezliklə nəticə də əldə etmək olar. Amma gerçəkliyin tamam fərqli olduğu göz qabağındadır.

Doğrudur, son qarşılaşmadan sonra hələlik dövlət başçıları bir-birlərinin ünvanlarına hədə-qorxu dolu bəyanatlar səsləndirməyiblər. Amma yumşaq şəkildə olsa da Ermənistan, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasının mümkünsüz olduğunu, Azərbaycansa bunun mütləq baş verəcəyini bildirib. Cəbhə xəttində baş verənlərsə lokal müharibənin getdikcə daha geniş miqyas almaqda olduğunu göstərir. Yalnız bir həftə ərzində Azərbaycan 3, Ermənistan 4 hərbçisini itirib. İnformasiyanı "Armenian Now" xəbər agentliyi yayıb. Erməni mətbuatı Azərbaycan ordusunun artıq qumbaraatanlardan istifadə etdiyini iddia etdiyi halda, Azərbaycan tam əksini söyləyir. Reallıq ondan ibarətdir ki, Soçi görüşü nəticəsiz başa çatıb.

Regiondakı vəziyyətin getdikcə dalana dirəndiyini görən Ermənistanın çıxış yolunu yalnız Bakını ittiham etməkdə görməsi də əslində başa düşüləndir. Erməni hərbi eksperti Davit Camalyan "Armenpress" informasiya agentliyinə verdiyi açıqlamasını da məhz bu istiqamətdə qurub. O, Soçi danışıqlarının tam nəticəsiz başa çatdığını, amma Rusiyanın maraqlarına uyğun olaraq tərəflərin bir qədər nikbin bəyanatlar verməli olduqlarını bildirib. Bununla belə ekspert vəziyyətin bu həddə çatmasına görə rəsmi Bakını ittiham edib. Guya Azərbaycan rəhbərliyi nəticənin əldə olunmasında maraqlı deyil. Humanitar təşəbbüslərə gəlincə o, bunun Ermənistan üçün qazanclı olmasını göstərib: "İrəvan hər hansı Azərbaycan vətəndaşını girov saxlamaqda maraqlı deyil. Amma qarşı tərəf tam fərqli düşüncədədir. Rəsmi Bakı humanitar təşəbbüsü yalnız öz maraqları xatirinə qəbul edib. Amma göründüyü kimi hər gün cəbhə xəttində atəşkəsi pozurlar. Azərbaycan Ermənistanı daim gərginlikdə saxlamaq, bununla da istədiyi nəticəyə nail olmaq istəyir".

D.Camalyanın söylədiklərindən, Ermənistanın hansı vəziyyətdə olduğunu anlamaq o qədər də çətinlik törətmir. Onlar açıq-aşkar çıxılmaz vəziyyətə düşdüklərini və Azərbaycanın müharibəyə başlama ehtimalından qorxduqlarını etiraf etməkdədirlər. Rəsmi Bakının atəşkəs rejiminə əməl etməməsi iddiasına gəlincə, əslində ermənilər mülki əhali yaşayan evləri güllə-barana tutmalarını, doqquz yaşlı uşağı qətlə yetirmələrini ört-basdır etmək üçün fərqli nəsə də deyə bilməzlər.

Onu da qeyd edək ki, Qarabağ danışıqlarının getdikcə dalana dirənməsini yalnız tərəflərin ortaq məxrəcə gələ bilməməsi ilə bağlamaq da reallığı əks etdirmir. Şübhəsiz, bundan daha ciddi məsələ var ki, o da konfliktin monopoliyaya alınmasıdır. Bu ssenaridə baş rolun ifaçısı olan Rusiya hər vəchlə Cənubi Qafqazda itirilmiş nüfuzunu bərpa etməyə və təsir imkanlarını gücləndirməyə çalışır. Münaqişənin bu günə qədər həll olunmamış vəziyyətdə qalması da əslində məhz bu səbəblə bağlıdır.

Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz üzrə sözçüsü Andrey Kelinin "Ria Novosti" agentliyinə verdiyi açıqlamada da bunun bir daha təsdiqini aydın görmək mümkün oldu. Türkiyə və İranın dəfələrlə münaqişənin həlli ilə bağlı aparılan danışıqlara qoşulmaq niyyətində olduqlarına toxunan ekspert sözügedən ölkələrin yenidən atəşkəsin aktiv fazaya- müharibəyə keçməsindən narahat olduqlarını deyib. Onun sözlərinə görə, Rusiya münaqişənin həlli danışıqlarına daha çox ölkənin qoşulmasını məqbul hesab etmir. Çünki rəsmi Moskvanın qənaətincə, bu vəziyyəti daha da gərginləşdirə bilər. Bundan əlavə həlledici söz sahibi Ermənistan və Azərbaycan olduğundan prosesdə iştirakçı dövlətlərin çoxluğu müsbət heç nə edə bilməz. Bütün bunlar Dağlıq Qarabağ düyününün maraqlı super güclər üçün oyun olduğunu bir daha təsdiqləyir.

Ermənistanı hərbi bazasına çevirən Rusiyanın Siyasi və Hərbi araşdırmalar mərkəzinin rəhbəri Aleksandr Xramçinin də həmyerlilərinin fikirlərini tamamlayıb. O, rəsmi Bakının hərbi potensialını artırmaqda davam edəcəyi təqdirdə müharibənin qaçılmaz olacağını bəyan edib. Eyni zamanda da o, Azərbaycanın status-kvonun uzun müddət saxlanılmasını qəbul etməyəcəyini qeyd edib: "Heç kəs bu problemin həllində konkret mövqe ortaya qoymayıb. Bütün atılan addımlar sadəcə hərbi əməliyyatların başlanmasının qarşısının alınmasına yönəlib. Lakin bunun da müəyyən vaxtı var. Çünki status-kvonun uzun müddət saxlanılması rəsmi Bakının səbrini tükəndirə bilər".

Aleksandr Xramçinin onu da deyib ki, müharibə başlayarsa münaqişənin həllində vasitəçilik edən dövlətlər sadəcə tərəfləri sülhə çağıracaqlar. Eyni zamanda Ermənistan da separatçı Dağlıq Qarabağ rejiminə yardım edə bilməyəcək. Çünki formal olaraq onun müstəqilliyini heç bir dövlət, o cümlədən Ermənistan belə tanımayıb. Bu zəmində Azərbaycan hüquqi cəhətdən tam düzgün addım atacaq yəni öz ərazi bütövlüyünü təmin edəcək. Heç Rusiya da buna qarışa bilməyəcək.

 

 

Gültəkin

 

Ədalət.- 2011.- 6 aprel.- S. 2.