BU DƏFƏ NƏLƏR OLACAQ?
APREL AYI BAŞLADI...
Dünyada qəribə
bir situasiya yaranıb. Baş verən hadisələr, müxtəlif
cür qlobal proseslər ara vermədən dəyişir, bəziləri
ən aktiv şəkildə davam edir, gərginlik nöqtələri
azalmaq əvəzinə durmadan artır. Təbii fəlakətlər,
siyasi gərginliklər, müharibələr, iqtisadi krizislər,
inqilablar, terror aktları, siyasi rejim dəyişiklikləri...
bir sözlə ən müxtəlif hadisələr hər tərəfi
bürüyüb. Qəddafi Qərbə hələ də
meydan oxumaqda davam edir, Ermənistan Azərbaycan torpaqlarını
hələ də işğal alında saxlayır, Yaponiyada
Fukusima dünyanı zəhərləməkdə, zəlzələlər,
sunamilər... artmaqdadır.
Amma çox təəssüf
ki, bütün bunlara baxmayaraq Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məsələlərdə
yeni heç nə baş vermədi. Dəyişən
yalnız bu oldu ki, dünya politoloqları mövcud
situasiyanın hər an dəyişə biləcəyi,
müharibənin yenidən alavlanacağı
ehtimalının getdikcə artdığını söyləyirlər.
Əslində prosesin artan xətt üzrə kəskinləşməsinə
Ermənistanın danışıqlar masasında hər dəfə
cığallıq etməsi səbəb olub. Yəqin ki, bu,
hakimiyyətin yeganə yoludur. Çünki başqa cür
addım atmaq siyasi rəqiblərinə hakimiyyəti təhvil
vermək deməkdir. Axı, onların özü məhz bu
formada hakimiyyətə gəliblər. Hətta indi belə qənaətə
gəlmək mümkündür ki, indiki iqtidar da müharibənin
başlanmasında maraqlıdır. Əgər bu baş verərsə
və işğal edilmiş torpaqlar öz həqiqi sahibinə
qayıdarsa bu zaman yalnız hakimiyyət deyil, ümumilikdə
erməni xalqı günahkar hesab olunacaq. Sərkisyan və ya
qeyri-sərkisyan iqtidarı həmin torpaqların müharibədə
"itirildiyini" hər kəsə söyləyə biləcəklər.
Onsuz da yuxarıda qeyd
etdiyimiz kimi, münaqişənin müharibə fazasına
keçəcəyi ehtimalını mütəxəssislər
yüksək hesab edirlər. Cənubi Qafqaz və Yaxın
Şərq üzrə amerikalı mütəxəssis,
Corctaun universitetinin professoru Şirin Hunter bildirib ki, burada tərəflərin
silahlanması mövcud gərginliyi daha da artırır.
"Qarabağ münaqişəsində daxili siyasət də
vacib rol oynayır və çox mürəkkəb faktorlardan
biridir. Bu da ona gətirib çıxara bilər ki, tərəflərdən
biri daxili səbəblər üzündən risqli addımlar
atsın. Qarşıdurma alovlansın". Şirin Hunterə
görə, ümumiyyətlə Çənubi Qafqazdakı
dondurulmuş ərazi münaqişələri hər an
müharibəyə çevrilə bilər.
Bu üzdən də Ermənistan
hakimiyyəti vəziyyətdən çıxmaq
üçün ən azı vaxtı uzatmağa, ən
yaxşı halda isə Türkiyə ilə sərhədlərin
açılmasına nail olmaqla müəyyən divident
qazanmağa çalışır. Və bildiyimiz kimi bunu
üçün özünün yeganə təzyiq
silahını - qondarma "erməni soyqırımı"
iddialarını maksimum səviyyədə qabartmağa səy
göstərir. Və hər il olduğu kimi bu dəfə də
aprel ayında var gücləri ilə
çalışırlar ki, Ankaraya öz güclərini
göstərərək sərhədlərin
açılmasını gerçəkləşdirsinlər.
Özü də Amerika Birləşmiş Ştatları
növbəti prezident seçkilərinə
hazırlaşmaqdadır.
Qeyd edim ki, prezidentlik
Barak Obamanın çox xoşuna gəldiyi üçün
ikinci müddətə də kreslosunda oturmağa qərar
verib. Belə ki, KİV-in məlumatına görə, bu həftədən
o, özünün seçkiöncəsi kompaniyasına
başlamağı planlaşdırır. Əlbəttə,
Amerikadakı prezident seçkilərinin bizə elə
isti-soyuğu olmasa da ermənilər bu prosesi yenidən özləri
üçün ölüm-qalım məsələsinə
çevirməyi düşünürlər. Çünki
bütün seçkilərdə öz səslərinin
alverinə girişən Amerikadakı ermənilər bu dəfə
də yarımçıq qalmış girdirmə işlərini
davam etdirməyi, heç olmasa bu dəfə qondarma "erməni
soyqırım"ı ilə bağlı işlərdə
nəyəsə nail olmağı qarşılarına məqsəd
qoyublar. Hazırlıqlar ona yönəldilib ki, bu dəfə
Barak Obama onlara söz verdiyi "erməni
soyqırımı" ifadəsini açıq şəkildə
işlətsin.
Start işlərdən
danışan "Ay Dat" komitəsinin mətbuat katibi
Elizabet Çulcyan bildirib ki, hələlik Obamanın erməni
icması ilə nə vaxt görüşəcəyi bəlli
deyil: "Hələlik görüşün konkret olaraq
günü təyin edilməsə də biz istənilən
zaman belə bir görüşə hazırıq. Və bu
görüşlərdə bizi narahat edən Ermənistan,
Dağlıq Qarabağ və "erməni
soyqırımı" məsələlərinin müzakirəsini
aparmağı düşünürük". Çulcyan ənənəvi
erməni hiyləgərliyinə və həyəsızlığına
sadiqlik nümayiş etdirərək bu dəfə də
ölkədəki erməni icmasının rolunu böyütməyə
çalışıb.
Elizabet Çulcyan:
"Barak Obama ölkədə yaşayan ermənilərin səsini
qazanmaq üçün çox şey etməlidir. Hər kəsin
yadındadır, o, "erməni soyqırımı" ifadəsi
ilə bağlı verdiyi sözə nəinki əməl etmədi,
hətta ABŞ Konqresinin "soyqırım" sənədinin
qəbulu üçün hazırlanan sənədinə
qarşı çıxdı. Burada da Türkiyə hökumətinin
Dağlıq Qarabağ münaqişəsini
bəhanə gətirməsi, tarixi "həqiqətlərdən"
qaçması əsas rol oynadı. Bu dəfə isə bu
belə olmamalıdır. Prezidentliyə namizəd öz
mövqeyində dəqiq düzəliş etdiyini göstərməlidir.
Hər halda top ondadır. Obama mütləq öz sözünə
əməl etməlidir ki, erməni əhalinin
səsinə layiq olsun".
Ermənilər
situasiyanı dəyişmək üçün Birləşmiş
Ştatlarda fəaliyyətlərini daha da genişləndirməyə
cəhd edirlər. Yerevan okeanın o tayına bir sıra rəsmi
və qeyri-rəsmi siyasiləri göndərməyə
başlayıb. Məqsəd lobbinin köməyi ilə
bütün qüvvələri səfərbər edib
iddianı gerçəkləşdirməkdir. Artıq namizədlərə,
xüsusən də Barak Obamaya olunacaq müraciətlər
hazırdır. Və bunun ardınca isə ermənilərin
türklərə qarşı daha məkrli, daha qlobal
planları işə düşəcək. Belə
görünür ki, Türkiyə, eləcə də Azərbaycan
nəinki aprel ayında, ümumiyyətlə dünyanı
başına götürmüş bu qlobal proseslər
dövründə "verəcəkləri imtahanlara"
yaxşı hazırlaşmalıdırlar. Bununsa ən
yaxşı yolu onlara təzyiqləri artırmaqdır.
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 6 aprel.- S. 2.